Xocalı faciəsinin
22-ci ildönümü
təhsil müəssisələrində
qeyd olunub
Fevral 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı
İcması" İctimai Birliyi ilə birgə Xocalı
soyqırımı qurbanlarının xatirəsinə həsr
olunan "Xocalı soyqırımı: ədalət
harayında" adlı elmi-praktik konfrans keçirilib. Tədbiri akademiyanın rektoru, akademik Urxan Ələkbərov açaraq
1992-ci il fevralın 26-da Ermənistan
silahlı birləşmələrinin Azərbaycan xalqına
qarşı növbəti qanlı təcavüzə əl ataraq tarixdə misli
görünməmiş Xocalı soyqırımını
törətmələrindən danışıb.
Çıxış
üçün söz
alan Şuşa Rayon İcra Hakimiyyətinin
başçısı, "Azərbaycan Respublikası
Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı
İcması" İctimai Birliyinin sədri Bayram Səfərov,
həmin İctimai Birliyin
Əlaqələndirmə Şurasının koordinatoru
Orxan Əkbərov ermənilərin azərbaycanlılara
qarşı törətdikləri cinayətlərdən, onların tarix boyu həyata
keçirdikləri məkrli planlardan
danışıblar.
***
Fevralın 24-də Bakı Dövlət
Universiteti hüquq
fakültəsinin insan hüquqları kafedrasının ilk layihəsi olan
"Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində: hüquqi
və siyasi təhlil " adlı beynəlxalq
"dəyirmi masa" keçirilib.
Tədbiri giriş sözü
ilə açan
rektor, akademik Abel Məhərrəmov Xocalı soyqırımı
haqqında danışıb. Bildirib ki, 1992-ci ilin fevralın
25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur
birləşmələri xalqımıza qarşı
aparılan etnik təmizləmə və
soyqırımı siyasəti törədib. 7 min nəfərədək
əhalisi olan Xocalı şəhəri
yerlə-yeksan edilib, dinc əhali vəhşicəsinə
qətlə yetirilib. Rektor deyib
ki, ulu öndər Heydər Əliyev hakimiyyətə
gəldikdən sonra Azərbaycan hökuməti
və parlamenti Xocalı
soyqırımı, bütövlükdə erməni millətçilərinin
azərbaycanlılara qarşı törətdiyi cinayətlər
haqqında həqiqətləri dünya dövlətlərinə,
parlamentlərinə və beynəlxalq təşkilatlara
çatdırıblar.
Sonra deputat Rəbiyyət
Aslanova, hüquq fakültəsinin dekanı Əmir
Əliyev, Krakov
Universitetinin professoru Aleksandr Merejko və siyasi elmlər
üzrə elmlər doktoru Ramiz Sevdimalıyev çıxış ediblər.
"Dəyirmi masa"da
"Beynəlxalq hüquq və inteqrasiya problemləri" adlı elmi-analitik və praktiki
jurnalın xüsusi
buraxılışının təqdimatı da
olub.
***
25 fevral 2014-cü il tarixdə
Mədəniyyət və İncəsənət Universiteti və "Hicaz
Production"ın təşkilatçılığı,
YUĞ Dövlət Teatrının ev sahibliyi, Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksi
şagirdlərinin iştirakı ilə Xocalı faciəsinə həsr olunmuş
"Mən Azərbaycanlıyam" bədii qiraət
müsabiqəsi keçirildi.
Müsabiqədə
20 nəfər şagird növbə ilə
görkəmli şairlərimizin Vətənə aid şeirlərini səsləndirdi. Daha sonra
tanınmış sənət ustalarından ibarət
münsiflər heyəti 20 nəfər arasından ən
yaxşı şeir oxuyan
şagirdləri 10 ballıq sistemlə qiymətləndirərək
ilk üçlüyü
müəyyən etdilər. I yerə
M.Arazın "Məndən ötdü"
şeiriylə VII sinif şagirdi
Günəş Əliyeva, II yerə B.Vahabzadənin "Ana dilim" şeiriylə
V sinif şagirdi Röya İsayeva, III yerə
isə Ə.Ziyatayın "Azərbaycanım mənim"
şeiriylə VII sinif şagirdi
Leylaxanım Atakişiyeva layiq
görüldülər. Həmçinin
üç nəfər (Sevinc
Hüseynova - VII sinif şagirdi, Şəms Rəsulzadə - VIII sinif şagirdi, Nigar Tanrıverdiyeva - VI sinif
şagirdi) fərqlənmə
diplomları ilə təltif olundular.
***
Azərbaycan Müəllimlər İnstitutunda fevralın
25-də keçirilmiş "dəyirmi
masa"nı institutun rektoru,
Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı açaraq ermənilərin zaman-zaman
azərbaycanlılara qarşı soyqırım siyasəti həyata
keçirdirini qeyd edib. 1992-ci il fevralın
25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri,
Dağlıq Qarabağ ərazisindəki
erməni silahlı dəstələri, keçmiş
SSRİ-nin Xankəndində yerləşən
366-cı motoatıcı alayının şəxsi heyətinin
və texnikasının bilavasitə iştirakı ilə
Xocalı şəhərini işğal
edərək Azərbaycan xalqına qarşı
soyqırımı siyasətinin həyata keçirdiyi vurğulanıb.
Tədbirdə tələbələrin
ifasında soyqırımına həsr olunmuş
bədii kompozisiya səsləndirilib, ermənilərin
azərbaycanlılara qarşı tördətdikləri terror hadisələrinə həsr olunmuş təqdimat və videoçarx
nümayiş olunub.
Tədbirlərin
davamı olaraq AMİ-nin
rektoru, professor
A.Naxçıvanlının rəhbərliyi ilə institutun professor-müəllim heyəti və
tələbələri Azərbacyan Dövlət Akademik Milli Dram Teatrında Hüseynbala
Mirələmovun "Xəcalət" tamaşasına
baxıblar.
***
Fevralın
26-da Qazax Rayon İcra Hakimiyyəti, AMİ-nin
Qazax filialı və AMİ-nin
Qazax TGT-nin təşkilatçılığı
ilə Qazax Rayon Gənclər
Mərkəzinin akt zalında Xocalı
soyqırımının 22-ci ildönümünə həsr
olunmuş "Xocalı şəhid şəhər"
adlı anım tədbiri keçirildi.
Tədbiri
giriş sözü
ilə Azərbaycan Müəllimlər İnstitutu
Qazax filialının direktoru,
dosent Afaq Qasımova açaraq Xocalı faciəsinin
soyqırımı kimi tanınmasında
dövlətimizin apardığı uğurlu
siyasətdən danışdı və dünya
miqyasında soyqırıma verilən hüquqi-siyasi
qiymət haqqında məlumat
verdi.
Qazax Rayon İcra
Hakimiyyəti başçısının humanitar məsələlər
üzrə müavini Gülayə Həsənova
Xocalı soyqırımı ilə bağlı fikirlərini
bildirərək belə bir
genişmiqyaslı tədbir təşkil etdiyinə görə
AMİ-nin Qazax
filialının direktoru Afaq
Qasımova başda olmaqla
müəllim kollektivinə,
Tələbə Gənclər Təşkilatına, tələbələrə
təşəkkürünü bildirdi. Sonda Qazax Dövlət Dram Teatrında yazıçı-dramaturq, millət
vəkili Hüseynbala Mirələmovun
"Xəcalət" dramı göstərildi.
***
Naxçıvan Özəl Universitetində Xocalı faciəsinin 22-ci
ildönümünə həsr edilmiş
elmi-praktik konfrans keçirilmişdir.
Universitetin tədris və elmi
işlər üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli
çıxış edərək bildirmişdir
ki,
Xocalı soyqırımı XX əsrin ən qanlı
hadisələrindən biridir. Bu hadisə mənfur erməni millətinin Azərbaycan
xalqına qarşı həyata keçirdiyi
soyqırımı siyasətinin növbəti mərhələsi
olmuşdur.
Konfransda humanitar elmlər
kafedrasının müəllimi, tarix
üzrə fəlsəfə doktoru, dosent Elçin Zamanov, mətbuat xidmətinin rəhbəri Nuray Əsgərova çıxış edərək
faciənin əsl mahiyyəti haqqında tədbir
iştirakçılarına məlumat vermişlər.
***
Fevralın 22-də Şuşa Humanitar
Kollecində Xocalı faciəsinə həsr olunmuş
anım günü keçirildi.
Təhsil müəssisəsinin foyesində Xocalı
soyqırımını, eləcə də ermənilərin Qarabağda törətdikləri vəhşilikləri
əks etdirən tələbələrin əl işlərindən
ibarət rəsm sərgisi hazırlanmışdı.
Tərbiyə
işləri üzrə direktor müavini Könül Hüseynova anım mərasimini
açdıqdan sonra ailə və ev təhsili ixtisasının tələbəsi
Xəyalə Əmirxanova Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
tarixində ən müdhiş hadisələrdən
biri olan Xocalı faciəsi haqqında məruzə etdi.
Daha sonra tələbələrin
hazırladıqları ədəbi-bədii kompozisiya
təqdim olundu.
Sonda çıxış edən kollecin direktoru Rəsul
İsmayılov Xocalı faciəsinin heç
zaman unudulmamasının zəruriliyini
vurğuladı.
***
Xocalı
faciəsinin 22-ci ildönümü ilə
əlaqədar Bakıdakı 28 nömrəli tam
orta məktəbdə keçirilən
anım mərasimi "Haray, Xocalı, haray" adlanırdı. Bütün
siniflərdən olan istedadlı
şagirdlərin öz müəllimləri
ilə hazırladıqları bir-birindən təsirli
kompozisiyaların hərəsi, həqiqətən də faciə haqqında bir haray idi.
Tədbiri
açan məktəbin direktoru
Mehriban Əlizadə heç
vaxt yaddaşlardan
silinməyəcək faciənin hər il
bu tədris ocağında xüsusi anım tədbiri ilə qeyd olunduğunu, bu il də ənənəyə
sadiq qaldıqlarını, şagird və müəllimlərin
iştirakı ilə kompozisiyalar
hazırlandığını
söylədi.
Aşağı sinif şagirdlərinin bir
qrupu şəhidlərə həsr olunmuş şeir ifa etdilər. "Laylay,
Xocalım, laylay"
ağısının kədərli notları salona
yayıldı. Aparıcılar faciə haqqında
danışdılar. Onların səsində misli-bərabəri
olmayan bu
soyqırımının baiskarlarına - erməni faşistlərinə,
onlara ağır texnika
ilə dəstək vermiş rusların
366-cı motoatıcı alayının əsgərlərinə
nifrət duyulurdu.
***
Bakıdakı A.S.Xəlilov adına 263 nömrəli
tam orta məktəbdə
fevralın 26-da "Xocalı faciəsini
unutmuruq" mövzusunda
anım tədbiri keçirilib. Şəhidlərin
ruhuna dualar oxunub. Tədbiri məktəbin direktoru
Nəsimi Abbasov açaraq
faciə barədə geniş məlumat verib. O, Xocalı soyqırımının XX əsrin
ən böyük faciələrindən biri olduğunu diqqətə
çatdırıb. Bildirib ki, Xocalı faciəsinin iyirmi ikinci ildönümü
ilə əlaqədar təsdiq olunmuş plan əsasında məktəbdə silsilə
tədbirlər keçirilib, bu çərçivədə şeir, qiraət, inşa,
referat, rəsm, divar qəzetləri
və şagirdlərin əl işlərindən ibarət
müsabiqələr, sərgilər təşkil olunub.
Aparıcılar İsa Quliyev, Nuranə İsayeva, Fidan Rəsulova
hazırlanmış ssenarinin
iştirakçılara çatdırılmasında fəallıq
göstəriblər.
Tədbirin sonunda xocalıların qisasını almağa çağıran müraciət səslənib.
***
Paytaxtdakı 44 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən
Bakı şəhəri 46 nömrəli Məktəbdənkənar
Tərbiyə İşi Mərkəzinin
dərnək rəhbəri Vəfa Həşimova fevralın
21-də "Xocalı adlı bir elim var!" adlı ədəbi-bədii
kompozisiya keçirdi. Tədbirdə Xocalı Rayon
İcra Hakimiyyətinin nümayəndələri,
Qarabağ müharibəsinin veteranı, polis mayoru, şairə Aidə
Şirinova, Xocalı sakinləri, 164, 152,
44 nömrəli məktəblərin şagirdləri iştirak edirdilər. Tədbir Azərbaycan
Respublikasının Dövlət himni ilə
açıldı. Şəhidlərin ruhu
bir dəqiqəlik sükutla
yad edildi. Sonra aparıcı faciə haqqında geniş məlumat verərək həmin gecə
613 nəfərin şəhid olduğunu,
1275 nəfərin əsir götürüldüyünü
bildirdi. Məktəbdə fəaliyyət
göstərən "Dram" dərnəyinin
üzvləri 22 il bundan
əvvəl erməni terrorçularının Xocalıda
törətdikləri vəhşilikləri "Xocalı fəryadı"
və "Metroda bir
qadın dilənirdi"
adlı ədəbi-bədii kompozisiyalar
vasitəsilə tədbir iştirakçılarına
çatdırdılar.
***
Xocalı faciəsinin
22-ci ildönümü Bakı Humanitar Kollecində də geniş
qeyd olunub. Bu məqsədlə fevralın 25-də kollecin akt zalında "Xocalı fəryadı, ana naləsi" adlı anım mərasimi keçirilib. Tədbirdə kollecin
kollektivi ilə yanaşı, Xocalıda
erməni caniləri tərəfindən yaxınlarını itirmiş, həmin müsibətləri
gözləri ilə görmüş, əsirlikdə
olmuş Xocalı sakinləri də iştirak ediblər.
Anım
mərasimində kollecin müəllimi Dəvəli
Məhəmməd Zülfiyənin
faciənin bütün dəhşətlərini,
erməni qəsbkarlarının vəhşiliklərini,
amansızlığını əks etdirən və mərasimin
hər bir iştirakçısında
düşmənə qarşı güclü
nifrət və qəzəb
hissi oyadan təsirli ədəbi-bədii
kompozisiya göstərilib.
Hadisələrin
iştirakçısı olmuş,
Xocalı Soyqırımı Tanıtım İctimai
Birliyinin sədri Ayna Novruzova ermənilərin
zülmünə məruz qalmış, həmin dəhşətli
gecədə olmazın müsibətlər çəkmiş
insanların acı xatirələrindən danışıb.
Tədbirin sonunda ANS şirkətlər qrupunun
prezidenti Vahid Mustafayevin Xocalıya həsr olunmuş
"Xoca" filmi nümayiş olunub.
***
Bakıdakı
158 nömrəli tam orta məktəbin dil-ədəbiyyat müəllimi Xuraman Əliyeva 5-ci "d"
sinfində "açıq dərs" keçdi.
Məqsədi və məzmunu etibarilə ənənəvi dərslərdən fərqli olan, dərs
boyu psixoloji gərginlik
yaşadan və emosional
xarakter daşıyan bu
dərs xalqımızın yaddaşında qaysaqlanmış
yaraya çevrilən, Vətən, torpaq sevgisilə döyünən ürəkləri
sızıldadan Xocalı soyqırımının
22-ci ildönümünə həsr olunmuşdu.
Təcrübəli müəllim Xuraman
Əliyeva dərsə kövrək notlarla
başladı və öz
çıxışını ulu öndər
Heydər Əliyevin Xocalı soyqırımı haqqında
söylədiyi bu fikirlərlə tamamladı: "Xocalı faciəsi
Azərbaycan xalqına qarşı aparılan
soyqırımı siyasətinin davamıdır. Bütövlükdə Azərbaycan
xalqına qarşı yönəlmiş Xocalı
soyqırımı öz
ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər
tarixində tayı-bərabəri olmayan bir vəhşilik
aktıdır. Bu soyqırımı eyni zamanda bütün
bəşəriyyətə qarşı tarixi
bir cinayətdir".
Şagirdlər
Xocalı şəhidlərinin xatirəsinə həsr edilmiş "Sağalmaz yara" videoçarxına həyəcanla tamaşa etdilər.
***
Ağstafa Rayon Təhsil Şöbəsi tərəfindən Xocalı soyqırımının iyirmi ikinci ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir. Tədbirlər planına müvafiq olaraq rayonun bütün ümumi təhsil və məktəbdənkənar müəssisələrində soyqırımına həsr edilmiş tədbirlər keçirilmişdir. Təhsil şöbəsi və məktəblərdə "dəyirmi masa"lar, ədəbi-bədii kompozisiyalar, rəsm və kitab sərgiləri təşkil edilmiş, sinif divar qəzetlərində materiallar verilmiş, şagirdlərlə ətraflı söhbətlər aparılmışdır. Rayon məktəblərində fevralın 26-da ilk dərs Xocalı soyqırımına həsr olunmuş, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
***
Fevralin 25-də Sumqayıt şəhərində
fəaliyyət göstərən Laçın rayon Güləbird kənd tam
orta məktəbində Xocalı
soyqırımının 22-ci ildönümü
münasibətilə anım tədbiri keçirilib.
Tədbirdə məcburi köçkün
həyatı yaşayan uşaqlar,
onların müəllimləri və valideynləri, ictimaiyyət
nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Güləbird kənd tam orta məktəbinin direktoru, əməkdar müəllim Tapdıq Abbasov açıb. O qeyd edib ki, Xocalı qətliamının 22-ci ildönümü ilə bağlı rəhbərlik etdiyi məktəbdə "Xocalı guşəsi" yaradılıb, orada faciənin acı nəticələrini özündə əks etdirən rəsm plakatları, statistik məlumatlar və sənədlər yerləşdirilib. Həmçinin məktəbin yuxarı sinif şagirdləri arasında soyqırımla bağlı inşa müsabiqəsi təşkil olunub, məktəblilərin əl işlərindən ibarət sərgi nümayiş etdirilib.
Azərbaycan müəllimi.- 2014.- 28 fevral.- S.7.