"Səadət"
məktəbinin müdiri
Əli bəy
Hüseynzadə
Əli bəy HÜSEYNZADƏ - 150
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında 21 yanvar 2014-cü il tarixli sərəncam imzalayıb. Sərəncamda Əli bəy Hüseynzadə "Türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayan, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər zəminində bərqərar olmasının vacibliyini irəli sürən və müstəqil milli dövlətçiliyin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak edən, eləcə də çoxşaxəli fəaliyyəti boyunca yaratdığı zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsi sayəsində Azərbaycan maarifçiliyi tarixinə qiymətli töhfələr verən görkəmli ictimai xadim kimi dəyərləndirilir.
...Qafqaz müsəlmanları adından
yazılmış ilk siyasi
tələbnamənin və "Türkləşmək, islamlaşmaq, avropalaşmaq"
triadasının müəllifi, türkçülük
məfkurəsinin qurucusu, Azərbaycan rəssamlığında
dəsgah boyakarlığının banisi,
"Həyat" qəzetinin, "Füyuzat"
dərgisinin baş redaktoru,
Türkiyədə ilk "Ensiklopedik tibb lüğət"ini
yazmış İstanbul Universitetinin
tibb professoru, Homerin "İliada"sından "Troya pərisinin hekayəsi"ni, Vergilinin "Eneida"sından
"Troyanın son gecəsi Eneyin başından keçənlər"i,
Esxilin "Zəncirlənmiş Prometey" əsərlərini yunan, Hötenin "Faust"unu alman, Miltonun
"İtirilmiş cənnət"ini ingilis, Xəyyamın
rübailərini fars, Adam
Smitin "Millətlərin sərvəti"
əsərini fransız dilindən ilk dəfə
türkcəyə çevirmiş mütərcim,
"İttihad və Tərəqqi Cəmiyyəti"nin,
"Türk Ocaqları"nın, "Turan Heyəti"nin yaradıcılarından biri, Mirzə Bala Məmmədzadənin
təbirincə "Azərbaycan bayrağını mənalandıran
üç ümdə amilin
ideoloqu", Bakıda "Səadət"
məktəbinin müdiri... Əli bəy
Hüseynzadənin 150 illiyi tamam olur.
Doğrudur, Əli bəy Hüseynzadənin müəllimlik
fəaliyyəti daha geniş
bir söhbətin mövzusu
ola bilər. O, təkcə Bakıda deyil, Krımda da, təkcə
İstanbulda deyil, Beyrutda da pedaqoji
fəaliyyətlə məşğul olub.
"Yazımız, dilimiz, "İkinci il"imiz məqaləsi XX yüzilin
əvvəllərində Azərbaycan pedaqoji
fikrinin bəlkə də ən çox müzakirə olunan
sənədlərindən biri kimi xatırlanır.
Ancaq Hüseynzadənin həyatında az araşdırılmış mərhələlərdən
biri onun "Səadət"
məktəbində müdir işlədiyi
(1907-1910) dövrlə bağlıdır.
***
"Şərq və
Qərb ədəbiyyatına... vaqif ədiblərimizin
birinci səfində sanılan... Əli bəy
Hüseynzadə ilə görüşə doğrusu
cürət etmirdim. Səadət
mədrəsəsinə vardıqda... qapıçıdan mədrəsədə
kim var? - deyə
sualıma: "Əli bəy Hüseynzadə burada"
cavabını alıb həmin anda...
Əli bəyə... qoşdum. Əli bəyi
görəndə abrım bir xəcalət
buldu".
"Ciddi çöhrəli" Əli bəyin
qarşısında abrına bir xəcalət
gələn Bürhan Şərif Kazandan məxsusi
olaraq "Əli bəyi görmək üçün" Bakıya gəlmişdi" və
"Əli bəy Hüseynzadənin yanında" müsahibəsinin
bu gün "Səadət"
məktəbinin tarixini öyrənənlər üçün
gərəkli bir qaynaq
olacağını heç ağlına da gətirməmişdi.
" - Ruhani dərsləri öyrədirsizmi?
-Xeyir.
Bizim proqramımızda orta
məktəblərdə teoloji fənlərə
bəhs var. Fəqət ruhani
cəmiyyətlər Daxiliyyə Nəzarətinə tabe bular. Məktəblərə
isə maarif nəzarəti... rəhbərlik
edər.
- Səadət Cəmiyyəti
fənlər məktəbi açmağa
təşəbbüs etmirmi?
- Niyyət var. Və lakin təşəbbüs
edən yox..."
***
"1908-də Bakıda "Səadət
Müsəlman Dini Cəmiyyəti" quruldu. Əlizadə cəmiyyətin
başqanlığına gətirilirkən yazar
Nəcəf bəy Vəzirov və İsa
bəy Aşurbəyov cəmiyyətin katibliyinə təyin
edildilər. Cəmiyyət qurulduqdan sonra Bakıda bir mədrəsə açılması məsələsi
gündəmə gəldi və sentyabr
1908-də "Mədrəseyi-Səadət"
açıldı. Buranın müdirliyinə Əli bəy
Hüseynzadə gətirilib. Fərhad Ağazadə,
Molla Qədir İsmayılzadə və Üzeyir Hacıbəyov (Ceyhun
Hacıbəyli, Axund Molla
Ağa Əlizadə, Məmməd Hənəfı
Terequlov, Əlicabbar Orucəliyev... -
A.T.) kibi Qafqazda
tanınmış şəxslərin də mədrəsədə
dərs verməsi təmin olundu" (Nesrin Sarıəhmədoğlu)
N.Sarıəhmədoğlunun
qeydlərini təshih etməyə ehtiyac var. Çünki bu məktəbin
ilk müdiri Əli bəy
deyil, Sarbon Universitetinin məzunu Mirzə Ələkbər
Xan Bəhmən olmuşdu.
"1908-ci
ildə Bakıda bir neçə dost və arkadaş tərəfindən
"Səadət" məktəbi adı ilə təsis
edilən orta proqramlı milli
məktəbdə" 1908-10-cu illər arası "bir müddət dərs naziri
və türkcə müəllimi olaraq"
çalışdığını yazan
Əli bəy xatırladır ki, həmin məktəbin müdiri
"Mirzə Ələkbər Xan Bəhmən
sonralar İranın Balkan
və Misir səfiri olmuşdu".
Mirzə Əliəkbər
Xan Bəhmən Parisdə
yaşayırdı. İstanbulda Feyzavər
xanım mənə Bəhmənin Parisdən
"Ustadi-möhtərəm dostu"
Əli bəyə fars və fransız
dillərində yazdığı məktubları,
avtoqraflı fotoşəkillərini göstərdi.
"Səadət"
məktəbində "Əli bəy Hüseynzadənin direktorluğu dövründə... müəllimlər
müsabiqə yolu ilə seçilib,
qəbul edilirdi" ( M.Aslanov).
"Mədrəseyi-səadət"
Əli bəy Hüseynzadənin Bakıdakı son iş yeri
oldu.
Əli bəy 1910-cu ilin dekabrında həm "Səadət"
məktəbini, həm də Bakını tərk etdi.
Hüseynzadənin
Azərbaycandan getməsi ilə bağlı "Səadət"
məktəbində keçiriləcək ziyafətdə, əslində
isə ayrılıq mərasimində iştirak
etmək üçün Bakının
adlı-sanlı üləmalarına, alimlərinə, şəhərin
ərbabi-irfanına - irfan sahiblərinə,
əsilzadələrinə xüsusi dəvətnamələr göndərildi. Bu,
iyirminci yüzilin əvvəllərində
tarixə düşmüş, yüz ildən də çoxdur
ki, əfsanə kimi
xatırlanan, dillərdə dastan olan bir ayrılıq, bir vida mərasimidir.
Bakının bütün mötəbər
simalarının qatıldığı ilk
ziyafətdir.
Azərbaycan
ziyalıları onun şərəfinə
ziyafət verirdilər. Məclisin yuxarı başında, fəxri
yerində Bakı qazisi Mir
Məhəmməd Kərim Ağa əyləşmişdi...
7 dekabr
1910. "Yeni Füyuzat":
"1910 sənəsi dekabrın üçündə "Səadət"
mədrəsəsi heyəti-idarəsi tərəfindən təbib,
ədib Hüseynzadə Əli bəy bəradərimiz şərəfinə
böyük ziyafət kəşidə olunmuşdur. Ziyafətə Bakı üləmayi-benamı
(ünlü alimləri) və əyani-girami
(hörmətli əsilzadələr) və bütün
ərbabi-irfan (elm-irfan sahibləri) xüsusi təzkirələr ilə dəvət
olunmuşdu...
Ətəmə və
əşrəbə fövqəladə məbzul və
mütənnəvve və şəkli-ziyafət adabi-islamiyyə
üzrə mürəttəb idi (Çeşidli, bol yemək-içməklə
zəngin ziyafət islam qaydalarına, üsuluna uyğun tərtib
edilmişdi).
Təamdan
sonra əvvəla Bakı qazisi
Ağa Mir Kərim ağa həzrətləri elm
və irfanın lüzumuna və Əli bəyin
xədəmat və fəzayilinə (xidmət və fəzilətlərinə)
dair bir nitqi-bəliğ
irad buyurdular (gözəl,
bəlağətli nitq söylədi). Qazi həzrətləri
mütəaqib (ardınca) dövləti-aliyəyi-İran
şahbəndəri (İran konsulu) Saidülvüzarə Mirhüseyn
xan Ağazadə cənabları dəxi lisani-farsi ilə atidəki
(aşağıdakı) nitqi söyləmişdir:
Həzərat! Gərçi cənab Əli bəy Hüseynzadənin
İstanbula getməsi biz
Bakı müsəlmanları, xüsusilə də "Səadət"
kollektivi üçün
olduqca çox təəssüf
doğurur, lakin bu gün bütün
müsəlmanlara islam dövlətinə
bacardıqları qədər kömək etmək vacib olduğundan belə bir elm və bilik sahibinin gedişindən özümüzə
təsəlli veririk. Və razıyıq Allahdan. İstəyirik ki,
uğuru ona yar etsin ki,
ona həvalə olunan
işlərdə ən böyük islam dövlətinə layiqincə xidmət
edə, himmət göstərə bilsin.
Və belə bir yüksək məqama nail olmasını səmimi-qəlbdən təbrik
edirik.
Ən sonda mədrəsə heyəti-idarəsi tərəfindən
bir zat Əli bəyin
bütün Qafqaza, xüsusi ilə bir
neçə sənədən bəri mədrəseyi-məzkurəyə
etdiyi xidmətlərə dair
bir neçə sözlər söylədikdən
sonra mədrəsədən iftiraqına
(ayrılışına)
bütün mədrəsə heyətinin
mütəəssif və mütəəssir olduğunu
(heyfsləndiyini və təəssüfləndiyini) əlavə
ilə nitqinə xitam verdi.
Əli bəy Qafqaz Şeyxülislamı mərhum nöktəgu
(incə və dərin kəlamlı) Şeyx
Əhmədin həfidi (nəvəsi) olub,
Bakı sancaqlarından Səlyan şəhərində dünyaya gəlmişdir. Tiflisdə məktəbi-edadini
(orta məktəbi) və Peterburqda
ülumi-riyaziyyə və təbiyyə darülfünununu
ikmal etdikdən sonra İstanbula gedib məktəbi-tibbiyəyi-əsgəriyyəyə
girmiş və sonra Məktəbi-Tibbiyəyi-Şahanədə
müəllim müavini olmuşdur.
Bilaxirə (sonra) dövri-istibdadda fərar
edib Bakıya gəlmiş və burada "Füyuzat" məcmuəsi
ilə "Həyat" qəzetələrində baş mühərrirlik etmişdir.
İki sənədən bəri də "Səadət"
mədrəsəsinin müdiri idi.
Əli bəy doğru düşünən, doğru
yazan, doğru yaşayan bir ədib, təbibdir.
Qafqaz ondan, o, Qafqazdan razı qalaraq İstanbula gediyor".
***
Əli
bəy Hüseynzadənin Bakıdan İstanbula
gedişi Azərbaycanın ziyalı mühitində,
az qala, milli fəlakət səviyyəsində qəbul
və dərk edilirdi. Çünki
iki il öncə
Bakını tərk edən Əhməd bəy Ağayev kimi, Əli bəy
Hüseynzadə də Əlabbas Müznib
demişkən, "bir böyük
aləm kəşf" etmişdi,
"millətə milləti qandırmışdı", onun gedişiylə "Qafqaz
əhalisi başsız, böyüksüz"
qalırdı, "dilsizlərin
dili, karların qulağı, korların
görən gözü", "bir bölük maarif yetimi olan
Qafqaz müsəlmanlarının
atası" Bakını tərk edirdi
və Əliqulu Qəmküsar bu ərəfədə
"Əli bəy Hüseynzadə həzrətlərinin Qafqaziyadan mühacirəti münasibəti ilə"
yazdığı "Təhəssürat" şerində
"Getmə, bizi naümid
etmə!" - deyirdi:
Cism və canımda ehtisasatım,
Şu kədərli fəraqə nifrət edər.
Getdiyin yerlərə xəyalatım
Sürünüb əczlə pəkeycə gedər...
Bu sözlər isə müəllim
Ağababazadənin həmin kədərli hicrətlə
bağlı dediklərindəndir: "O, ...həyati-ictimaiyyəmizi
yoluna salmağı həkimanə,
filosofanə sözlər ilə dedi,
yazdı, söylədi. Dilini bilmədik. Sözünü düşünmədik və
daha başqa səbəblərə...
axırda acı bir "əlvida" deyib getdi".
4 fevral
1911. "Bürhani-tərəqqi" (Həştərxan) qəzeti:
"Bakudə "Füyuzat" məcəlləsinin
mühərriri və Səadət məktəbinin müdiri Doktor Əli Bəy
Hüseynzadə cənabları İstanbula getdi. Məzkur Əli bəy cənabları
hazır İstanbulun tibb
fakultəsi səririyyati-cildiyyə və əfrənciyyə
(dəri-zöhrəvi xəstəlikləri klinikası) rəisliginə
təyin edilərək idareyi-padşahi sadir olmuşdur".
"Böylə bir fazil
möhtərəmi Baku müsəlman
qardaşlarımız qədrini bilməyib
buraxdıqlarından dolayı təəssüf ediyoruz".
10 noyabr
1910. "Günəş" qəzeti: Baku
xəbərləri. Baku. Bu
yaqın zamanlarda "Səadət" məktəbinin
müdiri ədib-i əzəm və filosof Əli Bəy Hüseynzadə həzrətləri
Bakudən əzimət edəcəkdir. Eşitdigimizə
görə... xüsusi kitabxanasını
və qeyri əşyalarını "Səadət"
məktəbinə bağışlamışdır".
"Bakıdan ayrılarkən
bütün ev əşyamı
- mebel, bufet dəsti,
kitablarımın bir qismi
və sairə - "Səadət" məktəbinə hədiyyə
etdim" (Ə.Hüseynzadə).
***
... Bakıdan İstanbula gedəndən sonra
da müəllim kollektivi
Əli bəyi məktəbdə baş
verən ən xırda təfərrüatların
ayrıntıları ilə, hətta məişət və
ailə problemlərinə qədər məlumatlandırmağa
ehtiyac duyurdular. Fərhad
Ağazadənin 1912-ci ilin 29 fevralında
Əli bəyə yazdığı məktub da
həmin münasibətlərin tarixdə qalmış
nişanələrindəndir: "Ustadi-möhtərəmimiz
Əli bəy. Novruz bayramınız
mübarək olsun. Həmişə bəxt
sizə yar olsun. Bu günlərdə Qəmər xanım 2500
rublə alıb İskəndərdən boşandı. 2 ildən
sonra İskəndərə bir qız uşağı buraxıb ondan ayrıldı. Səbəb: Bir-biriylə yola getməmək. Bu
peşmanlığı bən o vaxtlar duymuşdum. Ey kaş öz
işlərimi də böylə biləydim!.. Şeyda
xanım sizə məktub yazacaq. Ancaq bayram münasibətiylə
şuğli çoxalmış. Bayramdan sonra yazacaq. Müəllimlərimizin sizə ərz
ü səlamı var".
***
Əli
bəy Hüseynzadə "Səadət" məktəbində
çalışdığı illərdə mütərcim olaraq, Şekspirin "Hamlet"ini tərcümə
etməyə başlamış, rəssam olaraq,
"I Şah Abbasın portreti"ni və "Bibi-Heybət məscidi" tablosunu çəkmiş, eləcə də
XX yüzil Azərbaycan ədəbiyyatının
zirvələrindən birini - "Siyasəti-fürusət"i
qələmə almışdı.
Azərbaycan
müəllimi.- 2014.- 21 fevral.- S.9.