Tanınmış
imzalar
“Azərbaycan müəllimi”-80
Azadlığın
töhfələri
Böyük Oktyabrın parlaq günəşi
yurdumuzdan əbədi olaraq zülməti qovdu. Əsrlərdən bəri əsarətin ağır
pəncəsində inləyən xalqlar yalnız Böyük
Oktyabr sosialist inqilabından sonra zülmün zəncirini
qırıb atdı, öz hüququnun, öz
torpağının, öz mədəniyyətinin əsil
sahibi oldu. Böyük Oktyabr sosialist inqilabı doğma
xalqımıza da ilham verdi.
Xalqımız
cəhalətin, ətalətin daşını həmişəlik
olaraq atıb, işıqlı və aydın bir yola - sosializm
yoluna çıxdı, böyük rus xalqının köməyi
ilə özünün mədəniyyətini,
iqtisadiyyatını inkişaf etdirməyə başladı.
Keçmiş qara
dünyada əhalisi başdan-başa savadsız olan Azərbaycanın
mədəniyyəti, incəsənəti az müddət
içərisində misli görünməmiş dərəcədə
inkişaf edib yüksəldi.
Böyük Oktyabr sosialist
inqilabı xalqların yaradıb qurması üçün
geniş üfüqlər açmışdır. Ölkəmizdə
yaradan, quran hər kəsin əməyinə böyük qiymət
verilir. Hər kəs öz şərəfli əməyilə
ucalır. Bütün bunlara görədir ki, günəşli
Azərbaycan da digər qardaş respublikalar kimi gündən-günə
çiçəklənib inkişaf edir. Xalqımızın
incəsənəti də indi bütün dünyanı heyran
qoymuşdur. Gözəl musiqimizin sədaları
dünyanın hər tərəfindən eşidilir.
Milyonlarla insan Azərbaycanın görkəmli sənətkarı
Üzeyir Hacıbəyovun, Əfrasiyab Bədəlbəylinin,
Fikrət Əmirovun, Səid Rüstəmovun əsərlərini
sevə-sevə dinləyir.
Bəli, bu cah-cəlal,
bu azad və xoşbəxt Vətəndə insanın ürəyi
həmişə yaşayıb yaratmaq hissilə
döyünür. Doğma xalqımızın azad sənətkarları
həmişə yazıb yaradacaq, xalqımızın firavan və
xoşbəxt həyatını tərənnüm edəcəkdir.
Qara
QARAYEV,
SSRİ-nin
xalq artisti, bəstəkar
"Azərbaycan
müəllimi",
7 noyabr,
1959-cu il, ¹ 90
A.S.Puşkin
və M.F.Axundov
Azərbaycan xalqının qabaqcıl
oğlu M.F.Axundovun zəngin və çoxcəhətli
yaradıcılığına böyük rus xalqının ədəbiyyat
və mədəniyyətinin dərin təsiri və köməyi
olmuşdur.
Qabaqcıl rus ədəbiyyat və mədəniyyəti,
böyük rus xalqının yetişdirmiş olduğu
görkəmli sənətkarların zəngin yaradıcılığı
hələ gənc ikən Tiflis mühitinə
düşmüş Axundov üçün misilsiz bir məktəb
oldu. Bu məktəb M.F.Axundovu böyük rus xalqı ilə,
onun ədəbiyyat və mədəniyyəti ilə
qırılmaz tellərlə bağladı...
...Təsadüfi deyildir ki, M.F.Axundov hələ 25
yaşlı bir gənc ikən rus ədəbiyyatının görkəmli klassikləri
haqqında, onlardan hər birinin bu ədəbiyyatın
inkişaf tarixində oynadıqları rol haqqında
düzgün təsəvvürə malik idi...
...A.S.Puşkin poeziyasını "Aləmdə yanan məşələ"
bənzədən M.F.Axundov, əlbəttə, belə bir qərara
birdən-birə gələ bilməzdi. M.F.Axundovun
A.S.Puşkinin yaradıcılığına verdiyi yüksək
qiymət, hər şeydən əvvəl onun dahi rus
şairinin əsərlərindən aldığı canlı
təəssüratın nəticəsi idi.
A.S.Puşkinin əsərləri ilə xalqımız
daha sonralar, əsasən keçən əsrin 90-cı illərindən
etibarən tanış olmağa
başlamışdır. Lakin A.S.Puşkini ilk dəfə
olaraq Azərbaycan xalqına yaxından tanıdan, ədəbiyyatımızda
ölməz Puşkin obrazı yaradan M.F.Axundov olmuşdur...
Şıxəli
QURBANOV,
"Azərbaycan
müəllimi",
9 aprel
1953-cü il, ¹ 15
Oxumuram,
ay müəllim, oxumuram
Gecə yarı idi. Maqsud müəllimin balaca pəncərəsindən
hələ də işıq gəlirdi. O, gözündə
eynək küncdə qoyulmuş girdə mizin arxasında
oturmuşdu. Sol əlini gicgahına dayayıb, sağ əlində
tutduğu qələmi asta-asta şagirdlərin
yazıları üzərində gəzdirir, arabir düzəlişlər
edir, yenə oxuyurdu. Onun zəif, göm-göy
damarları çıxmış əli titrəyirdi. Yoxlanmamış bir dəftər qalırdı.
O, bərk yorulduğundan qalan dəftəri yoxlamamış
yatmaq istədi. Qələmi yerə qoydu. Gözü yerdə, həsir üstə
yatmış arvadına, uşaqlarına sataşdı. Onlar şirin-şirin yatmışdılar. Elə bil dünyadan xəbərsizdilər.
Maqsud ah çəkdi:
- Yatın, əzizlərim, yatın. Dünyanın
dərd-ələmini insan yatanda unudur. Onu da əgər
yata bilsə, gözünə yuxu getsə... Bunun nə
vaxtıdı ki - deyə o, yeddi yaşlı qızı Sonanın solğun
üzünə baxdı - o da dərd çəkir? Zəmanə, uşaqları da, deyib-gülməliykən,
oynamalıykən dərd çəkməyə vadar edir.
Onun belə düşünməyə
haqqı vardı. Maqsud müəllim bu balaca qızdan o
sözləri eşidəndə ayaqları yerə
yapışmışdı... Onun üç
uşağı vardı. Yoldaşı da
hamilə idi. Bu beş baş ailə
qəbir kimi dar, qaranlıq olan bu nəm otaqda
yaşayırdı. Güzəranları
çox ağır idi. Hamısı
Maqsudun əlinə baxırdı. O da Təbriz
məktəblərinin birində dərs deyir,
aldığı tikə-para maaşla ailəsini güclə
dolandırırdı.
Bir gün yoldaşı təzə
dünyaya gələcək uşaq üçün
qızının köhnə köynəklərindən
birini söküb paltar tikirdi. Qıvrım tel Sona gəlib
anasının yanında oturdu, əllərini də yerə
qoydu, anasından soruşdu:
- Nə tikirsən, ana?
- Bəbəyə paltar... - deyib anası
könülsüz cavab verdi. Bunu eşidən uşaq sevindi. Sonra birdən
o, qaşlarını çatıb dedi:
- Ana, bə bəbə harda yatacaq? Evimizdə
ki yer yoxdur.
İynə anasının əlindən
sürüşüb düşdü, o heyrətlə,
qorxuyla qızının üzünə baxdı.
- Qucağımda yatar, quzum - dedi.
- Bə onda qardaş harda yatar? - deyə
Sona o tərəfdə oynayan, öz-özünə
qığıldaya-qığıldaya nə isə
danışan balaca qardaşını göstərdi.
Anası qızın sualına cavab verə
bilmədi. Onun ağıllı,
qayğılı gözlərinə baxıb,
başını sığalladı. İndi
həmin söhbət Maqsud müəllimin yadına
düşdü. Qanı o vaxtkı kimi bərk
qaraldı...
Əlibala
HACIZADƏ,
"Azərbaycan
müəllimi",
5 dekabr,
1959-cu il, ¹ 98
Bizim Cəfərimiz
Onun təvazökar, utancaq siması,
gözlüyünün altından parıldayan dərin, qara
gözləri, uşaq təbəssümünə bənzər
məsum, mənalı təbəssümü bir an belə mənim gözümün
qabağından getmir. Mənim təsəvvürümdə
o, hər zaman canlıdır. Hansı kitabını
oxuyuramsa, səhnədə hansı əsərlərinə
baxıramsa, elə bilirəm Cəfər yaratdığı
tiplərin arasında dolaşır, bizimlə bərabər,
o da Dövlət bəyə, Əbdüləli bəyə, Məmmədəli
bəyə, Baloğlana, Ocaqquluya gülür. Aydının,
Oqtayın faciəli həyatına göz yaşı
tökür. Sevilin çadrasını hər
dəfə öz əliylə atıb, onu mübarizə
meydanına gətirir. Bütün əsərlərində
Cəfərin ürəyi döyünür, nəbzi vurur.
Cəfər xalq üçün, xalq işi
üçün od olub yanan bir
yazıçı idi. Cəfər elin oğlu
idi, onun yolunda bütün həyatını sərf etdi və
uçan ulduzlar kimi, - qısa bir ömürlə - bizim səmamızda
parlayıb getdi. Ancaq elə atəşin
yol saldı ki, heç bir zaman sönməyəcəkdir.
Sabit
RƏHMAN,
"Azərbaycan
müəllimi",
20 mart
1960-cı il, ¹ 23
Ustadımız
Bəzən özünü zorlayaraq istər-istəməz
neçə yüz səhifəlik əsəri oxuyursan,
qurtarıb bükəndə elə bilirsən ki, ağır
bir yükü çiynindən yerə qoydun, yadında
heç şey qalmır. Dolaşıq
hadisələr, sönük-solğun üzlər,
boğuq-dumanlı baxışlar sətirlər arasından kənara
çıxmır. Deyirsən ki, görəsən
bu yazıçının məqsədi, qayəsi nədir,
niyə belə uzunçuluq edir?
Elə əsərlər də var ki, cəmi
50 və ya 100 səhifə olduğuna baxmayaraq, oxuyub qurtaranda
1000 səhifəlik bir əsərin demədiyini sənə
deyir. Uzun müddət oradakı qəhrəmanlardan,
hadisələrdən, fikirlərdən və duyğular silsiləsindən
ayrıla bilmirsən. Təəssüf
edirsən ki, niyə müəllif çox yazmır.
Belə hadisələr teatr pərdəsinin
dalında daha qabarıq şəkildə özünü
göstərir. Orada bəzən iki
saatlıq tamaşa adamı o qədər yorub
darıxdırır ki, on saat oturub baxdığını
güman edirsən, qurtarmaq bilmir ki, bilmir. Eləsi də
olur ki, səni canlı fikirlərin və ehtirasların
qanadına alıb aparır, dörd saatda bir ömrün mənasını
əks etdirir; mən Cəfər Cabbarlının əsərlərini
oxuyanda da, tamaşa edəndə də yüksək həyəcanlarla
tez qurtardığı üçün təəssüf
duyğusu ilə ayağa durmuşam. Cabbarlı
müasir dramanın ustadıdır, o, böyük sənətkarlıqla
konflikt və tiplər seçir, süjet qurur, parlaq bədii
lövhələr yaradır.
Dramanın hansı cəhətlərinə Cabbarlı
daha artıq diqqət yetirir, hansı ünsürlərini daha
məharətlə işləyir; bu sual uzun illər məni
düşündürmüşdür və Cəfərin əsərlərini
tədqiq edərkən belə fikrə gəlmişəm ki,
bunun ancaq bircə cavabı var: Cabbarlı dramının
bütün ünsürlərini eyni diqqət və məharətlə
yaradırE
...O, hər cəhətdən bugünkü Azərbaycan
yazıçılarının müəllimi və
ustadıdır!
Mirzə
İBRAHİMOV,
"Azərbaycan
müəllimi",
20 mart
1960-cı il, ¹ 23
Əziz sənətkarımız
"Dönüş" pyesinin
ikinci, ya üçüncü tamaşası idi. Əzizbəyov
adına Azərbaycan Dövlət Akademik
Teatrının indiki səhnəqabağı
meydançasının, zaldan baxanda sağ tərəfdən
görünən geniş qapısının yerində loja
vardı. Biz Cəfərlə bu lojada oturub
tamaşaya baxırdıq. Bu vaxt biz onunla dəfələrlə
görüşmüş, dramaturqun ayrı-ayrı əsərləri
haqqında danışmış, mübahisə etmişdik.
Demək istəyirəm ki, bu bizim birinci, ya
ikinci görüşümüz deyildi. Oxucu
soruşa bilər ki, o zaman Cəfər Cabbarlı
tanınmış bir dramaturq, 10-15 illik ədəbi təcrübəyə
malik bir yazıçı idi. Rəsul Rza
isə yenicə ədəbi mühitə ayaq basmış, cəmi-cumxuru
5-10 şerin, 3-4 hekayənin və bir neçə məqalənin
müəllifi idi. Necə olurdu ki, Cəfər
onunla ədəbi mübahisələrə girir və öz əsəri
haqqında ondan rəy eşitmək istəyirdi. Ona
görə ki, Cəfər Cabbarlı son dərəcə təvazökar
bir adam idi. O, əsərləri haqqında
ən adi adamların rəyini dinləməyə hazır idi.
Tamaşa zamanı mən ayrı-ayrı obrazlar və əsərin bəzi
cəhətləri haqqında öz fikrimi müəllifə
deyirdim. Cəfər gah gülümsəyir, gah da irigözlü çeşməyini
götürüb, dəsmalla silir, sonra yenə də
gözünə qoyurdu. Cəfəri
yaxşı tanıyanlar bilirlər ki, bu hərəkətlərin
öz dili vardır. Cəfər sənə
gülümsəyə-gülümsəyə baxanda, bu, o demək
idi ki, sən çox sadəlövh fikir deyirsən. Sənin gətirdiyin dəlillər ciddi etiraza dəyməz,
sən görünür ki, ya məsələnin nə yerdə
olduğunu yaxşı dərk eləməmisən, ya da
ağıllı görünmək üçün əllaməlik
eləyirsən.
Cəfər çeşməyini
çıxarıb, tez-tez siləndə, bu o demək idi ki,
hirslənib, həyəcanlanıb. Deməli,
ya sən elə ölçüyəsığmaz,
insafsız söz demisən ki, bu onu qəzəbləndirib, ya
da dediklərin doğrudan da əsərin qüsurunu
düzgün ifadə edir, odur ki, onu həyəcanlandırmışdır.
Cəfərin hiss və həyəcanlarının təzahür
forması sonsuz idi. Mən ancaq konkret söhbətimizə aid
iki əsas hərəkətdən danışdım...
Rəsul
RZA,
"Azərbaycan
müəllimi",
20 mart
1960-cı il, ¹ 23
Doğma
vətənimizi öyrənək
Biz Qızılqaya yaylasının cənub
yamaclarında olan dar
bir cığırla gedirik. Bu yaylanı şərqdən
kəsmiş dərin dərəni keçdikdən sonra
Mıxtökən
aşırımına
çatırıq. Mıxtökən, bitkidən məhrum,
qayalıq bir yerdir.
Atların hərəkəti burada
çox çətin olduğundan və
daşlar onların nallarını tökdüyündən bura
Mıxtökən deyirlər. Mıxtökənin ətəyinə səpələnmiş çay
daşları bizi çox
maraqlandırdı. Onlardan
bir neçəsini nümunə üçün götürdük.
Yamacla aşağı endik. Aşağıda kiçik Ləzə kəndi
görünür. Kəndin şərq və qərb
hissəsində yüksəkdən tökülən şəlalələr,
şimal tərəfində konusvari qaya, cənubunda
Şahdağın və Qızılqayanın əzəmətlə
ucalan qarlı zirvələri, yaşıl don geymiş
yamaclar, Şahnabad çayının coşğun
qıjıltısı buralara qeyri-adi bir gözəllik verir.
Şahnabad çayının sağ
sahilində qıvrılaraq gedən dar cığır bizi
aparıb sanki daş bir qəfəsə salır. Sağda 4250 metrə qədər ucalan
Şahdağı, solda isə 3739 metrə qədər
yüksəkliyi olan Qızılqaya, qarşıda isə
çınqıllıq. Getdikcə
başımızın üstündə buludlar
sıxlaşır. Nəhayət, biz
başımıza leysan yağışı çiləyən
buludun içərisinə daxil oluruq. Hava
axşamüstünü xatırladır. Elə
bil hər yerə qatı bir qaranlıq
çökmüşdür. Biz bir-birimizi
zorla görürük. Artıq 2600 metr yüksəklikdəyik...
Budur, ayağımızın altında "qərib"
daşlar var. Bu daşlar Şahdağın ərazisinin qədim
buzlaşmaya məruz qalmasını göstərir...
Budaq
BUDAQOV,
coğrafiya elmləri namizədi
"Azərbaycan
müəllimi",
18 yanvar
1959-cu il, ¹ 5
Ən
çox sevdiyim rol
Opera səhnəsinə
çıxdığım birinci dəfə deyildi. M.F.Axundov adına Azərbaycan Dövlət Opera və
Balet Teatrında hələ ilk dəfə M.Maqomayevin "Nərgiz"
operasında Nərgiz; "Şah İsmayıl"
operasında Gülzar; Ü.Hacıbəyovun "Koroğlu"
operasında Nigar və başqa rollarda çıxış
edərkən, tamaşaçılar məni çox
görmüşdülər. Lakin nədənsə,
Azərbaycanın görkəmli dramaturqu C.Cabbarlının
"Sevil" pyesi əsasında F.Əmirov tərəfindən
bəstələnmiş "Sevil" operasındakı Sevil
rolu mənə tapşırılarkən həddindən
artıq həyəcanlı idim. Bunun səbəbi
məlum idi. Hiss edirdim ki, inqilabdan əvvəlki geridə
qalmış, müti, ərinin bütün işgəncələrinə
və təhqirlərinə dözən, hər bir sözə
boyun əyən talesiz Azərbaycan qadınının psixoloji
xüsusiyyətlərini özümdə cəmləşdirməli,
habelə onun çəkdiyi iztirabları
tamaşaçılar qarşısında nümayiş etdirməli
idim. Lakin məsələ bununla da bitmirdi.
Bu mürəkkəb obrazın bütün xüsusiyyətləri
ilə tamaşaçıları ətraflı surətdə
tanış etmək üçün daha
məsul bir vəzifə: - inqilabın təsiri nəticəsində
qara çadranı atmış, qabaqcıl, ictimaiyyətçi
sovet qadınının həqiqi obrazını yaratmaq işi
məni daha çox düşündürürdü. Bəli, bütün bunlara nail olmaq arzusu məndə
daha ciddi bir məsuliyyət hissi oyatdı. Odur ki, ilk dəfə əsəri diqqətlə və
dəfələrlə oxudum. Sevil
obrazının daxili aləmini öyrəndikdən sonra məşqə
başladım.
Nəhayət, 4 aya yaxın məşq
etdikdən sonra, bu rolda tələbkar
tamaşaçılarımızın qarşısına
çıxmalı oldum. Bu çıxış mənim
üçün ən ciddi imtahan idi... Tamaşaçıların
sürəkli alqışları və operanın baş
rejissoru M.Məmmədovun səmimiyyətlə təbrik etməsi
məni həddindən artıq ruhlandırdı. Məsələ aydın idi. Öz məqsədimə
nail olmuşdum. Ona görə də sevincim yerə-göyə
sığmırdı...
Firəngiz
ƏHMƏDOVA,
Azərbaycan
SSR xalq artisti
"Azərbaycan
müəllimi",
20 mart
1960-cı il, ¹ 23
Azərbaycan
müəllimi.- 2014.- 28 fevral.- S.3.