"Müstəqil Azərbaycan
tarixi" mövzusunda
əlavə dərslərin tədris olunmasına
başlanılıb
Təhsil Nazirliyi tərəfindən rayon və şəhərlərdəki ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün Heydər Əliyev mərkəzlərində "Müstəqil Azərbaycan tarixi" mövzusunda əlavə dərslərin tədris olunmasına başlanılıb. 2014-cü ilin fevral-may aylarında tədris olunacaq dərslərin əsas məqsədi şagirdlərə müasir Azərbaycan tarixi haqqında daha dolğun və əhatəli məlumatların verilməsindən ibarətdir. Müvafiq istiqamətdə təlimin keyfiyyətinin yüksəldilməsi və məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edən dərslər, eyni zamanda, şagirdlərin milli mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına və yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət edir. Heydər Əliyev mərkəzlərində keçirilən dərsləri tədris edəcək müəllimlər, dərslərin mövzuları və qrafiki əvvəlcədən müəyyənləşdirilib. Həmçinin, müəllimlərə kömək məqsədilə müvafiq tezislər və tövsiyələr hazırlanıb. Aşağıda həmin dərslərin keçildiyi bəzi rayonlardan qeydləri təqdim edirik.
LƏNKƏRAN
Azərbaycan
tarixinin ümumtəhsil məktəblərində
daha dərindən öyrənilməsi məqsədilə
"Ulu öndər Heydər Əliyev
müstəqil Azərbaycanın qurucusu və
memarıdır" və "Ümummilli
lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi
inkişafının təminatçısıdır"
mövzuları üzrə dərslərin Heydər Əliyev Mərkəzində
ümumtəhsil məktəblərinin XI sinif
şagirdlərinə tədris olunması ilə bağlı
Təhsil Nazirliyinin tövsiyələri Lənkəran
rayonunun təhsil işçiləri tərəfindən
böyük razılıqla
qarşılanmışdır. Lənkəran Şəhər
Təhsil Şöbəsində
tövsiyələrə uyğun olaraq dərslərin cari ilin fevral - may
aylarında keçirilməsi qrafiki
hazırlanaraq təsdiq edilmiş,
növbətçilik qrafiki
hazırlanmışdır. Rayonun nüfuzlu və
hazırlıqlı tarix müəllimlərindən 15 nəfər
müəyyən edilmiş, onlarla seminar -
müşavirə keçirilmişdir.
Lənkəran
ŞTŞ-nın müdiri Ş.Əhmədovadan
aldığımız məlumata görə, 2014-cü ilin fevral-may aylarında
keçiriləcək bu dərslərdə
rayonun 72 tam orta məktəbinin XI sinif
şagirdinin iştirakı nəzərdə
tutulur.
Fevralın 3-dən dərslər
Heydər Əliyev Mərkəzində keçilməyə
başlanmışdır. Fevral ayı ərzində
Heydər Əliyev Mərkəzində rayonun
27 məktəbinin 725 nəfər XI sinif şagirdi "Ulu öndər
Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır" mövzusunda dərslərdə iştirak etmişdir. Dərsləri rayonun
qabaqcıl fənn müəllimləri
Güloğlan Bağırov, Mənsur Ağayev, Qadir Axundov, Ramin Hüccətov,
Elnur Əsədli, Zamin
Baxşıyev, Kamran Əliyev, Zəhra Abdullayeva,
Rasim İbrahimov,
İldırım Şükürzadə, Elmira
Eminova, Aslan İbrahimov, Söhrət Cəfərov iki akademik saat
ərzində tədris etmişlər. Dərslərdə
Azərbaycanın dövlət müstəqilliyinin bərpa
edilməsinin XX əsrdə xalqımızın ən böyük nailiyyəti olması, ulu öndər Heydər Əliyevin Azərbaycanda
ikinci dəfə hakimiyyətə gəlməsi,
bunun Milli Qurtuluş Günü kimi bayram edilməsi, "Əsrin müqaviləsi"nin
imzalanmasının ölkədə iqtisadi dirçəlişin əsası olması, ulu öndərin hüquqi
və demokratik dövlət quruculuğunu həyata keçirməsi, ordu quruculuğu, xarici siyasətdə uğurlar,
müxtəlif sahələrdə islahatlar,
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
daxili və xarici siyasət
kursunun layiqli davamçısı
olması və başqa məsələlər
konkret faktlar əsasında
şagirdlərə
çatdırılmışdır. Bu
dərslər şagirdlərin böyük
marağına səbəb olmuşdur. Dərslərin
tədrisi davam
etdirilir və təhsil şöbəsinin
ciddi nəzarətindədir.
Fevralın
19-da rayon mərkəzində yerləşən
Heydər Əliyev Mərkəzində
müasir Azərbaycan tarixinin
ümumtəhsil məktəblərində daha
səmərəli öyrənilməsi məqsədi ilə "Ulu
öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və
memarıdır" mövzusunda növbəti dərs keçirilmişdir.
Dərsi rayonun qabaqcıl tarix
müəllimlərindən biri olan şəhər 8 nömrəli tam orta məktəbin direktoru Aslan İbrahimov aparmışdır. Dərsdə
Gərmətük qəsəbə və Tatova
kənd tam orta məktəblərinin
50 nəfər XI sinif şagirdi
iştirak etmişdir.
Sonda şagirdləri maraqlandıran suallara cavab verilmişdir.
ŞƏKİ
Hər bir xalq o zaman böyük və
qüvvətli olur ki,
o öz tarixi keçmişini
yaxşı bilir, tarixin dərslərindən nəticə
çıxarmağı bacarır. Elə buna
görə də Azərbaycanın XX əsrdə dövlət
müstəqilliyinin bərpa edilməsinin -
xalqımızın böyük nailiyyətinin - müasir
Azərbaycan tarixinin şagirdlərə
öyrədilməsi qarşıya qoyulan əsas
vəzifələrdəndir. Bu baxımdan
2014-cü ilin
fevral-may aylarında ümumtəhsil
məktəblərinin XI sinif şagirdlərinə
dərsdən sonrakı məşğələlər kimi müstəqil Azərbaycan Respublikasının
tarixinə aid seçilmiş
mövzular üzrə tədrisin
aparılması diqqətəlayiqdir. Dərslərdə
müsəqil Azərbaycanda dövlət quruculuğu
sahəsində ulu öndər Heydər
Əliyevin genişmiqyaslı fəaliyyəti, bu
yolda qarşıya çıxan maneə
və çətinliklərin dəf olunması, ölkədə
siyasi sabitliyin və iqtisadi dirçəlişin yaranması, ümummilli lider Heydər
Əliyevin siyasi kursunun
layiqli davamçısı kimi Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin geniş
diapazonlu fəaliyyəti, Azərbaycanın
beynəlxalq aləmdə nüfuzunun getdikcə artması, həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar haqqında dolğun
məlumatlar verilib.
Həmin dərslərin Heydər Əliyev Mərkəzində keçirilməsi böyük
əhəmiyyət kəsb edir.
Şəki
Şəhər Təhsil Şöbəsində də bu dərslərin yüksək səviyyədə
tədrisini təmin etmək üçün elmi-metodik
hazırlığı ilə fərqlənən 11 nəfər
tarix müəllimi seçilmiş,
dərslərin təşkilinin
məqsəd və mahiyyəti onlara izah olunmuş, qrafik təsdiq edilmişdir. Qrafik üzrə 1661 nəfər XI sinif şagirdi 55-60 nəfərlik qruplar
üzrə bölünmüşdür.
Şəki ŞTŞ-nin müdiri
S.İsmayılovadan aldığımız məlumatda bildirilir ki, hər bir məktəbin şagirdlərinin qrafik üzrə Mərkəzə gətirilməsi
üçün qabaqcadan
nəqliyyat vasitələri müəyyənləşdirilmiş,
məktəb tərəfindən
bu işə məsul şəxslər
ayrılmışdır. Mərkəzdə növbətçilik
təşkil edilmişdir.
Artıq 12 gündür ki, davam edən və hər biri
2 akademik saat həcmində
olan bu dərslərin
tədrisi ictimaiyyət və valideynlər arasında müsbət
rezonans doğurmuşdur.
Müəllimlərimizdən
Bəşarət Yusifovun, Anar
Məmmədovun, Cəsarət Abdullayevin, Nəzakət Hüseynovanın, Rəhman
Yusifovun, Pənah
Alxasovun keçdiyi dərslər məlumatlılıq səviyyəsinə, şagirdlərlə canlı
ünsiyyətdə olmasına, diaqnostik
araşdırmaların aparılması nəticəsində
şagirdlərin kifayət
qədər məlumatları olmadığı sahələrə
daha çox diqqət
yetirilməsinə, mövzuların
tədrisində İKT-dən
bacarıqla istifadə edilməsinə görə xüsusilə fərqlənir.
Dərslər davam edir və qərara
alınıb ki, tədris olunan
mövzuların xülasəsi
Şəki Şəhər Təhsil Şöbəsinin
orqanı olan
"Şəki təhsili" qəzetində ardıcıl dərc edilsin.
Həmçinin "
Kanal S " regional
televiziyasında seçilmiş mövzular üzrə orta
məktəb şagirdləri arasında
yarış-müsabiqənin keçirilməsi də
planlaşdırılmışdır.
XAÇMAZ
Təhsil
Nazirliyinin müvafiq məktubuna
əsasən müstəqil Azərbaycan respublikasının
tarixinə aid seçilmiş
2 mövzunun tədrisi rayon
ərazisində olan ulu
öndərin adını daşıyan 4 mərkəzin hər
birində 2 akademik saat
olmaqla tarix müəllimləri
tərəfindən tədris edilir. Xaçmaz RTŞ-nin müdiri M.Nurməmmədovadan
aldığımız məlumata görə, hər bir mərkəzin ərazisində olan məktəblər ora
cəlb edilmişdir. Xaçmaz şəhər
Heydər Əliyev adına mərkəzdə 805, Xaçmaz şəhər 2 nömrəli tam orta məktəbin nəzdində
olan Heydər Əliyev mərkəzində
126, Xudat şəhər Heydər
Əliyev adına mərkəzdə 354, Yalama
kəndində olan Heydər Əliyev
adına mərkəzdə isə 31 şagird
ulu öndərin irsini
öyrənəcəkdir. Dərslər fevralın 3-dən
mayın 20-dək müntəzəm şəkildə tədris
olunacaqdır.
İndiyədək
Xaçmaz şəhər Heydər
Əliyev mərkəzində 202, Xaçmaz
şəhər 2 nömrəli tam orta məktəbin nəzdində olan Heydər Əliyev mərkəzində 44, Xudat şəhər Heydər Əliyev mərkəzində
140, Yalama kənd Heydər Əliyev mərkəzində
isə 42 nəfər XI sinif şagirdləri ulu
öndərin irsini öyrənmişdir.
Rayon təhsil şöbəsi bu dərslərin tədris olunması üçün cədvəl tutmuş
və onların gedişinə nəzarət edir.
İSMAYILLI
Təhsil Nazirliyi tərəfindən dərslərin tədrisi
ilə əlaqədar rayon təhsil
şöbəsinin məsul işçiləri üçün seminar-müşavirə təşkil
edilərək iştirakçılar təlimatlandırılmışdır.
Keçiləcək dərslərin mövzuları dəqiqləşdirilmiş,
dərsləri tədris edəcək müəllimlərə
kömək məqsədi ilə mövzulara
aid tezislər hazırlanaraq yerlərə
çatdırılmışdır.
İsmayıllı rayonunda da dərslərin
tədrisinə aid qrafik
hazırlanaraq təsdiq edilmişdir.
Qrafikdə rayonun 46 tam
orta məktəbinin hər birinin dərs günləri, dərsləri tədris
edəcək müəllimlər və dərslərin təşkilinə
məsul olan
rayon təhsil şöbəsinin
nümayəndələri göstərilmişdir.
İsmayıllı Rayon Təhsil Şöbəsinin
aparıcı məsləhətçisi, əməkdar müəllim
Ramiz Baloğlanovun verdiyi məlumata görə, dərsləri rayonun 10 nəfər qabaqcıl tarix müəllimi aparacaq.
Dərslərin İsmayıllı şəhərinin
Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə
tutulmuş, uzaq kəndlərdən
şagirdlərin daşınması
üçün rayon
icra hakimiyyəti tərəfindən nəqliyyat
vasitələri ayrılmışdır. İsmayıllı Rayon İcra Hakimiyyəti
dərslərin tədrisi ilə daim
maraqlanır, dərslərin yüksək səviyyədə
tədrisi üçün lazımi
köməkliyini göstərir.
Ulu öndər Heydər Əliyevin irsinin
öyrənilməsi ilə əlaqədar tədris olunacaq dərslərə aid
rayon təhsil şöbəsində tam orta məktəblərin direktorları
və dərsləri tədris edəcək müəllimlərin
iştirakı ilə geniş müşavirə keçirilmiş,
əlaqədar şəxslərə konkret
tapşırıqlar verilmişdir.
Qrafikə uyğun olaraq ilk dərslər fevralın 4-də
başlanmışdır. Artıq şəhər 3, 5, 6, 7
nömrəli, Cülyan kənd tam orta məktəblərinin XI sinif
şagirdləri üçün ilk dərslər keçilmişdir.
Dərslərdə şagirdlərin diqqətinə
çatdırılmışdır ki, Azərbaycanın
XX əsr tarixinin geniş
bir dövrü ümummilli lider Heydər
Əliyevin şəxsiyyəti ilə bağlıdır. Heydər
Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur.
Şagirdlərə
aydın şəkildə
çatdırılmışdır ki,
1993-cü ilin iyununda
Heydər Əliyevin qayıdışı ərəfəsində
Azərbaycan öz tarixinin
qanlı burulğanında idi. Azərbaycan
dövlətçiliyi məhv olmaq təhlükəsi
ilə üz-üzə qalmışdı. Hakimiyyət
iddiasında olan qruplaşmalar arasında silahlı toqquşmalar baş verirdi. Yaranmış vəziyyətdən
istifadə edən düşmənlərimiz
torpaqlarımızın işğalını daha
da genişləndirmişdilər. Müdrik xalqımız həmin ağır
günlərdə düzgün addım ataraq dünyanın ən böyük
siyasət adamını - ulu öndər
Heydər Əliyevi hakimiyyətə gətirdi. Bununla xalqımız məhv olmaqdan,
dövlətçiliyimiz süqut etməkdən
xilas oldu. Dahi şəxsiyyət ən kəskin ziddiyyətlərin
mövcud olduğu
şəraitdə böyük təmkinlik
və qətiyyət nümayiş etdirdi. Heydər Əliyevin bacarığı
sayəsində 1994-cü ilin oktyabr və 1995-ci ilin mart çevrilişlərinin
qarşısı alındı, xalqın inamı özünə
qayıtdı.
Dərslərdə
şagirdlərə izah edilmişdir
ki, dahi öndər Azərbaycanın
beynəlxalq aləmdə nüfuzunu
qaldırmaq üçün əməli
addımlar atdı. O, 1994-cü ilin sentyabrında BMT-nin
49-cu, 2000-ci ildə isə yubiley
sessiyalarının tribunalarından Azərbaycan həqiqətlərini
bütün dünyaya
çatdırdı. 1996- cı
ilin
dekabrında keçirilən ATƏT-in Lissabon
sammitində ulu öndərin diplomatik səyi nəticəsində
Dağlıq Qarabağ münaqişəsinin
həllinə dair bəyanat qəbul olundu. 1998-ci ilin
sentyabrında Bakıda İpək yolunun
bərpası üzrə beynəlxalq konfransın keçirilməsi
Heydər Əliyevin müdrikliyi sayəsində
mümkün oldu.
2000-ci ilin aprelində "Kitabi
Dədə -Qorqud" dastanının
Bakıda 1300 illik yubileyinin
təntənə ilə qeyd olunması da ulu öndərin tarixi keçmişimizə,
xalqımızın soykökünə
bağlılığının nəticəsi idi. O, uzaqgörən siyasəti
ilə Azərbaycanı türk
dünyasından təcrid olunmuş vəziyyətdən
çıxartdı, Mərkəzi Asiyanın müstəqil türk dövlətləri ilə tarixi dostluq münasibətlərimiz
bərpa olundu. Şagirdlərə öyrədilmişdir
ki, ulu öndərin rəhbərliyi
ilə Azərbaycan Respublikasının
Konstitusiyasının mükəmməl layihəsi
hazırlanaraq 1995-ci il noyabrın 12-də
ümumxalq referendumu
ilə qəbul olundu.
1994-cü il sentyabrın 20-də dünyanın
qabaqcıl neft şirkətləri ilə
"Əsrin müqaviləsi"nin imzalanması ilə neft strategiyasının əsası qoyuldu. 2001-ci ilin
noyabrında Bakıda Dünya Azərbaycanlılarının
I qurultayı keçirildi. Qurultay xarici ölkələrdə
Azərbaycan diasporlarının yaradılmasında mühüm addım oldu.
Şagirdlərə
izah edilmişdir ki, dünyanın ən qüdrətli siyasətçilərindən
olan Heydər Əliyev müstəqil Azərbaycan
dövlətini qurdu, onu
təhlükələrdən böyük
ustalıqla, mərdliklə, incə və çevik
siyasətlə qoruyub inkişaf
yoluna çıxardı.
Dərslərdə
şagirdlərə ulu öndərin
İsmayıllıya səfərləri, əhali ilə keçirdiyi
görüşlər haqqında da ətraflı
məlumatlar verilmiş, bu
səfərləri əks etdirən şəkillər və film nümayiş etdirilmişdir.
Şagirdlərə
izah edilmişdir ki, ümummilli lider Heydər Əliyev siyasi
kursunun layiqli
davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin apardığı uğurlu daxili və xarici siyasət
sayəsində müstəqil respublikamız inkişaf
edərək dünyanın qabaqcıl ölkələri
sırasına daxil olmuşdur. Ölkəmizdə əldə edilmiş siyasi sabitlik və davamlı inkişaf
vətəndaşların maddi-rifah
halını daha da
yaxşılaşdırmaqdadır.
İsmayıllı rayonunda ulu öndər
Heydər Əliyev irsinin öyrənilməsi
ilə əlaqədar XI sinif şagirdləri
üçün dərslərin tədrisi
davam etdirilir.
Azərbaycan müəllimi.- 2014.- 21 fevral.- S.7.