Ali təhsil müəssisəsində təhsilalanların elmi

tədqiqat işinin təşkili haqqında

ƏSASNAMƏ

 

Azərbaycan Respublikası təhsil nazirinin 

27 iyun 2014-cü il tarixli  752 nömrəli əmri ilə təsdiq edilib

 

1. Təhsilalanların elmi tədqiqat

işi sisteminin metodoloji əsasları

 

Müasir dövrdə istehsal texnologiyalarının informasiyalaşdırması  ilə  əlaqədar  xüsusi  informasiyaların (elmi, texniki, texnoloji və s.) həcmi sürətlə artır. Belə bir şəraitdə hazır biliklərin mənimsənilməsinə və təqdim olunmasına əsaslanan təlim texnologiyaları rasional və perspektivli hesab olunmur. Ənənəvi iqtisadiyyatdan "bilik" iqtisadiyyatına keçidin baş verdiyi şəraitdə mütəxəssislərin yaradıcılıq qabiliyyətinin yüksəldilməsi və intellektual səviyyəsinin formalaşdırılmasına yönəldilmiş təhsil texnologiyalarından istifadə edilməsi vacibdir. Bu sahədə həyata keçirilən iş yaradıcılıq fəaliyyəti konsepsiyasına söykənən pedaqoji texnologiyalar əsasında qurulmalıdır. Bunun daha səmərəli forması ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində (tibb sahəsində isə baza ali tibbi təhsil müəssisələrində və rezidenturada) təhsilalanların (bundan sonra - tələbələr) elmi tədqiqat işinin (bundan sonra - TETİ) sistemli şəkildə və fasiləsiz təşkil edilməsi, tədris prosesinə maksimum yaxınlaşdırılmasıdır.

 

2. Tələbələrin elmi tədqiqat

işinin məqsəd və vəzifələri

 

2.1. TETİ elmi-texniki tərəqqinin nailiyyətlərini praktiki fəaliyyətində tətbiq etməyi, texnikanın və iqtisadiyyatın inkişafına daha tez uyğunlaşmağı bacaran ali təhsilli mütəxəssislərin hazırlanması işinin keyfiyyətinin yüksəldilməsi üçün ən vacib vasitələrdən biridir. TETİ ilk növbədə tələbələrdə optimal qərarların qəbul edilməsi üçün imkan yaradan analitik və tənqidi təfəkkürün formalaşdırılmasına xidmət edir.

TETİ-nin əsas məqsədi tələbələrdə yaradıcılıq qabiliyyətlərinin formalaşdırılması və gücləndirilməsi, gənclərin elmi, texnoloji, yaradıcı və tətbiqi fəaliyyətə cəlb olunması formalarının inkişaf etdirilməsi və təkmilləşdirilməsi, ali təhsilli mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün tədris-elm-tərbiyə prosesinin vəhdətini təmin edən sistemin yaradılmasıdır.

2.2. TETİ-nin əsas vəzifələri aşağıdakılardır:

- tələbələrə elmi biliklərin, xüsusilə yeni elmi biliklərin rasional və effektiv əldə olunması və istifadə edilməsi metodlarının öyrədilməsi;

- vahid təlim-tərbiyə sistemi çərçivəsində ali təhsil sisteminin elm və istehsalat fəaliyyətinə inteqrasiyasının yeni formalarının axtarılması və təkmilləşdirilməsi;

 tələbələrə elmi, yaradıcılıq və tədqiqatçılıq vərdişlərinin aşılanması;

- tələbələrin elmi tədqiqatlarda və texniki yaradıcılıqda real iştirakının təmin edilməsi, habelə innovasiya fəaliyyətinə cəlb edilməsi;

- elm, texnika və istehsalat sahələrində mövcud olan yeni texnologiyaların mənimsənilməsinin təşkil edilməsi;

- tələbələrin müasir elmi metodologiyalarla, habelə elmi etika normaları ilə tanış edilməsi, onlara elmi ədəbiyyatla işləmək qaydalarının öyrədilməsi;

- tələbələrə elmi layihə, məruzə və məruzə tezislərini hazırlamaq, elmi tədbirlərdə (seminar, konfrans və s.) çıxış etmək və diskussiya aparmaq bacarığının aşılanması;

- elmə meyilli tələbələrin yaradıcılıq potensialının inkişaf etdirilməsi.

 

3. Tələbələrin elmi tədqiqat işinin təşkili

 

3.1. TETİ tədris prosesinin davamına və dərinləşdirilməsinə xidmət edir və ali təhsil müəssisəsinin kafedra, laboratoriya, elmi tədqiqat mərkəzləri və institutlarında təşkil olunur. Tələbə elmi tədqiqat işlərinə rəhbərliyi ali təhsil müəssisəsinin professor və müəllimləri, elmi bölmələrinin əməkdaşları və doktorantlar həyata keçirir.

3.2. TETİ tədris prosesinə daxil olan və tədrisdənkənar vaxtlarda yerinə yetirilən işlərə bölünür.

3.2.1. Tədris prosesinə daxil olan TETİ-yə aşağıdakılar aiddir:

- məzmununda elmi araşdırma elementləri olan tapşırıqlar, laboratoriya, kurs, buraxılış və dissertasiya işləri;

- tədris və istehsalat təcrübəsi zamanı yerinə yetirilən konkret qeyri-standart tapşırıqlar;

- "Elmi tədqiqatların əsasları" adlı kursun tədris planına daxil edilərək tələbə və magistrantlara elmi tədqiqat işinin yerinə yetirilməsi metodikasının nəzəri əsaslarının, elmi eksperimentin təşkili və planlaşdırılmasının, elmi məlumatların toplanması və işlənilməsinin öyrədilməsi.

3.2.2. Tədrisdənkənar vaxtlarda yerinə yetirilən TETİ aşağıdakı formalarda təşkil olunur:

- tələbələrin məqalə, elmi layihə,  məruzə və tezislər üzərində işi;

- tələbələrin elmi seminar,  konfrans, olimpiada və müsabiqələrdə iştirakı;

- ali təhsil müəssisələrində dövlət büdcəsi hesabına, təsərrüfat müqaviləsi əsasında, yaxud beynəlxalq, respublika və ali məktəbdaxili qrantlar üzrə yerinə yetirilən elmi tədqiqatlarda tələbələrin fərdi və ya kollektiv halında iştirakı;

- tələbələrin elmi tədqiqat mərkəz və laboratoriyalarında, layihə-konstruktor, texnoloji, elmi-məlumat, tərcümə və digər bürolarında, yaradıcılıq emalatxanaları və studiyalarında yerinə yetirilən işlərdə iştirakı;

- mədəniyyət, texnika və elm sahələrində biliklərin yayılması üzrə mühazirələrdə iştirakı.

3.3. Tələbə elmi seminarları ali təhsil müəssisələrinin ümumelmi və ixtisas kafedralarında, elmi tədqiqat bölmələrində təşkil olunur. Bu seminarlar tələbələrə elmi ədəbiyyat üzrə referat hazırlamaq, elmi eksperiment aparmaq və alınmış nəticələri təhlil etmək, yerinə yetirilmiş tədqiqatların nəticələrinə dair hesabat hazırlamaq, məruzə ilə çıxış etmək və elmi diskussiya aparmaq  bacarıqlarının aşılanmasına xidmət edir.

3.4. Tələbələr, bir qayda olaraq, ali təhsil müəssisəsinin elmi bölmələrində və kafedralarında yerinə yetirilən tədqiqat işlərinin icraçıları kimi cəlb olunurlar. Bakalavriat səviyyəsində tələbələrə tapşırıqlar verilərkən onların təhsildə əldə etdiyi uğurları nəzərə alınmalı, eyni zamanda onlara problem xarakterli tapşırıqlar verilməməlidir. Bu tapşırıqlarda yaradıcılıq elementlərindən istifadə olunması, sadə araşdırmaların və tədqiqatların aparılması nəzərdə tutulmalıdır. Tələbəyə elmi tədqiqat işinin proqramının və ya təqvim planının tərtib edilməsi, tədqiqatlara başlamazdan əvvəl istifadə ediləcək ədəbiyyat mənbələrindən məlumatların toplanıb təhlil edilməsi, təqvim planında nəzərdə tutulan digər işlərin yerinə yetirilməsi, tədqiqat işinin nəticələrinin təhlil və şərh edilməsi, onları özündə cəm edən hesabatın, tələbə konfranslarında iştirak etmək üçün məruzələr və müasir texnologiyalar əsasında təqdimatın hazırlanması sahəsində biliklərin əldə edilməsi və təcrübə vərdişləri, habelə kollektiv halında işləmək bacarığı aşılanmalıdır.

3.5. Humanitar, texnika və təbiət elmləri sahəsində müstəqil elmi tədqiqat işinin elementlərini yerinə yetirməyi bacaran təhsilalanlar elmi tədqiqat işlərində iştirak edən tələbə hesab olunurlar. Tələbənin elmi tədqiqat işi müvafiq hesabatın təqdim olunması, seminarda və ya konfransda çıxışı, müsabiqədə iştirakı ilə başa çatır.

3.6. Təhsildənkənar vaxtlarda yerinə yetirilən və tədris proqramlarının tələblərinə cavab verən TETİ müvafiq laboratoriya, kurs, buraxılış və ya dissertasiya işi kimi də qəbul edilə bilər.

3.7. TETİ ali təhsil müəssisəsinin, fakültənin, kafedranın elmi iş planına daxil edilir və ali təhsil müəssisəsinin (fakültənin, kafedranın) illik hesabatında "Təhsilalanların elmi tədqiqat işi" bölməsində əks olunur.

3.8. Ali təhsil müəssisəsində TETİ-nin təşkilinə görə məsuliyyəti rektor (fakültədə - dekan, kafedrada - kafedra müdiri) və Tələbə Elmi Cəmiyyəti Şurasının sədri daşıyır. TETİ-nin təşkili və inkişafı üzrə tədbirləri rektor, elmi işlər üzrə prorektor, dekan və kafedra müdiri Tələbə Elmi Cəmiyyəti ilə birlikdə həyata keçirir. 

3.9. Hər fakültədə və kafedrada TETİ-yə cavabdeh olan şəxs (ştatda olan müəllimlər sırasından) müəyyən edilir və fakültənin Elmi şurasında, yaxud kafedra iclasında təsdiq olunur.

3.10. TETİ-yə cəlb olunan hər bir tələbəyə tədris ilinin əvvəlində kafedra iclasında elmi rəhbər təyin edilir, onun tədqiqat mövzusu müəyyənləşdirilir və "Tələbə elmi tədqiqat işinin təqvim planı" tərtib olunur (nümunəsi əlavə edilir). Həmin plan tələbə və onun elmi rəhbəri (müəllim) tərəfindən imzalanır. "Tələbə elmi tədqiqat işinin təqvim planı" kafedra müdiri 3 nüsxədə təsdiq edir. Təsdiq edilmiş planın bir nüsxəsi tələbədə, digər nüsxəsi kafedrada saxlanılır, 3-cü nüsxəsi Tələbə Elmi Cəmiyyəti Şurasına təqdim olunur.

3.11. Tələbələrin elmi tədqiqat işinin təqvim planlarına daxil edilmiş tədqiqat mövzuları kafedralarda yerinə yetirilən elmi tədqiqat işlərinə uyğun və ya tələbələr üçün nəzərdə tutulan mövzulardan biri olmalıdır. Tələbələr həmin tədqiqat işlərini fərdi, yaxud kollektiv şəkildə müəllimin rəhbərliyi ilə yerinə yetirirlər.

3.12. Fakültə dekanlıqları və kafedralar tələbələrə verilmiş tapşırıqların və onların tədqiqatlarının yerinə yetirilməsi üçün lazımi şərait və daimi fəaliyyət göstərən tələbə dərnəkləri yaratmalı və gəncləri onların işinə cəlb etməlidir.

3.13. TETİ-yə elmi-metodik rəhbərlik Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (baza tibb təhsili və rezidentura üzrə) tərəfindən həyata keçirilir.

3.14. TETİ-ni inkişaf etdirmək və stimullaşdırmaq məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və bu işdə maraqlı olan digər nazirlik və təşkilatlar tələbə elmi konfransı, ən yaxşı tələbə elmi tədqiqat işi müsabiqəsi, elmi layihə olimpiadası və başqa tədbirlər keçirir. Tədbirlərin keçirilmə qaydaları müvafiq normativ sənədlərlə müəyyən edilir. 

 

4. Tələbə elmi tədqiqat işinin maliyyələşdirilməsi

 

4.1. Kafedra və elmi tədqiqat laboratoriyalarında (elmi tədqiqat institutlarında və mərkəzlərində) yerinə yetirilən TETİ ilə bağlı tələb olunan xərclər  ali təhsil müəssisəsinin əldə etdiyi gəlirlər, o cümlədən qrantlar və qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına  maliyyələşdirilir.

4.2. TETİ-nin yerinə yetirilməsi üçün vəsaitlərin ayrılmasına və xərclənməsinə nəzarət rektorluq tərəfindən həyata keçirilir.

4.3. TETİ-yə cəlb edilən tələbələr ali təhsil müəssisəsinin elmi və tədris hissələrinin avadanlıqlarından, qurğularından, hesablama texnikasından, internetindən və s. istifadə edirlər.

4.4. Kafedra və elmi bölmə rəhbərləri tərəfindən tələbələr ödənişli əsaslarla (qrant hesabına, təsərrüfat müqaviləsi əsasında) aparılan elmi tədqiqat işlərinə cəlb oluna və əməkhaqqı ala bilərlər.

4.5. TETİ-yə rəhbərlik üçün sərf edilən vaxt professor-müəllim heyətinin fərdi iş planlarında elmi-metodik və elmi işə ayrılan vaxt normalarına daxildir. TETİ-yə rəhbərlik ali təhsil müəssisəsində çalışan hər bir müəllimin fərdi iş planının tərkib hissəsi sayılır.

4.6. Ali təhsil müəssisələri tələbələr üçün  qrant müsabiqələri təşkil edə bilər. Müsabiqənin keçirilməsi və maliyyələşdiriliməsi müvafiq əsasnamə ilə tənzimlənir.

4.7. Ali təhsil müəssisələri öz daxili imkanları hesabına tələbələr üçün müxtəlif elmi konfrans, müsabiqə, olimpiada, sərgi və s. tədbirləri planlaşdırır və həyata keçirir.

 

5. Tələbələrin və müəllimlərin rəğbətləndirilməsi

 

5.1. Elmdə və TETİ-nin təşkilində əldə etdikləri nailiyyətlərə görə tələbələr ali təhsil müəssisəsinin rəhbərliyi tərəfindən Fəxri Fərman, diplom, qiymətli hədiyyələr, pul mükafatları, pulsuz istirahət putyovkaları və s. ilə rəğbətləndirilə bilər.

5.2. Elmi nailiyyətlər qazanmış tələbələr xarici ölkələrdə keçirilən elmi olimpiada, konfrans, müsabiqə və sərgilərdə iştirak etmək üçün ali təhsil müəssisəsinin vəsaiti hesabına göndərilə bilər.

5.3. Fəal elmi işlə məşğul olan və təhsildə yüksək göstəricilər əldə edən tələbələrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada adlı təqaüdlər verilə bilər.

5.4. Yüksək elmi nailiyyətlər əldə edən tələbələrin elmi rəhbərləri və Tələbə Elmi Cəmiyyətinin fəal üzvləri təhsil müəssisəsinin rəhbərliyi tərəfindən rəğbətləndirilə bilər.

 

 Azərbaycan müəllimi.- 2014.- 4 iyul.- S.6.