"Rəngli həyat"
sərgisinin açılışı olub
Bu
günlərdə "1969" qalereyasında "Da-ART" Təsviri
İncəsənət Mərkəzinin rəhbəri, əməkdar mədəniyyət işçisi
Dilarə Atakişiyevanın yaradıcılıq fəaliyyətinin
40 illiyinə həsr olunmuş "Rəngli həyat" sərgisi
açılıb. Sərginin
ekspozisiyasında Dilarə
xanımın yetirmələri
olan rəssamların və bugünkü şagirdlərinin rəsm, qrafika, keramika, kukla və batik əsərləri
nümayiş olunub. Rəssamlar İttifaqının üzvü Dilarə
Atakişiyeva ömrünü
bütünlüklə rəssamlıq sənətinə həsr
edən rəngkarlardandır.
Sərginin
açılış mərasimində Azərbaycan Rəssamlar
İttifaqının katibi, xalq rəssamı
Ağəli İbrahimov, Mədəniyyət və Turizm Nazirliyinin şöbə
müdiri Yaşar Əliyev,
xalq rəssamı Arif Hüseynov çıxış ediblər. Natiqlərin əksəriyyəti öz
nitqlərində bu nüansı xüsusilə vurğulayıblar
ki, Dilarə
Atakişiyevanın fəaliyyəti onun yaxşı rəssam olmağı
ilə bitmir, o, həm
də çox bacarıqlı,
özünəməxsus fərdi xüsusiyyətləri ilə
seçilən yaxşı bir müəllimdir.
Vaxtının çox hissəsini şagirdlərinə həsr etmək,
onlarla işləməkdən zövq almaq, öyrətdiyi uşaqların
istedadını üzə çıxarmağa nail olmaq Dilarə Atakişiyevanı fərqləndirən
xüsusiyyətlərdəndir.
Eldar Xalıqov - qalereyanın direktoru: " Qalereya
-1969" əməkdar mədəniyyət
işçisi Elçin
Orucov tərəfindən təsis edilib. Gördüyünüz
bu məkan
qalereyanın nümayiş zalıdır. Bugünkü
möhtəşəm sərgi də Elçin
müəllimin təşkilatçılığı ilə
baş tutub.
Dilarə
xanıma 2013-cü ilin mart ayının 4-də
cənab Prezidentimizin sərəncamı
ilə əməkdar mədəniyyət
işçisi fəxri adı verilib. Dilarə xanım bütün
həyatını uşaqlara həsr edib. Çox gözəl
yaradıcı nəsil yetişdirib. O, fitri istedad sahibi,
yüksək yaradıcı zövqə malik
bir qadındır. Bir
rəssam kimi o, yeri gələndə öz
yaradıcılığını bir kənara
qoyur. Amma gənc nəslə
olan diqqət və qayğısı həmişə
birinci plandadır. Biz Dilarə xanımla həm həmkar,
həm də tələbə
yoldaşıyıq. Əzim Əzimzadə adına rəssamlıq
məktəbində mən Dilarə xanımdan bir kurs yuxarıda oxumuşam. Sərginin ekspozisiyasında nümayiş olunan əsərlər
ömrünün 40 ilini rəssamlığın sirlərini
uşaqlara öyrətməyə həsr
etmiş
Dilarə Atakişiyevanın
illərlə çəkdiyi
zəhmətinin, istedadının bəhrəsi, nəticəsidir.
Tanınmış rəssamın
şagirdləri
dünyanın müxtəlif ölkələrində
keçirilən beynəlxalq müsabiqələrdə Azərbaycan
mədəniyyətini hər zaman uğurla təmsil edirlər.
Sərgidə rəsmi qonaqlarla yanaşı, rəssamın şagirdlərinin valideynləri də öz ürək
sözlərini deyərək, Dilarə
Atakişiyevanın ustad-müəllim
fəaliyyətini yüksək
dəyərləndirdilər, onu ürəkdən təbrik edərək yarım əsrə
yaxınlaşan yaradıcılıq ömründə
daha möhtəşəm sənət uğurları arzuladılar.
Nigar Əhmədova: Oğlum Cavidan
Əhmədov yeddi yaşından bu günədək Dilarə xanımın rəhbərlik
etdiyi "Da-ART"
studiyasında rəssamlığın
sirlərini öyrənir. 2013-cü ildə Yaponiyada
təşkil olunan sərgidən Azərbaycandan
2 məktəbli rəssam qızıl medalla
qayıtdı. Onlardan biri
bizim Cavidan idi. Mən bir valideyn kimi
oğlumun uğurlarına görə
Dilarə xanıma təşəkkür edirəm. Bugünkü yaradıcılıq sərgisi
Dilarə xanımın bir rəssam kimi nələrə qadir olduğunun əyani nümayişidir.
Dilarə xanım da öz
çıxışında sərgisinin
açıldığı bu günün bir bayram olduğunu söyləyərək iştirakçılara və bu işin təşkilinə
dəstək olanlara öz
dərin minnətdarlığını
bildirdi:
- "Da-ART"
təsviri incəsənət mərkəzində artıq 13 ildir ki, rəssamlıq sənətinin
sirlərini qabiliyyəti olan uşaqlara və
bacarığı, həvəsi olan böyük yaşlı insanlara öyrədirik. Bu mərkəzdə
qrafika və kompozisiya
ilə yanaşı, gil və müxtəlif materiallardan kukla hazırlanması da öyrədilir. Bugünkü sərgidə
həm özümün, həm də "Da-ART"
mərkəzindəki tələbələrimin
əl işləri nümayiş etdirilir.
Mən tələbələrimlə
məşğul olarkən çalışıram ki, uşaqlar özlərini
evdəki kimi hiss
etsinlər. Mərkəzdə elə mühit
yaratmışıq ki, uşaqlar
burada çay içir, yemək yeyir, musiqi dinləyir, öz ideyalarını
bölüşür və ya... rəsm çəkmək istəməyəndə
çəkmirlər. Bizim kukla
ustalarımız Bakı, Moskva, Koreya, Yaponiyada
keçirilən beynəlxalq sərgilərdə iştirak ediblər.
Uşaq yaşlarından bizim
mərkəzdə məşğul olan tələbələrimin
əksəriyyəti Rəssamlıq Akademiyasını bitirib və Rəssamlar İttifaqının üzvüdür. Bugünkü
sərgidə artıq peşəkar rəssam kimi
onların da əl işləri nümayiş etdirilir.
Onların çəkdiyi rəsmlər müxtəlif xarici ölkələrdə
keçirilən bir çox
sərgilərdə iştirak edib, nüfuzlu mükafatlara layiq görülüblər.
Rəssamların həyata, dünyaya öz
baxışları olur. Rəssamlar hər
şeydə bir məna, bir
gözəllik axtarırlar. Rəssamlıq
özünüifadə deməkdir. Rəsm çəkən,
rəssamlığı bacaran, rəsmi
sevən insan
dünyanı hamı kimi yox, öz
düşüncələrindəki kimi görür.
Biz uşaqlara rəssamlığın
əlifbasından - əl hərəkətlərindən tutmuş, fırça tutmağadək hər
bir başlanğıc məqamları
öyrədirik. Zaqafqaziyada ən
yaxşı rəssamlıq məktəbi Azərbaycanda olub. Azəri uşaqlarının rənglər
duyğusu bir Allah vergisidir.
Azərbaycan müəllimi.- 2014.- 28 fevral.- S.8.