"Qaraca
qız" əsəri bu günədək
oxuculara sovet
ideologiyasının təsiri ilə dəyişdirilmiş
formada təqdim edilib
Əməkdaşımız
"Qaraca qız" hekayəsinin
1913-cü ildə
"Məktəb"
jurnalında dərc edilmiş ilk nəşrini əldə
edib
Süleyman Sani Axundovun "Qaraca qız" əsəri həm sənətkarlıq, həm də məzmun baxımından Azərbaycan uşaq ədəbiyyatının nadir incilərindəndir. Əsər bədii-estetik təsiri ilə yanaşı, məktəb yaşlı uşaqların psixoloji tərbiyəsində mühüm əhəmiyyətə malikdir. Bu cəhətlərini nəzərə alaraq "Qaraca qız" əsərinin günümüzdə də ədəbiyyat dərsliklərinə salınmasını zəruri hesab edirik. Lakin ortada bir gerçəklik də vardır ki, əsər sovet hakimiyyəti illərində keçmişə nifrət ruhunu aşılama istiqamətində təbliğat vasitəsinə çevrilmişdir və maraqlıdır ki, kor-koranə olaraq bu günə kimi də eyni məqsədi daşımaqdadır. Bunun səbəbi isə bədii əsərin gerçək ideya istiqaməti deyil, "30-cu illərdə vulqar sosializmin təsiri ilə" dəyişdirilməsidir. Müasir təlim və təhsil strategiyamız "Qaraca qız" hekayəsinin 1913-cü il "Məktəb" jurnalında dərc edilmiş ilk nəşri ilə 1936-cı ildə ədibin "Əsərləri" külliyyatına daxil edilən nüsxəsi arasındakı fərqin araşdırılması və üzə çıxarılmasını zəruri edir. Ədibin "Qorxulu nağıllar" başlığı altında yazdığı "Qaraca qız" əsərinin ilk variantında əsas motivi insanın mahiyyətinin rəngindən, dinindən, milliyyətindən, maddi və fizioloji imkanlarından asılı olmayaraq, şəxsi insani keyfiyyətlərinə görə müəyyənləşməsi idi. Lakin bu motiv 1936-cı ildə dəyişdirilərək millətin öz keçmişinə nifrət ruhunda tərbiyəsinə yönəldilmişdir.
Əsərin dəyişdirilmiş və
çıxarılmış ən mühüm
hissələrini oxuculara təqdim edirik.
Hüseynqulu ağanın və
Pəricahan xanımın
yazıçı tərəfindən verilmiş xarakteristikası
Bu
hissədə Hüseynqulu ağa
"realnı" məktəbinin dördüncü
sinfinə kimi oxuyub təhsilini
yarıda buraxaraq, çöl
işlərini sevməsi cəhətindən atasının bütün mülkünü
səriştə ilə idarə edən bir
mülkədar oğlu kimi
tanıtdırılır.
Zəhmli olması səbəbindən hər kəs ondan çəkinirsə də, ağa həm də çox
rəhimdildir. Lakin yoldaşları ilə
kefə qurşanması atasını narahat
etdiyindən erkən evləndirilir. Atası Mehdi
xan oğluna
gimnaziyanı bitirmiş, "yüksək"
tərbiyə görmüş bir bəy qızı tapır. Hüseynqulu
ağanın təbiətindəki təmizlik onu
həqiqətən də evə bağlayır, artıq
yoldaşları ilə kənara əylənməyə getməyib
dostlarına evində qonaqlıqlar verir. Mehdi ağa oğlunun evlənməsindən bir il sonra
vəfat edir. Hüseynqulu
ağa ilə Pəricahan xanımım
xasiyyəti üst-üstə düşmür.
"Pəricahan xanım gimnaziya təhsilində
cəmi Avropa adətlərini götürüb, öz milli adətləri xoşuna
gəlməyirdi. Hətta öz
ana dilindən öylə ikrah
etmişdi ki, bu dil ilə
danışmaq da istəmirdi və labüd qalıb danışanda da yarı rus, yarı türki kəlmələrini
qarışdırıb danışmaqla qulaq
asanları özünə güldürürdü.
Hüseynqulu ağa isə
Avropa qaydalarını sevməyib, öz ata və baba adətlərini çox
istərdi; hətta Pəricahan xanım nə qədər
çalışdı isə də, ondan
çərkəzi paltarını çıxarıb, Avropa libası geyindirə bilmədi". XX əsrin
əvvəllərində gimnaziya tələbələrinin
ana dilindən uzaq
düşmələri, dəb adı ilə milli
adət-ənənələrə
xor baxmaları bədii ədəbiyyatın
əsas mövzularından birini təşkil
edirdi. Bu gerçək
problem C.Məmmədquluzadə, A.Şaiq və digər ədiblər kimi, S.S.Axundovu da düşündürmüş
və əsərinin problemlərindən birinə çevirməyə
vadar etmişdir.
Piri
kişinin xarakteristikasını
verərkən
artırılmış sətir
"Lakin Piri kişi kimsədən
qorxmazdı və bacardığı qədər
qulluqçuları ağaların zülmündən
mühafizə edərdi". Hüseynqulu
ağanın təbiətindəki rəhmdillik bu cümləyə birinci
variantda əsas vermirdi.
Lakin ikinci variantda Hüseynqulu
ağanın xarakteristikasını ehtiva
edən hissənin silinməsi ilə onun zülmkar bir mülkədar
kimi tanıtdırılması əsərə
əlavə edilmişdir.
Piri kişinin namaz qılması haqqındakı məlumat
Əsərin birinci variantında Piri kişinin uşaqlıqdan tezdən durmağa adət etməsi onun
namaz qılması ilə əlaqələndirilirdi:
"Piri kişi
uşaqlıqdan gün
çıxmamış yuxudan durmağa adət etmişdi.
İndi də tezdən dəstamaz
alıb, sübh namazını
qıldı..." Sonrakı variantda bu cümlə
çıxarılmışdır.
Əsərin sonu tamam dəyişdirilib
Bu günə qədər orta məktəb
ədəbiyyat dərsliklərində yer alan əsərin sonluğu
hamıya məlumdur. Aradakı fərqi göstərmək üçün birinci
variantdakı sonluğu olduğu
kimi buraya əlavə
etməyi məqsədəuyğun bildik:
"Pəricahan xanım ağlaya-ağlaya dedi:
"Amandır, qoyma bu
qız ölsün, əlindən gələn
səyi bu barədə müzayiqə etmə!
- Xanım, bu qızın dirilməsi çətindir, ümid bir Allaha
qalmışdır.
Pəricahan xanım dizi üstə çöküb
Allaha dua etməyə
başladı. Piri kişi
həqir bir nəzərlə ona baxıb dedi:
- Böylə olan surətdə yazıq qızımı verin komama aparım. Qalsa, xanıma əziyyət edər!
Bu sözlər Pəricahan xanımın
ürəyinə ox kimi
sancıldı. "Yox, qoymaram,
qoymaram" deyə hönkürtü
ilə ağlamağa başladı.
Amma həkim də Piri kişinin fikrinə şərik oldu. Ona görə Qaraca qızı komaya
apardılar. Hərçənd həkim onun
sağalmasından ümidini kəsmişdi,
amma yenə də belə ittifaqlarda
lazım gələn köməkliklərin hamısını
əmələ gətirirdi. Komada həkimdən
və Piri kişidən qeyri
Hüseynqulu ağa da var idi.
Bu rəhmdil kişi öz qızının bu
qayda ilə sağ
qalmasına razı deyidi. Qaraca
qızın yastığı başında çöküb
səmimi qəlb ilə Allahdan bu qərib yetimin
sağalmasını rica edirdi.
Lakin öz
canını özgə uğrunda fəda
etmiş Qaraca
qızın vaxtı tamam idi!..
Axır nəfəsində
Qaraca qız qan ilə
dolmuş gözlərini açdı.
Günəşin şöləsinə bir
müddət baxdı, sonra gülümsündü, gözlərini yenə
yumdu! Qaraca qız öldü!..
- Komamın bülbülü uçub
getdi!.. - deyə Piri kişi göz
yaşını tökdü.
- Xudaya,
bu pak ruhun
xatirəsinə biz müqəssir valideyni əfv et! - deyə
Hüseynqulu ağa dua etdi.
Bu xəbər bir dəqiqədə
ağalığa yayıldı və hamını qəmgin etdi. Pəricahan xanım tutduğu
əməldən peşiman olub qızı ilə bərabər
yanıqlı-yanıqlı ağlayırdı. Qaraca
qızın vəsiyyətini əmələ gətirdilər:
Onu Güntəpədə dəfn etdilər.
Hüseynqulu ağa Qaraca qızın qəbrinin üstündə
böyük bir nişangah tikdirdi və baş daşının üstündə
canını öz dostu
Ağca xanımın uğrunda
fəda etdiyini yazdırdı ki, bu böyük
fədakarlıq baqi qalsın."
"Qaraca
qız" əsərinin birinci
variantı ideya tutumuna
görə daha dolğundur
və eyni zamanda, orta məktəb şagirdlərinin dünyagörüşünün
formalaşması baxımından
faydalıdır.
"Qaraca
qız" əsərinin janrı bu
günə qədər ədəbiyyat dərsliklərində
hekayə adlandırılır. Lakin son elmi araşdırmalarda
əsər povest olaraq
dəyərləndirilmişdir. Əsərin dəyişdirilmiş
hissələrinin və bu elmi-nəzəri
yeniliyin də gələcək dərsliklərin
nəşrində nəzərə
alınması zəruridir.
Könül NƏHMƏTOVA,
filologiya üzrə fəlsəfə doktoru
Azərbaycan müəllimi.- 2014.- 28 fevral.- S.5.