Təhsil mütəxəssisləri
müəllimlik ixtisaslarına qəbul olunmuş
tələbələr üçün
stimullaşdırma proqramını dəstəkləyirlər
Stimul keyfiyyət amilidir
Əjdər
AĞAYEV,
pedaqoji
elmlər doktoru, professor
Son zamanlar bir qayda olaraq müəllimlik ixtisasına qəbul
imtahanında aşağı bal toplayanlar
gəlirlər. Hətta bəzi valideynlər
arasında övladının bir ixtisas qazana bilməyəcəyi
təqdirdə, heç olmasa, müəllim olmasını
arzulayanlar vardır. Bu cür
düşüncələrin nəticəsində müəllim
hazırlığının keyfiyyəti həqiqətən
aşağı düşür. Son bir
neçə ildə isə vəziyyət nisbətən dəyişməyə
başlamışdır. Müəllimlik
ixtisasını seçənlər arasında 500-dən
yuxarı bal yığanlar vardır.
Mən
bu qənaətə Qafqaz Universitetinin tələbələrinin
nümunəsində gəlirəm. Bu
universitetdə 500 və 500-dən yuxarı balla müəllimlik
ixtisasını seçənlər ödənişsiz təhsil
alırlar.
Ötən tədris
ilində pedaqoji
fakültəyə qəbul olunan 338 tələbənin əksəriyyəti
500 dairəsində, 33 nəfəri 600-dən yuxarı, 1 nəfəri
isə 700 bal toplamış abituriyentlərdir.
Təcrübə göstərdi
ki, qəbulda yüksək
bal toplamış abituriyentlərə
ödənişsizlik missiyasının verilməsi onların
pedaqoji fakültəyə gəlmələrini
stimullaşdırmışdır. Bu, bir
universitetin təcrübəsidir. Yaxşı
haldır ki, Təhsil Nazirliyi pedaqoji kadr
hazırlığının keyfiyyətini yüksəltmək
məqsədi ilə yeni layihələr irəli sürür.
Bu layihələr bütün pedaqoji təhsil verən ali məktəblərə aiddir.
Ali təhsil müəssisələrinə
qəbulda 500 və daha yüksək bal
toplayan, ixtisas seçimində birinci müəllimlik
ixtisasını qeyd edən ilk 300 tələbəyə 100
manat məbləğində təqaüdün verilməsinin
Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilməsi,
heç şübhəsiz, stimullaşdırıcı təsir
göstərəcəkdir. Fikrimcə,
yaxşı olardı ki, bu tələbələrin təlim-tərbiyə
fəaliyyəti izlənilsin, nəticələr qaneedici
olduqda sonrakı fəaliyyət mərhələlərində
də (işlə təminat və s.) onların
stimullaşdırılacağı öncədən bilinsin.
Düşünürəm ki, hər bir
ali məktəbin özünün də
stimullaşdırıcı layihələr tətbiqi
abituriyentlərin pedaqoji ixtisaslara həvəslə gəlmələrinə
kömək edə bilər. Hamıya bəllidir
ki, hər hansı sahədə fəaliyyətin
stimullaşdırılması keyfiyyət göstəriciliyi
ilə diqqəti cəlb edir.
Stimullaşdırıcı proqramı
təqdirəlayiq hesab edirəm
Buludxan
XƏLİLOV,
ADPU-nun filologiya fakültəsinin
dekanı,
filologiya üzrə
elmlər doktoru,
professor
2014-2015-ci tədris ilindən
müəllimlik ixtisasına
qəbul olunmuş tələbələr üçün xüsusi stimullaşdırma proqramının həyata
keçirilməsini təqdirəlayiq hesab edirik. Bu stimullaşdırıcı
proqramlardan biri də
müəllimlik
ixtisasını öz arzusu ilə seçən və
yüksək balla qəbul olunan gənclərə xüsusi
imtiyazların tətbiq ediləcəyi ilə
bağlıdır. Belə ki, ixtisas seçimində birinci
müəllimlik ixtisasını qeyd edən 500 və daha
yüksək bal toplayan ilk 300 tələbənin hər
birinə 100 manat
məbləğində əlavə
təqaüd veriləcəkdir. Belə tələbələrin
sayı 300 nəfərdən az olarsa, onda ixtisas seçimində
müəllimlik
ixtisasını
ikinci yerdə qeyd edən tələbələr arasında
da seçim
aparılacaqdır. Təhsildə islahatyönümlü bu cür tədbirlərin həyata keçirilməsi böyük əhəmiyyət kəsb
edir. Birincisi, müəllim peşəsinin
nüfuzunu artırmaq, gənclərin gələcəkdə
müəllim peşəsini seçməsi üçün
bu tədbir çox böyük önəm
daşıyır.
İkincisi,
artıq uşaqlar orta məktəbdə oxuduğu müddətdə
gələcəkdə peşə seçimi zamanı müəllim
peşəsini seçmək həvəsində olacaqlar.
Üçüncüsü,
qəbul zamanı abuturiyentlər müəllim peşəsini
üçüncü, dördüncü, beşinci... yerlərdə
yazır, ilk yerdə isə başqa ixtisasları qeyd edirdilər. Abituriyentlər topladıqları balla ilk qeyd etdikləri
ixtisaslara düşmədikdə istək və arzu ilə
seçmədikləri müəllimlik ixtisasına
düşürdülər. Nəticədə belə tələbələr
istək və məhəbbət olmadan müəllimlik
ixtisasında təhsil alırdılar. Eyni
zamanda müəllimlik peşəsinin sirlərini dərindən
öyrənmirdilər. Təbii ki, ali təhsil aldıqdan
sonra bu sahədə işləmir, sadəcə olaraq diplom
almaqla başqa sahələrdə özlərinə iş
axtarırdılar. İndi isə, hər halda bəri
başdan müəllim ixtisasına gələnlər öz
istək və həvəsləri ilə fərqlənənlər
olacaqdır. Bu da müəllimlik peşəsinə
qəlbən bağlı olanları başqalarından fərqləndirəcəkdir.
Dördüncüsü, bəzən görürsən
ki, tələbə topladığı balla ilk
seçdiyi ixtisaslara düşmədiyi üçün
müəllim ixtisasına düşür. Bu da
tədris prosesinə də ciddi zərbə vurur. Belə ki, həmin tələbələr (yəni
ya təsadüfən, ya da məcburən müəllimlik
ixtisasını seçənlər) yaxşı oxumur, öz
peşələrini dərindən öyrənmirlər.
Bu mənada belə hallar da aradan
qaldırılacaq və tələbələrin tədris
prosesinə marağı artacaqdır.
Beşincisi, bu
gün ali
məktəblərdə SABAH qruplarının
yaradılması peşəkar kadrların hazırlanması
sahəsində uğurlu addımlardan biridir. Bu mənada
ixtisas seçimində birinci müəllimlik ixtisasını
qeyd edən və qəbulda yüksək bal
toplayan tələbələr üçün universitetlərdə
daxili qaydada SABAH qrupları yaratmaq olar. Bu da
peşəkar müəllim hazırlığı işinə
müsbət təsir göstərə bilər.
Gələcək müəllimlərə dövlət qayğısı
Mirzəli
MURQUZOV,
ADPU-nun fizika fakültəsinin dekanı,
fizika-riyaziyyat elmləri doktoru, professor,
"Şöhrət" ordenli,
əməkdar müəllim
Məlumdur ki, dövlətimizin təhsil
siyasətində gənclərə qayğı xüsusi yer
tutur. Bu qayğının təzahürlərinə (dövlət xətti ilə
qabaqcıl xarici ölkələrdə təhsil, yüksək
bal toplayanlara Prezident təqaüdü, nisbətən uzaq yerlərə
təyinatla göndərilənlərə əlavə vəsait
ödənilməsi və s.) dair çoxlu misallar göstərmək
olar.
Bu günlərdə dövlətin gənclərə
növbəti qayğısının təzahürünə
şahid oluruq. Belə ki, ali təhsil müəssisələrinə
qəbul imtahanında 500 və daha yüksək bal toplayan,
ixtisas seçimində müəllimlik ixtisasını 1-ci
qeyd edən ilk 300 tələbəyə
100 manat məbləğində əlavə təqaüdün verilməsi qərara
alınmışdır.
Hazırda ali
məktəblərə qəbul
imtahanlarının getdiyi və ardınca ixtisas seçiminin
aparılacağı bir dövrdə belə qərarın
verilməsi,
fikrimizcə, vaxtında atılan təqdirəlayiq
bir addımdır. 2013-cü ildə qəbul
edilmiş təhsilin inkişafi üzrə Dövlət
Strategiyasının tələblərinə uyğun peşəkar
bilik və kompetensiyalara malik yüksək ixtisaslı müəllim
və təhsil menecerlərinin hazırlanması
qarşıya mühim bir məqsəd kimi qoyulmuşdur.
Gələcəyə yönəlmiş belə perspektivli məqsədin
həyata keçirilməsində aparılan əsaslı islahatlarla yanaşı qabiliyyətli gənclərin
müxtəlif müəllim ixtisaslarına cəlb olunması
da son dərəcə önəmlidir. Qeyd olunan
məsələləri alqışlamaqla yanaşı, buna
dair öz mülahizələrimizi də bildirmək isdərdik.
Yaxşı məlumdur ki, müəllim sənəti
şərəfli olduğu kimi həm də olduqca çətin,
mürəkkəb və məsulyyətli bir işdir. Bunları nəzərə alaraq tələbə qəbulunda
müəllim sənətinə seçim məlum ümumi
qaydalardan fərqlənməli və yeni qaydada
aparılmalıdır. Biz bunu
aşağıdakı şəkildə təklif edirik.
1. Şagirdin məktəbdə təhsil
aldığı müddətdə onun bütün müvəfəqiyyət
göstəriciləri (bilik, bacarıq, nizam-intizam, fiziki və
psixolojı durumu, nitqi və məntiqi) haqda həmin məktəbin
pedaqoji şurasının qərarı və zəmanəti qəbul
komissiyasına təqdim olunur.
2. Qəbul iki mərhələdə (test və
müsabiqə) aparılır.
3. Gənc tələbə olduğu və yaxud müəllim
işlədiyi zaman onun əməyinin stimullaşdırılması
üçün oxuduğu ali təhsil
müəssisəsi və Təhsil Nazirliyi tərəfindən
əlavə tədbirlər görülə bilər.
4. Oğlanların qızlara nisbətən müəllim
peşəsinə daha çox cəlb edilməsinə diqqəti
artırmaq yaxşı olardı.
Təhsil Nazirliyinin
pedaqoji kadr hazırlayan
ali təhsil müəssisələrində
təhsil proqramının məzmununa yenidən
baxılmasını təqdirəlayiq hesab edirəm. Çünki bu istiqamət təhsil sahəsində
aparılan islahatların ən vacib tərkib hissəsidir.
Artıq tələbələr hər cür biliklər
toplusu ilə deyil, hadisə və obyektləri
bütövlüyə və keyfiyyətə aparan real biliklər
sistemi ilə silahlandırılmalıdır. Müəllimlər
dərketmənin ən
müasir strategiyasına (sistemlik, özünütəşkil, qlobal təkamülçülük
və s.) yiyələnməlidirlər. Başqa
sözlə, bu günun, sabahın müəlliminin dünyaya
baxışı konseptual səviyyədə olmalıdır.
Onlar yeni
proqram və dərsliklərin yaradılması və tətbiqində
fəal mövqe tutmalıdırlar. Əks halda, təhsilin yeniləşməsi
baxımından ali pedaqoji təhsil orta təhsil məktəblərindən
geri qalmış olardı.
Təhsil Nazirliyi
tərəfindən aparılan
islahatyönümlü tədbirləri
dəstəkləyir və
ümid edirik ki, təhsilin bütün sahələrini
əhatə edən bu işlər çox yaxın bir zamanda gözlənilən
uğurlu nəticələrini verəcəkdir.
Təhsil
Nazirliyinin yeni
qərarı düşünülmüş
addımdır
Mircəfər HƏSƏNOV,
AMİ-nin kafedra müdiri,
professor,
əməkdar müəllim
"Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nda pedaqoji kadrların səriştəliliyi,
elmi-metodiki hazırlığının
yüksəldilməsi əsas vəzifələrdən biri kimi
vurğulanmış və təhsilin inkişafında müəllimlərin
əməyi xüsusi qeyd
edilmişdir. Bu baxımdan ilkin
müəllim hazırlığı çox
böyük əhəmiyyət kəsb edir. Təəssüf hissilə
qeyd etmək lazımdır ki, son illərdə müəllim
olmaq arzusunda olmayan və qəbul imtahanlarında
aşağı bal toplayan
gənclər pedaqoji institut
və universitetlərə qəbul olurlar ki, bu da
iki cəhətdən özünü
doğrultmur. Birincisi,
həmin gənclərin intellektual səviyyələri
aşağı olduğu üçün
yüksək səviyyəli mütəxəssis kimi yetişə bilmirlər. Digər tərəfdən,
müəllimlik peşəsini sevmədikləri üçün alababat kadr kimi yetişən gənclər
çox vaxt digər
sahələrdə çalışırlar.
Təhsil
Nazirliyinin yüksək bal
toplayan, ixtisas
seçimində birinci müəllimlik
ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində əlavə təqaüd
verilməsi haqqında qərar qəbul etməsi çox düşünülmüş
bir addımdır və mənə elə
gəlir ki, sadaladığımız qüsurların aradan qaldırılmasına köməklik
göstərəcəkdir.
Sözsüz ki, son bir ildə respublikamızda təhsilin inkişafı sahəsində həyata keçirilən pedaqoji və ümumiyyətlə ictimaiyyət tərəfindən rəğbətlə qarşılanan tədbirlər kimi Təhsil Nazirliyinin bu qərarı da hamı tərəfindən müsbət qarşılanacaqdır.
Yüksək səviyyəli müəllimlərin
hazırlanmasına xidmət edən qərar
Nazim QASIMOV,
Bakıdakı 70 nömrəli məktəb-liseyin
direktoru, əməkdar müəllim
Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli
Sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət
Strategiyası"nın təsdiqindən sonra
Təhsil Nazirliyində bir sıra uğurlu islahatlar həyata
keçirilməyə başlanıb. Belə addımlardan biri
də pedaqoji ixtisasa üstünlük verən gənclərə,
sabahkı tələbələrə oxuduqları müddətlərdə
əlavə 100 manat məbləğində
təqaüdün verilməsi haqqında qərardır. Fikrimizcə bu, yüksək bilik və ixtisas vərdişlərinə
malik müəllimlərin
hazırlanmasına, eləcə də müəllim peşəsini
seçmiş tələbələrin,
bütövlükdə cəmiyyət arasında müəllim
peşəsinin nüfuzunun artmasına
xidmət edəcəkdir.
Məlum olduğu kimi, müəllim
nüfuzunun artırılması istiqamətində
Təhsil Nazirliyi son bir ildə bir sıra uğurlu yeniliklər tətbiq edib.
Qiyabi pedaqoji təhsilin ləğvi, kolleclərdə
müəllim hazırlığının
dayandırılması, Bakı şəhərinin təhsil
müəssisələrində çalışan müəllimlərin
bilik və səriştəsinin sınaq
qiymətləndirilməsi, eləcə də ucqar
yaşayış məntəqələrində
çalışan gənc müəllimlərin sosial durumlarının
yaxşılaşdırılması ilə bağlı həyata
keçirilən tədbirlər Azərbaycan cəmiyyətində
müsbət qarşılanır.
Bu
il ali təhsil müəssisələrinə
qəbulda 500 və daha çox
bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə
100 manat məbləğində əlavə
təqaüd verilməsi çoxdan
gözlənilən addımlardan biridir.
Təhsil
Nazirliyi tərəfindən gerçəkləşdirilməsi
nəzərdə tutulan bu
layihə həm də onu göstərir ki, Dövlət Strategiyasının strateji hədəflər içərisində
nəzərdə tutulmuş tədbirlər
ardıcıl şəkildə həyata keçirilməkdədir. Bu da
hər bir məktəbdə işləyən
müəllimlər arasında yaxşı mənada canlanma yaradır. Bu tədbirlər
bütovlükdə öz gələcəyini
müəllimlik peşəsinə istiqamətləndirmiş
gənclərin dövlət tərəfindən daim diqqətdə olmasını nəzərdə
tutur.
Sonda onu da qeyd etmək istəyirəm ki,
istedadlı müəllimlərin daha da peşəkar olmaları üçün
onların stimullaşdırıcı layihələrdə
iştirakı, eləcə də qabaqcıl təhsil sahəsinə
malik olan dövlətlərə
təcrübə mübadiləsinə göndərilmələri
müəllim nüfuzunun artmasına xidmət edər.
Mənim fikrimcə, Təhsil
Nazirliyinin xətti ilə həm
şagirdlərin, həm də müəllimlərin reytinqini müəyyənləşdirmək üçün dekabr və
may aylarında sınaq testlərinin
keçirilməsi onların məsuliyyətini xeyli artırardı.
Hazırladı:
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.- 2014.- 18 iyul.- S.4.