Azərbaycan məktəbliləri beynəlxalq

mədəni-təhsil forumundan qayıdıblar

  

İyunun 25-dən iyulun 2-dək dünyanın ən mənzərəli guşələrindən biri olan İssık-Kul gölünün (Qırğızıstan mirvarisi)  sahilindəki kurort-sağlamlıq kompleksində MDB ölkələrinin "Birliyin uşaqları" beynəlxalq illik mədəni - təhsil forumu keçirilib. Forum MDB Parlamentlərarası Assambleyasının fəaliyyət planına  uyğun olaraq ikinci ildir ki, təşkil olunur. Forumun təşkilatçıları MDB-nin iştirakçı dövlətlərinin Parlamentlərarası Assambleyaları, Qırğızıstan Respublikası parlamentinin beynəlxalq işlər üzrə  komitəsi və Rusiya Təhsil Akademiyasının "Pedaqoji təhsil və yaşlıların təhsili İnstitutu" federal dövlət elm müəssisəsidir. Tədbirin keçirilməsində əsas məqsəd mənəvi, mədəni ənənələri, məktəbli və gənclərin nailiyyətlərini qoruyub saxlamaq və artırmaqla MDB-nin iştirakçı dövlətlərinin təmsilçiləri üçün yeni ünsiyyət mühiti formalaşdırmaq idi.

Forum iştirakçıları qarşısında aşağıdakı vəzifələr qoyulmuşdu:

- MDB-nin iştirakçı dövlətlərinin təhsil müəssisələri arasında beynəlxalq əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş yeni beynəlxalq layihələrin işlənib hazırlanması;

- dialoq mədəniyyəti və MDB üzvü dövlətlərin ərazisində mehriban qonşuluq münasibətlərinin inkişafına istiqamətlənmiş  yeni proqramın yaradılması;

- təhsil sisteminin dövlət-ictimai idarəetməsinə valideynlərin cəlb olunması;

- təhsil müəssisələrinin pedaqoji kollektivlərinin ixtisasının artırılması;

- məktəbli və gənclərin sağlamlıq və istirahətinin təşkili;

- MDB ölkələri gənclər layihələri və proqramlarının ümumi verilənlər bazasının yadılması;

- dövlət və ictimai strukturların məktəbli və gənclərin problemlərinin həllinə yönəlmiş səylərinin birləşdirilməsi üçün şəraitin yaradılması;

- beynəlxalq gənclər əməkdaşlığı sahəsində ümumi informasiya məkanının yaradılması.

Forum çərçivəsində uşaq və gənclərin qarşılıqlı faydalı əməkdaşlığın, mədəni ənənələrinə yiyələnməsi, uşaq və gənclər arasında mənəvi mədəniyyət sahəsində birgə layihələrin işlənib hazırlanması və reallaşdırılması, böyüməkdə olan nəslin tərbiyəsi sahəsində təhsil praktikasının effektliliyinin yüksəldilməsi və s. istiqamətlərdə qarşılıqlı fəaliyyətlər nəzərdə tutulmuşdu.

Forum "Ekoloji mədəniyyət və mədəniyyətlərarası dialoqun ekologiyası" devizi altında keçib. Forumun işində MDB ölkələrindən Azərbaycan, Belarus, Özbəkistandan 1, Qazaxıstan, Qırğızıstan və Rusiyadan isə 2 komandadan ibarət nümayəndə heyəti iştirak edib.

Beynəlxalq tədbirdə ölkəmizi Bakıdakı 160 nömrəli klassik gimnaziyanın ingilis dilimusiqi müəllimi Larisa Mixaylovna Doroşenko (nümayəndə heyətinin rəhbəri) və 6 şagirdi (Elmar İbrahim oğlu Ləmbəranski, Rüfət Rizvan oğlu Hacızadə, Maya Eldar qızı Novruzova, Əli Yusif oğlu Məmmədov, Məryəm Mehdi qızı MehdiyevaAnastasiya Vladimirovna Spirina) təmsil etmişlər. Aşağıda onların bir neçəsinin forum haqqında fikirlərini və səfər təəssüratlarını təqdim edirik:

Larisa Doroşenko: Forum öz proqramının zənginliyi və dolğunluğu, qarşıya qoyulmuş məqsəd və vəzifələrin genişliyi ilə bizdə böyük marağa səbəb olduxoş təəssürat yaratdı. Beynəlxalq tədbir iyunun 26-da öz işinə başladı. Səhər konfrans zalında Sankt-Peterburqda keçirilmiş Ekoloji festival haqqında hesabat və sənədli filmlərin yaradılması üzrə "ustad dərsi" keçirildi. Burada bütün komandalar öz vizit kartlarını nümayiş etdirdilər. Azərbaycanın vizit kartını gimnaziyamızın komandasının milli paltarlar geymiş bütün üzvləri təqdim etdilər. Biz gimnaziyamız haqqında elektron təqdimat etdik, sonra virtual xalça-təyyarədə məktəbdən Azərbaycan üzrə cəlbedici səyahətə yollandıq. Bütün nümayəndələr bizim ölkəyə həsr olunmuş sərgi ilə maraqla tanış oldular, Azərbaycan şirniyyatlarından dadıb, onları yüksək qiymətləndirdilər. Məryəm Mehdiyeva, Elmar Ləmbəranski bütün nümayəndələrə ölkəmiz haqqında jurnallar, Bakı ilə bağlı kitablar və Azərbaycan suvenirləri hədiyyə etdilər. Həmin gün Məryəm və Eldar həm də Qırğızıstan televiziyası və radiosuna müsahibə verdilər.

Günün ikinci yarısında Ruh Ordu muzey-qoruğuna ekskursiya təşkil olundu.

İyunun 27-də bütün forum iştirakçıları interaktiv layihələri həyata keçirmək üçün işçi qruplara bölündülər. Bütün qruplar nümayəndə heyətlərinin üzvlərindən təşkil olunduğundan beynəlmiləl tərkibə malik idi. Qruplarda ekoloji layihələr üzərində hər gün gedirdi.

Günün ikinci yarısında "Təbiət-cəmiyyət-iqtisadiyyat" mövzusunda ekoloji oyun-treninq keçirildi. Günün sonunda isə Belarus komandasının təşkilatçılığı ilə diskoteka oldu.

Komandamızın üzvləri forumun sonrakı günlərində keçirilən məişət tullantılarından suvenirlərin düzəldilməsi üzrə "ustad dərsləri"ndə, işgüzar oyunlarda da fəal iştirak etdilər.

Forum çərçivəsində Qriqoryev mağarasına yürüş və Qırğızıstanın gözəl təbiəti ilə tanışlıq da bizim üçün çox maraqlı oldu. İyunun 30-da Azərbaycan, Rusiya və Qırğızıstan nümayəndə heyətlərinin hazırladıqları "Dostluq" diskotekası oldu. Diskoteka zamanı komandamızın üzvləri Azərbaycan xalq rəqslərini ifa etdilər, bütün digər iştirakçılara  "Yallı" getməyi öyrətdilər.

İyulun 1-i bizim üçün məsuliyyətli bir gün oldu. Həmin gün forum günlərində hazırlanmış bütün ekoloji layihələrin müdafiəsi təşkil olundu. Bütün layihələr interaktiv, teatrlaşdırılmış idi, onlarda İKT-dən istifadə olunmuşdu. Hər bir forum iştirakçısı öz qrupunda müəyyən funksiyanı yerinə yetirirdi. Həmin gün Qala konsertlə başa çatdı. Hər bir nümayəndə heyətinə  bir nömrə ayrılan konsertdə ölkəmizi Maya Novruzova Azərbaycan haqqında mahnı ilə təmsil etdi. Komandaların çıxışlarından sonra iştirakçılara  sertifikat və xatirə hədiyyələri təqdim olundu.

Məmnunam ki, ötən il olduğu kimi bu ilbiz öz ölkəmizi, öz şəhərimizi,  gimnaziyamızı yüksək səviyyədə təmsil edə bildik  özümüzxeyli şey öyrəndik. 

Elmar Ləmbəranski: Forum bizim üçün çox səmərəli keçdi. Orada biz özümüzə çoxlu dostlar tapdıq. Müxtəlif ölkələrdən olan şagirdlərlə ünsiyyətdə olaraq həmin ölkələr haqqında daha çox məlumatlar əldə etdik. Ekologiya ilə bağlı bir çox məsələlər haqqında geniş məlumatlar aldıq. Bundan başqa, Azərbaycan haqqında onlara ətraflı məlumatlar verdik. Xalqımızın milli-mədəni dəyərləri, memarlıq abidələri və zəngin tariximiz iştirakçılarda geniş təəssürat yaratdı. Bizim nümayəndələrdən olan Maya Novruzovanın "Buta" rəsm işi iştirakçılar tərəfindən çox böyük maraqla qarşılandı. Düşünürəm ki, respublikamızı orada yüksək səviyyədə təmsil etdik. Bakı haqqında onlarda daha yüksək təəssürat yaratdıq. Onlar Bakının şəkillərini gördükdə çox böyük təəccüb hissi keçirdilər. Paytaxtımızın bu qədər gözəl və müasir şəhər olduğunu təsəvvür etmirdilər.

Səfər zamanı Qırğızıstan Respublikası ilə yaxından tanış olduq. Xüsusilə bizim yerləşdiyimiz İssık-Kul gölünün ətrafı və təbiətinə heyran qaldım. Forumda olduğumuz bir həftə müddətində çox səmimi bir mühit mövcud idi. Tədbir başa çatandan sonra heç kim bir-birindən ayrılmaq istəmirdi. Düşünürəm ki, belə forumların keçirilməsi biz şagirdlərin təfəkkürünün daha yaxşı inkişaf etməsinə, intellektual səviyyəmizin artmasına kömək edir.

Anastasiya Spirina: Bu forum mənim həyatımda  yaddaqalanxoş xatirələrlə dolu bir iz buraxdı. Çox yüksək səviyyədə təşkil olunan bu tədbirin bizim gələcək həyatımızda mühüm rol oynayacağına inanıram. Bu səfər bizə çox şeyi öyrətdi. Ekologiya, iqtisadiyyat və cəmiyyətlə bağlı bir çox biliklər əldə etdik. Biz orada ayrı-ayrı xalqlardan olmağımıza baxmayaraq, bir-birimizi başa düşməyə çalışırdıq. Özümüzdə tolerantlığı inkişaf etdirdik. Bu çox böyük həyat və dostluq məktəbi idi.  Bu səfər bizim xatirəmizdə çox dərin iz buraxdı. İssık-Kul gölü doğrudan da heyrətamiz bir göldür. Burada təbiət çox əsrarəngizdir. İnsanları çox mehriban və qonaqpərvərdirlər. Başqa nümayəndə heyətlərinə nisbətən bizimki elə də böyük deyildi. Lakin buna baxmayaraq biz ölkəmizi layiqincə təmsil etdik. Hətta onlara milli rəqslərimizdən öyrətməyə, Azərbaycan dilində bir neçə söz danışmaqlarına nail olduq. Nümayəndə heyətimiz ordan ayrılanda, demək olar ki, uşaqların hər biri ağlayırdı. Səfər zamanı məni ən çox məyus edən isə orda tanış olduğumuz dostlarla bir daha belə bir şəraitdə görüşə bilməyəcəyimiz idi. 

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2014.- 18 iyul.- S.6.