Beynəlxalq Bakalavriat
Proqramı:
bu günün və
sabahın təhsili
Qloballaşmanın getdikcə artdığı, rəqabətin gücləndiyi müasir dövrümüzdə inkişafın əsas hərəkətverici qüvvəsi olan təhsilin keyfiyyətinin yüksəldilməsi ən prioritet məsələlərdən hesab olunur. Bununla əlaqədar demək olar ki, bütün ölkələrdə təhsilin keyfiyyətinin yüksəldilməsinə, beynəlxalq standartların təhsilə tətbiqinə hədəflənmiş islahatlar aparılır. Ölkəmizdə də bu sahədə ardıcıl və sistemli işlər görülür. Dünyanın ən qabaqcıl ölkələrinin təhsil təcrübəsi öyrənilərək tətbiqi yönündə addımlar atılır, təhsil sahəsində beynəlxalq qurumlarla sıx əməkdaşlıq edilir. Belə qurumlardan biri də Beynəlxalq Bakalavriat Təşkilatıdır. Bu qurumun ölkələrin məktəblərinə təklif etdiyi Beynəlxalq Bakalavriat Proqramı indi dünyada böyük nüfuz və populyarlıq qazanmışdır. Proqram dünya üzrə 1 milyondan artıq təhsil alanı əhatə edir və tədrisin keyfiyyətli təşkilinə zəmin yaradır.
Beynəlxalq Bakalavriat Proqramı nədir?
Beynəlxalq Bakalavriat
Təşkilatı (International Baccalaureate-IB) qeyri-hökumət
təşkilatı (daha dəqiqi qeyri-kommersiya təhsil fondu)
olub UNESCO və Avropa Şurasında məsləhətçi
statusa malikdir. Beynəlxalq Bakalavriat Təşkilatı 1968-ci
ildə Cenevrədə (İsveçrə) Cenevrə Beynəlxalq
Məktəbi və Nyu-Yorkda BMT Məktəbinin təşəbbüsü
ilə beynəlxalq təhsilin
standartlaşdırılması məqsədi ilə
yaradılıb. Hazırda Beynəlxalq Bakalavriat
Təşkilatına dünyanın 144 ölkəsindən
3557 məktəb daxildir və həmin məktəblərdə
təşkilatın təklif etdiyi 4 proqramdan biri və ya bir
neçəsi üzrə tədris aparılır. 3 yaşdan
19 yaşadək uşaqları və məktəbliləri
əhatə edən həmin proqramlar
aşağıdakılardır:
I- Kiçik (erkən)
yaşlı uşaqlar üçün Beynəlxalq Bakalavriat
Proqramı (The IB Primary Years Proqramme). Bu proqram 3-12 yaşlı
uşaqlarda tədqiqatçılıq keyfiyyətini
inkişaf etdirməyə istiqamətlənib.
II-Yeniyetmələr
(ümumi orta məktəblər) üçün Beynəlxalq
Bakalavriat Proqramı (The IB Middle Years Proqramme). Bu
proqram 11-16 yaşlı şagirdlər üçün nəzərdə
tutulur və onların ənənəvi öyrənilən fənlərlə
real aləm arasında əlaqələri dərk etmələrinə,
tənqidi düşünən
və mühakimə yürüdən insanlar kimi
yetişmələrinə kömək edir.
III - Beynəlxalq Bakalavriat Diplom Proqramı (The IB Diploma
Proqramme). Bu 16 yaşdan
19 yaşadək şagirdlər (X-XII
siniflər) üçün motivasiyalı və
balanslaşdırılmış proqram olub onları ali məktəblərə
hazırlayır.
IV - Beynəlxalq Bakalavriatın Peşəkar
Sertifikatı (The IB Career - related Certifikate). Bu
16-19 yaşlı şagirdlər üçün yeni proqram
olub onların peşə hazırlığını nəzərdə
tutur.
Beynəlxalq Bakalavriatın qeyd olunan
proqramlarından üçüncüsü - Beynəlxalq
Bakalavriat Diplom Proqramı daha ilkin olub qabiliyyətli şagirdlər
üçün ikiillik universal kurs proqramı (IB-nin
"universitetöncəsi" və ya diplom proqramı) kimi
ötən əsrin 20-60-cı illərində işlənib
hazırlanmışdır. Sonralar
"Beynəlxalq Bakalavriat" adını almış həmin
proqram bizim günlərdə müntəzəm olaraq yeniləndirilir.
Digər iki proqram - I və II proqramlar
ötən əsrin 90-cı illərindən tətbiq olunur. Sonuncu - 4-cü proqram isə cəmi 2 ildir ki,
reallaşdırılmağa başlanıb.Yüngülləşdirilmiş
bu proqramda əsasən uşaqların peşəyönümü
əsas götürülüb.
Yalnız Beynəlxalq Bakalavriat Təşkilatı
(IBO) tərəfindən tanınan məktəblər bu
proqramlarla tədris hüququna malikdir.
Beynəlxalq Bakalavriat Proqramının əsas
məqsədi şagirdlərin intellektual, sosial, emosional, tədqiqat,
müstəqil öyrənmə və mədəniyyətlərarası
anlaşma bacarıqlarını inkişaf etdirməkdir. BBP üzrə tədrisin ingilis dilində
aparılması bütün ölkələrdən olan şagirdlərin
əməkdaşlıq və ünsiyyət imkanlarını
artırır. İngilis dilindən əlavə
BBP fransız, alman, Çin və rus dillərində də tədris
olunur. BBP çərçivəsində
çalışan müəllimlər hər üç ildən
bir ixtisasartırmaya cəlb olunur. Müvafiq
məktəblərdə isə hər 5 ildən bir monitorinq
aparılır. IB-nin hər üç təhsil
prosesi (ilk üç proqram) varislik prinsipi əsasında fəaliyyət
göstərir. Hər üç proqram ən
yaxşı dünya təhsil praktikasını əks etdirən
məzmuna malik geniş fənlər spektrinin öyrənilməsini
tələb edir, dilin mənimsənilməsi və
inkişafına xüsusi diqqət yetirir.
Proqramın üstün cəhəti ondan
ibarətdir ki, BBP-nin hər bir mərhələsi (PYP, MYP,
DP-nin hər biri) ayrılıqda tətbiq oluna bilir. Beynəlxalq Bakalavriat Diplom Proqramı (X-XII sinif
şagirdləri üçün) dünyanın bütün
ölkələrində universitetlərə daxil olmağa
hazırlığı təmin edir. Bu baxımdan IB-nin
diplomu prestijli ali təhsil almaq
üçün, bir növ, pasportdur.
Beynəlxalq Bakalavriat Diplom Proqramı beynəlxalq
birliyə daxil olan bütün məktəblər
üçün ümumi imtahan sistemi ilə başa
çatır. Bu imtahan sistemi bütün məktəblər
və məzunlar üçün mərkəzləşdirilmiş
yoxlama və vahid kriteriyalar üzrə qiymətləndirməni
nəzərdə tutur. Diplom müdafiəsi
(bütün kurs işləri və imtahanların verilməsi)
zamanı toplanan maksimum bal 45-dir. Nəzərə alsaq ki,
dünya universitetlərinin reytinq cədvəlində ilk
onluğa daxil olan universitetlər abituriyentlərdən (gələcək
tələbələrindən)
38 və daha çox, ilk yüzlüyə düşənlər isə
35-36 bal tələb edir, onda IB balının nə qədər
keçərli olduğu aydın görünür. IB proqramlarının ilkin tətbiqindən sonra onun
təqdim etdiyi diplomun, bizim dildə desək, attestatın,
dünya universitetləri tərəfindən tanınması
prosesi başlanıb.
Hazırda IB-nin diplomu dünyanın 102 ölkəsindəki
2500 universitet, o cümlədən Kembric, Oksford, Harvard və
Yel kimi ən nüfuzlu və məşhur universitetlər tərəfindən
tanınır.
IB-nin Diplom Proqramının məzunları
topladıqları ballara uyğun olaraq həmin universitetlərə,
əgər xüsusi tələblər nəzərdə
tutulmayıbsa, birbaşa imtahansız daxil ola bilərlər. Lakin bəzi ölkələrdə universitetlər
xüsusi qaydalar (testlər) tətbiq edir ki, şagirdlər məktəbi
qurtarmamışdan öncə bu testi verməlidirlər.
Ondan sonra istənilən halda həmin universitet
IB diplomunun nəticələrini qəbul edir. Yeri gəlmişkən
qeyd edək ki, ABŞ-da və bir çox digər
ölkələrdə IB diplomu çox yüksək səviyyəli
diplom hesab olunur.
Beynəlxalq
Bakalavriat
Proqramı
Azərbaycanda
İrəlidə qeyd etdiyimiz kimi, Beynəlxalq
Bakalavriat Proqramını ancaq bu quruma daxil olan məktəblər
tətbiq edə bilərlər. Beynəlxalq
Bakalavriat Təşkilatına üzvlük isə o qədər
də sadə məsələ olmayıb bir sıra çətin
prosedurları nəzərdə tutur. Belə
ki, bu proqramın tətbiq edildiyi məktəblər həm
maddi-texniki baza, həm də pedaqoji heyətin
hazırlığı baxımından yüksək tələblərə
cavab verməlidir.
Azərbaycanda IB proqramlarının tətbiqinə
ötən əsrin 90-cı illərinin ortalarında
başlanıb. Ölkəmizdə "Əsrin
müqaviləsi" adlandırılan neft müqavilələri
imzalandıqdan (1994-cü il) sonra bu sahədə
təşəbbüslər edilməyə başlanıb. Bunu zəruri edən səbəblərin biri də
ölkəmizdə fəaliyyət göstərən xarici təşkilatların
əməkdaşlarının övladlarının təhsili
üçün beynəlxalq məktəblərin
yaradılması olub. Bu baxımdan demək
olar ki, IB proqramı ölkəmizdə təxminən 16-17
ildir tətbiq olunur. İndiyədək bir
neçə təhsil müəssisəsi bu proqrama
qoşulub. Rusiya Federasiyası kimi
böyük bir ölkədə 16 tədris
ocağının Beynəlxalq Bakalavriat Təşkilatı ilə
əməkdaşlıq etdiyini nəzərə alsaq, bu, o qədər
də pis nəticə deyil. Əsas məsələ
isə odur ki, belə məktəblərin sırası
artmaqdadır.
6 nömrəli
məktəb-lisey IB proqramını
ölkəmizdə tətbiq edən ilk dövlət məktəbidir
2010-cu ildən Təhsil Nazirliyinin nəzdindəki
6 nömrəli məktəb-liseydə də bu proqramın tətbiqi
istiqamətində hazırlıq işlərinə
başlanmışdır. 2011-ci ildən
isə Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin müvafiq sərəncamına uyğun
olaraq Təhsil və Maliyyə nazirliklərinin dəstəyi
ilə bu təhsil ocağında BBP tətbiq olunur. Son 3 ildə toplanan təcrübə
əsas götürülərək bu il
martın 13-də məktəb-liseydə Beynəlxalq
Bakalavriat Proqramının geniş təqdimatı
keçirilib. İndiyədək əsasən
ibtidai və diplom proqramı üzrə təhsilin tətbiq
olunduğu 6 nömrəli məktəb-liseydə bu ildən
etibarən MYP- V-IX siniflər üzrə də qəbul
aparılacaqdır. Bu barədə
artıq KİV-də də müvafiq elan verilmişdir.
Təhsil müəssisəsində BBP
çərçivəsində bir sıra xarici ölkələrdən
gəlmiş müəllimlər çalışır. Məktəb-lisey MDB ölkələri üzrə
BBP məktəbləri Assosiasiyasının
üzvüdür. "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq, dövlət məktəblərində
ödənişli əsaslarla beynəlxalq təhsil tətbiq
oluna bilər. Bu isə onu deməyə əsas
verir ki, 6 nömrəli məktəb-lisey dövlət məktəbi
olmaqla yanaşı həm də Beynəlxalq Məktəb
(International School) statusuna malikdir. Tədris
ocağında tətbiq olunan kurikulum Milli Kurikuluma inteqrasiya
olunub. Təhsil müəssisəsini bitirən
məzunlara BBP diplomu ilə bərabər, Azərbaycanın
ümumtəhsil məktəblərinin məzunlarına verilən
sənəd - attestat da təqdim olunur. IB
Proqramının qəbul olunması, icazə alınması,
tədrisə başlanması üçün müəllimlər
müxtəlif treninqlərdə, beynəlxalq seminarlarda, Work
Shorlarda (İsveçrə, İtaliya, Almaniya və Rusiyada)
iştirak etmiş, öz üzərlərində
çalışaraq müəyyən təcrübə
qazanmışlar.
6 nömrəli məktəb-lisey Beynəlxalq
Bakalavriat Proqramı üzrə artıq ilk
uğurlarını əldə edib. Belə ki, məktəb-liseyin
XI sinif şagirdləri bu il beynəlxalq
qiymətləndirmə əsasında diplom alaraq
dünyanın nüfuzlu universitetlərinə qəbul olunmaq
hüququ qazanıblar. Məktəb-liseyin Beynəlxalq
Bakalavriat Proqramı ilə təhsil almış 11
şagirdinin hamısı qiymətləndirmədən
uğurla keçərək 27-38 arasında bal toplayıblar
ki, bu da nüfuzlu xarici universitetlərə daxil olmaq
üçün kifayət qədər yüksək nəticədir.
Şagirdlərdən Eldar Rəhimov daha yüksək - 38 bal toplayıb. O, artıq sənədlərini
Şeffild Universitetinə verib. Digər məzunlar da ali təhsil almaq
üçün Toronto, Birminhem, Edinburq və b. universitetləri
seçiblər.
Proqramın
ölkəmizdə tətbiqi perspektivləri
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə
təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nda
ölkəmizdə ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi,
kurikulumların daha da təkmilləşdirilməsi, təhsil
standartlarının beynəlxalq standartlara
uyğunlaşdırılması xüsusi qeyd olunub və bu
istiqamətlərdə strateji hədəflər müəyyənləşdirilib.
Əgər biz bu gün IB diplomunun
dünyanın əksər universitetləri tərəfindən
qəbul olunmasından danışırıqsa, deməli bu, elə
təhsilin keyfiyyətinə dəlalət edir. IB proqramlarının ölkəmizdə tətbiqinin
genişləndirilməsini bu baxımdan təhsilin keyfiyyətinin
yaxşılaşdırılmasına yaxşı zəmanət
hesab etmək olar. Digər bir tərəfdən,
IB proqramları sırf proqram deyil, çərçivə sənədləridir.
Deməli, bunlar Azərbaycanın ümumtəhsil
kurikulumlarına daxil edilə bilər. Belə
halda Azərbaycan kurikulumları da birbaşa beynəlxalq
standartlara cavab verən kurikulumlar olar. Ona
görə də IB proqramları ilə işləyən təhsil
mütəxəssisləri bu proqramların tətbiqinin
ölkəmizdə yaxşı perspektivlərə malik
olduğunu qeyd edirlər. Onlar belə hesab
edirlər ki, bu proqramların tətbiqi Azərbaycan təhsilinin
inkişafına, təhsilin keyfiyyətinin yüksəlməsinə
öz töhfəsini verəcəkdir. Proqramın
ölkəmizdə tətbiq dairəsinin genişlənməsi
insan resurslarının, kurikulumların və tədris
resurslarının inkişafına gətirib
çıxaracaqdır ki, bu da təhsilimizin inkişafı və
keyfiyyətinin yüksəlməsinə müsbət təsir
göstərəcəkdir.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2014.- 11 iyul.- S.3.