Sənətkar
hazırlığı Dövlət
Strategiyasının tələblərinə cavab verməlidir
Ölkəmizdə
gerçəkləşdirilən islahatlar və
genişmiqyaslı infrastruktur layihələri, dayanıqlı
makroiqtisadi yüksəlişin təmini, yoxsulluğun
azaldılması, iqtisadiyyatın diversifikasiyası və onun
dünya iqtisadi sisteminə inteqrasiyası insan
potensialının inkişafı üzrə qəti tədbirlərin
həyata keçirilməsini tələb edir. Bu isə,
öz növbəsində, təhsilin keyfiyyətinin yüksəldilməsi
və rəqabət qabiliyyətli kadr potensialının
hazırlanması ilə bağlıdır. Göstərilən
məsələlərin həlli üçün zəruri
şərt ilk peşə-ixtisas təhsili sistemində kadr
hazırlığının əmək bazarının tələblərinə
uyğunluğunun təmin edilməsidir. Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"
keyfiyyət nəticələri və əhatəliliyinə
görə dünya ölkələri sırasında
aparıcı mövqe tutan, səriştəli müəllim
və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan
infrastruktura malik təhsil sisteminin yaradılması
üçün beş strateji istiqamətdə genişmiqyaslı
tədbirləri nəzərdə tutur.
Beynəlxalq təcrübəyə əsaslanan
ilk peşə-ixtisas təhsili sisteminin islahat siyasəti və
strategiyasının mərkəzində bacarıqların
inkişaf etdirilməsi, onun əmək bazarının tələbatlarına
və iş yerində əmək fəaliyyətinin məqsədlərinə
istiqamətlənmiş sistemə çevrilməsidir. Bu
cür sistem əsasən təlimin
razılaşdırılmış nəticələrindən
və təlim prosesinin keyfiyyətindən
çıxış edərək
formalaşdırılmalıdır.
Dövlət Strategiyasının mühüm
xüsusiyyətlərindən biri ondan ibarətdir ki, ilk peşə-ixtisas
təhsili sistemində tədrisin məzmununun müasirləşdirilməsi
əmək bazarının geniş müstəvisində əhatə
olunur. Bu
o deməkdir ki, istər
iqtisadi, istərsə də sosial baxımdan uğurlu
və səmərəli peşə təhsili sisteminin
formalaşması və fəaliyyət göstərməsinə
zəmanət olan zəruri şərtlərdən
biri ilk peşə-ixtisas
təhsillinin məzmununun müasir əmək
bazarının tələblərinə
uyğunlaşdırılmasıdır.
Keçən
əsrin sonlarından Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında keyfiyyətcə
yeni mərhələ
başlamışdır. İqtisadiyyatda sabit artım tempinin
müşahidə edilməsində, bazar
iqtisadiyyatı münasibətlərinin genişlənməsi
və dərinləşməsində, sahibkarlığın inkişaf etdirilməsində əlverişli işgüzar mühitin yaradılması istiqamətində
atılan önəmli addımlarda öz əksini
tapmış yeni reallıqlar əmək
bazarında əhali məşğulluq strukturunda
və kadr hazırlığının məzmununda
müsbət dəyişikliklərin baş
verməsinə səbəb olmuşdur. Bu isə, öz növbəsində,
peşə təhsili sisteminin rolunun ciddi surətdə dəyişməsini
və işçi qüvvəsinə olan tələbin peşə-ixtisas strukturunun əmək bazarının
ehtiyaclarına istiqamətləndirilməsini şərtləndirmişdir.
Prioritetlərə yeni
baxış, o cümlədən peşə
təhsilinin müasirləşdirilməsi üzrə tədbirlərin
həyata keçirilməsinin təxirəsalınmazlığı,
onun məzmununun əmək bazarının
tələblərinə uyğunlaşdırılması, dinamik surətdə inkişaf
edən iqtisadiyyatın peşəkar kadrlara
artan tələblərinin
ödənilməsi məsələləri ilə
bağlı təhsilin inkişafı istiqamətində son illərdə atılan mühüm
addımlar nəticəsində təhsilimizin mühüm
tərkib hissələrindən biri olan ilk peşə-ixtisas təhsili
üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi,
maddi-texniki təminatın
yaxşılaşdırılması istiqamətində geniş miqyaslı işlər görülməkdədir.
Son zamanlar Azərbaycan Respublikası Təhsil
Nazirliyinin dəstəyi ilə ilk peşə-ixtisas təhsili sahəsində
Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun müvafiq əməkdaşlarının
və beynəlxalq ekspertlərin iştirakı ilə bu təhsil pilləsinin məzmununun yeniləşdirilməsi
sahəsində bir sıra pilot
layihələr həyata keçirilmişdir. Bunlara misal
olaraq peşə standartlarının təhsil
standartlarına və tədris planlarına çevrilməsi
sahəsində Avropa Təhsil Fondunu, ilk peşə-ixtisas
təhsilində Blok - Modul
metodunun tətbiqində Beynəlxalq
Əmək Təşkilatını, Fasiləsiz peşə təhsili
proqramlarının hazırlanması və tətbiqində
UNESCO və Avropa Təhsil Komissiyasını, ilk peşə-ixtisas təhsili
sahəsində islahatlar strategiyası və
Azərbaycanın seçilmiş rayonunda icrası layihəsində Avropa İttifaqını, ilk
peşə-ixtisas təhsili üzrə Resurs
Mərkəzinin yaradılmasında Belarus
Respublikasının Texniki Peşə Təhsili
İnstitutunu, Azərbaycan
Respublikasında kənd təsərrüfatı sahəsində
ilkin peşə təhsilinin
möhkəmləndirilməsi layihəsində Avropa İttifaqı və Almaniya
Federativ Respublikasının Bavariya Vilayəti Elm, Təhsil
və Kənd Təsərrüfatı nazirliklərini, 40
ixtisasın kompetensiyalara əsaslanan yeni təhsil proqramlarının
(kurikulumlarının) hazırlanması sahəsində
"Savadlı Cəmiyyət" Müasir
Təhsilə Dəstək İctimai
Birliyini və b.
göstərmək olar. Bu
işlər hazırda davam etdirilir.
Təhsil
Nazirliyi kənd təsərrüfatı
sahəsi üzrə ixtisaslaşmış ilk
peşə-ixtisas təhsili müəssisələrinin maddi-texniki və tədris bazasının müasir tələblərə
uyğunlaşdırılması məqsədilə yeni texnika, avadanlıq, əyani
və texniki vasitələrin
alınması prosesinə start verib.
Belə
ki, İsmayıllı Peşə Tədris
Mərkəzi, Balakən 1 nömrəli Peşə Məktəbi,
Cəlilabad Peşə Liseyi, Bərdə
Peşə Liseyi, Quba
Peşə Liseyi, Şamaxı Peşə
Liseyi, Göyçay
Peşə Liseyi üçün
6 traktor, 4 otbağlayan,
7 traktor qoşqusu, 5 kotan, 6 toxumsəpən, 3 otbiçən, 3 taxıl və qarğıdalı
yığan kombayn, 3 dərman çiləyici,
2 gübrəsəpən, 1 yemüyüdən texnika alınıb.
Bütün bunlarla
yanaşı, Dövlət Strategiyasında göstərildiyi kimi, bu sahədə həlli
vacib olan ciddi problemlər hələ də
qalmaqdadır. İlk peşə-ixtisas təhsili
müəssisələrini bitirən şəxslərin
sayı iqtisadiyyatın tələbatı ilə
üst-üstə düşmür. Son illər ümumi təhsil
müəssisələrini bitirən məzunların
yalnız 11 faizinin ilk
peşə-ixtisas təhsili müəssisələrini
seçməsi, ümumilikdə həmin pillədə təhsilalanların
cəmi 25-27 min nəfər təşkil
etməsi əhalidə ilk peşə-ixtisas
təhsilinə marağın aşağı olduğunu göstərir.
Dövlət
Strategiyasında qeyd edildiyi
kimi, ilk peşə-ixtisas
və orta ixtisas təhsili
kurikulumları müasir tələblərə
cavab vermir. İlk peşə-ixtisas təhsilinin məzmununun
təkmilləşdirilməsinə işəgötürənlərin
cəlb olunması çox
aşağı səviyyədədir. İşəgötürənlər
kadr hazırlığı prosesində iştirak
etmək, hazırlanan kadrlara dair şərtlər irəli sürmək
imkanına malik olmalı və buna müvafiq olaraq cavabdehliyini dərk
etməlidir.
Dövlət
Strategiyası ilk peşə-ixtisas təhsili
qarşısında yeni, daha
mühüm vəzifələr qoyur. Bu dövlət sənədinə
əsasən keyfiyyətli və səmərəli ilk peşə-ixtisas təhsili sisteminın
formalaşması üçün onun müasirləşdirilməsi istiqamətində
təxirəsalınmaz işlər görülməlidir. Yeni
texnologiyaları mənimsəyən, ölkənin xarici əmək bazarında rəqabət
qabiliyyətinin artmasını və milli
iqtisadiyyatın qlobal iqtisadi
sistemə inteqrasiyası prosesini təmin
edən kadrların hazırlanması məsələlərinin
həllinə bütün maraqlı tərəflər
(işəgötürənlər, ilk peşə-ixtisas təhsili müəssisələri, həmkarlar
təşkilatları, cəmiyyət və s.)
cəlb olunmalıdır.
Hazırda
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
24 sentyabr 2012-ci il tarixli, 1518
nömrəli əmrinə müvafiq olaraq ilk peşə -ixtisas təhsili
müəssisələri tərəfindən hazırlanan və pedaqoji şuralarda baxılıb bəyənilən,
razılaşdırmaq üçün Təhsil
Problemləri İnstitutuna və Təhsil
Nazirliyinə göndərilən mövcud
tədris plan və proqramlar
fənyönümlü olduqlarından əmək bazarının müasir tələblərini ödəmir. Həmin fənyönümlü tədris plan və proqramların ilk
peşə-ixtisas təhsili müəssisələrində tətbiqi
zamanı çoxlu nöqsanlara
yol verildiyini nəzərə
alsaq, mövcud formada onların keyfiyyətə necə mənfi
təsir göstərdiyini anlamaq çətin
deyil. Nəticədə ilk peşə-ixtisas təhsilinin keyfiyyəti
zamanın tələblərindən geri
qalır. Peşə təhsilinə maraq
azalır, yaxud peşə ixtisas
təhsili almış şəxs əmək bazarında
özünə iş tapa
bilmir.
Vəziyyətdən
yeganə çıxış yolu
Dövlət Strategiyasının tələblərinə uyğun olaraq ilk peşə-ixtisas
müəssisələrindəki mövcud
fənyönümlü tədris plan və
proqramlarını qabaqcıl ölkələrin təcrübəsində
təsdiqini tapmış kompetensiyalara əsaslanan
modul tipli təhsil proqramları ilə əvəz etməkdir. Bu proses 120 ixtisas
qrupu üzrə 700-dən çox
ixtisas üçün
nəzərdə tutulduğundan və
böyükhəcmli olduğundan müəyyən
vaxt və vəsait tələb edir. Fikrimizcə, peşə-ixtisas təhsili üzrə bu sahədə kifayət qədər potensial imkanı və təcrübəsi olan Təhsil Problemləri İnstitutunun
əməkdaşları, işəgötürənlər, ilk peşə-ixtisas təhsili müəssisələri
və digər maraqlı tərəflərin peşəkar
nümayəndələrinin birgə səyi ilə bu işin öhdəsindən müvəffəqiyyətlə gəlmək
olar.
Hazırlanmış
təhsil proqramlarına (kurikulumlara) uyğun müasir dərslik
və dərs vəsaitlərinin tərtibi üçün
də, Dövlət Strategiyasında göstərildiyi kimi, əməli tədbirlər həyata
keçirilməlidir. Ona görə də yeni təhsil
proqramlarına (kurikulumlara) əsaslanan müasir dərsliklərin, elektron
resursların və tədris vəsaitlərinin
hazırlanması və ilk peşə-ixtisas
təhsili müəssisələrində alternativ
dərsliklərdən istifadə mexanizminin
yaradılması məqsədəmüvafiqdir.
İlk peşə-ixtisas təhsili üzrə keçmiş
sovet məkanında Azərbaycan dilində
dərsliklərin olmaması problemi
yalnız ölkəmiz müstəqillik qazandıqdan sonra həll edilməyə başladı. Belə
ki, son illərdə ilk peşə təhsili üzrə Azərbaycan
dilində 33 adda dərslik və 8 adda dərs vəsaiti çap edilib peşə təhsili müəssisələrinə
paylansa da problem tam həll edilməmişdir.
Bu məsələ ilə əlaqədar ilk peşə-ixtisas təhsili müəssisələrinin
kitabxanalarının da yenidən
qurulmasına ciddi ehtiyac
vardır.
Dövlət
Strategiyasında xüsusi qayğıya
ehtiyacı olanların təhsilinə, o
cümlədən onların peşə təhsilinə xüsusi yer verilmişdir. Ona görə
də:
* xüsusi
qayğıya ehtiyacı olan şəxslərin
peşə hazırlığı və əlavə təhsilə
cəlb edilməsi sahəsində tədbirlərin həyata
keçirilməsi;
* onların cəmiyyətə
inteqrasiyasının təmin edilməsi, seçdikləri ixtisaslar üzrə işləmələri üçün müvafiq
tədbirlərin görülməsi;
* əlillər üçün fərqli (xüsusiləşdirilmiş)
peşə təhsili proqramlarının (kurikulumların)
hazırlanması və tətbiqi;
* iş
axtaran gənclərin və evdar qadınların peşə
hazırlığı və əlavə təhsilini təmin
etmək məqsədi ilə müvafiq
kursların təşkili və digər tədbirlərin həyata
keçirilməsi;
* qaçqın və
məcburi köçkünlər üçün
peşə hazırlığını təmin etmək məqsədi
ilə müvafiq tədbirlərin həyata
keçirilməsi;
* cəzaçəkmə
müəssisələrindəki, həmçinin cəzaçəkmə
müəssisələrindən azad edilmiş şəxslərin məşğulluğunun
təmin edilməsi məqsədi ilə peşə
hazırlığı kurslarının təşkili və s. kimi məsələlər
maraqlı tərəflərin diqqət mərkəzində olmalıdır.
Dövlət
Strategiyasının tələbləri baxımından ilk peşə-ixtisas təhsili sahəsində
islahatlar aparılmasında ən vacib amillərdən biri də
müəllim heyətinin pedaqoji keyfiyyəti
və ixtisaslarıdır. İşəgötürənlərin
tam etibar etdiyi yüksək səviyyədə təhsil
almış bacarıqlı müəllimlər olmadan
digər amillərin, məsələn, işəgötürənlərin
ehtiyaclarına uyğun səriştəyə
əsaslanan təhsil proqramlarının (kurikulumların) və
tədris-maddi bazanın yüksək təchizatının
sistemə təsiri az olacaq.
Peşə təhsili müəssisələrinin
rəhbər və mühəndis-pedaqoji işçilərinin
ilkin və fasiləsiz peşə təhsili
(FPT) nümunəvi səviyyədə olmasa,
onlar işəgötürənlərin mövcud və gələcək tələblərini
ödəyə bilməzlər.
Hazırda
Azərbaycanda ilk peşə-ixtisas təhsili
sahəsində ixtisas fənn müəllimləri
və istehsalat təlimi ustaları üçün ilkin təlim
mövcud deyildir. İlk peşə-ixtisas təhsili müəssisələrində
də əksər ixtisas fənn müəllimləri
və istehsalat təlimi ustaları (bundan sonra ixtisas
müəllimləri) müxtəlif universitetləri və orta ixtisas təhsili müəssisələrini
bitiriblər və müəllim üçün
vacib olan müasir təlim-tədris metodologiyası
üzrə bilik və bacarıqlara malik deyillər. Müəllimlər ilk peşə-ixtisas təhsilinin ehtiyaclarına
uyğun hazırlanmış təhsil
proqramı üzrə ilkin təhsil almadan peşə təhsili müəssisələrində
işləməyə başlayırlar.
Nəticədə
müəllimlər təhsilalanlarla münasibətlər qurmaqda çətinliklərlə üzləşirlər
və təhsilalanlara verilən təhsilin səviyyəsi
aşağı olur. Qeyri-pedaqoji
ali və orta ixtisas təhsili müəssisələrində
pedaqogika və təlim metodikası tədris
edilmir. Müəllimlərin ixtisas və pedaqogika
üzrə ilkin təlimi üçün
təsdiq olunmuş təhsil proqramı (kurikulum) yoxdur.
Beləliklə,
peşə təhsili müəssisələrində ixtisas fənn müəllimləri ali təhsilli, istehsalat təlimi
ustaları isə ali və ya orta ixtisas
təhsilli olsalar belə, onların təlim
texnologiyaları barədə anlayışları yoxdur. Həmin ixtisas fənn
müəllimləri İKT də daxil olmaqla, müasir tədris mühiti yaratmaq və bu mühiti inkişaf etdirmək üçün
istifadə edilən metodları bilmirlər. Təlim
almış peşəkar müəllim hədəf auditoriya üçün ən
uyğun yanaşmanı seçməyi
bacarmalıdır. Mövcud sistemdə isə
əsas diqqət hələ də sinif
otaqlarında mühazirələr vasitəsilə biliklərin
ötürülməsinə və praktik
dərslərin emalatxanalarda tədris edilməsinə
yetirilir. Belə metodologiya
hədəf auditoriyanın ehtiyaclarına uyğun
deyildir.
Odur ki, ilk peşə-ixtisas
təhsili müəssisələrinin ixtisas
fənn müəllimləri və istehsalat
təlimi ustalarının yenidən hazırlanmasını və
ixtisasının artırılmasını həyata
keçirəcəyi baza təhsil müəssisələri
və biznes qurumlarının müəyyən
edilməsi və
onların bazasında müəllim və ustalar
üçün mütəmadi olaraq seminar - treninqlərin
keçirilməsi məqsədəmüvafiq olardı.
İlk peşə-ixtisas təhsili müəssisələrində
şagirdlərin öz təhsillərinə
görə daha çox
məsuliyyət daşıması məqsədi ilə təkcə
müəllimin onlara verdiyi
məlumat və biliklərdən asılı olmamaları üçün daha müvafiq tədris mühiti
yaratmağa nail olmaq.
Onları öz ixtisasları və pedaqoji sahədəki yeniliklərlə çevik formada
tanış etmək. Bu yeniliklərin təlim
prosesinə operativ olaraq
tətbiqinə nail olmağın əhəmiyyəti
təkzibedilməzdir.
Ona görə ki, ilk
peşə-ixtisas təhsili müəssisələrinin rəhbər
və mühəndis-pedaqoji işçilərinin mövcud ixtisasartırma sistemi
sürətlə dəyişən, inkişaf
edən və diversifikasiyaya məruz qalan iqtisadi mühitdə müasir fasiləsiz peşə təhsilini təmin
etmir.
İlk peşə-ixtisas təhsili müəssisələrinin
rəhbər və mühəndis-pedaqoji işçilərinin
əksəriyyəti öz tədris sahələri
və ya təlim-tədris
metodologiyaları üzrə müasir
biliklərə malik deyillər. Müsbət
təcrübəni bir peşə təhsili
müəssisəsindən digərlərinə ötürmək
üçün mexanizm
mövcud deyil. Uzaq regionlardan Bakıya kurslara gəlmək çox
vaxt və maliyyə vəsaiti tələb
edir. Təlimin məqsədi çox vaxt mücərrəd
qalır. Təlimçi isə konkret kompetensiyalara malik şəxs
olmadığından kursun mahiyyətini
dinləyicilərə çatdıra bilmir.
Ali təhsil müəssisələrində
peşə təhsili müəssisələri üçün mühəndis-pedaqoji
kadrların hazırlanması da Dövlət
Strategiyasından irəli gələn məsələlərdəndir.
Çünki bu gün
ali təhsil müəssisələrində
peşə təhsili müəssisələri üçün müəllim
hazırlanmadığından bu vəzifəyə
cəlb edilən müəllimləri çox
böyük problemlər
qarşısında qoyur. Həmin müəllimlər
pedaqogika, psixologiya və
metodikanın əsaslarını bilmədiklərindən təhsilalanlarla
münasibət qurmaqda, onların fəaliyyətini
istiqamətləndirməkdə xeyli
çətinlik çəkirlər.
Dövlət
Strategiyasının əsas istiqamətlərindən biri olan təhsilin nəticələrinə
görə cavabdeh, şəffaf və səmərəli
tənzimləmə mexanizmlərinə malik,
dövlət-ictimai xarakterli və dövlət-biznes
partnyorluğuna əsaslanan idarəetmə
sisteminin formalaşdırılması
istiqaməti peşə təhsili sahəsində işəgötürənlərlə əlaqələrin
yaradılmasını, idarəetmənin beynəlxalq təcrübəyə
əsaslanaraq yenidən qurulmasını tələb edir.
İlk peşə-ixtisas təhsili müəssisələrinin
büdcəsinin 88-92 faizə qədəri əməkhaqqı
və şagirdlərin təqaüdü ilə bağlı xərclərə
yönəldilir və bununla da təhsillə bağlı digər xərclərə
çox az məbləğ
ayrılmış olur. Belə bir vəziyyətdə
ilk peşə - ixtisas
təhsili müəssisələrinin şagirdlərə
lazımi peşə bacarıqları verə bilməsi
çətinləşir. Yuxarıda qeyd edilən səbəblər üzündən,
milli strategiyanın gözləntiləri olan əmək bazarının təlim
ehtiyaclarını ödəmə vəzifəsinin icrası ilk peşə-ixtisas təhsili sistemi
üçün çətin və bəzən
qeyri-mümkün ola
bilər.
Əlbəttə,
maliyyə vəsaitinin azlığı bütün
mövcud problemlərin və çətinliklərin
səbəbi kimi göstərilə bilməz.
Amma ilk peşə-ixtisas
təhsili sisteminin keyfiyyətli səviyyədə
işləməsi və sistemin müasirləşdirilməsi
məqsədilə lazımi tədbirlərin icrası üçün kifayət qədər maliyyə
vəsaiti lazımdır.
Müşahidələr
göstərir ki, mövcud
büdcə sistemi daxilində ilk peşə-ixtisas təhsili müəssisələri,
ümumiyyətlə, əlavə gəlir fəaliyyətləri
vasitəsilə əhəmiyyətli məbləğ toplamağa qadir deyil.
Birincisi, ilk peşə-ixtisas
təhsili müəssisələri işəgötürənin
malik olduğu və ya investisiya qoyacağı
müasir maddi-texniki bazaya malik deyil.
Buna görə də işəgötürənlər
ilk peşə-ixtisas təhsili müəssisələrinə
uyğun və cəlbedici tərəfdaş
kimi baxmır.
İkincisi, yuxarıda qeyd olunan büdcə və təsdiqetmə
proseduraları əlavə gəlirlərin genişləndirilməsinə
heç bir şəkildə
kömək etmir. Bundan əlavə, işçi heyətin keyfiyyəti (müəllimlər
və istehsalat təlimi ustaları)
şübhə doğurur. Əlavə gəlir
fəaliyyətləri ilə məşğul olmaq
üçün maneələr aradan qaldırılana qədər büdcədənkənar
vəsaitlər ilk peşə-ixtisas təhsili
müəssisələri üçün
əhəmiyyətsiz maliyyə mənbəyi
olaraq qalacaqdır. Əlavə gəlir fəaliyyətləri
üçün daha əlverişli
rejim yaradılarsa, ilk
peşə-ixtisas təhsili müəssisələrinin
direktorları bu fəaliyyətlər
vasitəsilə dövlət büdcəsinin 5-10 faizi arasında əlavə gəlir toplaya bilər. Lakin direktorlar onu da dərk edir ki, büdcədənkənar vəsaitlərin
toplanması nəticəsində təhsil müəssisələrinə
ayrılan dövlət büdcəsi azaldıla bilər. Büdcədənkənar gəlirlər ilk peşə - ixtisas təhsili
müəssisələri üçün
əlavə maliyyə mənbəyinə çevrilməzdən
öncə, onlara ayrılan dövlət
büdcəsinin azaldılmayacağı razılaşdırılmalı
və paralel olaraq ilk peşə-ixtisas təhsili müəssisəsinin
özünüidarəetməsi artırılmalıdır.
İlk peşə-ixtisas təhsili müəssisəsinin
maliyyələşdirilməsinə təsir edən faktorlardan biri də
şagird/müəllim nisbətidir. Belə ki,
Azərbaycan sistemində hər 6-7 nəfər tələbəyə
bir müəllim düşür.
Bu göstərici beynəlxalq müqayisədə
çox yaxşı nisbətdir. Lakin şagird/müəllim nisbətinin
aşağı olması keyfiyyətli təhsil demək deyil. Maliyyə nöqteyi-nəzərindən bu o deməkdir ki, nəticələr xərclərə nisbətdə
eyni deyil. Digər ölkələrlə müqayisədə
Azərbaycanda müəllimlərin həftədə 12 saat dərs yükü
olması və ümumiyyətlə, müəllimlərin əməkhaqqının
yalnız həftəlik (illik 480 saat) bir stavka
dərs yükü az
hesab edilə bilər. Qabaqcıl
ölkələrdə olduğu kimi, müəllimin həftədə 40 saat işləməsi, bundan
18-24 saat dərs deməsi daha
məqsədəmüvafiq ola bilər.
Ümidvarıq
ki, möhtərəm Prezidentimiz
İlham Əliyevin imzaladığı
"Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası" uğurla
həyata keçirilərək respublikamızda təhsilin, o cümlədən onun mühüm hissəsi olan
ilk peşə-ixtisas təhsilinin
inkişafına böyük təkan verəcək, doğma
Azərbaycanımızda sənətkar
hazırlığı məsələləri ilə
bağlı uğurlu nəticələr əldə
olunacaqdır.
Rəsul
ƏSGƏROV,
Təhsil
Problemləri İnstitutunun
Peşə-ixtisas
təhsili
şöbəsinin müdiri, əməkdar müəllim
Azərbaycan
müəllimi.- 2014.- 18 iyul.- S.5.