Baharın müjdəçisi
Novruz
Bu gün əsirlikdə qalan torpaqlarımızın bu çəkidə, bu böyüklükdə əminliyə ehtiyacı var: "Əgər bir gün günəş doğmağı, rüzgar əsməyi, zaman keçməyi, mövsümlər dəyişməyi unudarsa, biz də onda unudarıq səni- Novruz tonqallarına həsrət Xocalı, Şuşa, Laçın, Xankəndi, Ağdam, Kəlbəcər... yəni cəmi bir neçə səhifəlik bu yazıya adlarını sığışdıra bilmədiyim irili- xırdalı bütün əsir yurd yerlərimiz! Bizi gözləyin! İndi kol-kos basmış, cığırları itmiş yollar bir gün bizi sizə qovuşduracaq!
Mən
qurbət ellərin baharını görməmişəm.
Özgə yerlərin, qərib diyarların havasına
köklənə bilmirəm. İyirmi ildən artıqdır
ki, əsir yurd yerlərimizdə Novruz tonqalları
çatılmır, torpaqdan baş qaldırmaq istəyən
körpə fidanlar güllə
səsindən diksinir, didərgin ruhlarımız bir ziyarətə möhtacdı... Hər Novruz gələndə o torpaqlara sarı uzanan yolların
bir quru kəsəyinə, bir qara daşına, bir körpəcə
otuna, bir qaratikanına sığınmış bənövşəsinə
çevrilmək istərdim... Üzü yurd yerlərinə
yönələcək Böyük
Köçü qarşılamaq üçün...
"Yer üzünü
qarış-qarış gəzəsən,
Bu torpağa, bu diyara tay olmaz.
Yad ellərin yüz baharı yığılsa,
Yurdumdakı bir bahara tay olmaz".
- ibtidai sinifdə öyrəndiyim bu
uşaq mahnısının sözlərini tam anlamasam da
musiqisi xoşuma gəlirdi. Böyüdüm, vətənin,
vətən sevgisinin nə demək olduğunu daha dərindən
dərk etdim. Və mən böyüdükcə
uşaq vaxtı oxuduğum o mahnının sözlərindəki
anlam da böyüdü: "Yad ellərin yüz baharı
yığılsa, yurdumdakı bir bahara tay olmaz".
Xalqımızın ən gözəl
milli bayramının- Novruzun ilk çərşənbəsini
yola saldıq. Gəlişi təbiətin, həyatın
oyanmasına köklənən Novruz bayramı haqqında "Dədə
Qorqud" dastanında, Nizaminin "Siyasətnamə"sində,
Xətainin "Bahariyyə"sində,
Xəyyamın "Novruznamə"sində bilgilərə
rast gəlirik. Novruz sözü yeni gün, təzə gün anlamını
özündə ehtiva edir.
Novruz
bayramı Azərbaycanın
dövlətçilik tarixində
XX əsrin əvvəllərində Azərbaycan
Demokratik Respublikası
Novruzu ilk dəfə
olaraq milli bayram kimi rəsmiləşdirdi. Sovetlərin hakimiyyətə gəlməsi
və milli hökumətimizin devrilməsi ilə Azərbaycanda
milli bayramların, o cümlədən Novruz bayramının
da keçirilməsi
qadağan olundu. Ötən əsrin
altmışıncı illərində Azərbaycan KP
MK-nın katibi işləyən Şıxəli Qurbanov
1967-ci ildə xüsusi qərarla Novruz bayramının
dövlət səviyyəsində keçirilməsinə
nail oldu.
Yaşı qədim olsa da Novruz müasir
dünyamızla ayaqlaşan, özündə təbiətlə
bərabər insanların da ruhunun oyanışını əks
etdirən bayramdır. Torpaqlarımızda, sərvətlərimizdə gözü olanlar hər zaman Novruzu qısqanclıqla
qarşılayıblar.
Müstəqilliyimiz ikinci dəfə bərpa edildikdən sonra bir çox milli adət-ənənələrimiz,
bayramlarımız yenidən
öz azadlığına
qovuşdu. Novruz bayramının qeyd edilməsi
rəsmiləşdirildi. Ümummilli liderimiz Heydər Əliyevin
Azərbaycanda hakimiyyətə gəlişi ilə milli mənəvi
dəyərlərimiz yüksək inkişaf mərhələsinə
qədəm qoydu. Hər il
Novruz şənliklərində, xalqın içərisində
görünən,
sadə vətəndaşlarla bayramlaşan ulu öndərin bu bayrama diqqəti, xüsusi
münasibəti hamımızın xatirindədir. Heydər Əliyevin layiqli davamçısı,
hörmətli Prezidentimiz
İlham Əliyev vətəndaşlara və bayram
atributlarına olan qayğıkeş münasibəti ilə
bu gün eyni ənənəni
yaşadır.
Heç təsadüfi deyildir ki, 2009-cu ilin sentyabr ayının 30-da Novruz bayramı YUNESKO-nun qeyri-maddi mədəni
irs siyahısına daxil edilib. 2010-cu ilin fevral
ayının 23-də BMT Baş Assambleyası tərəfindən
keçirilən 64-cü sessiyada isə 21 mart tarixi "Beynəlxalq
Novruz Günü" kimi elan olunub.
Milli adət-ənənələrimizi
yaşadan Novruz
Həm Şərq dövlətlərinin, həm də türk
dünyasının möhtəşəm bayramı olan Novruz
Azərbaycanla yanaşı,
İranda, Türkiyədə, Tacikistanda, Türkmənistanda,
Özbəkistanda, Əfqanıstanda, Hindistanda və dünyanın bir çox
ölkələrində qeyd edilir.
Tarixin bütün dönəmlərində Novruzu dinlə
bağlayıb onu müxtəlif məqsədlərlə
xalqların milli boxçasından çıxarmağa
çalışanlar tapılsa da, əslində bu bayramda keçirilən mərasimlərin heç birinin dinə
aidiyyəti yoxdur. Novruzla bağlı adət-ənənələr,
oyunlar, tamaşalar bəşəriyyətə mərhəmət,
zəhmət, birlik, mehribanlıq təlqin edir.
Novruz bayramına bir ay qalmış ardıcıl olaraq
dörd həftənin çərşənbə
axşamı və çərşənbə günü su, od, yel və torpaq çərşənbəsi adı ilə xalq tərəfindən
böyük şadyanalıqla qeyd edilir. Novruz çərşənbələrinin
mənası belə yozulur ki, dünya əvvəlcə
başdan-başa Su ilə örtülü olub, sonra Od, yəni
Günəş gəlib suyu buxarlandırmağa
başlayıb. Yel baba prosesi daha da sürətləndirib, nəticədə
Torpaq görünməyə başlayıb. Öz mərasimləri, öz ayinləri, öz əyləncələri
olan hər bir çərşənbə bayramının
tarixi kökləri təbiət hadisələrinə söykənir.
Fevral ayının son həftəsindəki Su çərşənbəsində
inanclara görə, su mənbələri oyanır, hərəkətə
gəlir, təzələnir.
Su çərşənbəsində
durğun suyun üstünə getmək uğursuzluq sayılar. Bu çərşənbədə
insanlar bir-birinin üstünə narın su
çiləyirlər.
İnanclarda da, həqiqətdə də su dirilik, həyat,
sağlamlıq mənbəyi, təmizlik, paklıq rəmzi, əsas
həyatverici
qüvvədir.
Su çərşənbəsinə aid olan adətlərin,
mərasimlərin kökündə dayanan əsas fikir odur ki,
insanın xəlq olunmasında iştirak edən dörd
müqəddəs ünsürün biri sudur.
Kənd yerlərində, qız-gəlinlər sübh
tezdən gedib
bulaqlardan gətirdikləri çərşənbə
suyundan evin dörd bir tərəfinə, həyət-bacaya
çiləyir, həmin su ilə əl-üzlərini yuyurlar.
El arasında
Od çərşənbəsi, bəzi yerlərdə
isə "Üsgü çərşənbə"
və ya "Addı çərşənbə" deyilən
ikinci çərşənbədə qalanan tonqalların üzərindən atılmaqla, insanlar
çirkabları, azar-bezarları sanki, oda atıb
yandırırlar. Elin inancına görə,
yanar odun üstünə soyuq su tökmək, odun qarasına
söylənmək günah sayılır.
Üzünü bahara yönəldən Od çərşənbəsində
günəş yavaş-yavaş torpağı hənirləndirir,
onu yoxdan var etməyə, yəni toxumdan bar verməyə hazırlayır.
Bizim rayonumuz dağ ətəyində yerləşdiyindən
axşamlar həyətimizdən dağ kəndlərinin
işıqları görünərdi. Novruz bayramında o kəndlərin camaatı
hündür təpələrdə bayram tonqalları
qalayardılar. O tonqalların ərşə ucalan
şölələri göz yaddaşımda qalan ən
şirin xatirəmdir.
Yel çərşənbəsi mart
ayının ikinci həftəsinə düşür. Bəzi bölgələrimizdə külək əsməyə
başlayanda camaatın ehtiramla "Yel babamız gəldi"
deməsinin dəfələrlə şahidi olmuşam.
Mifologiyamızda yel, külək, hava möcüzəli bir təbiət
hadisəsi, ilahi
bir qüvvə kimi təqdim edilir. "Yel baba" ilə
bağlı "Yel olmasa, sel olmaz", "Yel eləyəni
fələk eləyə bilməz" qəbildən olan
inanclı fikirləri bu gün də eşidirik. Yel baba əsməsə, kənd yerlərində
xırmandan məhsulu anbara daşımazlar.
Novruza qədərki axırıncı çərşənbəyə
"Torpaq çərşənbəsi", "Yer çərşənbəsi",
bəzən də "İlaxır çərşənbə" deyirlər.
Torpaq müqəddəslik rəmzi, yurd, vətən,
el-oba anlamı daşıyır. Yazın gəlişi
ilə bütün aləm sanki yenidən oyanıb
canlanır, dirilik tapır, havalar isindikcə günlər də
tədricən
uzanır.
Növbəti oyanışa köklənmiş
bütün təbiət bu mövsümdə baharın gəlişindən
xəbər verir. İndi də bir çox
bölgələrdə ilk yaz əkininə məhz torpaq
çərşənbəsi günündə
başlayırlar.
Bu çərşənbədə hamı bir-biri ilə
bayram sevincini paylaşır, ən yaxşı sözlər, ən
xoş arzular dilə gətirilir, küsülülər
kini-küdurəti unudub bir-biri ilə barışır.
Axırıncı çərşənbədə və Novruz axşamında evlərin, həyət-bacaların
hər tərəfinə uzun dəstəkli məşəllər
sancılır. Çatılan tonqalların şölələri
gecə göy üzündə sirli və cəlbedici gözəllik yaradır.
İnanclara görə, hər ailə yeddi yerdə ocaq
qalamalı, ailənin hər bir üzvü ya yeddi tonqalın hər birinin
üzərindən bir dəfə, ya da bir tonqalın üzərindən
yeddi dəfə o tərəf-bu
tərəfə keçməlidir.
İnsanlar dünyadan köçən
doğmalarının məzarlarını axırıncı
çərşənbədə ziyarət edir, onların
ruhlarına rəhmət diləyirlər. Evin
ağbirçəyi bayram xörəyi hazırlanan qazana duz atanda
"Bu qazanı ocağımda gözü olanlarımın
adına asıram"-deyir.
İlaxır çərşənbədə
süfrələrə aş, paxlava, şəkərbura,
şirinçörək, şorqoğalı, badambura,
qovurğa, qurudulmuş meyvələr, xurma, badam, püstə,
qoz, fındıq düzülür.
Çərşənbə və Novruz təntənələrində
övladlar yaşlı valideynlərinə, kiçiklər
böyüklərə, qohumlar, qonşular bir-birinə baş çəkir. Hər kəs qonaq getdiyi evə əlində bayram
sovqatı aparır.
İnanclara görə, bayramda ailənin hər bir üzvünün
adına yumurta boyanmalı, şam
yandırılmalı, kiçik güzgülər
qoyulmalıdır. Bunların yozumu belədir: Şam
insanları bədnəzərdən qoruyur. Güzgü
müqəddəs günəş şüalarını
özündə əks etdirir. Yumurta isə
bədlik gətirən hər şeydən imtina etməyə
işarədir.
Səməni qoyulmayan süfrəni Novruz
süfrəsi hesab etməzlər. Novruzda səməni göyərtmək məhsuldarlıq,
bərəkət rəmzidir. Bayramdan bir
neçə gün sonra səməni axar suya
axıdılır.
Adı "S" hərfi ilə başlanan yeddi
adda nemət - səməni, su,
sarıkök, sumaq, süd, süzmə, səbzi - səməni
halvası, rəngbərəng boyanmış yumurtalar, al-əlvan
şamlar, şəkərbura, paxlava, quru meyvələr Novruz
süfrəsinin bəzəyidir.
Hər kəs
bayram axşamını və bayramın ilk
gününü öz evində, öz ailə üzvlərinin
yanında keçirməli, öz çırağını
yandırmalıdır. Qohum-əqrəbasına,
doğmalarına, yaxınlarına baş çəkməyə
gedənlər də elə həmin gün öz evinə, öz
ocağına qayıtmalıdır. Hər ailə öz bayram süfrəsinin
başına yığışmalıdır. Deyirlər ki,
bu inanclara əməl etməyənlərə yeddi il öz ocağında Novruzu qarşılamaq
qismət olmaz. Qürbətdə yaşayanlar,
uzaq səfərdə olanlar, hərbi xidmətdə vətən
keşiyini çəkən igidlər doğmalarına olan
ürək sözlərini neçə gün əvvəldən
yazırlar ki, məktublar öz sahibinə, ünvanına məhz
bayram günü çatsın. Min illərdir,
Novruzdakı ritualların, mərasimlərin hamısı
sanki, elmi hesablamalarla, dəqiqliklə tənzimlənir.
Novruz bayramından sonrakı ilk dörd gündə təbiət hər gün bir
dona düşür. Bayramın ertəsi gününü yaza, ondan
sonrakı günü yaya, üçüncü günü
payıza, dördüncü günü isə qış
gününə bənzədirlər. Xalq oyunları,
nağıllar, hekayələr, dastanlar, lətifələr, hətta
yumorlu məsxərələr də Novruzun bayram çələngidir.
Əziz soydaşlarım! Qarşılayın,
haçaquyruq qaranquşların qanadında bahar müjdəli
Novruz gəlir planetimizə, yurdumuza, ocağımıza...
Üzlərə təbəssüm, insanlara mehribanlıq,
dünyaya barış, torpağa bərəkət, cəmiyyətə
xoş ovqat gətirən
Novruz bayramımız Mübarək!
Kaş ki, 2014-cü ilin Novruzunun
ayağı sayalı olsun, torpaqlarımızı yad
tapdağından xilas edə bilib laləzara çevirək. Və kaş ki, heç bir arzumuz gələn
Novruzda "Kaş ki..." diləyinə
sığınmasın.
Ellada UMUDLU,
"Azərbaycan müəllimi"
Qeyd: "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"
Azərbaycan
müəllimi.- 2014.- 28 fevral.- S.9.