Ən yaxşi məktəblərimiz

 

23 nömrəli tam orta məktəb

 

Təhsil ocağı 1899-cu ildə təsis edilib.  1995-ci ildə təhsil müəssisəsinə Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənovun adı verilmiş və bu mərasimdə ulu öndərimiz Heydər Əliyev şəxsən iştirak etmişdir.

Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olan Tahir Həsənov adına 23 nömrəli məktəb özünəməxsus koloriti, ənənələri, yüksək təlim keyfiyyəti ilə hər zaman ön sıralarda olub. Təhsil müəssisəsi 2009-cu ildən "elektron məktəb" statusu alaraq pilot məktəblər sırasına daxil olub.

Məktəbdə təhsil alan 1801 şagirdin təlim-tərbiyəsi ilə 118 nəfər yüksək ixtisaslı mütəxəssis məşğul olur. Onlardan 4 nəfəri əməkdar müəllim, 25 nəfəri "Ən yaxşı müəllim" müsabiqəsinin qalibidir. 5 nəfər "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb.

Hər il məktəbi bitirən məzunların 99 faizi təhsilini respublika, eləcə də dünyanın müxtəlif ölkələrinin nüfuzlu universitetlərində davam etdirir. ABŞ, Kanada, İsveçrə, Türkiyə, Çexiya, Böyük Britaniya və digər ölkələrdə oxuyanların 25 faizi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil alır. Təkcə ötən ilin məzunlarından 32 nəfəri təhsilini xariici ölkələrin ali məktəblərində davam etdirir.

Son 3 ildə məktəbin məzunlarından 6 nəfəri qızıl, 2 nəfəri gümüş medala layiq görülüb. Məktəbin yetirmələrinin 50 faizi qəbul imtahanlarında 500, 11 nəfəri isə 600-dən yuxarı bal toplayıb.

Təhsil ocağında keçirilən müxtəlif bilik yarışları, intellektual oyunlar, müsabiqələr şagirdlərin maraq dairəsini daha da genişləndirir. "Breyn-rinq" "Nə, harada, nə zaman" kimi oyunlar, Kiçik Akademiyanın fəaliyyəti şagirdlərin istedad və qabiliyyətini üzə çıxarmaqda, onların potensialını daha da inkişaf etdirməkdə mühüm rol oynayır. Kiçik Akademiyada şagirdlər müxtəlif elmi işlərə cəlb olunur, tədqiqatlarının nəticələrini yoldaşları ilə bölüşürlər.

Qeyd etmək lazımdır ki, məktəb respublika və beynəlxalq əhəmiyyətli layihələrdə də yaxından iştirak edərək böyük uğurlar qazanır. Əkbər Rəşidov və Firuzə Məmmədova "İNEPO-EUROASIA" Beynəlxalq "Ətraf Mühitin Mühafizəsi" Layihə Olimpiadasında I yerə və Qran-priyə layiq görülüb. Aytac Talıblı Kiprdə keçirilən ekoloji layihənin qalibi olub. Məryəm Zöhrabbəyova 2013-cü ildə Moskvada keçirilən "Russkiy yazık: raznıye kulturı - yedinıy mir" olimpiadasında I yerə layiq görülüb. Pedaqoji kollektivin üzvləri arasında kurikulumlar üzrə təlimçilər, metodik vəsait, dərslik müəllifləri olanlar, eləcə də elmi-kütləvi, dövri mətbuatda metodik yazılarla çıxış edənlərin sayı az deyil.

Təhsil ocaqları həmişə öz adlı-sanlı məzunları ilə fəxr edir. 23 nömrəli məktəbin də adını ucaldan yüzlərlə məzunu var. Onlardan biri də Heydər Əliyev Fondunun prezidenti, İSESCO və UNESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevadır. Məhz onun təşəbbüsü ilə məktəb binasında yüksək səviyyədə  yenidənqurma və təmir işləri aparılmışdır.

 

287 nömrəli "Zəkalar" liseyi 

 

Lisey  1992-ci ildən fəaliyyət  göstərir.  44  sinifdə  təhsil alan  1093 nəfər şagirdin təlim-tərbiyəsi ilə 70 nəfər müəllim məşğul olur.   Müəllimlərdən  2  nəfəri fəlsəfə doktorudur.  2  nəfəri  əməkdar  müəllim, 6  nəfəri  "Ən yaxşı  müəllim" müsabiqəsinin qalibidir.  3  nəfəri isə  "Qabaqcıl təhsil  işçisi"  döş nişanına  layıq  görülüb. Bütün bunların nəticəsidir ki, təhsil sistemində müasir yanaşmaların tətbiqi ilə əlaqədar müsabiqələrdə fəal iştiraklarına, metodik ustalıq və pedaqoji səriştə nümayiş etdirdiklərinə, pedaqoji prosesdə müasir təlim metodlarını və yeni pedaqoji texnologiyaları səmərəli və yaradıcı tətbiq etdiklərinə görə müəllimlər Təhsil Nazirliyinin, BŞTİ-nin, Həmkarlar İttifaqının müxtəlif diplom və fəxri fərmanları ilə təltif olunub.

Lisey  iki  dəfə-2008 və 2013-cü illərdə  "Ən  yaxşı  ümumtəhsil məktəbi"  müsabiqəsinin  qalibi olub. Liseyin  şagirdləri mütəmadi olaraq fənn olimpiadalarının  respublika  turunda uğurla  çıxış  edirlər. Belə ki,  son  5 ildə təhsil ocağının 5  nəfər  şagirdi  II, 9 nəfəri III,  12  nəfəri  isə IV  yerə layiq  görülüb.

Məzunlardan  Əli Əliyev 2011-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən ali məktəblərə qəbul imtahanlarında 700  bal  toplayaraq  respublika  birincisi  olub. Əli hazırda  İngiltərədə  təhsil alır. Bundan başqa, məzunlardan Şahlar Məmmədov  Kanadada, Toğrul Süleymanov  Fransada, Elbəy  Bayramlı Türkiyədə və  onlarla  məzun  dünyanın  müxtəlif  ölkələrində   təhsillərini davam etdirirlər.  Liseyi  bitirən  məzunlardan  13  nəfəri Prezident  təqaüdçüsüdür.

TQDK-nın  ali  və orta   ixtisas təhsili məktəblərinə  qəbulun  nəticələrinin   elmi-statistik   təhlilinə  görə  son 10 ildə  liseyin məzunlarının ali məktəblərə  qəbul üzrə  göstəricisi  respublikanın 10 ən  yaxşı  məktəbi  sırasında  olub. Son  5 ildə  məzunlardan 47  nəfəri  600-dən  yuxarı bal  toplayıb. Qəbul  faizi 2009-cu ildə 75%, 2010-cu ildə 82%, 2011-ci ildə 88%, 2012-ci ildə 92%,  2013-cü ildə isə 93%  olub. 

Liseyin şagirdləri  müxtəlif  müsabiqə    intellektual, eləcə də idman  yarışlarında  iştirak  edərək  yüksək  nəticələr əldə  edirlər. Liseyin V  sinif  şagirdi Abdulla Qədimbəyli yaşıdları arasında idmanın şahmat növü  üzrə ikiqat  Avropa    dünya çempionudur.

Liseyin şagirdləri bir sıra  tədbirlərdə  müvəffəqiyyətlə  iştirak edirlər. "Yaşıl gələcək" Respublika ekoloji inşa müsabiqəsində  300-ə  yaxın  iştirakçı  arasında liseyin  IX  sinif  şagirdi Nəriman Əliyev I  yeri tutub və ideyası yüksək qiymətləndirilib. "Azərbaycan dilini  sevək, sevdirək" müsabiqəsinin   final  turunda "Ölkəşünaslıq"  nominasiyası üzrə   VIII  sinif şagirdi Altay İsmayılov  II    "Bədii  qiraət"  nominasiyası üzrə  IX sinif  şagirdi  Höküməxanım Əliyeva    III  yerə  layiq  görülüblər.  

2014-cü  ildə keçirilən "Sabahın  alimləri" müsabiqəsində "Ekologiya"  nominasiyası  üzrə  liseyin IX  sinif  şagirdi  Cəmil Mustafazadə və  Nəriman Əliyev  II  yeri tutublar.

Cari tədris  ili  ərzində  "İstedadların  hazırlığı  laboratoriyası"  layihəsi   çərçivəsində keçirilən Respublika olimpiadasının final turunda  Bakı şəhəri üzrə 30 nəfər  şagirddən  10 nəfəri  "Zəkalar" liseyinin  şagirdi  idi. Həmin şagirdlərdən 6  nəfəri olimpiadada qalib olub. Onlardan Rəşad Qasımov I, Gülcan İsmayılzadə, Emin Nəsibov, Eldar Mustafayev II ,  Fidan Əsgərova    Zeynəb Şıxıyeva isə  III  yerləri qazanıblar.

Keyfiyyətli  təhsilin nəticəsi  olaraq liseyi  bu il  bitirən məzunlardan  Əli Əliyev qızıl, Günel Məmmədova  və Qoşqar Qədimbəyli  isə gümüş  medala  layiq  görülüblər.

 

"Elitar" gimnaziya

 

İlyas Əfəndiyev adına "Elitar" gimnaziya 2002-ci ildən fəaliyyət göstərir.  Təhsil Nazirliyinin tabeliyində olan müəssisə gənc nəslin təhsili və onların müasir həyata hazırlanması sahəsində əldə etdiyi nailiyyətlərlə respublikanın öndə gedən məktəblərindən biri kimi tanınır. Gimnaziya Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2007-2008-ci tədris ilində keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olub. Təhsil ocağı 2009-cu ildə əsaslı təmir edildikdən sonra müasir avadanlıq və əyani tədris vəsaitləri ilə təchiz olunub.

Gimnaziyada 1102 şagirdin təlim-tərbiyəsi ilə 82 müəllim məşğul olur. Onlardan 2 nəfəri əməkdar müəllim, 3 nəfəri fəlsəfə doktorudur. 2 nəfəri isə  "Qabaqcıl təhsil işçisi"döş nişanı ilə təltif olunub.

2010-2013-cü illər ərzində "Elitar" gimnaziya TQDK-nın ali məktəblərə qəbul imtahanlarındakı elmi-statistik məlumatlarına görə, ən yüksək nəticə göstərən tədris ocaqlarından biri olub. Bunun nəticəsidir ki, 2011-2013-cü illər ərzində gimnaziyanın məzunlarından 23 nəfəri 600-dən çox bal toplayaraq respublikanın və dünyanın ən nüfuzlu ali məktəblərinə daxil olub. Bu gün məzunlar Türkiyə, İngiltərə, Amerika Birləşmiş Ştatları, Avstriya, Kanada, Rusiya, Çexiya və digər ölkələrdə respublikamızı layiqincə təmsil edirlər. Gimnaziyanın məzunlarından 8 nəfəri Prezident təqaüdçüsüdür.

Təhsil müəssisəsinin şagirdləri mütəmadi olaraq respublika daxilində və beynəlxalq səviyyədə keçirilən müxtəlif layihələrdə, idman yarışlarında və yaradıcılıq müsabiqələrində uğurla iştirak edirlər. Belə ki, şagirdlərdən Erkin Ələkbərlinin rəsm əsəri dünyanın 57 ölkəsinin iştirak etdiyi beynəlxalq rəsm müsabiqəsində gümüş medala layiq görülüb. Bundan başqa, IX sinif şagirdi Emin Eminzadə İtaliyada keçirilən beynəlxalq musiqi festivalında Qran-pri mükafatına layiq görülüb. Sonra Emin dünya şöhrətli italyan müğənni Robertino Loretti tərəfindən İtaliyaya dəvət alıb və əfsanəvi tenor orada gənc həmyerlimizə bir neçə günlük  xüsusi dərslər keçib.

Fənn olimpiadalarında çıxış edən gimnaziyanın şagirdləri bu il də böyük uğurlara imza atıblar. Belə ki, şagirdlərdən İsrail Osmanov fizika, Cəvahir Abbasova riyaziyyat, Hüriyyə Cəbiyeva isə ingilis dili fənləri üzrə məktəblilərin fənn olimpiadalarının yekun mərhələsində  mümkün 40 balı toplayaraq I yerə layiq görülüb. Bundan başqa, Təhsil Nazirliyinin təşkil etdiyi "İstedad olimpiadası"nda 8-ci sinif şagirdi İsrail Osmanov fizika, VII sinif şagirdi Cəvahir Abbasova isə riyaziyyat fənni üzrə yüksək nəticələr nümayiş etdirərək "İstedadların hazırlığı laboratoriyası"na cəlb edilib.  8-ci sinif şagirdi İsrail Osmanov "İlin ən yaxşı 10 şagirdi"  siyahısına daxil edilərək xüsusi kubokla mükafatlandırılıb. 

Şagirdlər hər il ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə keçirilən  "Heydər Əliyev uşaqların gözü ilə" inşa müsabiqəsində uğurla çıxış edərək yüksək yerlərə layiq görülürlər.  Belə ki, gimnaziyanın şagirdi Nəzifə Nağıyeva bu il müsabiqədə III yeri tutub.  Bundan başqa, şagirdlərdən İsrail Osmanov və Emin Əzimov "İNEPO-EUROASİA" Beynəlxalq "Ətraf Mühitin Mühafizəsi" Layihə Olimpiadasında "İdeal enerji" layihəsi ilə gümüş medal qazanmışdır.

Gimnaziyanın şagirdləri idman yarışlarında da bir sıra uğurlar qazanıblar. X sinif şagirdi Məcid Sofiyev idmanın taekvando növü üzrə yeniyetmələr arasında keçirilən respublika və dünya birinciliyində II və III yerlərə layiq görülüb. VI sinif şagirdi Barat Quliyev isə  Türkiyədə keçirilən qılıncoynatma üzrə beynəlxalq turnirdən gümüş medalla qayıdıb. Gimnaziyanın şagirdlərdən ibarət  basketbol komandası Türkiyədə keçirilən beynəlxalq yarışlarda 2 il dalbadal I yeri tutub.

2013-2014-cü tədris ili ərzində gimnaziyanın şagirdləri "Sərhədsiz riyaziyyat" Beynəlxalq riyaziyyat olimpiadasında iştirak edib. Olimpiadanın 2 - qış və yaz mərhələsi Bakıda keçirilmiş və şagirdlər 3 qızıl, 4 gümüş, 16 bürünc medal qazanmışlar. Bolqarıstanda keçirilən və 11 ölkənin nümayəndələrinin iştirak etdiyi final turunda şagirdlər respublikamızı layiqincə təmsil edərək 2 bürünc medalla vətənə  qayıdıblar.

 

18 nömrəli tam orta məktəb

 

Məktəbin 100-dən artıq yaşı var. Hazırda məktəbdə 1688 şagird təhsil alır. Bu şagirdlərin təlim-tərbiyəsi ilə 156 müəllim məşğul olur.  Məktəbdə dərslər Azərbaycan və rus dilində tədris olunur.

Müəllimlərdən 3 nəfər fəlsəfə doktoru, 3 nəfər əməkdar müəllimdir.  2 nəfər isə "Qababcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub. Bundan başqa, 7 nəfər müəllim "Ən yaxşı müəllim" müsabiqəsinin qalibidir. Məktəb 1999-cu ildə paytaxtdakı məktəblər arasında yaradıcı fəaliyyəti ilə fərqlənən "Ən yaxşı təlim-tərbiyə müəssisəsi" kimi II yerə, 2002-ci ildə isə I yerə layiq görülüb. Tədris ocağı 2009-cu  ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olub. Müxtəlif illərdə məktəbin məzunları qəbul imtahanlarında yuksək nəticələr əldə ediblər. 2012-2013-cü tədris ilində məktəbi bitirən məzunlardan 59%-i respublikamızın nüfuzlu ali təhsil müəssisələrinə daxil olaraq tələbə adını qazanıb. Onlardan Mirhadi Həbibov 675 balla Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olub.

Təhsil ocağının şagirdləri respublikada keçirilən müxtəlif müsabiqə, bilik və idman yarışlarında, fənn olimpiadalarında uğurla çıxış edirlər. Belə ki, Yasamal Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən ulu öndər  Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunan  "Xəmsə" intellektual oyununda məktəbin komandası II yeri qazanıb. 2012-ci ildə fənn olimpiadalarının  respublika turunda Orxan Vəliyev  Azərbaycan tarixi fənnindən I yerə layiq görülüb.

M.Müşfiq adına 18 nömrəli tam orta məktəbdə çalışan müəllimlər bilik səviyyələrini və peşəkarlıqlarını artırmaq məqsədilə müntəzəm olaraq təlim kurslarına cəlb olunur, treninqlərdə, təhsil sahəsinin  aktual məsələlərinə həsr olunan seminarlarda iştirak edirlər. Məktəbin ingilis dili müəllimi Fatimə Məmmədova bu ilin 15-23 mart tarixlərində Böyük Britaniyanın Saint Mary"s Universitetində təlim səfərində olub, əldə etdiyi biliklər əsasında məktəb müəllimləri üçün treninq təşkil edib. 

Məktəbin çox geniş imkanlara malik maddi-texniki bazası var. 2012-ci  ildə Prezident İlham Əliyevin sərəncamı əsasında məktəbdə yenidənqurma işləri aparılıb, bütün sinif otaqları müasir kompüter, noutbuk, Smart  lövhə və digər avadanlıqlarla təchiz olunub. Bundan başqa, yeni idman korpusu, 167 nəfərlik akt zalı, geniş qiraətxana şagirdlərin ixtiyarına verilib. 2012-ci il sentyabr ayının 15-də məktəbin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edib, müəllim və şagirdlərlə görüşərək öz tövsiyələrini verib.

"Məktəb şagirdin dostudur"  təhsil ocağının əsas devizidir. Məktəbdə tərbiyə işi 3 konsepsiya  əsasında həyata keçirilir. I konsepsiya hər il oktyabr ayının 5-6-sı ənənəvi  Müşfiq günlərinin keçirilməsi,  II konsepsiya "Tarixi unutmaq haqqımız yoxdur" devizi altında şəhidlərin xatirəsinin anılması, III konsepsiya isə məktəbi bitirən məzunlarla "Xatirələr sorağında" adlı görüşün keçirilməsidir. Təhsil müəssisəsində 2013-cü ilin oktyabr ayında Turanbankın  "Korporotiv  Sosial Məsuliyyət" proqramı çərçivəsində "Azərbaycanın tarixi abidələri uşaqların gözü ilə" rəsm müsabiqəsi keçirilib, istedadlı şagirdlər qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Təhsil ocağında hər ay fənn aylıqları keçirilir, "açıq dərs"lər, müxtəlif viktorina, konfrans və "dəyirmi masa"lar təşkil olunur. Görülən bütün işlər məktəbin www.mekteb18.com saytında  öz əksini tapır. Məktəbdə alman dilinin mükəmməl öyrənilməsi üçün 2009-cu ildə Almaniyanın Höte İnstitutu ilə müqavilə imzalanıb.  Portnyor layihənin davamı olaraq hər tədris ilinin sonunda şagirdlər təlimlərdə olurlar. Bu tədris ilində də məktəbin müəllimləri Səkinə Əhmədova və Təranə Hacıyevanın rəhbərliyi altında 6 şagird Gürcüstanın Çxneti rayonunda, 5 şagird isə Almaniyanın Frankfurt şəhərində keçirilən təlim kurslarında iştirak edib. Keçən tədris ilində isə məktəbin X sinif şagirdi Sevil Dəmirli Almaniyanın Frankfurt şəhərində keçirilən təlimlərdə yüksək nəticə göstərərək həmin şəhərdə yerləşən universitetdə  ödənişsiz təhsil almaq hüququ əldə edib.

 

132-134 nömrəli təhsil kompleksi

 

Bakının mərkəzində yerləşən 132-134 nömrəli təhsil kompleksi ulu öndər Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" və cənab Prezident İlham Əliyev tərəfindən səslənən "İnkişaf məqsədimizdir" fikirlərini əsas ana xətt kimi götürür. Eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi sanki Azərbaycan təhsilinə bir çağırışdır.

132-134 nömrəli təhsil kompleksinin çox qədim və maraqlı tarixi vardır. 1861-ci ildə Bakıda ilk dəfə fəaliyyətə başlayan "Müqəddəs Nina" adlı xeyriyyə cəmiyyətinin nəzdində qızlar məktəbi açılır. 1886-cı ildə qızlar gimnaziyası statusu alan bu tədris ocağı hazırda 132-134 nömrəli təhsil kompleksi yerləşən binaya köçürülür. Sonralar uzun illər bu binada 132 və 134 nömrəli məktəblər fəaliyyət göstərib.

2010-cu ildə cənab Prezident İlham Əliyevin xüsusi göstərişi ilə təmir, bərpa və yenidənqurma işlərindən sonra məktəblər birləşdirilərək artıq 132-134 nömrəli təhsil kompleksi kimi fəaliyyətə başlayıb. Hazırda yeni tədris ili üçün kompleksdə 2400 şagirdin təhsil alması nəzərdə tutulur.

132-134 nömrəli təhsil kompleksi fransız modeli olan "Ana məktəb"dən və liseydən ibarət tam orta təhsili həyata keçirən yeni tipli dövlət müəssisəsidir. Kompleks Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərir.

Təhsil kompleksi şagirdin demokratiya, milli zəmin, azərbaycançılıq və Avropa təfəkkürünü özündə cəmləşdirməyi bacaran bilikli, bacarıqlı şəxsiyyət kimi yetişdirilməsinə xidmət edir.

Kompleksin I pilləsi - məktəbə hazırlıq   fransız modeli olan "Ana məktəb" Azərbaycanda ilk dəfə tətbiq edilən beynəlxalq, inteqrativ bir layihədir. Bu layihə uşaqların erkən yaş dövründən  psixoloji inkişafını əsas götürərək onlarda liderlik qabiliyyətinin üzə çıxarılmasını, xarici dillərin öyrədilməsini, məktəbə hazırlığını təmin edir. 

Təhsil  kompleksində  xarici  dillərin öyrədilməsi prioritet sayılır. Hazırda kompleksdə  beş  xarici  dil  tədris  olunur:  ingilis,  fransız,  rus,  ərəb    italyan.  Əsas  məqsəd  multilinqvistika və  multikulturalizm,  yəni  çoxdillilik  və çox mədəniyyətlilikdir.  Təhsil ocağı bu xarici ölkələrlə sıx əlaqələr yaradır, müxtəlif  layihələr  həyata  keçirir.  Eyni zamanda,  ingilis    fransız  dillərində bilinqvistik  təlim  həyata  keçirilir.

Kompleks UNESCO Assosiativ Məktəblər şəbəkəsinə daxildir.

Kompleks dövlət başçısının sərəncamına əsasən keçirilən "Ən yaxşı ümumtəhsil  məktəbi" müsabiqəsinin qalibidir.

Təhsil kompleksinin şagirdləri ali məktəblərə qəbul üzrə birinci onluqda yer tutur. Dünyanın müxtəlif ali məktəblərində təhsil alan şagirdlərin sayı ildən-ilə artmaqdadır. Onlar Amerika, Fransa, Çexiya, İsveçrə, Rusiya, Ukrayna, Türkiyə, BƏƏ və s. ölkələrin ali məktəblərində təhsil alır. Son illərdə kompleksi bitirən şagirdlərdən 13 nəfəri qızıl və 1 nəfəri gümüş medala layiq görülmüşdür. Bu tədris ili IX sinfi bitirən 12 şagird fərqlənməyə layiq görülüb, 7 nəfər XI sinif şagirdi isə qızıl medala namizəddir.

Bu il "İNEPO-EUROASİA" Beynəlxalq "Ətraf Mühitin Mühafizəsi" Layihə Olimpiadasında  iştirak edən 2 şagird  qalib olaraq qızıl medala layiq görülüb. Kompleksin şagirdləri "Sabahın alimləri" müsabiqəsində 3 ildir ki, iştirak edirlər və müxtəlif nominasiyalar üzrə qalib olublar.

2013-cü ildə Fransanın Strasburq şəhərində keçirilən Avropa Parlamentı "EURONEST SCOLA" layihəsində  kompleksin 6  şagirdi uğurla iştirak edərək  sertifikat alıb.

Məktəbdə yüksək professionallıq göstərən müəllimlər çalışır. Onlardan 3 nəfəri  fəlsəfə doktoru, 6 nəfəri əməkdar müəllim və 14 nəfəri " Ən yaxşı müəllim" müsabiqəsinin qalibidir. Maraqlı faktdır ki, müəllimlərdən 24 nəfəri məhz   bu məktəbin məzunudur.

Kompleks müəllimlərinin peşəkarlığının artırılması  məqsədilə  təcrübə mübadiləsi üçün onlar xarici ölkələrə göndərilir. Bu, dünya təcrübəsini öyrənmək üçün çox əhəmiyyətlidir.  Müəllimlərin bir çoxu müxtəlif beynəlxalq layihələrdəki iştirakına görə sertifikatlar almışlar. Beynəlxalq layihələrə qoşulmaq əsas məqsədlərdən biridir. Hazırda IB proqramına qoşulmaq üçün ciddi iş aparılır.

Hər bir təhsil müəssisəsinin ən böyük nailiyyəti onun məzunlarıdır. Burada  keçən ildən "Məşhur məzunlar" adlı layihəyə başlanılıb. Layihənin əsas məqsədi məktəbi bitirən tanınmış, nüfuzlu, ziyalı məzunların şərəfli ömür yollarını gənc nəslə layiqincə çatdırmaqdan ibarətdir. "Məşhur məzunlar" layihəsinin ilk tədbiri bu məktəbi qızıl medalla bitirmiş görkəmli şərqşünas alim Aida İmanquliyevaya həsr olunmuşdur. İkinci tədbirdə isə Milli Qəhrəman Riad Əhmədovun ömür yolundan bəhs olunub.

Təhsil kompleksinin prioritet sahələrindən biri valideynlərlə aparılan işdir. Məktəbdə hazırda Hami şurasının işi genişlənməkdədir. Kompleksdə şagird özünüidarəetmə orqanı -  şagird prezident və məktəb parlamenti fəaliyyət göstərir.

Məktəbdə psixoloji xidmət ən vacib sahədir. Psixoloji xidmətlə bağlı M.V.Lomonosov adına MDU-nun Bakı filialı ilə bağlanan müqavilə həm şagird, həm də müəllim kollektivinə çox  kömək edir.

Şagirdlərin yaradıcı istedadını üzə çıxarmaq üçün "Məktəb filarmoniyası"  layihəsi üzərində artıq  iki ildir ki,  iş gedir.  Bu il həmin layihə təqdim ediləcək.

"Elektron kitabxana" layihəsi üzrə iş gedir.  Eyni zamanda, təhsil kompleksində müxtəlif layihələrin həyata keçirilməsi üçün fandreyzinqlə əlaqədar ciddi iş aparılır.

Kompleks yenidənqurma işlərindən sonra bu gün üçün bütün müasir tələblərə ən yüksək səviyyədə cavab verən çox zəngin maddi-texniki bazaya malikdir.  Burada  lokal telestudiya fəaliyyət göstərir.

Kompleks artıq neçə ildir ki "Elektron məktəb" layihəsinə qoşulmuşdur. Kompleks Nizamnaməsinə uyğun olaraq, hər ay fənlər üzrə bütün şagirdlərin qiymətləndirilməsi  həyata keçirilir. Valideynlər "Elektron məktəb"  layihəsi çərçivəsində xüsusi kodla sistemə daxil olub övladlarının qiymətləri ilə tanış ola bilirlər.

2013-cü ildə kompleksdə Təhsil Nazirliyinin dəstəyi və "Samsung" şirkəti tərəfindən  "Samsung Smart School" layihəsi həyata keçirilib.

Məktəbdə istedadlı uşaqların üzə çıxarılması, onlarda elmə marağı artırmaq üçün Kiçik Akademiyanın işi təqdirəlayiqdir.

ADA-da  təqdimatı keçirilən, İtaliya - Azərbaycan Assosiasiyasının birgə nəşri olan "Via della Seta" - "İpək yolu" jurnalında kompleks  haqqında geniş məqalə dərc olunub. Fərəhləndirici haldır ki, bu məqalədə 132-134 nömrəli təhsil kompleksini "Gələcəyin məktəbi" adlandırıblar.

Kompleksin www.132-134.com  saytı fəaliyyət göstərir.

 

Hazırladılar: Hicran ƏKBƏROVA,

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2014.- 11 iyul.- S.4.