Xatirələr insanı yaşadır...

 

Görkəmli dövlət xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin 100 illiyinə

 

"Azərbaycan müəllimi",

3 dekabr 1996-cı il, ¹ 47

 

Həyatda elə insanlar var ki, yoxluqları  heç vaxt hiss olunmur. Onlar cismən ölsələr də, mənən hər bir kəsin qəlbində yaşayırlar. İllər bir-birini əvəz etsə də, onların xeyirxah əməlləri, fədakarlıqları və yüksək insani keyfiyyətləri minnətdarlıq hissi ilə yada salınır. Belə insanlardan biri də görkəmli dövlət xadimi, tibb elminin korifeylərindən biri, tibb elmləri doktoru, professor Əziz Əliyevdir. Onun yüksək elmi nailiyyətlərindən, rəhbər vəzifələrdə layiqincə çalışmasından həmişə razılıqla danışılmış və yazılmışdır. Bu dəfə isə məqsədimiz Əziz Əliyevi yaxından tanıyanlardan biri ilə görüşmək  idi. Əziz müəllimlə bağlı xoş xatirələri dinləmək üçün Mahrux Qacarla görüşdük. Uzun müddət 1 nömrəli Tibb Məktəbində dərs demiş, eyni zamanda Bakı şəhər 4 nömrəli Klinik Xəstəxanasında həkim işləmiş Mahrux xanım xəyalən o illərə qayıdaraq Əziz müəllimi belə xatırladı:

- Gəncədə qızlar seminariyasını bitirib, sənədlərimi Azərbaycan Tibb İnstitutuna təqdim etmişdim. Lakin imtahanlara buraxılmırdım və düz beş il bu hadisə təkrar olundu. Səbəb mənim tarixi bir nəslə mənsubluğum idi. Həmin dövrdə Əziz müəllim Tibb İnstitutunun rektoru idi. Məni yanına çağıraraq məsləhət gördü ki, o vaxt Mərkəzi Komitədə səhiyyə işlərinə baxan bir nəfərin yanına gedim, bəlkə onun köməyi dəydi. Mən elə də etdim. Həmin adam tərcümeyi-halımı oxuduqca üzü sərt ifadə aldı və "Sənin kimi xanımlara institutlarda yer yoxdur"-dedi. Kor-peşman evə qayıdaraq anamla bizə qarşı edilən haqsızlıqlara görə dərdləşib ağladıq. Əziz müəllim əhvalatdan xəbər tutduqda məni sakitləşdirib dedi: "Həyatın özü sərt bir məktəbdir. Əgər istəyirsən ki, nəyəsə nail olasan özünü mütləq ələ almalı və mübarizə aparmalısan. Çalışacağam ki, gələn il sən bu instituta daxil olasan". Bu hadisədən xeyli vaxt keçmişdi. Ölkəmizdə baş verən tarixi bir dönüşdən sonra hər yerdə olduğu kimi, Azərbaycanda da bizim kimi ailələrə münasibət yaxşılığa doğru dəyişməyə başladı. Bir gün anamla evdə oturmuşdum. Qapının zəngi çalındı. Poçtalyon əlindəki məktubu mənə təqdim etdi. Əziz müəllimin imzası ilə yazılmış məktubda sənədlərimi hazırlayıb instituta gəlməyim tələb olunurdu. Sənədlərlə Əziz müəllimin yanına getdim. Və yayda imtahan verdim. İmtahanlardan qabaq  o, prorektora: " Bu qız müvəffəq qiymətlər alsa, onu müalicə-profilaktika fakültəsinə keçirərsiniz. Çox əziyyətlər çəkib",-dedi. Özü isə Moskvaya ezamiyyətə getdi. Həmin il nəhayət çoxdankı arzuma çataraq Tibb İnstitutuna daxil oldum. Oxuduğum illər ərzində çalışırdım ki, onun etimadını doğruldum.

Əziz müəllim rektor kimi əvəzolunmaz bir insan idi. Tələbələr onunla sərbəst şəkildə dərdləşər, öz problemlərini söyləyərdilər. O da qayğıkeş bir ata  kimi hamını təmkinlə dinləyər, kömək etməyə çalışardı. Tələbələrin yaxşı oxuması üçün əlindən gələni əsirgəməzdi. Təsadüfi deyil ki, respublikada ilk dəfə olaraq tələbələr üçün onun rektorluğu dövründə beşmərtəbəli iki yataqxana tikilmişdir. O, eyni zamanda institutda elmi kadrların yüksək səviyyədə hazırlanmasına xüsusi fikir verirdi. Çalışırdı ki, institutun adı hər yerdə fəxrlə çəkilsin.

Ali məktəbi bitirdikdən sonra təyinatla Laçın rayonunun ucqar bir kəndində işləyəndə də professorun etdiyi təmənnasız köməyi heç vaxt unutmur və mənə olan inamını doğrultmağa çalışırdım. Rəhbər vəzifələrdə işləyəndə də, onun nailiyyətləri, uğurları ilə sevinmişəm. Sonralar təsadüf elə gətirdi ki, mən Əziz müəllimin oğlu professor Tamerlan Əliyevlə də neçə il Bakıdakı 4 nömrəli Klinik Xəstəxanasında birgə işlədim. Mən deyərdim ki, atasına xas olan bütün yüksək  xüsusiyyətlər Tamerlanda öz əksini tapmışdır. Onunla tanışlığım mənim bu ailəyə olan hörmətimi daha da artırmışdır.

Bəli, həyatımızın keşməkeşli tarixi ziddiyyətlərlə dolu günləri çox olub. Və bu illərdə pis adamlarla da rastlaşmışıq, yaxşı adamlarla da. Nə yaxşı ki, yaxşılar öz xeyirxahlıqları, müdriklikləri ilə pisləri üstələyir. İllər keçsə də, onlar əvəzolunmaz bir şəxsiyyət, təmiz, müqəddəs insanlar kimi yaddaşlara həkk olunurdaim xatırlanırlar. Xatırlanırlarsa, deməli, onlar əbədi yaşayırlar. Əziz Əliyev kimi!

 

Söhbəti qələmə aldı:

Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.- 2014.- 28 fevral.- S.3.