Tələbə və
müəllimlər dünya şöhrətli
səyyah, antropoloq alim Tur Heyerdala
həsr olunan mühazirələri dinləyiblər
Qərb Universitetində
Tur Heyerdalın 100 illiyinə həsr olunan silsilə tədbirlərə start verilib.
Məlumat üçün bildirək ki,
tanınmış norveçli səyyah, etnoqraf və alim-antropoloq Tur Heyerdalın həyat və fəaliyyətinin
bir qismi də məhz
Azərbaycanla bağlıdır. Tur Heyerdal
dəfələrlə Qobustana və Azərbaycanın
digər məkanlarına ekspedisiyalar təşkil
etməklə özünün son "Odinin
axtarışı ilə" adlı kitabında vikinqlərin
köklərinin məhz Azərbaycanda axtarılmasının
lazım gəldiyini maraqlı və kifayət qədər
inandırıcı faktlarla əsaslandırıb.
O bildirib ki, "Azərbaycanın
hələ kifayət qədər öyrənilməmiş mədəniyyət
və incəsənəti Mesopotamiyanınkından qədimdir".
Məşhur səyyah bu fikri
qədim qaya təsvirlərinə əsaslanaraq
söyləmiş, həmin təsvirlərlə qədim Skandinaviya xalqlarının və ingilislərin
mədəniyyəti arasında uyğun cəhətlər
olduğunu görüb.
Azərbaycana bir neçə dəfə gələn
tanınmış antropoloq Qərb Universitetinin də qonağı olub. Universitetdə təşkil olunan görüşdən sonra
adıçəkilən ali təhsil
ocağı ilə səyyah arasında səmimi münasibət
qurulmuş və hazırda bu əlaqələr onun
ailə üzvləri və Tur Heyerdal muzeyinin təşkilatçıları
ilə davam etdirilir.
2014-cü ildə Tur Heyerdalın 100 illiyinin
qeyd olunması ilə bağlı Qərb
Universitetində silsilə tədbirlərin keçirilməsi
planlaşdırılıb. Bu tədbirlər
çərçivəsində fevralın 25-də Qərb
Universitetində tələbə və müəllimlər dünya şöhrətli səyyah, məşhur
alim, tədqiqatçı,
yazıçı və antropoloq alim Tur Heyerdala
həsr olunan mühazirələri dinləyiblər.
İlk olaraq "Tur Heyerdalın Odin
axtarışları: Azərbaycan və Skandinaviya
arasında qədim əlaqələr" kitabının
redaktorlarından biri Krister
Daatland "Tur Heyerdal və Azərbaycan" mövzusunda
mühazirə oxuyub. Qeyd
olunub ki, Tur Heyerdal 1914-cü il oktyabrın 6-da Norveçin cənubunda kiçik
Lavrik şəhərciyində anadan olub. İlk
ekspedisiyası 1937-38-ci illərdə Polineziyaya,
Fatu-Hiva adasına olub.
O, 1947-ci ildə Sakit okeanı "Kon-Tiki" adlı salda keçib. Məhz bu səyahət
ona sonralar dünya şöhrəti gətirib. T.Heyerdal təkcə cəsur dənizçi, antropoloq alim kimi deyil, həm də bir sıra kitabların və cəsarətli
ideyaların müəllifi kimi dünya tarixində iz qoyub. Bildirilib ki, məşhur səyyahın
həyat və fəaliyyətinin bir qismi də Azərbaycanla bağlıdır. 4
dəfə Azərbaycanda olan (1982-2000) Tur Heyerdal ölkəmizin
müxtəlif məkanlarına etdiyi
ekspedisiyalarından sonra qeyd
edirdi ki, qədim azərbaycanlıların
Xəzər dənizində və Rusiyadakı çaylarda
üzməsini əks etdirən petroqliflərin min il sonra
vikinqlərin əcdadlarının Norveçin
fiordlarında tapılmış petroqliflərilə eyni olması sadəcə bir
təsadüf olmaya bilər. Skandinaviyada iki növ fərqli qayıq petroqlifləri var və onların hər ikisinə
Norveçdə tez-tez rast
gəlmək olur. Bunlardan
biri Qobustandakı petroqliflərə çox bənzəyir. Bu,
sadə oraq formasında bir
xətdir ki, bu da qayığın gövdəsini təşkil
edir, onun üstündə
çəkilmiş şaquli xətlər
isə qayıqdakı insanların və yuxarı
qaldırılmış avarların təsviridir.
Krister Daatland daha sonra tələbə və müəllimlərə Tur Heyerdalın
yazdığı kitablardan, həyata keçirdiyi layihələrdən bəhs edib, bu məşhur alimin Azərbaycana
bağlılığından ətraflı söz
açıb. 4 dəfə Azərbaycanda olan
dünyaca tanınan səyyahın son üç gəlişinin
ümummilli lider
Heydər Əliyevin dəvəti ilə gerçəkləşdiyini
xüsusi vurğulayıb.
Digər
mühazirəçi "Azerbaijan İnternational" jurnalının redaktoru, tədqiqatçı Betti
Bleyer də tanınmış alimin fəaliyyəti və
yaradıcılığı haqqında danışaraq 1999-cu
ildə Qərb Universitetinin Elmi Şurasının tədqiqat işləri,
xüsusilə də Polineziya adaları ilə
bağlı
araşdırmaları ilə dünya
irsinə verdiyi töhfələrinə görə Tur Heyerdala fəxri professor adı verildiyini bildirib. Fəxri adın təqdimatı
zamanı Tur
Heyerdalın Qobustanda və Şəkidə
Azərbaycanın qədim tarixi və mədəniyyəti
ilə bağlı apardığı tədqiqat işləri
yüksək qiymətləndirilmiş və onun
dünyanın 66 dilinə tərcümə edilmiş
"Kon-Tiki" adlı ilk
kitabının əhəmiyyəti xüsusi qeyd olunub. Onun bu
kitabında əks olunan və digər həyata
keçirdiyi ekspedisiyalar
1951-ci ildə "Ən yaxşı sənədli film" nominasiyası üzrə "Oskar" mükafatına layiq
görülüb. Tur
Heyerdal 2002-ci ildə vəfat edib. Tur Heyerdalın gənclərə bir örnək olduğunu
deyən xanım Betti Bleyer
bu dünya
şöhrətli alimin həyat və fəaliyyətinin
digər məqamlarına da geniş toxunub. O, çıxışının sonunda
belə bir yüksək səviyyədə
tədbir təşkil etdiklərinə görə Qərb Universitetinin rəhbərliyinə, müəllim
və tələbə heyətinə özünün
və digər həmkarının adından təşəkkürünü
bildirib.
Sonda qonaqlar tələbələri
maraqlandıran sualları cavablandırıblar.
Samirə KƏRİMOVA
Azərbaycan müəllimi.- 2014.- 28 fevral.- S.8.