"Google SketchUp qrafik redaktorunda

hazırlanmış ən yaxşı üçölçülü model"

müsabiqəsi keçirilib

 

Dörd il əvvəl 7-ci sinif  "İnformatika" dərsliyinə daxil edilmiş Google SketchUp proqramı şagirdlərin çox böyük marağına səbəb olmuşdur. Google SketchUp proqramı obyektlərin üçölçülü modellərini yaratmaq üçün nəzərdə tutulan müasir proqramlardandır. Autodesk Maya, 3D Max, AutoCAD kimi mükəmməl və mürəkkəb proqramlarda işləmək üçün Google SketchUp proqramı çox uğurlu başlanğıcdır. 

 

Bu proqramda vərdişlərinin formalaşdırılması informatikanın riyaziyyat, təsviri incəsənət, texnologiya fənləri ilə inteqrasiyasını təmin edir. Şagirdlərin bu tipli tətbiqi proqramlara artan maraqlarını, məktəblilərin və informatika müəllimlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq dərslik müəllifləri "Bakı" nəşriyyatının dəstəyi ilə artıq ikinci ildir ki, belə bir müsabiqəni keçirirlər.

Yanvar ayında facebook sosial şəbəkəsinin "İnformatika müəllimləri" qrupundawww.informatik.az saytında müsabiqənin məktəb turu haqqında elan verilmişdi. Müsabiqənin II turu 23 fevral 2014-ci il tarixində Bakı şəhəri 283 nömrəli tam orta məktəbdə keçirildi. Bakı və Sumqayıt məktəbliləri üçün nəzərdə tutulmuş bu turda hər məktəbdən yalnız bir şagirdin iştirakına icazə verilirdi. Müsabiqəyə ümumilikdə 14 şagird qatılmışdı.

Münsiflər heyəti tərəfindən müsabiqə üçün Azərbaycanın 6 tarixi memarlıq abidəsi seçilmişdi: Hökumət evi, Nizami məqbərəsi, Bakı Şəhər İcra Hakimiyyətinin binası, Bibiheybət məscidi, İsmailiyyə binası, Ramana qalası. Püşkatma nəticəsində bu obyektlər arasından Bibiheybət məscidi seçildi. İki saat ərzində şagirdlər Google SketchUp proqramında onun 3D modelini hazırlamalı idilər. İlk baxışdan tapşırıq çox mürəkkəb görünürdü. Bu memarlıq incisinin 7-ci sinif şagirdləri tərəfindən üçölçülü modelinin hazırlanması şagirdlərdən təkcə Google SketchUp proqramında işləmək bacarığı tələb etmirdi. Onlar həm də fəza təsəvvürlərini nümayiş etdirməli, fotoşəkillər əsasında binanın bütün tərəflərdən görünüşlərini yaratmalı idilər. Binanın bir neçə tərəfdən görünüşünün elektron versiyası həm şagirdlərin kompüterlərinə yazılmışdı, həm də çap edilərək hər bir şagirdə verildi.

İlk dəqiqələrdən şagirdlərin çox hazırlıqlı və həvəsli olduqları görünürdü. Vaxt keçdikcə şagirdlərin məscidin hissələrini addım-addım necə yaratdıqlarını görən münsiflər heyəti seçimin heçasan olmayacağını hiss edirdilər. Nəhayət, vaxt bitdi. Şagirdlərin işlərini peşəkar münsiflər heyəti qiymətləndirirdi. Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva və Gülnarə Səlimovadan ibarət münsiflər heyəti şagirdlərin işlərini bir-bir və diqqətlə nəzərdən keçirdilər. İşlər üç meyar əsasında qiymətləndirilirdi: işin tamamlanması, orijinal obyektə uyğunluq, səliqəli yerinə yetirilməsi. Bir-birindən maraqlı işlər arasında qaliblərin ədalətli seçimini təmin etmək asan deyildi.

Qeyd etmək lazımdır ki, builki iştirakçıların hazırlıqları keçən ilki şagirdlərə nisbətən daha yüksək idi. Keçən il yarımkürə şəklində olan gümbəzin 3D modelini çox az şagird yarada bilirdisə, bu il kifayət qədər çətin olan bu elementi demək olar ki, bütün iştirakçılar yarada bilmişdilər. Bu isə ötən bir ilin əbəs keçmədiyindən xəbər verirdi. Toplanmış ballara əsasən qaliblər müəyyən oldu:

I yer - Heydərov Məhəmməd,  Bakı şəhər 136 nömrəli tam orta məktəb;

II yer - Kərimov Akif,  Bakı şəhər 264 nömrəli məktəb-lisey;

III yer  - Məlikəjdərov Fərid, Bakı şəhər 63 nömrəli tam orta məktəb.

Bütün iştirakçılar sertifikat və "Beynəlxalq İnformatika Olimpiadaları" kitabı ilə mükafatlandırıldı. Müsabiqənin qaliblərinə isə həm də diplom və qiymətli hədiyyələr verildi.

Müsabiqənin respublikada yüksək maraqla izləndiyini nəzərə alaraq bütün işlər və mükafatçıların  qiymətləndirilməsi  prosesi  facebook  şəbəkəsinin  "İnformatika  müəllimləri" qrupundawww.informatik.az saytında yerləşdirildi.

Respublika müəllimlərinin və şagirdlərin müraciətlərini nəzərə alaraq, gələn il bu müsabiqənin respublikanın müxtəlif şəhərlərində keçirilməsi nəzərdə tutulur. Hər regionda bir dayaq məntəqəsi seçiləcəyi və yerlərdəki nəzarətçilərin iştirakı ilə müsabiqənin onlayn təşkil olunacağı planlaşdırılır.

Respublikada informatika fənninə artan marağı nəzərə alaraq, müəllif qrupu "Bakı" nəşriyyatının dəstəyi ilə bu il aprel ayında 6-cı siniflər arasında, gələn il isə 7-ci siniflər arasında ALPLogo proqramlaşdırma dili üzrə müsabiqə keçirməyi planlaşdırır. Bu barədə əlavə məlumat veriləcəkdir. 

 

Rəşad RAMAZANOĞLU

 

Azərbaycan müəllimi.- 2014.- 28 fevral.- S.5.