Cabbarlışünas alimin
yubileyi qeyd edildi
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda
filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmlinin 60 illik
yubileyinə həsr olunmuş tədbir keçirildi.
Tədbiri
giriş sözü
ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəyli yubilyarın
yaradıcılığı barədə ətraflı məlumat
verərək qeyd etdi
ki, professor Asif Rüstəmli Azərbaycan ədəbiyyatında
əsasən cabbarlışünas kimi
tanınmışdır.
Alimin görkəmli dramaturq
C.Cabbarlının yaradıcılığı ilə
bağlı apardığı sanballı elmi
tədqiqatlar mükəmməl bir monoqrafiyada toplanıb ki, bu da ədəbiyyatşünaslıq
tariximizdə özünə layiqli yer tuta bilib.
Akademik İsa Həbibbəyli professor
Asif Rüstəmlini klassik
dövrün mətbu nəşrlərini
diqqətlə araşdırıb mükəmməl tədqiqat
işləri aparan, müntəzəm olaraq nəinki ölkəmizin, eləcə də
qonşu dövlətlərin arxivlərində
daima axtarışlar aparıb yeni faktlar üzə
çıxaran, bununla da
qiymətli məqalələr yazıb çap
etdirən yorulmaz bir tədqiqatçı
alim kimi səciyyələndirərək
onun əməksevərliyini, qabiliyyətini,
daima zəhmətə
qatlaşdığını yüksək dəyərləndirdi.
Akademik
cabbarlışünas alimin
araşdırmalarını özünəməxsus təqdimetmə
sistemini və şəxsi dəst-xəttini
önə çəkərək onun mövzuya özünəxas yanaşmaları
ilə müdaxiləsi nəticəsində dəyərli elmi tədqiqat əsərlərini ortaya qoyduğunu,
C.Cabbarlı yaradıcılığından başqa
"Molla Nəsrəddin" xəttinə
də sadiq olduğunu,
bu istiqamətə diqqət və maraq göstərərək bir
sıra əsərlər yazdığını diqqətə
çatdırdı.
Akademik İsa Həbibbəyli
rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsinin
kollektivi adından professor
Asif Rüstəmlini yubileyi
münasibətilə təbrik edərək ona
gül dəstəsi təqdim etdi.
Milli Məclisin deputatı Elmira Axundova, filologiya üzrə
elmlər doktorları Qəzənfər Paşayev,
Vaqif Arzumanlı, Məhərrəm
Qasımlı, Vaqif Yusifli,
Qurban Bayramov, Aslan Salmansoy, filologiya üzrə fəlsəfə
doktorları Elnarə Akimova, Xalidə Xalid, Zakirə Əliyeva, həmçinin AMEA Azad Həmkarlar İttifaqının sədri Adil Mirabdullayev
çıxış edərək institutun həmkarlar
təşkilatının sədri, professor Asif Rüstəmlinin
elmi-pedaqoji fəaliyyətindən,
yaradıcılıq məziyyətlərindən
danışdılar, onu görkəmli ədəbiyyatşünas,
mətnşünas, çalışqan iş
yoldaşı, mehriban yol
yoldaşı kimi səciyyələndirdilər.
Tədbirboyu
yubilyarın həyat və
yaradıcılığının müxtəlif məqamlarını
əks etdirən slaydlar göstərildi, əsərlərinin
sərgisi nümayiş etdirildi.
Ağahüseyn ŞÜKÜROV,
AMEA Nizami adına Ədəbiyyat
İnstitutunun
Mətbuat xidmətinin rəhbəri
Azərbaycan
müəllimi.- 2014.- 21 fevral.- S.8.