"Azərbaycan dili və ədəbiyyatı tədrisi"
jurnalının 60
yaşı tamam olur
Bu gün dövlət-mətbuat münasibətlərində Heydər Əliyevin siyasətini və ənənələrini davam etdirərək, Azərbaycan dövləti mətbuatın fəaliyyətinə normal şərait yaradılması, onun cəmiyyət həyatına təsirinin, demokratikləşmə proseslərində rolunun təmin edilməsi və artırılması, vətəndaşların və jurnalistlərin informasiya almaq hüququnun tam reallaşdırılması üçün ardıcıl tədbirlər görür.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Pedaqoji mətbuat tariximizdə mühüm
yer tutan jurnallardan biri də
"Azərbaycan dili və ədəbiyyatı
tədrisi"dir. O, düz 60 ildir ki, pedaqoji
ictimaiyyətin xidmətindədir.
Əsası
1954-cü ilin 15 iyulunda
qoyulmuş "Azərbaycan dili və ədəbiyyatı tədrisi" uzun illər "Azərbaycan məktəbi"
jurnalının metodik əlavəsi kimi fəaliyyət göstərmişdir. 3 dekabr 1990-cı ildə müstəqil
redaksiyası yaradılaraq əvvəlcə "Ana sözü" adı
altında nəşr edilməyə başlanılmış, yəni 2 aprel
1997-ci ildə isə yenidən ilkin
adına qaytarılmışdır. O, Azərbaycan
Respublikası Təhsil Nazirliyinin elmi-metodik mətbu orqanıdır.
"Azərbaycan
dili və ədəbiyyatı tədrisi"
jurnalı Təhsil Nazirliyinin bütün müəssisələrində, həmçinin
qeyri-dövlət müəssisələrində Azərbaycan
dili və ədəbiyyatının tədrisi,
təbliği və tədqiqi problemlərini
araşdırır. Azərbaycan
Respublikası Konstitusiyasının tələblərinə uyğun olaraq, dilimizin təmizlik və
saflığının qorunmasına xidmət edir.
"Təhsil haqqında" Azərbaycan Respublikasının
Qanununa müvafiq surətdə
Azərbaycan dili və ədəbiyyatı
sahəsində təhsil islahatlarının istiqamətlərini
işıqlandırır.
Jurnal Azərbaycan dili və
ədəbiyyatı fənlərinin tədrisinə dair müasir metodikanı,
qabaqcıl müəllimlərin iş təcrübələrini
ümumiləşdirib yayan yazılar dərc
edir. O, öz
səhifələrində Azərbaycan dili
və ədəbiyyatının elmi-nəzəri məsələlərini
yeni, müasir
baxımdan şərh edən məqalələr verir, metodikanın yeniləşməsi
prosesində demokratik prinsiplərə əsaslanaraq
plüralizmə, dialoq və müzakirələrə
geniş meydan
açır, müəllimlərin maraq
dairəsini nəzərə alaraq onlar üçün
faydalı olan elmi-metodik
yazıları xarici ölkə
jurnallarından tərcümə edib
işıqlandırır, dünya ədəbiyyatının
son nailiyyətləri barədə məlumatlar
çatdırır.
Jurnal milli məktəblərimizin rus və digər bölmələrində Azərbaycan
dilinin öyrədilməsi metodikasına,
bu məktəblərdə
çalışan qabaqcıl müəllimlərin iş təcrübələrinə, proqram və dərsliklərə dair yazılar dərc edir,
respublikamızdan kənarda yaşayan həmvətənlərimizə ana
dilimizin öyrədilməsi yolları barədə
bilgilər verir.
Jurnalda ədəbiyyatşünaslıq və
dilçiliyə, dil və ədəbiyyatın
tədrisi tarixinə, qloballaşan
dünyamızda baş verən mühüm ədəbi proseslərə,
yeniliklərə dair yazılar da yer alır.
"Azərbaycan dili və ədəbiyyatı tədrisi"nin
səhifələrində respublikamızın görkəmli elm və ədəbiyyat xadimləri, metodist alimlər, adlı-sanlı müəllimlər
çıxış edir, fikir
mübadiləsi aparırlar.
Jurnal, demək olar ki, orta məktəb müəllimlərinin,
ali məktəblərin dil
və ədəbiyyat kafedralarında çalışan alimlərin,
pedaqoqların əlaqə mərkəzidir. Burada
tez-tez Təhsil Nazirliyi
aparatının məsul işçiləri, Təhsil Problemləri
İnstitutunun əməkdaşları
çıxış edərək müəllimlərə
tövsiyələrini verir, onları metodik cəhətdən istiqamətləndirirlər.
Azərbaycan dili və ədəbiyyatı
ilə bağlı sahə institutları rəhbərlərinin,
respublikamızın tanınmış mütəxəssislərinin
çıxışları da jurnalın
səhifələrində müntəzəm surətdə yer alır. Akademiklər Ağamusa Axundov, İsa Həbibbəyli, AMEA-nın müxbir üzvləri Tofiq
Hacıyev, Nizami Cəfərov, professorlar Şəmistan Mikayılov, Qəzənfər
Kazımov, Ənvər Abbasov, qabaqcıl
təhsil işçiləri Əsgər Quliyev,
Qənirə Əmircanova redaksiya heyətinin
üzvləri kimi jurnalın fəaliyyətinin
yaxşılaşdırılmasında yaxından iştirak edir, maraqlı
yazıları ilə oxucuların qonağı olurlar.
Jurnalın zaman-zaman formalaşıb inkişaf
etməsində onun baş
redaktorları Mirabbas Aslanovun,
Ağamməd Abdullayevin, Əziz Əfəndizadənin,
Zəhra Əliyevanın, Bahəddin Yunusovun
xidmətlərini xüsusi qeyd etmək lazımdır.
Öz ənənələrinə sadiq qalan, ona hörmətlə
yanaşan jurnal bu gün yeni
simada, yeni məzmunda
fəaliyyətini davam etdirir,
təhsildə baş verən yeniləşməyə,
müasir baxımdan inkişafa
uyğun olaraq dəyişir
və müəllimlərin stolüstü
vəsaitinə çevrilir.
Pedaqoji mətbuat müəllimin ən yaxın
köməkçisidir. Bu həqiqəti
yüksək qiymətləndirən Təhsil Nazirliyi
digər mətbu orqanları kimi "Azərbaycan
dili və ədəbiyyatı tədrisi"
jurnalına da yardımlarını əsirgəmir,
onun inkişafı üçün
nə lazımdırsa etməyə çalışır.
Dövlətimizin
xüsusi önəm verdiyi,
mətbuata böyük qayğı
göstərdiyi bir məqamda "Azərbaycan
dili və ədəbiyyatı tədrisi"nin
də dəyəri artır, onun üzərinə
işini yüksək səviyyədə qurmaq kimi məsul bir vəzifə düşür. Jurnalın yaradıcı heyəti bu məsuliyyəti duyur və
elə buna görə də onun səmərəli fəaliyyəti üçün yeni-yeni yollar arayır.
Jurnalda müntəzəm surətdə "Dilçilik
və ədəbiyyatşünaslıq", "Ümumtəhsil,
orta ixtisas və ali məktəblər: tədris metodikası, iş təcrübəsi", "Ədəbi
mühit", "Dünya
xalqları ədəbiyyatı", "Azərbaycandan kənarda:
dilimizi və ədəbiyyatımızı
yaşadanlar", "Polemika",
"Aktual söhbət", "Elm xadimləri",
"Əməkdar müəllimlər", "Korifeylər",
"Məsləhət" rubrikaları altında çox sayda maraqlı
yazılar verilir ki, bunlar da oxucuların dünyagörüşünün, biliyinin və təcrübəsinin zənginləşməsinə
xidmət edir. "Sərəncamlar",
"Xronika", "Xəbər - servis" rubrikaları isə oxuculara
dövlət başçımızın yazıçı
və şairlərin təltifləri ilə, Təhsil
Nazirliyində, ədəbi aləmdə, dünyada
baş verən yeniliklərlə
tanışlıq imkanı yaradır.
Sevindirici haldır ki, jurnal çox sayda müəllif yetişdirmiş,
yaradıcılıq işini müəllimlərin
ciddi bir məşğuliyyətinə
çevirmişdir. Onların arasında Esmira Cəfərova, Şövkət Aslanova, Şəhla Mirzəyeva, Sədaqət
Həsənova, Elbəyi Maqsudov, Asif Hacıyev kimi
qabaqcıl müəllimlər, alimlər, ilin
qalibləri, Prezident mükafatçıları
yetişmişlər.
Əməkdaşlardan
Akif Məmmədov, Əsmər Bədəlova,
Soltan Hüseynoğlu,
Oqtay Abbasov məhz
jurnalın redaksiyasında həm jurnalist,
həm də tədqiqatçı kimi
püxtələşmişlər.
60 il
mətbuat üçün böyük ömürdür.
Onu bu yaşa
gətirənlərə minnətdarlığımızı
bildirir, əməkdaşlara, redaksiya heyətinin üzvlərinə, oxuculara möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları
arzulayırıq.
Məhəmməd BAHARLI
Azərbaycan müəllimi.- 2014.- 4 iyul.- S.9.