Dövlət
maraqlarının müdafiəsində
vətəndaş təəssübkeşliyi
Fonda 10 il ərzində Mehriban Əliyeva rəhbərlik edir. Onun rəhbərliyi ilə Fond nəinki Azərbaycanda, eyni zamanda regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilmişdir. Mehribanın rəhbərliyi ilə bir neçə istiqamət üzrə konkret proqramlar icra edilmişdir. Bir çox hallarda Fondun təşəbbüsləri bir qədər sonra həm ictimai təşkilatlar, eyni zamanda dövlət qurumları tərəfindən dəstəklənmiş və bir növ dövlət proqramına çevrilmişdir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
"İstər UNESCO-nun Xoşməramlı səfiri kimi, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm... Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir" - deyən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva gördüyü işin haqlı, xeyirli və lazımlı olduğuna daxilən inanır, öhdəsinə götürdüyü müstəqil vəzifəni uğurla yerinə yetirir. Həmişə öz ləyaqətini saxlamağı, özünə və prinsiplərinə sadiq olmağı həyat devizinə çevirən Xoşməramlı səfirin qarşısına qoyduğu ən ali məqsəd - doğma xalqına, Vətəninə xidmət etmək prinsipi onun çoxşaxəli fəaliyyətinin əsas prioritet istiqaməti kimi dəyişməz olaraq qalır.
Ümummilli liderin zəngin irsinin
qorunub saxlanması, gələcək nəsillərə
çatdırılması kimi müqəddəs
bir vəzifəni mühüm
istiqamət kimi götürən Heydər
Əliyev Fondu ölkəmizin ictimai həyatının demək olar ki, bütün
sahələrində fəal iştirak edir. Müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adını
daşıyan Fond fəaliyyətə
başladığı 10 il ərzində
böyük uğurlara
imza atır. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın özü
isə bu uğuru belə
xarakterizə edir: "Bizim
ən böyük nailiyyətimiz və uğurumuz Azərbaycan xalqının
inamını və etimadını
qazanmağımızdır. Bu, əvəzsiz
bir mükafatdır".
Azərbaycan dövləti
və cəmiyyətinin böyük dəstəyini
alan Mehriban
Əliyevanın ədalət və humanizm
prinsiplərinə söykənən səmərəli fəaliyyəti
nüfuzlu beynəlxalq təşkilatların
da diqqət mərkəzindədir. Təsadüfi
deyildir ki, bir çox fəxri ad və mükafatlara layiq görülən Azərbaycanın birinci xanımı 2014-cü ilin
"Ən nüfuzlu qadını" elan olundu. Fransada və ərəb
dünyasında tələbələr, jurnalistlər və internet şəbəkəsi istifadəçiləri
arasında Ərəb Mədəni İrs
Mərkəzi və Misirin "Nefertiti Media Productions" şirkətinin birgə keçirldiyi sorğunun nəticələri
bunu təsdiq etdi.
Mehriban
Əliyeva bu ada UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətinə, həmçinin mədəniyyətin
təbliği və beynəlxalq mədəniyyət
mübadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və
ekologiyanın inkişafı işinə verdiyi
töhfələrə görə layiq görülüb.
Xoş niyyətin ünvanı
"Ömür
boyu mənim həyat amalım belə olmuşdur ki, etmək istədiyin
yaxşılığı heç vəchlə
gözə çarpdırmaq olmaz. İndi mən bundan, demək
olar ki, məhrumam. Birinci xanım statusunda mən
elə bir xeyriyyə aksiyası keçirə
bilmirəm ki, o,
ictimaiyyətin diqqətini cəlb etməsin".
Heydər
Əliyev Fondunun prezidenti
Mehriban Əliyeva xeyriyyəçilik fəaliyyətində
insanın iştirakının vəzifəsindən və maddi vəziyyətindən asılı
olmaması qənaətini bütün cəmiyyətə
açıq şəkildə bəyan etməklə əsl mərhəmət
nümunəsi nümayiş etdirir. Azərbaycanın
birinci xanımının şəxsi təşəbbüskarlığı
və böyük səyləri sayəsində
son illərdə ölkəmizdə
xeyriyyəçilik institutu inkişaf etməyə başlayıb.
Şəfqət,
başqasının halına yanmaq, xeyirxah işlər görməyə
çalışmaq və səxavət kimi
keyfiyyətləri xalqımızın ən mühüm
həyati dəyərləri kimi qiymətləndirən
Mehriban Əliyeva İslamın da, digər dünya dinlərin
də təbliğ etdiyi bu mənəvi
prinsipləri vacib sayır, ehtiyacı olan insanlara kömək
etməkdən, fiziki yorğunluğunun
mənəvi məmnunluqla ödənilməsindən
rahatlıq tapır.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu
sahədə çoxcəhətli və səmərəli fəaliyyəti
təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox-çox
uzaqda da geniş ictimai əks-səda
doğurub. Xoşməramlı səfir
genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə
görə "Qızıl ürək" mükafatına
və "Yüzilliyin mesenatları"
Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut xaç" ordeninə
layiq görülüb.
Valideyn himayəsindən məhrum olmuş
uşaqların taleyinin dövlət
orqanlarının fəaliyyəti ilə yanaşı, beynəlxalq
qurumların, qeyri-hökumət, vətəndaş cəmiyyəti
təşkilatlarının, bizim hər birimizin fəallığından asılı
olmasını önə çəkən Heydər Əliyev
Fondunun prezidenti bu problemə
biganə qalmamağı ciddi məsələ
kimi ortaya qoyur. Elə bu səbəbdəndir
ki, Mehriban
Əliyevanın rəhbərlik etdiyi Fond yarandığı ilk
gündən dövlət müəssisələrində tərbiyə
olunan, valideyn himayəsindən
məhrum olmuş uşaqların taleyini daim diqqətdə
saxlayır.
Əsas
fəaliyyətini əhalinin ən həssas təbəqəsinin,
əsasən - qaçqın və məcburi
köçkünlərin, aztəminatlı ailələrin
uşaqlarının, eləcə də uşaq
və internat evlərində tərbiyə
olunan uşaqların həyat səviyyəsinin
yaxşılaşdırılmasına yönəldən Fond
ağır xəstəliklərdən əziyyət çəkən
uşaqlara da
qayğını əsirgəmir.
Heydər
Əliyev Fondunun təşəbbüsü
ilə tikilərək Bakıda 2009-cu ildə istifadəyə
verilmiş Talassemiya Mərkəzi
bu xəstəliyə düçar
olan uşaqların və onların
valideynlərinin ümid yerinə çevrilmişdir. Ötən il Milli Məclisin
deputatı Mehriban Əliyevanın
iştirakı ilə fiziki qüsurlu uşaqlar üçün "Qayğı" reabilitasiya mərkəzinin
açılışı Azərbaycanın birinci
xanımının bu sahəyə diqqət
və qayğısının daha bir bariz nümunəsidir.
Təhsilə dəstək
Ölkəmizin
dünya təhsil sisteminə
inteqrasiyasını, gənc nəslin biliklərə yiyələnməsini,
vətəndaşlar üçün bərabər
təhsil imkanlarının yaradılmasını prioritet istiqamət kimi
müəyyənləşdirmiş Heydər Əliyev Fondu bu sahədə bir sıra proqram və
layihələr həyata keçirir. Fondun "Uşaq evləri və internat məktəblərinin
inkişafı", "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək"
layihələri uğurla icra
edilməklə tez bir
zamanda yüksək nəticələrə
gətirib çıxardı. Bu təşəbbüslərə
dövlət, vətəndaş cəmiyyəti, özəl
sektor tərəfindən böyük
dəstək verildi. Son
10 ildə respublikada ümumilikdə 2 min 700 yeni məktəb
binası tikildi və ya
təmir olundu.
Fondun ən iri layihəsi olan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı 2005-ci ilin iyun ayında start götürdü. Təhsilin
inkişafına yönələn bu proqram ölkənin bütün
bölgələrində geniş vüsət
aldı. 2006-cı il aprelin
6-da Proqramın ikinci mərhələsinin təqdimatına həsr olunmuş
"dəyirmi masa"da
Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyeva ötən dövrə
nəzər saldı: "Bizim məqsədimiz
yeniləşən təhsil sisteminə yardım etmək, müasir təhsil komplekslərinin
yaradılması, ölkəmizin hər bir
yerində, ən ucqar kəndində də
məktəbə gedən hər bir şagird üçün
normal, gözəl şərait
yaradılması idi. Bununla
yanaşı, biz təhsildə olan problemlərə bütün
cəmiyyətimizin diqqətini cəlb etməklə,
bunların həllində fəal iştiraka
dəvət edirdik... Bizi dəstəkləyən,
təşəbbüsümüzə qoşulan
insanların və Heydər Əliyev Fondunun
birgə səyləri nəticəsində "Yeniləşən
Azərbaycana yeni məktəb"
proqramının ilk mərhələsi çox böyük uğurla başa
çatdı. Ötən il ərzində
ölkəmizin 52 rayonunda 132 yeni məktəb inşa olunub istifadəyə verildi,
ən müasir avadanlıqla təmin edildi. 22 mindən artıq yeni
şagird yeri
açıldı".
Azərbaycanda məktəbəqədər
təhsil müəssisələrində mövcud
vəziyyət və bu sahənin inkişaf etdirilməsi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın daim
diqqət mərkəzindədir. Bu ilin fevralında Azərbaycanın birinci xanımının rəhbərliyi ilə
Fondun məktəbəqədər təhsil
müəssisələrinin inkişafı proqramının təqdimatı
oldu. Təqdimat mərasimində
çıxış edən M.Əliyeva Fond
tərəfindən icra edilən digər
layihələr kimi, bu
layihənin də uğurlu
olacağına, ölkəmizdə sosial
problemlərin həllinə öz köməyini
göstərəcəyinə inamını ifadə etdi.
Həqiqət zəfər çalacaq
Azərbaycanın
öz ərazi bütövlüyünü
bərpa edəcəyinə və həqiqətin zəfər
çalacağına inanan Mehriban Əliyevanın qarşısına qoyduğu ən mühüm
məsələlərdən biri Ermənistan
- Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə
çatdırmaqdır. 2012-ci il
oktyabrın 27-də Heydər Əliyev Fondunun
təşəbbüsü və ölkəmizin Fransadakı
səfirliyinin dəstəyi ilə Parisdə keçirilən
Azərbaycan - Fransa diplomatik
əlaqələrinin qurulmasının 20 illiyinə həsr olunmuş təntənəli mərasimdə
Xoşməramlı səfir ən ağrılı
problemlərimizi bir daha
diqqətə çatdırdı: "Dünya birliyi tərəfindən
Azərbaycanın ayrılmaz hissəsi kimi
tanınan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon uzun illərdir ki, Ermənistanın hərbi təcavüzünə
məruz qalmışdır. Ölkəmizin ərazisinin 20 faizi işğal
altındadır, bir milyon
azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşayır.
Azərbaycan münaqişənin beynəlxalq hüquq
normaları əsasında tezliklə həllinin tərəfdarıdır.
BMT-nin Təhlükəsizlik
Şurasının dörd qətnaməsi
icra olunmalıdır və ölkəmizin
ərazi bütövlüyü bərpa
edilməlidir".
Azərbaycanın
birinci xanımı bu istiqamətdə fəaliyyətini
genişləndirərək erməni millətçilərinin
təcavüzü nəticəsində torpaqlarımızdan
didərgin düşmüş
soydaşlarımızın qaçqın və məcburi köçkün düşərgələrində
yaşadıqları şəraitlə tanış olmaq məqsədi
ilə Xoşməramlı səfirləri Bakıya dəvət
etdi.
Heydər
Əliyev Fondunun prezidenti
Mehriban Əliyeva Azərbaycanın işğal altında olan
ərazilərdəki tarix və mədəniyyət
abidələri, onların ermənilər tərəfindən
dağıdılması ilə bağlı məsələləri
də ciddi şəkildə ortaya qoyur. Xoşməramlı səfirlərin illik və Avropa regionu üzrə toplantılarında
M.Əliyeva həmkarlarının diqqətini bu
tarixi ədalətsizliyə qarşı
yönəltmişdir: "Erməni təcavüzkarlarının
Azərbaycan torpaqlarının zəbt etdiyi
beşdə bir hissəsində Azərbaycan
mədəniyyətinin korifeyləri Üzeyir
Hacıbəyovun və Bülbülün
ev-muzeylərinin, Xocalı - Gədəbəy mədəniyyətinə
aid abidələrin, Azıx
mağarasının və s. abidələrin
qaldığını qeyd etmək
lazımdır".
Prezident İlham Əliyev Azərbaycanın
dünya birliyində təbliğ edilməsi,
Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin geniş mənada
beynəlxalq ictimaiyyətə çatdırılması
istiqamətində Heydər Əliyev Fondunun
rolunu yüksək qiymətləndirir:
"Bu Fond sübut etmişdi ki, əgər istək olarsa,
əgər iradə olarsa və əgər
xoş niyyət olarsa,
istənilən sahədə istənilən məsələ
həll oluna bilər. Bu
Fondun çoxşaxəli fəaliyyətini
əgər bir sözlə xarakterizə
etmək mümkündürsə, mən "xoş
niyyət" deyərdim".
Bütün bu deyilənlər, eləcə
də aparılan müşahidə və təhlillər
göstərir ki, Mehriban
xanım Əliyevanın fəaliyyəti dövlət
maraqlarının müdafiəsində vətəndaş təəssübkeşliyinə
ən parlaq nümunədir.
Sarvan İBRAHİMOV,
"Azərbaycan müəllimi"
Qeyd: "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul Milli Mətbuatın yaranmasının 139 illiyi ilə əlaqədar elan etdiyi müsabiqəyə təqdim etmək üçün"
Azərbaycan müəllimi.- 2014.- 4 iyul.- S.4.