2014-cü il Gənclər
üçün
Prezident
mükafatçıları
Bu günlərdə elm, mədəniyyət, ədəbiyyat,
təhsil və ictimai sahələrdə xüsusi fərqlənən
bir qrup şəxsə Prezident
İlham Əliyevin 1 fevral
2014-cü il tarixli sərəncamı
ilə 2014-cü il Gənclər üçün Prezident
Mükafatları verilib.
Mükafat fevralın 5-də "Buta Palace"da qaliblərə təqdim olunub. Onları
daha yaxından tanıyaq.
"Mükafata
layiq görülməyim
mənim
üçün xüsusilə dəyərlidir"
Şahin
İSMAYILOV,
Azərbaycan
Tələbə Gənclər
Təşkilatının
(ATGT) sədri
1986-cı il fevralın 7-də Bakı şəhərində
anadan olub. İlk təhsilini Əmircan qəsəbəsindəki
84 nömrəli tam orta məktəbdə alıb. 2004-2008-ci
illərdə Azərbaycan Dillər Universitetinin (ADU)
regionşünaslıq və beynəlxalq münasibətlər
fakültəsində fransaşünaslıq ixtisası
üzrə bakalavr, 2008-2010-cu
illərdə həmin ixtisas üzrə magistr təhsili
alıb. Hər iki təhsil pilləsini
fərqlənmə diplomu ilə başa vurub. 2011-ci ildə ADU-nun sosial psixologiya
üzrə fəlsəfə doktoru proqramına qəbul
olunub. Hazırda həmin proqram
üzrə təhsil alır.
Universitetdə
təhsil aldığı
vaxtdan bu günə kimi fəal ictimai fəaliyyətlə
məşğuldur. 2005-ci ilin
may ayından ali və orta ixtisas təhsili müəssisələrində
formalaşdırılmağa başlanan Tələbə Gənclər
Təşkilatının (TGT) Azərbaycan Dillər
Universitetində ilk fəal üzvlərindən olub.
Şahin
İsmayılov tələbə-gənclər təşkilatlarının
vahid platformasının və şəbəkəsinin
yaradılması təşəbbüsü ilə
çıxış edib.
2009-cu ildə təsis qurultayında ATGTİ-nin sədri
seçilib. 2012-ci il iyunun 2-də 88 tələbə gənclər
təşkilatının 600-ə
yaxın nümayəndəsinin iştirakı ilə ilk dəfə
olaraq birbaşa elektron səsvermə ilə 5 namizəd
arasından səslərin böyük əksəriyyətini
toplayaraq ikinci dəfə ATGT-nin sədri seçilib. İttifaqa rəhbərlik etdiyi illər
ərzində ATGTİ 500-dən çox iri yerli və beynəlxalq
layihə həyata keçirib. Qurum Avropa Tələbələr
Birliyinin (ATB) tamhüquqlu üzvü seçilib.
Şahin İsmayılov 2011-ci il aprelin 21-də
bir qrup gənclə birlikdə Prezident
İlham Əliyevin qəbulunda olub. Bu görüşdə
o, tələbələrin
sosial vəziyyətinin yaxşılaşdırılması və
fəallığının artırılması istiqamətində bir sıra təkliflərlə
çıxış edib. "Azərbaycan gəncliyi
2011-2015-ci illərdə" Dövlət Proqramının
hazırlanması üzrə işçi qrupun üzvü
olub. Prezident
İlham Əliyevin sərəncamı ilə 23 aprel 2012-ci il
tarixində Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının, 4 aprel 2013-cü il tarixində
isə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər
Fondunun Müşahidə Şurasının üzvü seçilib və hazırda bu
qurumlarda fəaliyyətini davam
etdirməkdədir. 2011-ci ildə Bakı Şəhər Gənclər
və İdman Baş İdarəsi tərəfindən ilin ən
yaxşı layihəsini hazırlayıb təqdim etdiyinə
görə "Yaxşıların
yaxşısı", 2012-ci
ildə Gənclər və İdman Nazirliyi tərəfindən
"İlin ən ictimai fəal gənci" nominasiyası
üzrə mükafatlara layiq görülüb. Bir sıra
xarici ölkələrdə keçirilən beynəlxalq
layihələrin iştirakçısı olub.
- Cənab
Prezident İlham Əliyevin "Azərbaycan gəncliyi
2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində
imzaladığı sərəncamla təsis edilən və gənclərin
elm, mədəniyyət, ədəbiyyat və incəsənət,
təhsil, ictimai fəaliyyət sahələrində nailiyyətlərə
təşviq etmək məqsədi
daşıyan "Gənclər üçün Prezident
Mükafatı" dövlətimizin və şəxsən
Prezidentimizin Azərbaycan gəncliyinə göstərdiyi diqqət
və qayğının növbəti nümunəsidir. Mükafatın hər il 2 fevral - Gənclər
Günündə öz fəaliyyətləri ilə
seçilən gənclərə təqdim edilməsi, gənclərin
potensialının reallaşdırılması, onların
yaradıcılıqda, təhsildə və ictimai sferada daha
yüksək nəticələr göstərməsi
baxımından ciddi stimul yaradır.
Düşünürəm ki, mükafat eyni zamanda ona
layiq görülən gənclərin məsuliyyətini də
artıracaq və hər birinin öz sahəsində daha
böyük həvəslə çalışmasına təkan
verəcək.
Mən bu mükafata
ictimai sahədəki fəaliyyətimə görə layiq
görülmüşəm. Tələbə olduğum illərdən
ictimai fəaliyyətlə məşğulam, bir sıra
mükafatlar, təltiflər almışam, ancaq bu mükafata
layiq görülməyim mənim üçün xüsusilə dəyərlidir.
Dövlət gənclər siyasətinin reallaşması, gənclərimizin
ictimai işə cəlb edilməsi istiqamətində göstərdiyim
fəaliyyətin cənab Prezidentimiz İlham Əliyev tərəfindən
qiymətləndirilməsi mənə böyük stimul oldu. Düşünürəm ki, bu mükafat tək mənə
yox, həm də ətrafımda olan xeyli sayda tələbəyə
də böyük motivasiya oldu və onlar da gələcəkdə
"Gənclər üçün Prezident
Mükafatı"na layiq görülmək üçün
səylə çalışacaqlar. Mən
mükafatın gətirdiyi məsuliyyəti dərk edərək
cənab İlham Əliyevin göstərdiyi etimada layiq olmaq
üçün gənclər siyasətinin reallaşması
və Azərbaycan gəncliyinin daha da inkişafı istiqamətində
əlimdən gələn dəstəyi göstərəcəyəm.
"Etimadı doğrultmağa çalışacağam"
Pərvin NURƏLİYEVA,
ADPU-nun müəllimi,
Azərbaycan
Yazıçılar
Birliyinin üzvü, gənc
yazıçı
1984-cü ildə Bakı şəhərində
anadan olub. 2006-cı ildə Azərbaycan Dövlət Pedaqoji
Universitetinin filologiya fakültəsini bitirib. 2009-cu ildə həmin
universitetin Azərbaycan ədəbiyyatı ixtisası üzrə
magistratura pilləsinə daxil olub və 2012-ci ildə fərqlənmə
diplomu ilə bitirib. Hazırda ADPU-da qiyabi doktorantura təhsili
alır, fəlsəfə doktoru dissertasiyası üzərində
çalışır. 2006-cı ildən ADPU-da
çalışır, 2012-ci ildən isə Azərbaycan ədəbiyyatı
tarixi kafedrasına müəllim vəzifəsinə
seçilib.
2010-cu ildən Azərbaycan
Yazıçılar Birliyinin Mədəniyyət və Turizm
Nazirliyi ilə birgə layihəsi olan "Gənc Ədiblər
Məktəbi"nin məzunudur. Elə həmin ildə
AYB-nin üzvü olub və Prezidentin xüsusi təqaüdünə
layiq görülüb. Ədəbi mühitə gəldiyi ilk
vaxtlarda mətbuatda esselər, kiçik hekayələr,
publisistik məqalələrlə çıxış edib.
Yazıları "Azərbaycan", "Ulduz",
"Literaturnıy Azerbaydjan" dərgilərində,
"525-ci qəzet", "Zerkalo" qəzetlərində
işıq üzü görüb. 2011-ci ildə Pərvin Gənclər
və İdman Nazirliyinin "Gənclər"
mükafatına layiq görülüb. 2012-ci ildə isə Azərbaycan
Yazıçılar Birliyinin "Təhsil" nəşriyyatı
ilə birgə layihəsi olan "Müəllifin ilk
kitabı" adlı seriyadan "Qar yağacaq" nəsr
kitabı işıq üzü görüb. Oxucuların
marağına səbəb olan bu kitab müəllifinə
xeyli uğur gətirib.
2013-cü ildə Pərvin bir sıra ədəbi
mükafatlar da alıb. "Qar
yağacaq" kitabına görə Mədəniyyət və
Turizm Nazirliyinin "Qızıl kəlmə", Rəsul Rza adına ədəbiyyat
fondu tərəfindən "Rəsul Rza Beynəlxalq
mükafatı"na layiq görülüb. Onun "Balerina" povesti isə
ölkəmizdə keçirilən Milli Kitab
Mükafatının ikincisi olub və əsər ayrıca
kitab şəklində işıq üzü
görüb. O, dəfələrlə xaricdə Azərbaycan
gəncliyini təmsil edib. 2011-ci ildə Moskvada Gənc
Yazarların I Beynəlxalq seminarında uğurla iştirak
edib. Ruscaya tərcümə
edilmiş hekayələri müxtəlif ölkələrdən
olan seminar iştirakçılarının böyük
marağına səbəb olub.
"Samir üçün" və "Qar
yağacaq" hekayələri müxtəlif almanaxlarda və
Rusiyanın ədəbi qəzetlərində işıq
üzü görüb.
Pərvin 2012-ci ildə Litvada keçirilən
"Gənclik və sosial media" forumunda, Astanada
keçirilən "Türk dünyası Dərgilər
Konqresi"ndə iştirak edib. Türkiyənin Avrasiya
Yazarlar Birliyinin üzvüdür. Türkcəyə tərcümə olunmuş hekayələri müxtəlif
türk dərgilərində işıq üzü
görüb.
O, həm
də Latviyanın Beynəlxalq Yazarlar və Publisistlər
Birliyinin üzvüdür, ruscaya tərcümə olunmuş
hekayələri dünyanın 40 ölkəsində
yayımlanan "Proza" almanaxlarına daxil edilib. 2013-cü ildə Türkiyədə
Akçağ yayım evində "Balerina" adlı
türkcə kitabı xalq yazıçısı Anarın
ön sözü ilə
işıq üzü görüb.
Bədii yaradıclığı ilə yanaşı Pərvin
rus və türk dillərindən tərcümələr də
edir. Eyni zamanda o, müxtəlif
səhnə əsərlərinə aid
resenziyaların da müəllifidir.
- Hələ yay
aylarından mətbuatda "Gənclər üçün
Prezident Mükafatı"nın təsis edilməsi haqda məlumatları oxuyanda xeyli
sevinmişdim. Bunu Azərbaycan gəncliyi üçün
böyük hadisə hesab edirəm. Bu gün ölkəmizdə
bütün sahələrdə gedən inkişaf göz
önündədir. Memarı və qurucusu ümummilli liderimiz
Heydər Əliyev olan müasir
Azərbaycan günbəgün inkişaf edir, çiçəklənir.
Bütün bu inkişafın da əsas tərkib hissəsini
gənclərə münasibət, qayğı, istedadlı gənclərin
üzə çıxarılması, onların gələcəkdə
ölkəyə lazımlı kadr kimi hazırlanması təşkil
edir. Bir Azərbaycan gənci kimi məni də bütün bu
məsələlər sevindirir və irəliləməyimiz
üçün yaradılan bu imkanlardan faydalanmağa
çalışıram. Bu il mükafatlandırılan gənclərdən
biri də mən oldum. Əlbəttə, bu istər
yazıçı taleyimdə, istərsə də ümumiyyətlə
karyeramda çox böyük uğurdur, əlamətdar hadisədir.
Amma ən başlıcası bu, dövlətimizin, ölkə
Prezidenti cənab İlham Əliyevin gənclərə
qayğısının, diqqətinin, etdimadının daha bir
nümunəsidir. Mən də bundan sonrakı fəaliyyətimdə
bu etimadı doğrultmağa, ölkəmizin, millətimizin
adına layiq olmağa çalışacağam.
"Yaradıcı gənclərimizə diqqət
və
qayğının daha bir bariz nümunəsi"
Timur ƏSGƏROV,
Bakı Xoreoqrafiya Məktəbinin yetirməsi,
Sankt-Peterburqdakı
"Marinsk" teatrının solisti
1990-cı il martın 31-də
Bakıda hərbiçi ailəsində anadan olub. İlk təhsilini
Gəncədəki
M.Hüseynzadə adına
4 nömrəli tam orta məktəbdə
alıb. Timur Əsgərov 1998-ci ildən peşəkar
opera sənətindədir. Onun
bu sənətə marağı orta məktəbdən
başlayıb. III sinifdə oxuyarkən məktəbin nəzdindəki rəqs
dərnəyinə gedib. Onu daha çox bal
rəqsləri maraqlandırıb. Tezliklə ailə
Bakıya köçüb və Timur təhsilini Bakı
Xoreoqrafiya Məktəbində davam etdirib. 2008-ci ildə
BXM-nı bitirən Timur 2008-2009-cu illərdə
M.F.Axundov adına Dövlət Akademik Opera və Balet Teatrında,
2009-2011-ci illərdə isə T.Şevçenko adına
Ukrayna Milli Akademik Opera və Balet Teatrında işləyib. 2011-ci ilin yanvarından isə Rusiyanın dünya
şöhrətli "Marinsk" teatrının solistidir. Timur "Marinsk" balet
truppası ilə Amerika, İtaliya, Almaniya, Meksika,
Çin və b. ölkələrdə qastrol səfərlərində
olub. O,
Rusiyada fəaliyyət göstərdiyi cəmi 3
mövsümdə bir sıra xarici qastrol səfərlərində
dünya baletinin onlarca ən mürəkkəb nümunələrini
hazırlayaraq tamaşaçılara çatdıra bilib.
2014-cü il yanvarın 28-dən fevralın 3-dək "Marinsk" balet
truppası tərkibində Vaşinqtonda "Kennedi-mərkəz"də
çıxış edib. Fevralın 9-da isə Timur
Arif Məlikovun "Məhəbbət əfsanəsi"
baletində baş rolda çıxış edib.
O, XII Beynəlxalq balet müsabiqəsində
qızıl medala layiq görülüb.
Timur Əsgərov gənclər
üçün Prezident Mükafatına layiq görülməsi
xəbərini Amerikada olduğu qastrol səfərində
alıb. Timurun atası Vaqif
Əsgərov bizimlə söhbətində dövlətimizin başçısının gənclərə
göstərdiyi diqqət və
qayğını çox yüksək qiymətləndirdi:
- Əlbəttə, Timurun Prezident Mükafatına layiq
görülməsi xəbəri bizi çox
sevindirdi. Bu mükafatın təsis olunması Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin yaradıcı
gənclərimizə göstərdiyi yüksək diqqətin parlaq təzahürüdür.
Dövlət başçımızın gənclər siyasətinin
dolğun təcəssümüdür. Timurun belə yüksək
mükafata layiq görülməsi üçün mən,
ilk növbədə, Prezident
İlham Əliyevə dərin minnətdarlığımı
bildirirəm. Mən Timurun
böyük səhnədə parlamasında ona dəstək
olmuş ilk müəllimlərinə - Bakı Xoreoqrafiya Məktəbinin
direktoru, əməkdar müəllim Nilufər Kərimovaya,
xalq artisti Rəfiqə Axundovaya,
Tamilla Məmmədovaya da öz minnətdarlığımı
çatdırmaq istəyirəm.
"Bu,
Azərbaycan elminə və
təhsilinə
verilən mükafatdır"
Flora
HACIYEVA,
BDU-nun nanomaterialların
kimyəvi fizikası
kafedrasının
müəllimi, böyük elmi işçi
1985-ci il
yanvarın 26-da Tovuz şəhərində anadan
olub. 1990-2000-ci illərdə buradakı N.Tusi adına orta məktəbdə
oxuyub və təhsilini fərqlənmə attestatı ilə,
2004-cü ildə isə
Bakı Dövlət Universitetinin kimya fakültəsini analitik
kimya ixtisası üzrə fərqlənmə diplomu ilə
başa vurub.
2006-cı ildən Bakı Dövlət Universitetinin
nanomaterialların kimyəvi fizikası kafedrasında
çalışır. F.Hacıyeva 2007-ci ildə dissertanturaya qəbul
olunub, O, həmin ildən başlayaraq son illər dünyada
çox geniş inkişaf edən nanotexnologiya sahəsində
elmi tədqiqat işləri aparır. 2010-cu ildə 25
yaşında "Polipropilen, polivinildenflüorid və kadmium
sulfid əsasındakı nanokompozisiyaların quruluşunun
formalaşması və xassələrinin tədqiqi"
mövzusunda dissertasiya işini müdafiə edərək
kimya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi
alıb. Onun elmi tədqiqat işlərinin nəticələri
"Tomson Reyters" sıyahısına daxil olan beynəlxalq
jurnallarda dərc olunub və beynəlxalq konfrans və
simpoziumlarda müzakirə və məruzə edilib.
Flora Hacıyeva nanotexnologiya sahəsi
üzrə bir neçə beynəlxalq (STCU, SRDF, Saudia
Arabia,Tempus və sair) və ölkədaxili qrant layihələrinin
iştirakçısı və bir beynəlxalq layihənin rəhbəri
olub. Ayrı-ayrı illərdə müxtəlif
müsabiqələrin və yarışmaların qalibi olaraq
diplom və sertifikatlara layiq görülüb. 2008-ci ildə Ulyanovsk şəhərində
keçirilən "Opto, nanoelektronika, nanotexnologiyalar və
mikrosistemlər" adlı beynəlxalq konfransda ən
yaxşı məruzəyə görə diplomla, 2008-ci və
2009-cu illərdə atom-qüvvət mikroskopunda
aldığı nəticələrə görə
Rusiyanın Elm və Texnologiya Mərkəzi tərəfindən
diplomlarla təltif olunub.
F.Hacıyeva müxtəlif illərdə nanotexnologiya sahəsində
keçirilən beynəlxalq konfrans, ali
kurslar, seminar və treninqlərin iştirakçısı
olub.
Flora Hacıyeva MDB ölkələrinin Gənc
Alimlərinin Ekspert Şurasının üzvü, Bakı
Dövlət Universitetinin Gənc Alimlər
Şurasının sədridir. Hazırda
"Yarımkeçirici nanohissəciklərlə modifikasiya
olunmuş polimer kompozit strukturların sintezi, quruluşu və
xassələri" mövzusunda doktorluq dissertasiyası üzərində
işləyir. Bununla yanaşı, elmi tədqiqat
işlərinin təhsil sahəsinə tətbiqi sahəsində
də xeyli uğurlar qazanıb. Gənc tədqiqatçı
Bakı Dövlət Universitetində kimya, fizika, biologiya və
ekologiya fakültələrinin bakalvr və magistr pillələrində
nanotexnologiya üzrə açılan ixtisaslar
üçün fənn proqramlarının
hazırlanmasında da
fəal iştirak edir. O, kimya fakültəsinin
bakalavr təhsil pilləsi üçün "Nanokimya və
nanotexnologiyanın əsasları" və ekologiya fakültəsinin
magistr təhsil pilləsi üçün
"Nanotexnologiyanın ekologiyada tətbiqi" fənn
proqramlarının müəllifidir. Hazırda
ekologiya fakültəsi üçün magistr
hazırlığı Avropa Birliyinin TEMPUS layihəsinin
iştirakçısıdır. F.Hacıyeva
nanotexnologiya sahəsində elmi innovasiyaların təhsil
mühitinə transferi məsələləri ilə məşğul
olur.
Flora
Hacıyeva İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının
(İSESKO) maliyyələşdirdiyi "The development of
technology of formation quantum nanowires in polymer matrices" (Polimer
matrislərdə kvant nanonaqillərinin alınma
texnologiyasının işlənməsi) qrant layihəsinin
qalibi olub. 2012-ci ildə nanotexnologiyalar sahəsində
qazandığı uğurlara görə MDB ölkələrinin
"Debütlərin birliyi" beynəlxalq mükafatına
layiq görülüb. Hazırda BDU-nun
nanomaterialların kimyəvi fizikası kafedrasının
müəllimi, nanoaraşdırmalar laboratoriyasında
böyük elmi işçi vəzifəsində
çalışır.
- Mən belə yüksək mükafata layiq
görüldüyüm üçün, ilk növbədə,
Azərbaycan dövlətinə, Azərbaycan
Respublikasının Prezidenti möhtərəm İlham
Əliyevə dərin minnətdarlığımı bildirirəm.
Respublikamızda dövlət gənclər siyasətinin
formalaşdırılması ümummilli lider Heydər
Əliyevin adı ilə bağlıdır. Ulu öndər gənclərlə bağlı məsələləri
həmişə dövlət siyasətinin əsas tərkib
hissələrindən biri hesab edir, gənclərin imkan və
bacarıqlarını yüksək qiymətləndirir,
onların problemlərinin həlli istiqamətində həyata
keçirilən tədbirlərə xüsusi önəm
verirdi. Məhz onun 1 fevral 1997-ci il
tarixli sərəncamı ilə 2 fevral Azərbaycan
Respublikasında Gənclər Günü kimi təsis edilib.
Qloballaşmanın vüsət aldığı və
informasiya cəmiyyətinin sürətlə
formalaşdığı müasir dövrdə Azərbaycan
Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və
digər sahələrdə gənclərin daha fəal
iştirakını təmin etmək istiqamətində
aparılan işlərin yeni səviyyəyə yüksəldilməsi
məqsədi ilə ulu öndərin yolunu uğurla davam etdirən
möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən
çoxsaylı sərəncam və fərmanlar verilib, o
cümlədən 2011-ci il 7 iyul tarixli 1621 nömrəli Sərəncamla
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə"
Dövlət Proqramı təsdiq edilib və 2013-cü il 2
iyul tarixli 934 nömrəli Fərmanla "Gənclər
üçün Prezident Mükafatı" təsis olunub. Məhz Prezident İlham Əliyevin böyük əməyi
və səyi nəticəsində Azərbaycan gəncliyi bu
gün artıq cəmiyyətin inkişafında ciddi rolu olan
fəal sosial təbəqəyə çevrilib.
Bu gün universitetin Gənc Alimlər
Şurasının sədri kimi mənə göstərilən
diqqət və qayğıya, əldə etdiyim bu nailiyyətlərə
görə həm universitet rəhbərliyinə, həm də
Gənclər və İdman Nazirliyinə təşəkkür
edir və minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, mənə verilən bu mükafat
universitet elminə, ümumiyyətlə Azərbaycan elminə
və təhsilinə verilən mükafatdır və mən
bu etimadı doğrultmaq üçün bundan sonra da
bütün səy və bacarığımla
çalışacağam.
"Mükafata
layiq görüldüyümə
görə çox sevinirəm"
Rafiq
SƏFƏROV,
AMEA
Geologiya İnstitutunun aparıcı elmi işçisi
1984-cü il sentyabrın 16-da
Bakı şəhərində anadan olub. 1991-ci ildə
Əmircan qəsəbəsində yerləşən 84 nömrəli məktəbin
I sinfinə gedib və 2001-ci ildə Yasamal rayonunda yerləşən
1 nömrəli Respublika fizika-riyaziyyat və informatika təmayüllü
liseyi bitirib. Həmin ildə Bakı Dövlət Universitetinin
geologiya fakültəsinə qəbul olunub və 2005-ci ildə
universitetin bakalavr pilləsini geofizika ixtisası üzrə
bitirib. 2005-ci ildə BDU-nun geologiya fakültəsinə magistr
pilləsi üzrə qəbul olub və 2007-ci ildə həmin
fakültəni "seysmologiya və seysmometriya"
ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
2005-2012-ci illərdə AMEA Geologiya
İnstitutunun "Geotektonika və geodinamika" şöbəsində
böyük laborant, kiçik elmi işçi, elmi
işçi, böyük elmi işçi vəzifələrində
çalışıb. 2013-cü ildən şöbənin aparıcı
elmi işçisidir.
2008-2011-ci il tarixlərində
Geologiya İnstitutunun aspirantı olub, geofizika ixtisası
üzrə "Azərbaycan ərazisində müasir
geodinamik şəraitin və seysmik təhlükənin GPS məlumatları
əsasında tədqiqi" mövzusunda dissertasiya işini
tamamlayıb və müzakirəyə təqdim edib.
2011-2012-ci illərdə Yaponiya Beynəlxalq Seysmologiya və
Zəlzələ Mühəndisliyi İnstitutu, Yaponiya Milli
Siyasi Tədqiqatlar İnstitutu və Yaponiya Beynəlxalq Əməkdaşlıq
Agentliyi tərəfindən təşkil olunmuş
"Seysmologiya, zəlzələ mühəndisliyi, sunami və
təbii fəlakətlərin nəticələrinin
azaldılması" mövzusunda 52-ci illik təlim kursunda
iştirak edib və Nagoya Universitetində magistr təhsili
alıb. Beynəlxalq təlim kurslarında və
seminarlarda beynəlxalq və yerli qrant və layihələrdə
iştirak edib. AMEA Geologiya İnstitutunun nəzdində
fəaliyyət göstərən Nüvə
Sınaqlarının Hərtərəfli Qadağan
olunması Müqaviləsi Təşkilatının (CTBTO) Azərbaycan
Milli Məlumat Mərkəzinin tədqiqatçısıdır.
Eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul
olur. Hazırda Bakı Dövlət Universitetinin seysmologiya və yer təkinin
fizikası kafedrasında "Yerin fizikası" fənnini tədris
edir.
- Fürsətdən istifadə edərək, mənə
verilən mükafata və göstərilən etimada görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevə öz dərin minnətdarlığımı
bildirirəm. Cənab Prezidentin gəncliyin inkişafı məqsədi
ilə təsdiq etdiyi Dövlət Proqramlarının və
eyni zamanda, onun şəxsi qayğısı, diqqəti və
himayəsinin nəticəsidir ki, gənclərimizin hər sahədə
əldə etdikləri nailiyyətlər, qazandıqları
uğurların sayı artmaqdadır. Mənim
elmi fəaliyyətimdə qazandığım uğurlar da bu
qayğı və diqqətin nəticəsidir. Gənclər
üçün Prezident Mükafatına layiq görülməyimə
görə çox sevinirəm və mənim üzərimdə
zəhməti, əməyi olan valideynlərimə, müəllimlərimə,
Bakı Dövlət Universiteti geologiya fakültəsinin
professor-müəllim heyətinə, AMEA-nın rəhbərliyinə,
elmi rəhbərimə minnətdaram. Bundan
sonrakı elmi fəaliyyətimdə də Azərbaycan elminin
inkişafı, onun beynəlxalq inteqrasiyası
üçün aktiv və fəal olmaqla
bacarıqlarımı əsirgəməyəcəyəm.
Prezident Mükafatına layiq görülən
bütün gəncləri təbrik edir və onlara gələcək
fəaliyyətlərində uğurlar arzu edirəm.
"Adımı
siyahıda görəndə böyük
sevinc və
qürur hissi duydum"
İlyas
İSMAYILLI,
Azərbaycan
Skautlar Assosiasiyasının rəhbəri
1989-cu il martın 10-da Sumqayıt şəhərində anadan olub.
2005-ci ildə Bakıdakı 291 nömrəli "Araz" ekologiya liseyini bitirib,
həmin il Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. 2009-cu ildə həmin
universiteti fərqlənmə diplomu ilə bitirib. 2009-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib.
2010-cu ildə Bakı Dövlət Universitetinin
hüquq fakültəsinin
kommersiya hüququ ixtisasına qəbul olunub və 2012-ci ildə həmin fakültəni
bitirib.
2006-2009-cu illərdə Bakı Dövlət
Universitetinin Tələbə Gənclər Təşkilatının
üzvü olub. 2006-cı ildən Azərbaycan
Skautlar Assosiasiyasının Beynəlxalq Komissarının
köməkçisi, 2009-2012-ci illərdə Azərbaycan
Skautlar Assosiasiyasının beynəlxalq komissarı vəzifəsinə
seçilib. 2006-cı ildə Misirdə təşkil
olunan mədəni mübadilə proqramında iştirak edib,
2007-ci ildə İngiltərədə keçirilən
Dünya Skautlarının toplantısında Azərbaycan
kontingentinin komanda lideri təyin edilib. 2007-ci ildə
Avrasiya Skaut Regionunun konfransında, 2008-ci ildə
Ümumdünya Skaut Konfransında nümayəndə kimi iştirak edib, Avrasiya
regionu adından hesablama palatasına üzv seçilib. Azərbaycan - Norveç skautları arasında əməkdaşlığın
koordinatoru (2008-2009), Azərbaycan - Türkiyə skautları
arasında əməkdaşlığın koordinatoru
(2008-2013) seçilib. Müxtəlif illərdə
ayrı-ayrı ölkələrdə keçirilmiş skaut
konfranslarında iştirak edib. 2012-ci il
dekabrın 28-də Azərbaycan Skautlar Assosiasiyasının rəhbəri
seçilib. İlyas
İsmayıllı bir sıra yerli və beynəlxalq tədbirlərdə
Azərbaycanı layiqincə təmsil edib.
- Gənclər üçün Prezident Mükafatı ilə
təltif olunmağımı
ilk dəfə eşidəndə sevincimdən buna inanmadım, əmin olmaq
üçün özüm Azərbaycan Respublikası
Prezidentinin saytına daxil olub sərəncamlara baxdım.
Öz adımı siyahıda görəndə çox
böyük sevinc və qürur hissi duydum. Qeyd etmək istəyirəm
ki, bu mükafat tək mənim zəhmətim nəticəsində
olmayıb, bütün təşkilatımızın fəaliyyətinə, əməyinə
verilən qiymətdir. Fəaliyyətimizin dövlətimiz tərəfindən
yüksək qiymətləndirilməsi bir daha sübut edir ki, Azərbaycan üçün
görülən hər bir iş ölkə rəhbərliyi tərəfindən nəzərə
alınır. Gənclər
üçün Prezident Mükafatı ilə təltif olunmaq
şərəfinə nail olmağıma görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə,
valideynlərimə, dostlarıma, Azərbaycan Skautlar
Assosiasiyasının
bütün üzvlərinə təşəkkürümü
bildirmək istəyirəm. Onlarsız bu nailiyyətə
çatmaq mümkün olmayacaqdı.
Səhifəni
hazırladı:
Oruc
MUSTAFAYEV
Azərbaycan
müəllimi.- 2014.- 21 fevral.- S.6.