Peşəsinin vurğunu
Azərbaycanın istedadlı yazıçısı, eyni zamanda tələbələrinin sevimli müəllimi olan İsmayıl Şıxlı həmişə deyərdi ki, dünyada bütün peşələr gözəl və gərəklidir. Lakin bir peşə də var ki, bütün insanlar bu və ya digər dərəcədə o peşə sahiblərinə borcludurlar. Bu, müəllimlik peşəsidir. Çünki gələcək nəslin necə insan, necə vətəndaş olacağı məhz müəllimlərdən asılıdır. Məktəblərimizdə bu məsuliyyəti dərk edən, gələcək nəslə bilikləri dərindən mənimsədən, eyni zamanda onları cəmiyyətin layiqli vətəndaşları kimi yetişdirən pedaqoqlarımız çoxdur. Onlardan biri ilə tanış olun: Təhsil Nazirliyinin tabeliyindəki İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyinin dil-ədəbiyyat müəllimi Mahniyar Tanrıverdiyeva
Hər insan ürəyində öz
dünyasını qurur. Bu
dünya insanın arzu
və ümidlərindən, xəyal və düşüncələrindən
yaranır. Mahniyarın xəyal dünyasında
arzuladığı ömür yolu lap uşaqlıqdan seçilmişdi. Mütaliəyə hədsiz
dərəcədə aludə olan bu qız üçün
ədəbi əsərləri oxumaq, Azərbaycan
və dünya ədəbiyyatının ən
nadir inciləri ilə tanış olmaq böyük xoşbəxtlik
demək idi. Elə buna görə də o, bütün yaşıdları kimi illər keçdikcə hər dəfə
bir peşə yiyəsi olmaq
eşqinə düşmədi. İlk və
son qərarı bu oldu ki, elmlərin içərisində
ən maraqlısı ədəbiyyatdır, onu
başqalarına sevdirməyi bacarmaq isə
ən böyük səadətdir.
Mahniyar Məmməd qızı Tanrıverdiyeva 1964-cü ildə
Ermənistan Respublikası Meqri rayonunun Nüvədi kəndində anadan olub. 1971-ci ildə
Nüvədi kənd orta məktəbində
birinci sinfə gedən Mahniyar 1981-ci ildə həmin məktəbin
onuncu sinfini fərqlənmə
ilə bitirib. 1981-ci ildə Azərbaycan
Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə (keçmiş V.İ.Lenin
adına Azərbaycan Pedaqoji İnstitutu) daxil olub. 1985-ci ilin
sentyabrında ilk dəfə Qafan rayonunun Oxtar kənd orta məktəbində
Azərbaycan dili və ədəbiyyat
müəllimi kimi sinfə qədəm qoysa da, ailə vəziyyəti
ilə əlaqədar olaraq 1986-cı ilin noyabr ayından pedaqoji fəaliyyətini həmin rayonun Kürülü
kənd məktəbində davam etdirib. Məlum hadisələrdən sonra 1989-cu ildə Bakıya köçən
M.Tanrıverdiyeva 1990-cı ildən Bakının Nərimanov
rayonundakı 66 nömrəli məktəbdə (2006-cı ildən
Təhsil Nazirliyinin tabeliyində "Tərəqqi"
liseyi) işləməyə
başlayıb.
Mahniyar müəllim uzun
illərdir ki, şagirdlərinə ana dilimizin incəliklərini
öyrədir, onları zəngin ədəbiyyatımızın
inciləri ilə tanış edir.
Aydındır ki, məktəblərdə
dil-ədəbiyyat müəllimlərinin şagirdlərin
şəxsiyyət kimi
formalaşmasında böyük rolu var. Belə ki, ədəbiyyatın tədrisi yeniyetmə
və gənclərin milli-vətənpərvərlik ruhunda tərbiyəsinə, xalqımıza məxsus
mənəvi əxlaqi dəyərlərin
aşılanmasına xidmət edir. Bu məsuliyyəti başa
düşən Mahniyar müəllim öz işinin öhdəsindən
bacarıqla gəlir. O, yaxşı başa düşür ki, dərin bilik və metodik hazırlıq təlimdə yüksək
nəticələr əldə etmək üçün
əsas şərtlər olsa da, əsl müəllimlik istedadı hər bir şagirdə fərdi yanaşmağı bacarmaqdan, onları şəxsiyyət kimi qəbul edərək xarakterlərini
öyrənməkdən ibarətdir.
Son illər ölkəmizdə təhsil sahəsində
uğurla həyata keçirilən islahatlar müəllimlərdən yüksək
dərəcədə peşəkar, eyni zamanda yaradıcı fəaliyyət tələb
edir. Mahniyar
Tanrıverdiyeva da məhz belə müəllimlərdəndir.
O, qabaqcıl iş təcrübəsi
və peşəkarlığı ilə seçilsə də
arxayınlaşmır, daim pedaqoji məharətini daha
da təkmilləşdirmək
yollarını arayıb-axtarır, pedaqoji
innovasiyaları öyrənməyə can
atır, şagirdlərinə dərin və əhatəli bilik verməyə çalışır. Öz işini müasir təlim metodlarının tətbiqi
ilə quran Mahniyar
müəllim tədris prosesində informasiya-kommunikasiya
texnologiyalarının imkanlarından uğurla
istifadə edir.
Gözəl
ailə sahibi, iki
övladın qayğıkeş anası olan
Mahniyar xanım şagirdlərinə də
əsl ana məhəbbəti ilə
yanaşır, onların şəxsi həyatı ilə
maraqlanır, məsləhətlər verir,
aralarında həmişə səmimi, məhrəm
münasibət yaratmağa
çalışır. Gözəl insani keyfiyyətləri
ilə seçilən bu qadın,
ümumiyyətlə, məktəbin bütün
müəllimlərinin hörmətini qazanıb. İşlədiyi
təhsil müəssisəsinin direktoru, əməkdar
müəllim Məhbubə Məmmədova bizimlə söhbətində
onun barəsində dedi:
"Biz onu gözəl
insan və savadlı pedaqoq
kimi tanıyırıq. Qabaqcıl iş təcrübəsi, bilik
və bacarığı sayəsində yüksək təlim
keyfiyyəti əldə etməyə nail olur. Mahniyar müəllimi
həmkarları ilə yanaşı, şagirdləri də çox sevir".
Müəllim əməyinin
nə qədər əziyyətli olduğunu
bildiyimizdən Mahniyar Tanrıverdiyeva kimi öz işinin
vurğunu olan pedaqoqlarla rastlaşanda çox sevinirik və ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.
P.S. Martın 1-də Mahniyar müəllimin 50 yaşı tamam olur.
Çalışdığı kollektivin
üzvləri bu münasibətlə onu təbrik edir,
cansağlığı, şəxsi həyatında xoşbəxtlik,
işlərində yeni-yeni nailiyyətlər
diləyirlər.
Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.- 2014.- 28 fevral.- S.5.