Müəllim hazırlığı sistemində internatura

modelinin tətbiq edilməsi

  

Müasir dövrümüzdə hamımız bir reallığın şahidiyik: dünya sürətlə dəyişir, inkişaf edir. Böyük şairimiz Səməd Vurğunun nəsillərin bir-birini əvəz etməsi anlamında işlətdiyi "Dünən ömür sürən bu gün can verir" ifadəsi bu gün dünyada baş verən dəyişmə və inkişafın nəticəsini çox sərrast ifadə edir": dünənki elmi biliklər, texnologiya bu gün köhnəlmiş sayılır, bu gün malik olduğumuz informasiya isə sabah yararlı olmaya da bilər.  Dünyada gedən tərəqqi proseslərinin əsasında, şübhəsiz, elm və təhsilin inkişafı, təhsilin məhsuldar qüvvəyə çevrilməsi durur. Buna görə də dünyanın inkişaf tempi ilə ayaqlaşmaq üçün ilk növbədə elm və təhsilin yenilənməsi təmin edilməlidir.

 

Bu həqiqət ölkəmizdə də aydın dərk olunduğundan son illər təhsilin inkişafı, keyfiyyətinin yüksəldilməsi dövlət siyasətinin prioritetinə çevrilmişdir. Ulu öndər Heydər Əliyevin ideya müəllifliyi və təşkilatçılığı ilə təxminən 15 il öncə başlamış təhsil islahatları möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında böyük əzmlə, dövrün əsas təhsil çağırışları, innovasiyaları nəzərə alınıb müvafiq korrektələr aparılmaqla davam etdirilir. Aparılan islahatların əsas hədəfini isə cənab Prezidentin çox müdrikliklə və yığcam şəkildə ifadə etdiyi "maddi kapitalın insan kapitalına çevrilməsi" təşkil edir. Son illər bu hədəfə çatmaq yolunda bir sıra ciddi addımlar atılmış, müəyyən uğurlar əldə olunmuşdur. Lakin inkişafın sürəti əldə olunanlarla kifayətlənməməyi tələb edir. Eyni zamanda ölkəmizdə gedən sürətli modernləşmə, ənənəvi iqtisadiyyatın öz yerini "biliklər iqtisadiyyatı"na verməsi bu proseslərdə həlledici rol oynayan təhsilin davamlı inkişafını və keyfiyyətinin yüksəldilməsini zərurətə çevirir. Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" da məhz bu zərurətdən meydana gəlmişdir. Azərbaycan təhsilinin XXI əsrin çağırışlarına uyğun inkişaf üfüqlərini özündə ehtiva edən strategiyada təhsil sahəsində aparılacaq islahatlar üçün 5 strateji istiqamət müəyyənləşdirilmişdir ki, onlardan da biri insan resurslarının müasirləşdirilməsidir. Bu istiqamət öz ixtisası üzrə yüksək nəzəri hazırlığa və metodik biliklərə malik, müasir, innovativ təlim metodları və texnologiyalarından səmərəli istifadə etməklə təhsilin məzmununun mənimsənilməsini təmin edən səriştəli təhsilverənlərin formalaşdırılmasına xidmət edir.

Strategiyada müəllim hazırlığına xüsusi yanaşma və onun ölkədə təhsil sahəsində aparılacaq islahatların ən vacib istiqamətlərindən biri kimi götürülməsi, şübhəsiz, müəllimin təhsildə, eləcə   cəmiyyət həyatında oynadığı böyük rolla bağlıdır. İndi belə bir həqiqət hamı tərəfindən qəbul olunur ki, nə qədər yüksək səviyyəli infrastruktur, tədris vəsaiti, maliyyə imkanları olsa da, keyfiyyətli müəllim olmadan təhsili inkişaf etdirmək mümkün deyildir.

Bu gün məktəblərimizdə öz peşəsinin vurğunu olan, yüksək peşəkarlığı, səriştəsi ilə fərqlənən, müəllim nüfuzunu uca tutan, müasir təlim metodlarını öz fəaliyyətində uğurla tətbiq edən müəllimlər çoxdur. Lakin elmi-metodiki hazırlığı, səriştəsi az, məktəbdən, şagirddən ruhən uzaq olan, yeniliklərə biganə müəllimlər də az deyil. Ona  görə də strategiyada təhsil sisteminin bütün pillələrində müəllimlərin bilik, bacarıq və peşəkarlıq qabiliyyətlərinin müasir tələblərə uyğun yüksəldilməsi, müəllim fəaliyyətinin keyfiyyətinin artırılması bir vəzifə olaraq qarşıya qoyulmuşdur. Sənəddə həmin vəzifəni reallaşdırmaq üçün nəzərdə tutulan çoxsaylı strateji hədəf və tədbirlərdən biri də müəllim hazırlığı sistemində internatura modelinin tətbiq olunmasıdır.

İnternatura modelinə keçid Dövlət Strategiyasında öz əksini tapmış ən mühüm yeniliklərdən biri olub müəllim hazırlığında xüsusi əhəmiyyətə malikdir. Fikrimizcə, onun tətbiqi nəticəsində son illər məktəb müəllimləri,   xüsusən də gənc kadrlar arasında özünü daha çox büruzə verən pedaqoji səriştəsizlik, təcrübəsizlik hallarının aradan qaldırılmasına imkan verər.

Hamıya məlumdur ki, müəllim olmağa hazırlaşan tələbələr praktik hazırlığı tədris planlarında nəzərdə tutulan tədris təcrübələri, təcrübə zamanı dedikləri dərslər vasitəsi ilə əldə edirlər. Son illər aparılan islahatlar nəticəsində ilkin müəllim hazırlığının təkmilləşdirilməsi istiqamətində müəyyən addımlar atılsa da bu işdə problemlər, çatışmazlıqlar hələ çoxdur.

İndi tez-tez məktəblərdə belə vəziyyətin şahidi olmaq mümkündür, universiteti bitirib təhsil müəssisələrinə gələnlərin əksəriyyəti dərsi təşkil etməkdə, keçməkdə, sinfi idarə etməkdə, dərs vaxtını səmərəli bölməkdə və s. məsələlərdə çətinlik çəkirlər. Bu da onu göstərir ki, onlar oxuduqları ali məktəblərdə bu praktik bacarıq və vərdişlərə az yiyələnirlər. Bu məqsədlə nəzərdə tutulmuş pedaqoji praktikanın müddəti azdır və mövcud olanın da imkanlarından tam yararlanılmır.

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan müəllimlərinin XIV qurultayındakı məruzəsində çox düzgün olaraq qeyd edir ki, müəllim hazırlığında başlıca strategiya fənn biliklərinin mənimsənilməsindən daha çox tələbələrin peşəyəuyarlığına, pedaqoji ustalığın inkişafına, zəruri kompetensiyaların formalaşdırılmasına, müasir təlim metodlarının mənimsənilməsinə yönəldilməlidir.

Bizə elə gəlir ki, tətbiq olunması nəzərdə tutulan internatura modeli məhz bu məsələləri həll etmək baxımından ən yaxşı vasitədir. Bu modelin tətbiqi gənc müəllimdə ilkin praktik peşə bacarıq və vərdişləri formalaşdırar.

İşə yeni başlayan müəllimlərin məcburi qaydada praktik təcrübə qazanmağa cəlb olunması dünya ölkələrinin əksəriyyətində mövcuddur və uğurla tətbiq olunur. Məsələn, Kanadada müəllim kimi işə düzəlmək üçün iş stajı tələb olunur. Bu məqsədlə təhsil ocaqlarında könüllü və təmənnasız olaraq müəllim köməkçisi kimi çalışıb iş stajı toplamalısan. Yalnız müəyyən staj topladıqdan sonra müəllim işləməyə icazə verilir.

Birillik məcburi iş stajı bir çox ölkələrin, o cümlədən də Azərbaycanın tibb təhsilində də tətbiq olunur. Belə ki, tibb universitetlərinin məzunları hər hansı bir həkimlik ixtisası üzrə məcburi qaydada ilk diplomdansonrakı ixtisaslaşma olan internaturaya cəlb olunurlar. İnternatura dövlət imtahanlarının verilməsindən sonra müalicə-profilaktika müəssisəsinin bazasında ali məktəbin müvafiq kafedrasının nəzarəti və rəhbərliyi altında keçirilir.

İnternatura pedaqoji ali təhsildə yeni məsələ olduğundan onun təşkilində həm dünyadakı, həm də ölkəmizin tibb təhsilindəki müvafiq təcrübədən istifadə etmək olar.

Fikrimizcə, ilk növbədə internatura təhsilinin statusu müəyyənləşdirilməli, onun ali pedaqoji təhsilin məcburi pilləsi olması dövlət səviyyəsində həll olunmalıdır.

Burada əsas məsələlərdən biri də internatura təhsilinin  forması, müddəti və harada, yəni hansı təhsil qurumlarında təşkil olunması ilə bağlıdır. Dünyanın bir çox ölkələrində diplomdansonrakı belə məcburi stajtoplama ixtisasartırma və ümumtəhsil müəssisələrində təşkil olunur və müddəti bir ildən üç ilədək arasında dəyişir. Bizcə, bu məsələlərdə ölkəmizin tibb təhsilində tətbiq olunan internatura modelini məqbul saymaq olar. İnternaturanın əsas məqsədi müəllimə praktik biliklər aşılamaq, onu məktəb mühiti ilə tanış etmək olduğundan pedaqoji təhsilin bu pilləsinin ya bütün ümumtəhsil müəssisələrində, ya da bu məqsədlə seçilmiş tədris ocaqlarında təşkil etmək yaxşı olar. İnternatura əyani formada təşkil olunmalı, müddəti isə bir il olmalıdır.

Bizcə, internaturanın hansı təhsil pilləsindən sonra təşkili də müzakirə mövzusu ola bilər. Məlum olduğu kimi, Bolonya  prosesinə qoşulan ölkəmizdə bir çox təhsil sahələri kimi pedaqoji ali təhsil də iki pillədən - bakalavriat və magistraturadan ibarətdir. Ümumtəhsil məktəblərinə üz tutan gənc mütəxəssislər arasında hər iki pillənin məzunları olur. Lakin bakalavriat pilləsini bitirənlər əksəriyyət təşkil edir. Bu baxımdan pedaqoji təhsildə internatura modelinin bakalavriat pilləsindən sonra tətbiq edilməsi məqsədəuyğundur.

Bir çox mütəxəssislər belə hesab edirlər ki, ali təhsilin bakalavriat pilləsini bitirən məzunlardan ancaq müəllim işləmək istəyənlər internaturadan keçməlidirlər. Bizcə, məsələnin belə qoyuluşu o qədər də məqbul deyil. Ola bilər ki, məzun ali məktəbi bitirəndən sonra müəllim işləmək istəməsin. Lakin sonralar fikrini dəyişsin. Təbii ki, internatura belələri üçün də zəruri olmalıdır. Ona görə də internaturanın pedaqoji ixtisaslar üzrə bakalavriat təhsil pilləsini bitirən bütün məzunlar üçün məcburi olması daha məqsədəuyğundur.

İnternatura təhsilinin tətbiqi ilə bağlı görülməli işlərdən biri də, bizim fikrimizcə, onun məzmununun müəyyənləşdirilməsi, bu məzmuna uyğun xüsusi proqramın (kurikulumların) hazırlanmasıdır. Belə proqram (kurikulum) hazırlanarkən məzuna qabaqcıl müəllimlərin təcrübəsini öyrətmək, dərsi təşkil etmək, müəllim-şagird münasibətlərini düzgün qurmaq, sinif rəhbərliyi və s. ilə bağlı praktik vərdişlərin aşılanması əsas götürülməlidir.

İnternatura dövründə gənc mütəxəssisin tədris edəcəyi fənn üzrə dərs deməsinə şərait yaradılmalı, həftədə bir neçə  saat dərs deməsi təmin olunmalıdır. Bununla yanaşı, o, məktəbin, təhkim olunduğu müəllimin rəhbərlik etdiyi sinfin bütün tədbirlərində, məktəb ictimai təşkilatlarının fəaliyyətində yaxından iştirak etməlidir.

İnternatura təhsilinin sonunda məzun müəllimlik sənətinin sirlərinə, müasir təlim metodları və texnologiyaları ilə işləmək vərdişlərinə nə səviyyədə yiyələnməsi, bir sözlə, müstəqil fəaliyyətə nə dərəcədə hazır olması ilə əlaqədar imtahan verməli, ondan uğurla keçdiyi təqdirdə fəaliyyəti lisenziyalaşdırılmalıdır.

İnternatura modelinin tətbiqində, fikrimizcə, bir sıra digər məsələlərin də nəzərə alınması faydalı olardı. Məsələn, müxtəlif yaşlı uşaqlarla işləmək çətin olduğundan dərs keçmək üçün gənc mütəxəssisə ilk vaxtlar eyni siniflər (paralel siniflər) təklif olunmalıdır. Belə siniflərlə işləmək psixoloji baxımdan daha asan olur.

İnanırıq ki, pedaqoji ali təhsildə diplomdansonrakı hazırlığın ilk və zəruri pilləsi kimi internatura modelinin tətbiqi məktəblərə daha hazırlıqlı və səriştəli müəllimlərin gəlməsinə imkan yaradacaq, təhsilin keyfiyyətinin yüksəlməsinə mühüm töhfə verəcəkdir.

 

Yusif ƏLİYEV,

əməkdar jurnalist

"Azərbaycan müəllimi"

 

Qeyd: "Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə keçirilən müsabiqəyə təqdim etmək üçün"

 

Azərbaycan müəllimi.- 2014.- 28 fevral.- S.9.