Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin

yetirməsi beynəlxalq müsabiqələrdə

 

Bakıdakı Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində  2000-ə yaxın  yeniyetmə və gənc  müxtəlif dərnəklərdə məşğul olur. Onlar asudə vaxtlarından səmərəli və faydalı istifadə edir, müxtəlif tədbirlərdə istedad və bacarıqları ilə seçilirlər. Belə istedad sahiblərindən biri də mərkəzin üzvü Səbinə Məmmədovadır.

Səbinə 1999-cu ildə Rusiya Federasiyasının Krasnodar şəhərində anadan olub. Uşaqlıqdan öz istedadı ilə fərqlənən qızcığaz 4-5 yaşlarında olarkən 2 il gimnastika ilə məşğul olub. Bu azyaşlı qızın məharəti hamını heyran qoyub. Səbinə müxtəlif telekanallarda ayrı- ayrı uşaq verilişlərində  aparıcılıq bacarığını da nümayiş etdirib. 11 yaşında İctimai TV-də "Uşaqların şəhəri" verilişinin aparıcısı olub. Beynəlxalq festival  və müsabiqələrdə, konsertlərdə rəqs və ifaçılıq bacarığı  da tamaşaçıların alqışları ilə qarşılanıb. O, uşaqlar arasında  keçirilən "Eurovision-2013" musiqi yarışmasında rəngarəng proqramları ilə onluğa düşüb. İlk uğuruna isə 2007-ci ildə  imza atıb. Türkiyənin Əksi şəhərində  "Azəri inciləri" rəqs qrupunda  milli rəqsləri ustalıqla ifa edib və I  yeri qazanaraq  medala layiq görülüb. "Çiçəyim" uşaq teatr studiyasının hazırladığı "Xeyir və Şər" kompozisiyasında balaca "aktyor"  xeyirin şər üzərində qələbəsini  məharətlə ifa edərək fəxri fərmanla mükafatlandırılıb.  Bir neçə filmlərə  müxtəlif rollara dəvət alan Səbinə ona göstərilən etimadı doğruldub. 

2011-ci ildə  Türkiyənin Fəthiyə şəhərində keçirilən IV beynəlxalq uşaq festivalında milli rəqsləri  ifa edən Səbinə  III yeri öz adına yazdırıb. 2012-ci ildə  "Çiçəyim" uşaq teatr studiyasının üzvü olan paytaxt təmsilçisi  rayon, şəhər, respublika, beynəlxalq tədbirlərdə fəal iştirakına və aktyorluq  məharətinə görə fəxri fərmana layiq görülüb. 2013-cü ildə o, Türkiyədə 18 ölkə arasında keçirilən "Aquapark" rəsm müsabiqəsində Azərbaycanı layiqincə təmsil edərək V yeri tutub, fəxri fərmanla mükafatlandırılıb.

Söhbət zamanı Səbinə qeyd etdi ki,  hər il may ayında  ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə keçirilən Gül bayramında "Çiçəyim" uşaq teatrının üzvləri ilə birlikdə rəngarənğ "Gül çələngi" adlı geyim kolleksiyasını nümayiş etdirir. O, Heydər Əliyev Fondunun təşkil etdiyi uşaq tədbirlərinin də fəal iştirakçısıdır. Fondun uşaqlar üçün "Buta Palace"da keçirdiyi Yeni il şənliklərindəki çıxışları  tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Hazırda Səbinə Məmmədova 160 nömrəli klassik gimnaziyanın IX sinfində  təhsil alır. Eyni zamanda vokal dərsləri  keçir  sevimli müəllimi Mzuya Qambaşıdze ilə məşğul olur. Səbinə qazandığı  uğurlarına görə  anası Aygün Məmmədovaya, mərkəzin direktoru Lalə Qətiyə, "Çiçəyim" uşaq teatrının rəhbəri Rəna Kərimovaya minnətdarlığını bildirməyi də unutmur. Deyir ki, bütün bunlar onun hobbisidir, gələcəkdə isə həkim olmaq arzusundadır.

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2014.- 21 fevral.- S.10.