Təhsilin
inkişafı strategiyasında milli
və ümumbəşəri dəyərlər
konsepsiyası
Təhsil
strategiyası - hədəflər
"...Biz öz milli, mədəni irsimizi qorumalıyıq. Bunun üçün təbliğat işləri daha da güclü olmalıdır. Bizim imkanlarımız daha da geniş olmalıdır. Baxın, indi demək olar ki, bütün dünyada Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərir. 50-dən yuxarı ölkədə Azərbaycan səfirlikləri fəaliyyətə başlamışdır və uğurla fəaliyyət göstərirlər. Yəni, indi bizim fəaliyyət imkanlarımız genişdir. Biz heç vaxt, tarix boyu başqa xalqın milli dəyərinə, yaxud da ki, milli irsinə göz dikməmişik. Ancaq əfsuslar olsun ki, bizə qarşı həmişə belə cəhdlər olub... Bunun əsas səbəbi Azərbaycan xalqının istedadı və mədəniyyətimizin zəngin olmasıdır. Ancaq biz əlbəttə ki, mədəni irsimizi qoruyacağıq, bütövlükdə müstəqilliyimizi qoruyacağıq, müstəqil seçimimizi qoruyacağıq".
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Müasir dövrdə
gənc nəslin milli və ümumbəşəri dəyərlər
əsasında formalaşdırılması həyatın tələbidir.
İndi zamanın ruhuna uyğun yeni pedaqoji texnologiyalardan
faydalanmaq, novator ideyalardan istifadə etmək, təlim-tərbiyə
sahəsində mövcud problemləri tənzimləmək cəhdi
daha intensiv üsul və vasitələri zəruri edir.
Hazırkı şəraitdə lokal və qlobal səviyyədə
qazanılan pedaqoji proses təcrübəsindəki mütərəqqi
perspektivləri nəzərə almaq, onun nəticələrində
təzahür edən faydalı cəhətləri ümumiləşdirməklə
qabaqcıl fəaliyyət səylərini təhlil-tərkib
etmək ümumxalq və ümumdövlət səviyyəli
bir işə çevrilmişdir.
Bilik, bacarıq, vərdiş
və mənəvi keyfiyyətlərin milli ruhda, ümumbəşəri
dəyərlər zəminində mənimsədilməsinin
üsul və vasitələrini zəngin elmi-pedaqoji, nəzəri-metodik
istiqamətlərdə təkmilləşdirmək yeni
konseptual elmi axtarışların bəhrəsi olaraq meydana
çıxır.
Bu gün ölkəmizin
hər bir vətəndaşını sosial-mədəni
inkişaf strategiyaları ilə tanış etməyin ən
mühüm vasitələrindən biri də bu yolda milli və
ümumbəşəri dəyərlərdən istifadəyə
aid nəzəri biliklərə yiyələnməkdən ibarətdir.
Respublikamızın
müstəqillik yolu ilə inkişaf etdiyi, təhsil sisteminin
ümumbəşəri dəyərlər və milli zəmin
üzərində qurulduğu, yeni təhsil
islahatçılığı ideyalarının cəmiyyət
həyatında təsbit olunduğu bir şəraitdə
başqa sahələrdə olduğu kimi, milli pedaqogikada və
onun tarixi istiqamətlərində aparılan dərin elmi-nəzəri
axtarışların möhkəmlənməsində ölkə
Prezidentinin sərəncamı ilə 24 oktyabr 2013-cü il
tarixdə təsdiq edilmiş "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nın konseptual ideyalarından elmi yeniliklər
yolu ilə istifadə imkanları nəzərə
alınmalıdır. Bunu bizdən həyatın özü tələb
edir.
Pedaqoji elm və proses
təcrübəsində cərəyan edən milli
özünüdərk şüuru, milli iftixar hissi, milli
qürur tərbiyəsi ilə yanaşı, ümumbəşəri
məzmun ideyaları daşıyan mütərəqqi elmi əsasların
və nəzəri keyfiyyətlərin də nəzərə
alınması cəmiyyətdə vətəndaş
hazırlığı üçün çox önəmli
məqsəd daşıyır.
"Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nda göstərilir: "Sosial-iqtisadi həyatın
müasirləşdirilməsində təhsilin rolu təkcə
təhsilalanın qazandığı bilik və
bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır.
Təhsil prosesində əldə olunan bilik və bacarıqlar
həmçinin etik-əxlaqi norma və dəyərlər hər
bir təhsilalanın cəmiyyətin layiqli üzvü
olması üçün lazımi şərait yaradır,
onu biliyi və etik davranışı sayəsində örnək
ola biləcək həmkara, nümunəvi ailə
üzvünə və vətəndaşa çevirir".
Təhsilin gələcək
inkişafının aydın üfüqlərini müəyyənləşdirmiş
Dövlət Strategiyası milli pedaqogikanın da fundamental bir
elm kimi milli və ümumbəşəri dəyərlərlə
əlaqədar axtarışlarını nəzəri-elmi
aspektlərdən genişləndirməsinə geniş
imkanlar açmışdır.
Bu mənada milli və
ümumbəşəri dəyərlərlə əlaqədar
strategiyada nəzərdə tutulan elmi müddəalardan pedaqoji
proses sahəsində istifadə edilməsinə aid konkret vəzifələrin
göstərilməsi bu sahədə atılmış ən
uğurlu addımlardan xəbər verir.
Gənc nəslin
intellektual-mənəvi inkişafının
formalaşmasında milli və ümumbəşəri dəyərlərin
müstəsna əhəmiyyəti vardır. Həmin milli
qaynaqlardan, bəşəri keyfiyyətlərdən istifadəni
zəruri edən didaktik tələbləri bilmək
intellektual-əxlaqi keyfiyyət kimi hər bir azərbaycanlı
övladının qəlbini riqqətə gətirməli,
milli vicdanımızı, şərəf və ləyaqətinizi
oyatmalıdır.
Torpağında
münaqişə odu hələ səngiməyən, sərhədlərində
yağı düşmən təcavüzü hələ
soyumayan, döyüş səngərlərində
ölüm qan-qadası hələ də tükənməyən
bir məmləkətin nicat və haqq yolu vuran ürəklərimizin
qan damarlarını ehtizaza gətirməklə,
parçalanmış torpaqlarımızın bütövlüyü,
ölkəmizin müstəqilliyi naminə milli
yaddaşımızı oyatmalı, bizə bəşəri
keyfiyyətlərdən istifadə yolu ilə əsl milliliyi,
azərbaycançılığı,
türkçülüyü, vətənçiliyi qorumaq
üçün ideya silahı da verməlidir.
Məşhur türk
ideoloqu və maarifpərvəri Ziya Göyalpın
yazdığı kimi: "Tarix ümumi bir qayda olaraq göstərir
ki, haraya milliyyət ruhu giribsə, orada tərəqqi və təkamül
axını-cərəyanı yaranıb... Milli vicdan harada təkamül
edibsə, artıq ora müstəmləkə olmaq təhlükəsindən
əbədi olaraq qurtulmuşdur".
Bu müqəddəs
hisslərin müasir şəraitdə pedaqoji proses təcrübəsində
təsir imkanları, şübhəsiz ki, böyükdür.
Bu mənada da Dövlət Strategiyasının milli və
ümumbəşəri dəyərlərin inikası
üçün nəzərdə tutulan məna dolu siqlətində
aydın şərh yolu ilə izahını tapmış
yüksək və zəngin ideyaların lakonik və ibrətamiz
şəkildə canlandırılmasının şahidi
oluruq.
Bununla bağlı
strategiyada yazılır: "Məsuliyyətini dərk edən,
demokratiya prinsiplərinə və xalqının milli ənənələrinə,
insan hüquq və azadlıqlarına hörmət edən, azərbaycançılıq
ideyalarına sadiq olan, müstəqil və yaradıcı
düşünən vətəndaş və şəxsiyyət
yetişdirmək" təhsil sisteminin başlıca vəzifələridir.
Bu real təəssüratdan
alınan məntiqi nəticə odur ki, strategiyada ilk dəfə
olaraq milli və ümumbəşəri ifadələrə,
onların işlək terminologiyasına, metodoloji prinsiplərinə
vətəndaşlıq statusu gətirilmiş, digər tərəfdən
isə pedaqoji proses təcrübəsində milliliklə bəşəriliyin
vəhdət fəlsəfəsi yeni elmi-nəzəri müddəalarla
mümkün həllini tapmışdır.
Əlbəttə,
milli və ümumbəşəri dəyərlərlə əlaqələndirilən
konseptual müddəaların təhsilin inkişafı yolunda
gələcək strateji məqsəd və vəzifələrin
geniş təhlili bir daha göstərir ki, bu sahədə
nail olunmuş biliyə, təcrübəyə metodoloji
mündəricədən yanaşmaqla yanaşı, onun
hazırkı cəmiyyət üçün ideoloji bir
problematika olduğunu da istisna etmir.
Yəni, milli və
ümumbəşəri dəyərlərə həm də
respublikanın reallığı baxımından
yanaşılmalı, digər ölkələrin faydalı ənənələrinə
də biganə qalınmamalıdır.
Bu gün milli hissin və
ümumbəşəri xislətin xalqlar və dövlətlər
tərəfindən getdikcə geniş miqyasda
tanınmağı üçün yaranmış şəraitdən
faydalanmağın vacibliyini irəli sürən strategiyada
birmənalı olaraq bu problemin tarixi-müqayisəli, ideoloji
müstəvidə həlli yolları da gələcək nəslin
ideya-mənəvi tutumu üçün böyük zəmin
rolu oynayacaqdır. Çünki həm postmodern dövründə,
həm ondan əvvəlki dövrdə, həm də xüsusən
ondan sonrakı dövrdə özünüdərk
şüuru Azərbaycan vətəndaşlarında getdikcə
daha da dərinləşir; lakin heç vaxt millətçiliyə
çevrilmir. Başqa xalqların mədəniyyət
nümunələrinə xor baxmır, başqasının
torpağına göz dikmir, onu ələ keçirməyə
çalışmır.
Bunları erməni
quldurları, erməni cəlladları barədə demək
olmaz. Postmodern dövründən əvvəl də, həmin
dövrdə də, ondan sonra da erməni qaniçənləri
üçün erməni millətçiliyinin amalı
qonşu azərbaycanlıları və türkləri
qırıb-çatmaqla, salamat qalanlarını isə
ata-baba torpaqlarından qovmaqdan "burada biz
yaşamalıyıq" deməkdən ibarət olmuşdur.
Milli və ümumbəşəri
dəyərlərə verilən qiymət strategiyada yalnız
vəzifə kimi deyil, həm də proses kimi dəyərləndirilir.
Onun imkan və yollarını formalaşdırmağın
dinamik iş üsulları, metodik vəzifələri də
qabardılır. Xüsusən, bu işin ali məktəb
şəbəkələrində
reallaşdırılması imkanlarını möhkəmləndirmək
üçün əldə edilmiş biliyə, təcrübəyə
istinad etməyin zəruri şərtləri də təhsilləndirici
məzmunda öz bariz ifadəsini tapır.
Bu məqsədlə
strategiyada bir daha xatırlanır ki, "...milli mənəvi
və ümumbəşəri dəyərləri qoruyan və
inkişaf etdirən, geniş dünyagörüşünə
malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi
bacaran, nəzəri və praktiki biliklərə yiyələnən,
müasir təfəkkürlü və rəqabət qabiliyyətli
kadrlar hazırlamaq" da təhsilalanların ictimai həyata
və səmərəli əmək fəaliyyətinə
hazırlanması üçün mənəvi stimuldur.
Ümumiyyətlə,
strategiyada milli və ümumbəşəri dəyərlərlə
əlaqədar ehtiva olunan məsələləri gələcək
məqsəd baxımından belə qruplaşdırmaq olar:
milli və ümumbəşəri dəyərlərlə əlaqədar
strateji hədəflərdən biri Azərbaycanın dövlət
müstəqilliyinin tanınmasında, digəri milli təhsil
ideyalarının yaranmasında, başqa biri ümumbəşəri
əxlaqi keyfiyyətlərin möhkəmlənməsində,
milli özünüdərk prosesinin gücləndirilməsində;
azərbaycançılıq, türkçülük və
islamçılıq məfkurəsinin formalaşmasında, gələcəyin
sağlam nəslinin "fəal vətəndaş"
konsepsiyasına qoşulmasında, nəhayət, ən önəmlisi
isə milli sərvətimizə çevrilmiş ümummilli
liderimiz, ulu öndər Heydər Əliyevin zəngin ideya-mənəvi
irsinin üzə çıxarılmasında təzahür edən
prioritet istiqamətlərin öyrənilməsidir.
Beləliklə,
"Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası"nda milli və
ümumbəşəri dəyərlərlə əlaqədar
olan konseptual ideyalardan indi milli özünüdərk prosesinin
getdikcə dərinləşdiyi bir dövrdə gənc nəslin
təlim və tərbiyə prosesində ən qüdrətli
vəsilə olaraq istifadə edilməsi ümumxalq və
ümumdövlət səviyyəli bir işdir.
Bu müddəaların
elmi əsaslarını, nəzəri mühakimələrini,
ideya çalarlarını yüksək vətənpərvərlik
nümunəsi ilə əxz etmək hər kəs
üçün nəcib və şərəfli bir iş
sayılmalıdır.
Vidadi BƏŞİROV,
Azərbaycan
Dillər Universitetinin pedaqogika kafedrasının dosenti,
pedaqogika
üzrə fəlsəfə doktoru
Azərbaycan
müəllimi.- 2014.- 28 fevral.- S.10.