Riyaziyyat və informatika dərslərində
təqdimatlardan necə istifadə edirəm?
İnsan
fəaliyyətinin hər bir sahəsinə daxil olan informasiya
texnologiyaları müasir dərs prosesində də
özünə geniş yer ayırıb. Danılmaz
faktdır ki, müasir dövrdə
dərsi kompütersiz təsəvvür
etmək qeyri-mümkündür.
Cavabı almaq üçün hazır alqoritmlərdən
istifadə etmək şagirdin
yaradıcılıq, sərbəst düşünmək,
nitq və müşahidə etmək, axtarışlar aparmaq
kimi keyfiyyətlərini azaldır, bəzən isə
"0"-a endirir. Məlumdur ki, müasir dərsin öyrədici,
inkişafetdirici, tətbiqedici funksiyaları şəxsiyyətin
inkişafına xidmət edir və
burada müəllimin rolunun əvəzsiz olduğu
görünür. Fəal təlimdə
məntiqi təfəkkür, özünüinkişaf,
özünütəhsil kimi amillərin də olmasını
nəzərə alsaq, onda əsl müəllimin üzərinə
necə böyük bir yük düşdüyü aydın olar.
İnkişafedici təlim müəllimdən şagirdin biliyi alması üçün istəlinən
situasiyalardan istifadə etməsini tələb edir. Əyanilik
prinsipi bütün vaxtlarda təlim prosesində əsas rol
oynamışdır. Orta və yaşlı nəsil müəllimlərinin
yaxşı yadındadır ki,
1960-1980-cı illərdə
dərslər kodoskopla, model, maket, müxtəlif cədvəl, qrafik və
sxemlər olan plakatlarla keçilirdi. Kimya və fizika dərslərində
aparılan təcrübələr dərsin effektini çox
artırırdı.
Artıq son
onilliklərin təcrübəsi göstərir ki,
yuxarıda adları çəkilən resursları
özündə birləşdirən və onlardan da qat-qat
effektli olan vasitə İKT-dir.
Bu gün müasir
informasiya texnologiyaları dərs prosesinə təkcə avadanlıqlar kimi yox, həm də
yeni yanaşma metodu kimi daxil olub.
Fundamental elm olan riyaziyyatı öyrədərkən
vacibdir ki, şagirdlər əzbərçilikdən uzaq olaraq tədqiq olunan obyektin mənasını
tam dərindən başa
düşsünlər. Riyaziyyat müəlliminin vəzifəsi
səviyyəsindən asılı olmayaraq hər bir
şagirdı öz predmeti ilə
maraqlandırmaq, müxtəlif tipli məsələləri sərbəst
həll etdirməkdir. Belə olan halda müəllimin
qarşısına bir sual çıxır: dərsi necə
qurmaq lazımdır ku, bu prosesdə bütün şagirdlərin, hətta zəif oxuyanların da
inkişafı görünsün, onların diqqəti, idraki
bacarığı, nitqi
inkişaf etsin.
Artıq neçə illərdir ki, dərs
dediyimiz məktəblərdə kompüter kabineti, internet var.
Demək olar ki, bütün mövzular üzrə dərs
prosesində kompüterdən istifadə edilir. Riyaziyyatda elə
mövzular var ki, onları simvollarla izah etmək mümkün
deyil (Məs.: funksiyaların qrafikinin, gözlə
görünməyən kəsiklərin qurulması, sistem tənliklərin
qrafik həlli və s.).
İKT-dən istifadə edən müəllimlər çox
yaxşı bilirlər ki, belə məsələlər
kompüterdə necə gözəl həllini tapır.
Əvvəllər dərs prosesində öyrədici
dərs proqramlarından geniş istifadə edirdik. "Nauka", "Prosveşeniya",
"Russobit-M", "Uçitel"
nəşriyyatlarının buraxdığı riyaziyyat və informatikadan
olan öyrədici
disklər əsas dərs resurslarımız idi.
Təhsil Nazirliyinin buraxılış
sinifləri üçün tərtib etdiyi test tapşırıqları, TQDK-nın elektron testləri də çox
köməyimizə gəlir. Bununla
belə, internet nəhəng
resurs kimi daha geniş imkanlara malikdir. Buna görə də
indi dərs zamanı internetdən götürülmüş hazır,
ya da özümün
hazırladığım təqdimatlardan
daha geniş istifadə edirəm.
Bu zaman şagirdlərlə
işləyərkən verilən
informasiylar daha maraqlı və əyani, həm də yaddaqalan olur.
Fikrimcə, dərslərdə təqdimatlardan
istifadə təlimə
yeni yanaşma metodu kimi qiymətləndirilə
bilər. Məhz bunu nəzərə alıb aşağıda riyaziyyat və informatika dərslərində
kompüterdə yaratdığımız
təqdimatlardan istifadə təcrübəmi
oxucularla bölüşmək istərdim.
I nümunə. Fəal təlim metodları ilə işləyən V və
VI siniflərdə keçilən
hər bir dərsi kompüterdə hazırlanmış təqdimatlarsız
təsəvvür etmək
olmaz. Riyaziyyatdan şifahi
hesablamaya, yoxlama ya da sərbəst
yazı işlərinə
aid tapşırıqları həll, informatikadan informasiya, kompüter, tətbiqi proqramlar, alqoritmlər kimi mövzuları izah edərkən təqdimatların
rolu əvəzsizdir. Həm də nəzərə
alaq ki, ibtidai sinifdən təzəcə ayrılmış
şagirdlərlə işləyərkən
vaxta qənaətdə
kompüter nə qədər köməklik
edir. Şagirdləri yaxşı
cavab verdiklərinə
görə, növbəti
dərsə həvəsləndirmək,
əhvali-ruhiyyələrini yüksəltmək üçün
təqdimatın sonunda,
bəzən də slaydın içində
"Bir az pozitiv!","Bir dəqiqəlik idman!",
"Bu bizik!" adlı
slaydlar yaradıram ki, bu da onların
çox xoşuna gəlir. Animasiyalı slaydlar bir - birini əvəz etdikcə şagirdlər onlara diqqətlə baxır və kömək olmadan özləri nəinki çalışmaları başa
düşür, həm
də alqoritm, proqram və tənliyi qururlar. İnkişafetdirici
dərs bundan gözəl ola
bilərmi? Müəllimə təzə dərsi
izah etmək çox asan və rahat başa gəlir (halbuki həmin təqdimatı hazırlamaq üçün
saatlarla yox, bəzən günlərlə
vaxt gedir). Sonradan isə bu təqdimatların üzərində bir neçə dəyişiklik
edib digər mövzularla
yanaşı, bəzən bütöv bölmənin də təkrarında istifadə
etmək olur.
II nümunə. Riyaziyyat və informatika elmləri bir-biri ilə sıx bağlı olduğundan onlar arasında inteqrasiya yaratmaq çox rahatdır. VII və VIII siniflərdə
"Sistem tənliklərin
qrafik həlli" mövzusunu izah edərkən yazı taxtasında təbaşirlə
(təbaşir rəngli
olsa belə) izahat nə qədər vaxt aparır. POWER POINT proqramında hazırlanmış
animasiyalı təqdimatın
slaydlarında
isə bu izahat çox effektli alınır. Hər dəfə "siçanın"
düyməsini sıxanda
animasiyalar bir-birini əvəz etdikcə, şagirdlər ekranda gördükləri suallara
cavab verdikcə, elə bil ki,
kompüter ən zəif oxuyan şagirdi belə özünə cəlb edir. Düz cavabı tapmaq
üçün onlar
da fəallaşırlar.
İnformatika dərslərində belə təqdimatların
yaradılması üsulları
şagirdlərə öyrədilir.
III nümunə. İlk
baxışda riyaziyyatdan
VII və VIII siniflər
üçün hazırlanmış
təqdimatdan qarışıq
görünən bir
slayd. Halbuki avtomatik rejimdə bu slayd belə
işləyir: dairənin
daxilindən ümumi məxrəci tapan şagird "siçanı"
cavabın üstünə
sıxır. Cavab düz
olduğu halda Cırtdan "düz",
əks halda "səhv" deyə qışqırır. İkinci halda
tamamlayıcı vuruq
tapılmalıdır. Dairənin daxilindən düz seçilməyən cavab
"uçub gedir",
düz cavab isə yerini tutur. Və sonda bütün cavablar düz olursa, "alqışlar"
səsi eşidilir.
IV nümunə. Həndəsə dərsliyində
IX sinifdə belə bir mövzu var: "Düz xəttə nəzərən
simmetriya" (Yuxarıdan
aşağı 3-cü şəkil).
Sözlə, təbaşir
ilə izah edilə biləsi çətin olan bu mövzu POWER POINT proqramında çox gözəl alınır. Təsəvvür
edin ki, şəkildə görünən birinci fiqur yavaş hərəkətlə ikinci
fiqura çevrilir. Növbəti fiqurda hərəkətin əyaniliyini
də yalnız kompüter gözəl verə bilər.
Müəllim tərəfindən
əvvəlcədən POWER POINT proqramında hazırlanmış təqdimat az vaxtda çox iş görməyə, şagirdlərin
mövzuya marağının
artmasına, sualların
cavablarının tez tapılmasına, şagirdin
öz biliyini yoxlamasına və s. çox kömək edir. Adətən, belə təqdimatlarda qaydalar
açılır, teorem
isbat olunur, məsələlər yerinə
yetirilir.
Yaratdığım təqdimatlardan çoxlu sayda nümunələr göstərə
bilərəm. Lakin bu o demək deyil ki, bütün
dərs prosesində
şagirdlərlə yalnız kompüterdə işləyirik. Dərsliyin, yazı taxtası, təbaşir, markerin və s. də öz yeri var və
müəllim yeri gəldikcə bunlardan da istifadə etməlidir.
Şəfəq FAZİLOVA,
Şabran şəhər
T.Abbasov adına
1 nömrəli
tam orta məktəbin riyaziyyat və informatika müəllimi
Azərbaycan müəllimi.-
2014.- 18 iyul.- S.5.