Azərbaycanlı alim dünyanın görkəmli
alimlərinin
siyahısında yer alıb
Dünyanın ən nüfuzlu elm
jurnallarından hesab olunan
"Tompson Röyter" beynəlxalq miqyasda tanınan
və elmi
məqalələrindən ən çox sitat gətirilən görkəmli alim-tədqiqatçıların
siyahısını dərc edib. Bütün dünya
üzrə 3215 alimin yer
aldığı siyahıda Azərbaycan təhsilinin yetirməsi,
Bakı Dövlət Universitetinin məzunu,
hazırda ABŞ-ın Kaliforniya
ştatının Birləşmiş Genom
İnstitutunun enerji
şöbəsində çalışan Asəf Salamov da var. Nobel
mükafatı laureatlarının da yer aldığı siyahıda Asəf Salamov 2 istiqamət - kimya-biologiya və
biologiya, eləcə də bitki və zoologiya elmləri
üzrə ən çox sitat
gətirilən alimlərdən biridir.
Asəf Salamov 1961-ci ildə Bakı şəhərində anadan
olub. 1983-cü ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirib. O, təyinatla
akademik Cəlal Əliyevin rəhbərlik
etdiyi Fiziki-Kimyəvi Biologiya Sektorunun biotexnologiya qrupuna göndərilib. Müəyyən müddət hazırlıqdan
sonra Novosibirsk şəhərinə,
SSRİ EA-nın Sitologiya
və Genetika İnstitutuna göndərilib.
1987-1990-cı illərdə
Sitologiya və Genetika İnstitutunun aspirantı olub. 1991-ci ildə "Qlobulyar zülalların ikincili quruluşunun təkamülü" mövzusunda
dissertasiya işini böyük müvəffəqiyyətlə
müdafiə edərək
biologiya elmləri namizədi alimlik dərəcəsi alıb.
1991-1993-cü illərdə
AMEA Botanika İnstitutunda
riyazi biologiya qrupunda çalışıb.
1993-1996-cı illərdə ABŞ-ın Texas Beylor Tibb Kollecində,
1997-1998-ci illərdə Yaponiyada
Heliks Tədqiqat İnstitutunda, 1998-2000-ci illərdə
Birləşmiş Krallığın
Kembric şəhərində
yerləşən Senger
İnstitutunda, 2000-2002-ci illərdə
ABŞ-ın Kaliforniya
ştatının San-Fransisko
şəhərində biotexnologiya
kompaniyasında işləyib.
2002-ci ildən bu günə qədər ABŞ-ın Birləşmiş Genom İnstitutunda çalışır.
Məşğul olduğu sahə
riyaziyyat və kompüter elmlərinin molekulyar biologiyada və əsasən də makromolekulların öyrənilməsində tətbiqidir.
Asəf Salamov 65-dən
çox elmi məqalənin müəllifidir.
Onun məqalələri dəfələrlə
yüksək impakt-faktora
malik çox nüfuzlu "Nature", "Science" jurnallarında dərc olunub. O, həmçinin
"İnsan genomu"
üzrə beynəlxalq
layihənin iştirakçısı
olmuş yeganə azərbaycanlı alimdir.
Adıçəkilən siyahıda ABŞ-dan 1717, Böyük Britaniyadan 340,
Almaniyadan 164, Çindən
160, Fransadan 100, İsraildən
10 alimin adı yer alıb. Həmyerlimizin dünyanın
ən nüfuzlu elm jurnallarından hesab olunan "Tompson
Röyter"in reytinq
siyahısında yer alması təhsil və elmimizin növbəti uğuru kimi qiymətləndirilə
bilər.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2014.- 4 iyul.- S.3.