Ali təhsil keyfiyyətinin
planlaşdırılması, idarə
edilməsi və ölçülməsində yeni
tendensiyalar
Təhsildə
planlaşdırma və keyfiyyət nədir?
Bu gün dünyanın qlobal inkişaf
tendensiyası sosial-iqtisadi tərəqqinin hərəkətverici
qüvvə və mənbəyinin maddi sferadan intellektual
sferaya keçidi ilə müşayiət edilir. Belə şəraitdə elm,
innovasiya və təhsil sistemi iqtisadi inkişafın əsas
amilinə çevrilir. Təhsil
ictimai ehtiyacları təmin etməklə yanaşı, gələcəyi,
yeni ictimai imkanları formalaşdırır. Bu səbəbdən təhsil dövlətin
sosial-iqtisadi siyasətinin öncül istiqamətidir.
Təhsil uzunmüddətli, fasiləsiz
prosesdir. Belə proses kortəbii
inkişaf edə bilməz, yəni təhsil ölkədə
insan kapitalının inkişafı naminə xüsusi
hazırlanmış plan əsasında inkişaf etməlidir. Bu baxımdan
uzunmüddətli, davamlı proses kimi təhsildə
planlaşdırma və
strateji planlaşdırma məsələləri aktuallaşır. Bir çox ölkələr uzunmüddətli dövrü əhatə edən təhsil strategiyası
hazırlamış və
uğurla icra edirlər. Təhsil
strategiyası cəmiyyətin bugünkü və
uzunmüddətli ehtiyaclarına uyğun olmalıdır. Son
illər ölkəmizdə qəbul edilmiş "Azərbaycan-2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyası,
konsepsiyaya uyğun olaraq qəbul edilmiş "Təhsilin
inkişafı üzrə Dövlət Strategiyası" bu mənada
mühüm dövlət əhəmiyyətli sənədlərdir. Ümid edirik ki, bu
strategiyaların
icrası innovativ ideyalar əsasında
milli inkişafa, elm və təhsilin
ahəngdar inkişafına dəstək verəcək.
Planlaşdırma
nədir? Planlaşdırma məqsədin
formalaşdırılması prosesidir. Planlaşdirma məqsədə
ona nail olmaq üçün
vasitə, metod və tədbirlərin konkretləşməsidir.
Planlaşdırmanın nəticəsi plan, konkret fəaliyyət modelidir.
Planın tərtibindən əvvəl isə proqnoz aparılmalıdır (buna
forsayt da deyilir).
Uzaq perspektiv üçün
proqnozlaşdırılma elmi
öncə görmə üsulu
olub, sosial planlaşdırmanın əsasını təşkil
edir. Lakin bu gün
dünyanın sürətli və sinergetik xarakterli
inkişafı real proqnoz
verməyə mane olur.
Planlaşdırmanın mahiyyəti ondan ibarətdir
ki, strateji məqsəd və vəzifələr müəyyənləşdirilir,
bunlara dair strateji və operativ qərarlar
qəbul olunur, məqsədə çatma üsulları,
müddəti, resurslar (maddi, maliyyə, əmək və s.
resurslar), icraçı və məsul şəxslər təyin
edilir. Planlaşdırma prosesi
müəssisənin indiki vəziyyəti ilə gələcək
(arzu olunan) vəziyyəti
arasında əlaqə
yaratmalı, "nə etməli,
nə zaman etməli, kim etməli" kimi suallara
konkret cavab verməlidir.
İstənilən sferanın müvəffəqiyyəti fəaliyyət məqsədinin və bu məqsədə nail olma
vasitələrinin dəqiq müəyyən edilməsindən asılıdır. "Fəaliyyətin
müvəffəqiyyəti məqsəd və bu məqsədə
nail olmaq üçün vasitələrin
düzgün seçilməsindən asılıdır"
(Aristotel). Planlaşdırma
prosesinin nəticəsində plan yaranır.
Təhsilin keyfiyyəti nədir? Təhsilin keyfiyyəti necə təyin
edilir? Təhsilin keyfiyyətini necə idarə etmək olar?
Təhsildə keyfiyyətin
təmin edilməsi əsas
məqsədlərdən
biridir. Fasiləsiz təhsil prosesi, onun keyfiyyəti xeyli amillərdən
asılıdır, bu səbəbdən təhsilin keyfiyyətinin
yüksəldilməsi kortəbii baş verə bilməz,
bu proses idarə edilməli, yəni proqnozlaşdırılmalı,
planlaşdırılmalı və
sistematık olaraq nəzarətdə
saxlanılmalıdır.
Bu məqsədlə
keyfiyyətin idarə edilməsinə proses kimi yanaşılır.
Təhsilin keyfiyyətinə
müxtəlif təriflər verirlər:
1. Hər hansı sahədə
keyfiyyət anlayışı müəyyən olunmuş
standartlara uyğunluğu ifadə edir. Obyektin və ya sistemin halını
xarakterizə edən parametrlər standarta nə qədər
yaxındırsa, keyfiyyət bir
o qədər yüksək hesab edilir. Bu yanaşma təhsilə də aiddir.
Təhsilin keyfiyyəti əldə olunan nəticələrin
əvvəlcədən müəyyənləşdirilmiş
meyarlara (standartlara) uyğunluq dərəcəsi
ilə təyin olunur. Təhsilin
keyfiyyətinin müəyyənləşdirilməsində əsas
göstərici tələbənin təlim
nəticələridir, bu
nəticələrin obyektiv qiymətləndirilməsi keyfiyyəti
üzə çıxaran əsas
vasitə sayılır.
2. Təhsilin keyfiyyəti
dedikdə, məzunların bilik və bacarıqlarının əmək
bazarı tələblərinə uyğunluğu, onların
real situasiya və inkişaf
proqnozu əsasında
düzgün qərarqəbuletmə qabiliyyəti nəzərdə
tutulur.
Universitetdə təhsil
prosesinin keyfiyyətini müəyyən edən əsas amillər
bunlardır: tədris materialları bazası, kadr təminatı, məşğələlərin
aparılma texnologiyası və
metodikası, mütəxəssis hazırlığında
informasiya sistemlərinin tətbiqi,
maddi-texniki təminat və s. Universitet fəaliyyətinin
bütün istiqamətlərinin informatlaşması,
kompüterlərin tədrisdə elmi əsaslarla tətbiqi, yeni təhsil texnologiyalarının
yaranması mütəxəssis hazırlığında
keyfiyyətin təminatına, təhsil
prosesi təşkilinin səmərəli planlaşdırılması və
ölçmələrə
yeni imkanlar yaradır.
Təhsilin keyfiyyətinin planlaşdırılması, idarə edilməsi və
ölçülməsi
aktuallığı aşağıdakı
reallıqlarla müəyyən edilir:
* Məzunlarda sistemli təfəkkürün
formalaşdırılması zərurəti.
* Əmək bazarında müstəqil
yaradıcılıq, tənqidi
təfəkkür sahiblərinə ehtiyac.
* Tələbələrin məsuliyyətinin
artırılması.
* Təhsil
müəssisələri arasında rəqabətin yüksəlməsi.
Təhsilin keyfiyyətinin
yüksəldilməsi, bu məqsədlə
təhsildə İKT-nin tətbiqinin genişləndirilməsi zərurəti UNESCO-nun tövsiyələrində
belə əks olunur:
1. Təhsilin idarə
edilməsi üzrə milli təşkilatlara tövsiyə
edilsin ki, keyfiyyətin yeni meyarları tətbiq edilsin. Sürətlə
dəyişən cəmiyyətə asan uyğunlaşmaq
üçün gələcək mütəxəssislərə
geniş spektrdə biliklər verilsin, zəruri vərdişlər
aşılansın. Verilmiş bilik və vərdişlər
yeni meyarlarla ölçülsün.
2. Yaşlıların fasiləsiz təhsilə cəlb edilməsi üçün ali təhsil sahəsində xidmətlər spektri genişləndirilsin. Bu məqsədlə distant və qiyabi təhsilin, açıq təhsilin, İnternet şəbəkəsi ilə reallaşan təhsilin imkanlarından geniş istifadə edilsin.
Təhsilin keyfiyyətinin
planlaşdırılması, idarə
edilməsi
və ölçülməsinin ümumi prinsipləri
Keçid
dövründə universitet məzunları peşə mobilliyi tələblərinə
cavab verməlidir. Buna xüsusən mühəndis təhsilində
ehtiyac var. Belə şəraitdə ali təhsilin məqsədlərindən biri tələbələrə əsaslandırılmış
qərarların qəbul edilməsi metodlarının öyrədilməsi
olmalıdır.
Elmi-konstruktor, texnoloji idarəetmə
sahələrində standart
olmayan məsələlərin həllində belə qərarlara xüsusi ehtiyac
var. Tədris prosesində iki istiqamət nəzərə
alınmalıdır:
* Peşə fəaliyyətinin
icrası üçün ixtisas
üzrə zəruri biliklərin
qazanılması.
* Qeyri-standart məsələlərin
həlli vərdişlərinin formalaşması. Bu məqsədlə
tələbələrdə kreativ və sistemli təfəkkür inkişaf etdirilməlidir.
Universitet məzunlarında peşəkarlıq və mobilliklə
yanaşı, konkret peşə fəaliyyəti üzrə nəticələrin əvvəlcədən
proqnozlaşdırılması qabiliyyəti
formalaşmalıdır. Tədris prosesində yeni texnologiyalar daha
çox tətbiq edilməlidir (problemli təlim, situativ
və işgüzar oyunlar, kompüter sistemləri, təlimin
digər interaktiv forma və metodları).
Müəllimlər tədris
fənlərinin qarşılıqlı əlaqələrini
reallaşdırmaq üçün
tədris edəcəyi materialı strukturlaşdırmalı, tədris materialının məzmunu blok-modul prinsipi əsasında
qurulmalıdır. Tədris
materialının
strukturlaşdırılması
elmi biliyin strukturuna uyğun
olub, anlayışların
sxematik təsvirini nəzərdə
tutur. Blok -modulun yaradılmasında məqsəd təlimin
müxtəlif mərhələlərində təşkilati
və məzmun vəhdətini təmin etməkdir.
İnformasiyanın
strukturlaşdırması tələbənin idrak fəaliyyətinin məntiqi
yükünü artırır,
tədris fəaliyyətinin tələbənin intellektual səviyyəsinə
uyğun diferensiallaşmasına
imkan yaradır.
Tədris modulu
eyni kursa (və ya müxtəlif kurslara) aid fənlərin, iki və ya daha çox mövzusu əsasında
formalaşır. Tədris
materialının modullara
bölünməsi istifadə edilən təlim texnologiyasının gələcək
strukturunu müəyyən edir. Kurs üzrə tədris modulları iyerarxik olur. Bu zaman əvvəlki modullar tam və
ya qismən sonrakı modulların hissəsi (elementi) ola bilər. Bu prinsip biliyin elmi strukturu
baxımından fənn və kurs çərçivəsində
horizontal olaraq həyata keçirilir. Bu prinsip tədris materialının daha
iri bloklarına da şamil edilməli, o cümlədən tədris
planları da modul prinsipi
ilə
formalaşmalıdır. Məhz bu səbəbdən Boloniya
prosesinin mühüm tələblərindən biri
ali təhsildə kredit-modul sisteminin tətbiqidir.
Mütəxəssislərin universitetdə
hazırlanması
keyfiyyətinin planlaşdırılması
Mütəxəssislərin
universitetdə hazırlanması keyfiyyətinin
planlaşdırılması aşağıdakı istiqamətlər üzrə həyata keçirilə
bilər:
* Tədris prosesinin təşkili
və həyata keçirilməsi.
* Tədris prosesinin
metodik təminatı.
* Tədris prosesinin
maddi-texniki və informasiya təminatı.
* Təlimin keyfiyyət göstəricilərinin
planlaşdırılması.
* Dövlət
imtahanlarının, buraxılış işləri müdafiəsinin təşkili və
həyata keçirilməsi.
* Kadr təminatının
keyfiyyəti.
* Elmi tədqiqat
işlərinin təşkili və səmərəliliyi.
*
Universitetin strateji inkişaf planının
hazırlanması.
Bu istiqamətlərin hər birinə ayrı-ayrılıqda diqqət
yetirək.
1. Tədris prosesinin təşkili və həyata
keçirilməsi istiqaməti bu məsələləri əhatə edir:
* Dövlət təhsil
standartları (sənədlər külliyyatı).
* Ali məktəb
üzrə normativ-hüquqi
aktlar və sənədlər.
* İstiqamətlər və
ixtisaslar üzrə kadr hazırlığı
üçün lisenziya.
* İstiqamətlər və
ixtisaslar üzrə tipik və işçi tədris
planları.
* Fənlər üzrə tədris
və işçi proqramlar.
* Müəllimlər arasında tədris
yükünün paylanması, fərdi plana uyğun olaraq
onların digər növ işlərlə yüklənmə
dərəcəsi.
* Mütəxəssis
hazırlığına dair sfarişçi təşkilatların
tövsiyələri.
2. Tədris prosesinin metodik təminatı istiqaməti bu
məsələləri əhatə edir:
* Tələbələrin yüksək
keyfiyyətli təlimi üçün mühazirə mətnləri,
metodik işləmələr.
* Fənlər və məşğələ
növləri üzrə tədris və tədris-metodik ədəbiyyat.
* Təlimin aktiv
metodları, yeni sistem və texnologiyaların tətbiqi üzrə
metodik göstərişlər, yoxlama yazı işi, kurs
işi, layihə işi, laboratoriya işlərinin təsviri,
imtahan biletləri və s.
3. Tədris prosesinin maddi-texniki və informasiya təminatı
istiqaməti bu məsələləri
əhatə edir:
* Normativə uyğun
olaraq tədris prosesinin auditoriya
fondu ilə təminatı.
* Tədris prosesinin
informasiya texnologiyaları ilə
təminatı.
* Auditoriya və laboratoriyaların zəruri avadanlıq,
texniki vasitə və didaktik materiallarla təminatı, tələbələrin
təcrübə keçməsi
üçün müvafiq bazanın mövcudluğu.
4. Təlimin
keyfiyyət göstəricilərinin
planlaşdırılması istiqaməti bu məsələləri əhatə
edir:
* Təlimin məzmununun
təsdiq edilmiş dövlət təhsil standartlarına, tədris plan və proqramlarına
uyğunluğu.
* Tələbələrin müstəqil və fərdi işi.
* Təlimin birinci səviyyəsinin
nəticələrinə görə tələbələrin
attestasiyası.
* Tədris məşğələləri
cədvəllərinin, məsləhət saatlarının
işçi tədris planlarına və tələbənin
vaxt büdcəsinə uyğunluğu.
* Tədris
materiallarının tələbələr tərəfindən
mənimsənilmə dərəcəsi (cari nəzarət,
imtahan, buraxılış
işlərinin müdafiəsi əsasında).
5. Dövlət imtahanlarının, buraxılış
işlərinin müdafiəsinin təşkili və həyata
keçirilməsi istiqaməti bu məsələləri əhatə edir:
* Diplom layihələri
mövzularının aktuallığı, istehsalatın real tələblərinə
uyğunluğu.
* Diplom layihələrinin
elmi-nəzəri səviyyəsi.
* Yeni qabaqcıl
texnologiyalardan tədrisdə istifadə.
* Praktikada və tədris
prosesində diplom layihələrinin nəticələrindən
istifadə imkanları.
* Tələbələrin biliklərinin
cari və yekun yoxlanmasının ixtisas tələblərinə
uyğun olaraq peşəkar bilik və bacarıqların
formalaşmasına istiqamətlənməsi.
* Diplom layihələri
müdafiələrinin təşkilinin normativ tələblərə
uyğunluğu.
6. Kadr təminatı istiqaməti
aşağıdakı göstəriciləri əhatə
edir:
*
Universitetin professor-müəllim heyətinin peşə təhsili
proqramlarını reallaşdırmasında
qarşıda duran tədris,
elmi-metodik məsələlərin həllində potensial imkanları (ixtisas səviyyələrinin
yüksəldilməsi, pedaqoji heyətin hazırlanması və
yenidən hazırlanması, ixtisasın artırılması
və s.).
* Elmi dərəcəli
müəllimlərin sayının artırılması.
*
İstehsalatda çalışan yüksəkixtisaslı
mütəxəssislərin pedaqoji fəaliyyətə cəlb
edilməsi.
7. Elmi tədqiqat işlərinin təşkili və səmərəliliyi
istiqaməti aşağıdakı məsələləri
əhatə edir:
* Fundamental elmi tədqiqatların
formalaşdırılması.
* Elmi tədqiqat
işlərinin tətbiqi xarakteri, onların səmərəliliyi.
Elm və istehsalatın əlaqəsi.
*
Universitetin kompleks elmi tədqiqatlarda iştirakı.
* Elmi tədqiqatların nəticələrinin beynəlxalq
səviyyədə əhəmiyyət kəsb etməsi.
* Elmi tədqiqat
işlərinin tədris prosesi ilə əlaqəsi (elmi dərnək,
elmi seminar, elmi konfrans, innovasion məhsulların
hazırlanması və s.).
* Elmi tədqiqat
işləri hesabına elm-tədris bazasının
inkişafı.
8. Universitetin strateji inkişaf planının
hazırlanması və reallaşdırılması istiqaməti
aşağıdakı məsələləri əhatə
edir:
* Yaxın perspektiv
üçün universitetin, fakültə və kafedraların inkişaf
planının hazırlanması.
* Müəllimlərin təlim-tədris,
elmi tədqiqat fəaliyyətlərində qabaqcıl metod və formalardan
istifadəsinin təkmilləşdirilməsi, bu işdə
universitet, fakültə və
kafedra rəhbərlərinin
şəxsi iştirakı.
* Mütəxəssis
hazırlığı
strukturu və həcminin
istehsalın real tələblərinə uyğunluğu.
* Ödənişli və
dövlət sifarişli mütəxəssis
hazırlığının optimal nisbətinin müəyyənləşdirilməsi.
* Gənc mütəxəssislərin
peşə fəaliyyəti və karyera uğurlarının
izlənilməsi, ali məktəbdə
mütəxəssis hazırlığı keyfiyyətinin
planlaşdırılması metodikası, planlaşdırma metodikasının təhsil müəssisəsinin
statusundan (universitet, akademiya və institut)
asılılığı.
Təhsil
keyfiyyətinin ölçülməsi, qiymətləndirilməsi,
mütəxəssis hazırlığı keyfiyyətinin
meyarları
Məlum olduğu kimi, idrak marağının
formalaşması iki istiqamətdə həyata keçirilir:
təlimin məzmun materialı əsasında və tələbələrin idrak
fəaliyyətinin təşkili vasitəsi ilə.
Təfəkkür fəallığı tələbələrin yeni bilik axtarışına
sövq edilməsi, bacarıqların
təkmilləşdirilməsi,
problemli
situasiyaların
yaradılması vasitələri ilə həyata
keçirilir.
Tələbələrin müstəqil iş sisteminin dəqiq
arqumentləşdirilməsi məqsədəuyğundur. Bu zaman onların
kursun mənimsənilməsi mərhələləri üzrə
fəaliyyəti əks edilməlidir. Təlim
texnologiyalarının bütün mərhələlərində
mütəxəssis hazırlığı keyfiyyətinin tələb
və meyarlarının vəhdəti prinsipinə əməl
edilməlidir. Qeyd etmək lazımdır ki, universitetdə keyfiyyət
sisteminin yaradılması fasiləsiz
prosesdir. Bu prosesin hər mərhələsində keyfiyyətin ölçülməsi
və planlaşdırılması
lazımdır.
Mütəxəsis hazırlığı keyfiyyətinin
meyarlarına aşağıdakılar daxildir:
* İxtisas fənləri
üzrə möhkəm biliklər.
* İxtisas fənləri
üzrə nəzəri və praktik
biliklərdən peşə fəaliyyətində
istifadə bacarığı.
* Peşə fəaliyyəti
üçün zəruri biliklərin müstəqil əldə
edilməsi qabiliyyəti.
* Qəbul ediləcək qərarların texniki-iqtisadi cəhətdən
əsaslandırılması
qabiliyyəti.
* Həmkarların rəylərini
dinləmək qabiliyyəti,
peşə fəaliyyətində bu rəylərdən
istifadə bacarığı.
* Fəaliyyəti dəqiq planlaşdırmaq bacarığı.
* Müxtəlif situasiyalarda
istehsalat fəaliyyəti nəticələrinin
proqnozlaşdırılması bacarığı.
Mütəxəssis hazırlığının keyfiyyyət
meyarları tələb edir ki, tələbələrin bilik və
bacarıqlarına mərhələli nəzarət sistemi yaradılsın. Bunun nəticəsində
kafedralar, tədris kursları, təlim
materiallarının modulları üzrə təlim nəticələri
obyektiv müəyyənləşdirilə bilər.
Təhsil keyfiyyətinin ölçülməsi
sistemi
Təhsilin keyfiyyətinin ölçülməsi
sisteminin yaradılmasında ali
məktəblərdə
son illər test
sistemindən daha
çox istifadə edilir.
Bunun nə qədər səmərəli olması, təhsilin
keyfiyyətinə müsbət təsir etməsi mübahisəli
məsələdir. Bu prosesdə
testlərin elmi cəhətdən
düzgün tərtib edilməsinin mühüm əhəmiyyəti
var. Bu məqsədlə universitetlərdə hazırlanan testlər
müasir testologiya elminin
prinsiplərinə əsaslanmalıdır. İnnovasion cəmiyyət şəraitində gələcək
mütəxəssislərdə
kreativ bilik və
bacarıqların formalaşması mühümdür. Test texnologiyası nə
dərəcədə
bu məsələlərin həllinə xidmət
edir? Bu sual da xüsusi araşdırma obyekti ola bilər.
Gələcək mütəxəssislərdə kreativ
bilik və bacarıqların formalaşması xüsusən mühəndis-texniki və
təbiət-riyaziyyat
istiqamətində kadr hazırlığında
aktualdır. Bunun nəticəsində
elmi-texniki və texnoloji məsələləri orjinal həll
etmək, mövcud texniki həllərdəki nöqsan və ziddiyyətləri
görmək, onları həll
etmək, müəyyən innovasiyalar
yaratmaq
mümkündür.
Tələbə fəaliyyətinin müvəffəqiyyəti
təlim prosesinin təşkilindən, şəxsi keyfiyyət və intellektual qabiliyyətdən
asılıdır. Biliklərin qiymətləndirilməsinin
reytinq sistemində tələbələrin müstəqil
şəkildə biliklərin axtarılması, mənimsənilməsi,
tətbiqi və fəal tədris fəaliyyətinin formalaşdırılması əhəmiyyətli ola bilər. Tələbənin fəal, müstəqil
idrak prosesinə cəlb edilməsi,
peşə fəaliyyətinin uğurlu
formalaşdırılması o zaman səmərəli ola bilər ki, təlim sistemi tədris fənlərini
horizontal (bir kurs daxilində) və vertikal (kursdan kursa
keçidlə) olaraq əhatə etsin. Bu zaman fənlərarası
əlaqə yaradılır.
Bu halda tədris planında auditoriya işlərinə
ayrılan saatların müstəqil
işlərə verilən saatlara nisbətinin xüsusi
çəkisi tədricən
artmalıdır (bu nisbətin 40% : 60%
olması məqsədəuyğundur).
Gələcəkdə müstəqil işlərə verilən saatların
miqdarının artması
tendensiyası davam edə bilər.
Bu yanaşmalar yeni təhsil
paradiqmasına - həyati fəaliyyətə
hazır kadr yetişdirmək (fəal, yaradıcı düşünən, yaradıcı fəaliyyət
göstərə bilən,
özünüinkişafa, intellektual, mənəvi və
fiziki özünütəkmilləşdirməyə qadir)
paradiqmasına
müvafiq olaraq, daha güclü insan
kapitalı
formalaşdırmağa imkan verə bilər.
İlham
ƏHMƏDOV,
ADPU-nun
"Kompüter Mərkəzi"nin
direktoru,
dosent
Azərbaycan
müəllimi.- 2014.- 4 iyul.- S.8.