Təlimdə şəxsiyyətyönümlü
yanaşmanın
texnologiya, metod və üsullarından
istifadə
Şagird və
müəllimin yaradıcı
fəallığını nəzərdə tutan, hər bir məktəblinin
özünü komfort
hiss etdiyi, öyrənilən
problem üzrə öz
fikrini bildirmək imkanı olan, öz şəxsi maraqlarını, sərbəstliyini,
işdə tədqiqatçılıq
bacarığını büruzə
verən, əməkdaşlıq
atmosferini, uğurlarını
hiss edən və yaşayan dərs hazırlayıb keçmək
hər bir müəllimin arzusudur.
Mən
məktəbdə işlədiyim
uzun illər ərzində məhz bu cür dərslər
keçməyə çalışmışam. Belə dərslərin hazırlanması
və keçilməsi metodikasını mənimsəməkdə
mənə təlim və tərbiyəyə, şəxsiyyətyönümlü
yanaşmanın zəngin xüsusiyyət və
imkanlarını öyrənmək çox
kömək edib.
Mütəxəssislər
şəxsiyyətyönümlü dərsə verilən əsas
tələblərdən danışarkən məktəblilərin
idrak fəallığı üçün şəraitin
yaradılmasını onun əsas məqsədi
hesab edirlər. Belə dərsdə uğur qazanmağa imkan verən vasitələri, metod
və üsulları isə müəllim özü
fikirləşməli və seçməlidir. Bu zaman o öz şagirdlərinin
yaş, psixoloji, fərdi
xüsusiyyətlərini, sinfin
hazırlıq səviyyəsini bilməli, peşəkarlığını,
intuisiya və yaradıcılıq
potensialını işə salmalıdır. Şəxsiyyətyönümlü
dərslərin öz təcrübəmdə
mənimsədiyim və sınaqdan
çıxardığım, dərsin məqsəd və
vəzifələrini yerinə yetirməyə, onun nəticəliliyinə nail
olmağa imkan verən
bəzi forma, metod və
üsulları üzərində dayanmaq
istərdim.
Motivasiya. Üzərində həmişə diqqətlə
düşündüyüm ən mühüm məqamlardan biri
şagird fəaliyyətinin
motivasiyasıdır. Şagirdlər bu və
ya digər materialı nə üçün öyrəndiklərini
aydın başa düşməli, dərsdə
öz işinin əhəmiyyətini
və nəticələrini dəqiq təsəvvür etməlidirlər. İmkan daxilində yönəldici suallar, xüsusi
tapşırıqlar vasitəsi ilə onları dərsin məqsədi
və vəzifələrini sərbəst ifadə etmələrinə
gətirib çıxarıram.
Məsələn, məşğələnin
mövzusunu elan etdikdən
sonra soruşuram:
- Necə düşünürsünüz, mövzu nə üçün
belə səslənir?
- Sizin
fikrinizcə, bugünkü dərsdə
söhbət nədən gedir?
- Siz
öz qarşınıza hansı vəzifələri
qoymusunuz?
- Bugünkü
dərsdən aldığınız biliklər sizə harada lazım ola bilər?
Suallar dərsin
mövzusu, tipindən
asılı olaraq digər variantlarda da ola bilər. Lakin nəticə birdir: şagirdlər öyrənilən
materialın əhəmiyyətini
başa düşərək
ona xüsusi maraq göstərir, diqqətlə işləməyə
başlayırlar. Dərsin
sonunda isə hökmən uşaqlarla təkcə nə öyrəndiklərini deyil,
həm də nəyin onların xoşuna gəldiyini və ya gəlmədiyini,
hansı iş növlərini yenə də yerinə yetirmək, nəyi isə dəyişmək istədiklərini müzakirə
edirəm. Çalışıram ki, öz fikrini bildirmək istəyən hər kəsə, hətta onun fikri müəllimin
fikri ilə eyni olmasa da,
imkan yaradım.
Şagirdlərin
şəxsi təcrübəsi. Şəxsiyyətyönümlü dərsin ən mühüm aspektlərindən
biri məktəblilərin
şəxsi, subyektiv təcrübəsinə istinad etməkdir.
Dərsdə şagirdə təqdim
olunan elmi informasiya o vaxt möhkəm fərdi biliyə çevrilir ki, onu şagird
özünün və
ya yaxşı tanıdığı adamın,
məsələn, müəllimin
şəxsi həyat təcrübəsindən "keçirsin".
Assosiativ,
obrazlı təfəkkür
əsasında qurulan sual və tapşırıqlar
isə öyrənilən
obyekti aydın, dərkedilən edir.
Bu baxımdan IX sinifdə "Tənəffüs
hərəkətləri" mövzusunda keçdiyim fəal dərsin bəzi məqamlarını
diqqətə çatdırmaq
istəyirəm.
Dərsin
əvvəlində canlıların
həyatında oksigen
qazının əhəmiyyətindən
danışıram. Şagirdlər hələ VI sinif
botanika kursundan oksigenin bitkilərdə fotosintez nəticəsində
yarandığını bilirlər.
Bu bilikləri yada saldıqdan sonra slayd və
tablolar təqdim olunur. Tədqiqat sualı müəyyənləşdirilir.
"Beyin həmləsi"
üsulundan istifadə
edərək aşağıdakı
tədqiqat sualını
verirəm: Tənəffüs
dayanarsa, canlıların
həyatında nə
baş verər?
Qrup
işindən istifadə
edirəm. Qruplara tədqiqat
sualına cavab verməyə kömək
edəcək müxtəlif
çalışmalar verirəm.
I qrup. Tənəffüs orqanlarının təkamülü.
II qrup. Tənəffüs hərəkətlərində qabırğa və diafraqmanın rolu.
III qrup. Ağ ciyərlərdə qaz mübadiləsi və qan dövranı arasında əlaqə.
IV qrup. Ağ ciyərlərin həyat tutumu.
Sonra
qrup üzvlərindən
biri təqdimat edir. Qruplar bir-birinin işi ilə tanış
olur. Təqdimatdan alınan cavablara əsasən sinfə suallar verirəm:
Ağ
ciyər parçasını
suya atdıqda nə üçün batmır?
Nəfəsalma və
nəfəsvermə aktının
baş verməsi zamanı ağ
ciyərdə və atmosfer havasında təzyiq necə dəyişir?
Sakit
nəfəsalma və
nəfəsvermə zamanı
qazların miqdarının
dəyişməsinə aid hesablama tipli testlər qruplara təqdim olunur. Cavablar hazır şablonlarla yoxlanılır, ümumi nəticə çıxarılır.
Konkret
meyarlara əsasən qiymətləndirmə aparılır. Şagirdlər bu meyarlarla əvvəlcədən tanış olurlar.
Refleksiya mərhələsində isə
şagirdlər:
1.Tənəffüs
orqanlarının təkamülu haqqında nə öyrəndik?
2.Tənəffüs hərəkətləri
olmazsa, nə baş
verər?
3.Əlavə, ehtiyat, qalıq hava nədir
və s. kimi
sualları cavablandırırlar.
Şəxsiyyətyönümlü
dərsdə ev
tapşırıqlarına da xüsusi diqqət yetirirəm. Elə edirəm ki,
tapşırıq şagirdlərdə yüklənməyə
səbəb olmasın.
Mətanət ƏLİYEVA,
Bakıdakı 253 nömrəli tam
orta
məktəbin biologiya
müəllimi
Azərbaycan
müəllimi.- 2014.- 28 fevral.- S.10.