Tələbə Elmi Cəmiyyəti haqqında Nümunəvi
ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. Tələbə
Elmi Cəmiyyəti (bundan
sonra - TEC) elmi tədqiqat
və elmi-təşkilati işlərində fəal iştirak edən ali təhsil
pilləsinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsili sahəsində isə ali tibb təhsili müəssisələrində
və rezidenturada təhsil alan
tələbələrin könüllü
ictimai təşkilatıdır.
1.2. TEC ali təhsil müəssisəsinin rəhbərliyinə
tabedir və müəssisənin Elmi Şurası qarşısında hesabat verir.
1.3.TEC öz fəaliyyətində
elm və təhsil sahəsində müvafiq normativ-hüquqi
aktları, "Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanununu, "Ali təhsil müəssisəsində təhsilalanların
elmi tədqiqat işinin
təşkili haqqında Əsasnamə"ni, ali
təhsil müəssisəsinin Nizamnaməsini və bu Nümunəvi Əsasnaməni rəhbər tutur.
1.4.Bu Nümunəvi
Əsasnamə hər bir ali
təhsil müəssisəsində fəaliyyət göstərən
TEC üçün fərdi əsasnamənin
hazırlanmasında əsas hesab olunur.
2. TEC-in məqsəd və vəzifələri
2.1. TEC-in əsas məqsədi ali təhsilli mütəxəssislərin
hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə
yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata
keçirilməsi, elmi-texniki
potensialın qorunub saxlanılması və
təhsilalanların elmi tədqiqat fəaliyyətinin
yeni sosial-iqtisadi şəraitə
uyğunlaşdırılmasında ali
təhsil müəssisələrinin işinə kömək
etməkdən ibarətdir.
2.2. TEC-in
vəzifələri aşağıdakılardır:
2.2.1. tələbələrin
elmi tədqiqat fəaliyyətinə cəlb
edilməsi və bu fəaliyyətin təşkil
olunması;
2.2.2. elm, təhsil və təcrübənin vəhdəti
prinsipinə əsaslanaraq tələbələr arasında elmi yaradıcılığın müxtəlif
formalarının təbliğ edilməsi, həmin formalara və fundamental tədqiqatların
aparılmasına gənclərin marağının
artırılmasına köməklik göstərilməsi;
2.2.3. tələbələrdə tədqiqatçılıq
fəaliyyətinə və elmi metodların öyrənilməsinə
motivasiyanın yaradılması, tədris materiallarının
dərindən və yaradıcı şəkildə mənimsənilməsinə
köməklik göstərilməsi;
2.2.4. tədqiqatçılıq fəaliyyətinin
köməyi ilə tələbələrdə seçilən
peşəyə yaradıcı münasibətin formalaşdırılması;
2.2.5. tələbələrə elmi-texniki və
iqtisadi məsələlərin müstəqil həlli
yollarının üsul və vasitələrinin öyrədilməsi;
2.2.6. istedadlı gənclərin məqsədyönlü
şəkildə elmi tədqiqat və elmi-təşkilati
işinə, yüksək texnologiyaların mənimsənilməsinə
cəlb edilməsi;
2.2.7. elmi və elmi-pedaqoji kadr
hazırlığı sistemi üçün perspektivli gənclərin
seçilməsi və onların tədqiqatçılıq
fəaliyyətinə hazırlanması;
2.2.8. digər ali təhsil müəssisələrinin
TEC-ləri ilə əməkdaşlığın həyata
keçirilməsi, tələbə elmi tədqiqat işinin təşkilinə
dair mütərəqqi müasir forma və metodların tələbələrin
elmi tədqiqat işinə (bundan sonra -TETİ) tətbiq edilməsi;
2.2.9. müxtəlif səviyyəli tədbirlərin
- elmi seminar və konfranslar, tələbə elmi işlərinə,
habelə kurs, buraxılış, dissertasiya işlərinə
baxış müsabiqələri, müxtəlif ixtisas və
fənlər üzrə olimpiadalar, diskussiya klubları,
simpoziumlar, tanınmış alimlərin seminar və
mühazirələrinin dinlənilməsi və s. tədbirlərin
təşkili və keçirilməsində tələbələrin
iştirakının təmin edilməsi;
2.2. 10. tələbələrin elmi tədqiqat
işlərinin nəşrə hazırlanması;
2.2.11. innovasiya biznesi və sahibkarlıq vərdişlərinin
formalaşması məqsədilə tələbələrin
innovasiya fəaliyyətinə cəlb edilməsinə köməklik
göstərilməsi;
2.2.12. tələbələrin elmi mərkəzlər,
texnoparklar, ideya inkubatoru və s. müəssisələrdə
aparılan işlərə (o cümlədən ödənişli)
cəlb edilməsi;
2.2.13. ali məktəbdaxili və ali məktəbdənkənar
elmi tədbirlər haqqında məlumatların
toplanılması, yayılması və ali təhsil müəssisəsinin
internet səhifəsində yerləşdirilməsinin təşkil
edilməsi.
3. TEC-in strukturu
3.1. TEC-in strukturu,
üzvlük qaydaları və
ayrı-ayrı struktur vahidlərinin
formalaşdırılması prinsipi, fəaliyyətinin
konkret şərtləri "Ali təhsil müəssisəsində təhsilalanların
elmi tədqiqat işinin
təşkili haqqında Əsasnamə"yə, habelə ali təhsil müəssisəsinin Nizamnaməsinə
uyğun olaraq müəyyən
edilir.
3.2. TEC-in strukturuna aşağıdakılar
daxildir:
- kafedra
nəzdində fəaliyyət
göstərən tələbə
elmi dərnəkləri;
- elmi dərnəkləri
profil üzrə birləşdirən gənc
alimlər birliyi (bölmələri);
- hər kursda (potokda) təhsilalanların
elmi işinə cavabdeh olan TEC-in kurs (potok) bölmələri;
- TEC-in fakültə bölmələri.
3.3. Tələbələrin və gənc alimlərin elmi fəaliyyətini birləşdirmək
və əlaqələndirmək
məqsədi ilə ali təhsil
müəssisəsində yaradıcılıq
birlikləri təşkil
oluna bilər.
4. TEC-in işinin təşkili
4.1. Ali təhsil müəssisəsinin
TEC-nin ali
orqanı TEC-in konfransıdır.
TEC-in yaradılması və yenidən təşkili TEC konfransının
qərarı əsasında
həyata keçirilir.
Konfranslararası müddətdə TEC-in fəaliyyətinə rəhbərlik
konfransda seçilən
TEC-in Şurası tərəfindən
həyata keçirilir.
4.2. TEC-in konfransı ildə bir dəfə
TEC-in iş planına
uyğun olaraq çağırılır. TEC-in konfransı TEC-in üzvlərinin
yarıdan çoxunun
konfransın işində
iştirak etdiyi halda səlahiyyətli hesab edilir. TEC-in Şurasının və ya TEC-in üzvlərinin 50 faizinin qərarı əsasında
konfrans növbədənkənar
çağırıla bilər.
4.3. TEC-in konfransının qərarları gizli və ya açıq
səsvermə yolu ilə iştirakçıların
səs çoxluğu
ilə qəbul edilir.
4.4. Ali təhsil müəssisəsi
TEC-nin Əsasnaməsinin
qəbul edilməsi, Əsasnaməyə
dəyişikliklər və əlavələrin
daxil edilməsi, TEC-in
Şura üzvlərinin
seçilməsi, TEC-in fəaliyyət
planı və proqramlarının təsdiq
edilməsi TEC-in konfransının
müstəsna hüquqlarına
aiddir.
4.5. TEC-in Şurası TEC-in idarə olunmasını həyata keçirən və seçkilərarası
daimi fəaliyyət göstərən kollegial
orqandır. TEC-in Şurası,
tərkibinə 11-21 nəfər
daxil olmaqla birillik müddətə seçilir və tələbələrin elmi
tədqiqat işinin təşkili ilə əlaqədar ali
təhsil müəssisəsinin
qarşısında duran
məsələlərin yerinə
yetirilməsini təşkil
edir, səlahiyyətləri
çərçivəsində bütün işlərin
gedişinə nəzarəti
həyata keçirir,
TEC-in işini planlaşdırır
və əlaqələndirir.
4.6. TEC-in Şurasına təhsil, elmi tədqiqat və elmi-təşkilati işlərdə
aktiv fəaliyyəti ilə fərqlənən
gənclər və müəllimlər seçilir.
4.7. TEC-in Şurasının sədri Şuranın birinci iclasında onun üzvləri sırasından seçilir
və ali
təhsil müəssisəsinin
TEC-nin fəaliyyətinə
növbəti konfransa
qədər rəhbərlik
edir. TEC-in Şurasının
sədri ali
təhsil müəssisəsinin
Elmi Şurasının
tərkibinə daxil edilir.
4.8. TEC-in Şurasının sədri TEC-in Şurasının
qərarlarının yerinə
yetirilməsini təşkil
edir və onlara nəzarəti həyata keçirir, ali təhsil müəssisəsinin Elmi
Şurasının qarşısında
cari tədris ilində TEC-in fəaliyyəti
haqqında hesabatla çıxış edir və TEC-i digər
müəssisələrdə etibarnaməsiz təmsil edir.
4.9. TEC-in Şurası tədris ilinin yekunlarına görə elmi tədqiqat işində yüksək
nəticələr əldə
etmiş tələbələrin
rəğbətləndirilməsi barədə rektor qarşısında vəsatət
qaldıra bilər.
4.10. TEC-in fəaliyyəti ali təhsil
müəssisəsinin illik
tədbirlər planı
və özünün
iş planı əsasında həyata keçirilir.
4.11. Tədris proqramlarına
və elmi tədqiqat işlərinə
qoyulan tələblərə
cavab verən kurs və buraxılış
işləri, yaxud
TEC-in iş planına
uyğun olaraq dərsdənkənar vaxtda
yerinə yetirilən tələbə elmi tədqiqat işləri (məqalə, məruzə,
tezis) müxtəlif müsabiqələrə və
konfranslara təqdim oluna bilər.
4.12. Ali təhsil müəssisəsinin
Elmi Şurasının
tapşırığına əsasən TEC-in və onun struktur bölmələrinin
elmi fəaliyyətini
professor-müəllim heyəti
sırasından seçilmiş
və rektorun əmri ilə təyin edilmiş TEC-in elmi rəhbəri əlaqələndirir.
4.13. TEC-in fəaliyyətinə tələbələrin elmi
rəhbəri və ya məsləhətçisi
olan müəllimlər
və elmi işçilər cəlb
edilir.
4.14. TEC-in üzvlərinin fəaliyyəti kafedra və fakültələrdə
yaradılan TEC-in struktur
bölmələrində professor-müəllim heyətinin tərkibindən seçilmiş
elmi rəhbərin rəhbərliyi ilə həyata keçirilir.
4.15. TEC-in fəaliyyətinin nəticələri hər
il TEC-in konfransında
təhlil olunur və ali təhsil
müəssisəsinin Elmi
Şurasının iclasında
müzakirə edilir.
4.16. TEC-in qarşısında duran məsələlərin
vaxtında və yüksək səviyyədə
yerinə yetirilməsinə
TEC-in Şurasının sədri
və elmi rəhbəri məsuliyyət
daşıyırlar.
5. TEC-ə
üzvlük qaydaları,
TEC-in üzvlərinin hüquq və vəzifələri
5.1. Tədris planını
müvəffəqiyyətlə yerinə yetirən və fəal elmi tədqiqat işi ilə məşğul olan tələbələr
TEC-in üzvü ola bilərlər.
5.2. TEC-ə yeni üzvlərin
qəbul edilməsi tələbələrin elmi
işinə rəhbərlik
edən bir müəllimin (elmi dərnəyin və ya gənc alimlər
birliyinin rəhbərinin)
rəyi əsasında
TEC-in Şurası tərəfindən
həyata keçirilir.
5.3. TEC-in üzvlərinin hüquqları aşağıdakılardır:
- TEC tərəfindən keçirilən bütün
tədbirlərdə iştirak
etmək;
- TEC-in orqanlarının formalaşmasında, konfranslarının
işində iştirak
etmək;
- TEC-in və onun
struktur bölmələrinin
fəaliyyətinə dair
rəy və təkliflərini bildirmək;
- TEC-in fəaliyyətinə dair informasiya əldə etmək;
- TEC-in Şurasına seçmək və seçilmək;
- yerli və beynəlxalq qrant proqramlarında iştirak etmək;
- TEC-ə üzvlüyünü öz xahişi ilə
dayandırmaq.
5.4. TEC-in üzvlərinin vəzifələri aşağıdakılardır:
- təhsil aldığı ali təhsil müəssisəsinin
Nizamnaməsinin və
"Ali təhsil müəssisəsində
təhsilalanların elmi
tədqiqat işinin təşkili haqqında Əsasnamə"nin tələblərinə
riayət etmək;
- elmi tədqiqat işinin aparılmasında və tədqiqat metodlarının
öyrənilməsində fəallıq göstərmək;
- TEC-in fəaliyyətində və keçirdiyi tədbirlərdə iştirak
etmək;
- TEC-in rəhbər orqanları
tərəfindən qəbul
olunan qərarları yerinə yetirmək;
- təhsil aldığı ali təhsil müəssisəsinin
nüfuzunu yüksəltmək.
6. TEC-in ali təhsil
müəssisəsinin digər
struktur bölmələri
ilə qarşılıqlı
əlaqələri
6.1. Ali təhsil müəssisəsinin
TEC-i:
6.1.1. Elmi Şuranın
elmi katibindən Elmi Şuranın iclaslarında müzakirəyə
çıxarılacaq sənədlərin
təqdimolunma tarixi haqqında məlumat alır;
6.1.2. elmi hissədən
və ya elmi-təşkilati şöbədən
həmin müəssisədə
və digər təşkilatlarda keçiriləcək
elmi tədbirlər haqqında məlumat, elmi tədbirlərin keçirilməsi və kargüzarlığın aparılmasına
dair metodiki göstəriş və təlimatlar alır; elmi hissəyə (şöbəyə) TEC-in elmi
işləri və tədbirlərinin illik tematik planını, habelə keçirilmiş
tədbirlərin nəticələri
haqqında hesabatı
təqdim edir;
6.1.3. maliyyə xərcləri tələb
olunan TEC-in illik tematik tədbirlər planını və ona uyğun xərclər smetasını
mühasibatlığa təqdim
edir;
6.1.4. informasiya-analitik şöbədən elmi-informasiya
proqramları haqqında
məlumatlar alır; digər təşkilatlar tərəfindən keçirilən
elmi tədbirlərdə
və müsabiqələrdə
TEC-in iştirakı haqqında
məlumat təqdim edir;
6.1.5. TEC-in iş planı
barədə Tələbə
Şurasını məlumatlandırır;
elm və təhsil məsələlərinə dair
birgə ictimai aksiyalarda iştirak edir;
6.1.6. fakültə Elmi
şuralarından və
dekanlıqlardan elmi tədqiqat proqramlarında
iştirak haqqında təklif, elmi tədbirlərin planlarını
və TEC-in fəaliyyətinə
dair qərarları əldə edir; həmin strukturlara TEC-in tədbirlər planını,
mükafatlandırmaya təqdim
olunan tələbələrin
siyahısını, fakültə
TEC üzvlərinin elmi
işi haqqında hesabatı təqdim edir;
6.1.7. kafedra və elmi tədqiqat
laboratoriyalarından TEC-in elmi
tədqiqat proqramlarında,
elmi tədqiqat işlərinin
planının formalaşdırılmasında
iştirakına dair təkliflər alır; həmin strukturlara tələbə elmi dərnəklərinin (gənc
alimlər birliyinin) iş planını təqdim edir;
6.1.8. ali məktəbdənkənar təşkilat
və müəssisələrdən informasiya və metodiki materiallar əldə edir; öz fəaliyyəti
haqqında informasiya və reklam xarakterli materialları təqdim edir.
7. TEC-in fəaliyyətinin maliyyələşdirilməsi
və
təhsilalanların
elmi tədqiqat işinin maddi-texniki bazası
7.1. TEC-in fəaliyyəti ali təhsil müəssisəsinin
Nizamnaməsinə uyğun olaraq müəyyən edilən
müxtəlif büdcə və büdcədənkənar
maliyyə mənbələrindən maliyyələşdirilir.
7.2. Elmi tədqiqat işlərində
iştirak edən tələbələr ali təhsil müəssisəsinin
kafedralarının, elmi tədqiqat institut, mərkəz və
laboratoriyalarının avadanlıqlarından istifadə edirlər.
Tələbə elmi tədqiqat
və layihə-konstruktor işləri üçün tələb
olunan lazımi maliyyə xərcləri (avadanlıq, enerji,
kimyəvi maddələr, materiallar və s.) ali təhsil
müəssisəsinin büdcə və büdcədənkənar
vəsaitləri hesabına ödənilir.
7.3. Tələbələrin elmi tədqiqat
işlərinə ayrılmış vəsaitlərə nəzarət
rektorluq tərəfindən həyata keçirilir.
7.4. Ali təhsil müəssisəsi tələbələrin
elmi fəaliyyətini stimullaşdırmaq məqsədi ilə
tələbə elmi tədqiqat layihələrinin yerinə
yetirilməsi üçün qrant müsabiqələri təşkil
edə bilər. Müsabiqənin
keçirilməsi və maliyyələşdirilməsi müvafiq əsasnamə ilə (ali təhsil müəssisəsinin daxili imkanları, nazirlik tərəfindən
ayrılmış vəsait və büdcədənkənar vəsait
hesabına) tənzimlənir.
8. TEC-in kargüzarlığı
8.1. TEC-in
kargüzarlıq fəaliyyətinə onun
işinin məzmununa uyğun
olan sənədləşmələrin
aparılması daxildir. Bu sənədlər
aşağıdakılar ola bilər: müvafiq normativ-hüquqi
aktlar, Azərbaycan Respublikası Təhsil
Nazirliyinin və ali təhsil
müəssisəsinin rektorunun tələbə
elmi işinə dair əmr
və sərəncamları, ali təhsil
müəssisəsinin TEC-nin Əsasnaməsi,
TEC-in illik iş planı və hesabatı, TEC-in iclaslarının
protokolları, tələbə elmi
konfranslarının sənədləri və materialları
(hazırlıq planı, məruzələrin tezisləri, iclas protokolları, konfransın nəşr olunmuş materialları və s.)
ən yaxşı tələbə elmi tədqiqat
işi, qrant və s. müsabiqələrin keçirilməsi
haqqında sənədlər və fotoşəkillər
(işlərin siyahısı, annotasiyalar,
rəylər, qərar, mükafatlandırma və s.), TEC-in üzvləri
haqqında məlumat bazası, respublika təşkilatları
və digər ali təhsil müəssisələri
ilə yazışmalar və s.
8.2. TEC-in
kargüzarlıq sənədləri 10 il
müddətində saxlanılır.
Azərbaycan
müəllimi.- 2014.- 4 iyul.- S.6.