Azərbaycan əlyazmalarının

yorulmaz tədqiqatçısı

  

Müasir dövrümüzdə Azərbaycan ədəbiyyatşünaslığı fundamental addımlar atır. Bu addımlar Azərbaycan təsəvvüf ədəbiyyatı irsinin öyrənilməsi, üzə çıxarılması və təbliği istiqamətindədir. Son dövrlərdə təsəvvüf şairlərinin divanının, təriqət rəhbərlərinin elmi-nəzəri əsərlərinin üzə çıxarılaraq nəşr edilməsi prosesini izlədikcə alimlərin böyük zəhməti hesabına gördüyü işlərə laqeyd qalmaq mümkün deyildir. Belə riqqətəgətirici təşəbbüskarlardan biri filologiya elmləri doktoru, professor Azadə Musayevadır. XX əsrdə Azərbaycan alimlərindən yalnız Məhəmmədəli Tərbiyətin "Danişməndani-Azərbaycan" adlı ensiklopedik əsərində adı çəkilən Dədə Ömər Rövşəninin  ədəbi-bədii irsinin elmi ictimaiyyətə çatdırılması, tanıtdırılması görkəmli alimimiz Azadə Musayevanın adı ilə bağlıdır. Belə fundamental işin görülməsinin əsl səbəbkarı kimi A.Musayeva mərhum professor  Cahangir Qəhrəmanovu dəyərləndirərək, bir alim kimi qədirşünaslığını ortaya qoymuş olur: "Mərhum direktorumuz Cahangir müəllim Qəhrəmanov (Allah ona rəhmət eləsin!) növbəti ilin planına salınmaq üçün özünün dediyi kimi, "dissertabelni", "perspektivli" bir mövzu götürməyimi xeyirxahcasına, təkidlə israr edirdi. Mövzu ilə əlaqədar tələbi ənənəvi olaraq belə idi: əlyazma olsun, əlyazma institutumuzda olsun, müəllif azərbaycanlı və ya Azərbaycanla bağlı olsun. Təcrübəsiz və gənc olduğumdan mövzu seçmək mənim üçün, təbii ki, çətin idi. Təsadüfiliyini deyə bilmərəm, amma həm də Şərq əlyazma kataloqları əsasında "Xarici ölkələrdəki Azərbaycan əlyazmalarının toplu kataloqu" üçün material toplamaqda idim. Beləcə, mövzu haqqında düşünə-düşünə masanın üzərində, qarşımda olan "İstanbul kitablıqları türkcə yazma divanlar kataloqu"nu vərəqləyir, Azərbaycanla bağlı əlyazmalarını üzə çıxarmağa səy göstərirdim ki, Dədə Ömər Rövşəninin əlyazma nüsxələri ilə rastlaşdım. Haqqında bilgi toplayarkən, əslən Türkiyənin Aydın-Gözəlhisar elindən olan bu sufi şairin ilk gəncliyində Azərbaycana gəldiyini, institutumuzda əlyazmalarının varlığını öyrəndim. Beləliklə, münasib sayılaraq, "Rövşəni və əsərlərinin elmi-tənqidi mətni" mövzusu təsdiqləndi. Dissertasiya işimi yazmağa başladım". A.Musayevanın mövzunu götürməsi tarixçəsini müəllifin öz dili ilə verməkdə məqsədimiz C.Qəhrəmanovun bir təəssübkeş alim kimi uzaqgörənliyini nəzərə çatdırmaqdır. Ustadının xeyir-duasını almış A.Musayevanın təsəvvüf ədəbiyyatını tədqiq etmə niyyəti böyük araşdırmalara, bir elmi-ədəbi fəaliyyət cığırının açılmasına səbəb oldu. Bu istiqamətdə 1976-cı ildən günümüzə qədər bir çox elmi araşdırmaların əsası qoyuldu, təsəvvüf şairlərinin əsərləri işıq üzü gördü. Bu sahədə  fəaliyyət göstərən alimlərdən Azadə Musayeva, filologiya üzrə fəlsəfə doktoru, professor Mehmet Rıhtım, filologiya elmləri doktoru, professor Möhsün  Nağısoylu, filologiya elmləri doktoru, professor Nəsib Göyüşov,  filologiya üzrə fəlsəfə doktoru, dosent  Nəzakət Məmmədlinin  adlarını xüsusi qeyd etmək  lazımdır.

Azadə Musayevanın elmi əsərindən məlumatlanırıq ki, "Dədə Ömər Rövşəni orta əsrlər türkdilli ədəbiyyatının görkəmli nümayəndələrindəndir". Alimin təsəvvüf ədəbiyyatı ilə bağlı araşdırmasını Dədə Ömər Rövşəni ilə başlaması sələflər və xələflər arasında  bir körpü mənziləsindədir. Dədə Ömər Rövşəninin öyrənilməsi  Seyid Yəhya Bakuvi irsinin üzə çıxarılmasının  bir qismət çəyirdəyi oldu, deyə bilərik. Rövşəninin tələbəsi Şeyx İbrahim Gülşəni Bərdəinin də ədəbi taleyinin davam etdirilməsi məhz bu ilk təşəbbüsə bağlıdır. Təsəvvüf tarixinin öyrənilməsi Azərbaycan elminin inkişafının Şərq ölkələri  tərəqqisində xüsusi rolu haqqında   daha geniş və əsaslı tədqiqatlara imkan qazandırır.

Azadə Musayeva ilk tədqiqatında yazır: "Yaradıcılığı Azərbaycan poeziyası tarixi ilə qırılmaz tellərlə bağlı olan Rövşəninin XV əsr Azərbaycan filosofu Seyid Yəhya Bakuvi, şair Gülşəni Bərdəi ilə ədəbi-məfkurəvi yaxınlığı, Qaraqoyunlular və Ağqoyunluların hakimiyyəti dövründə Gəncə, Bərdə, Bakı, Təbriz və Şirvanda keçən həyat və yaradıcılıq yolu ötən əsrlərdən bəri ətraflı tədqiqini gözləyən məsələlərdən biridir. Türk tədqiqatçısı Qasım Kufralı zamanında "Rövşəninin şöhrətinin bütün Azərbaycana yayıldığını" göstərir". Azərbaycan ədəbiyyatşünaslığı artıq bu məsələləri həlletmə mərhələsindədir. Azadə Musayevanın və bu sahədə çalışan digər alimlərin elmi araşdırmalarının bu gün ciddi səylə təbliği gəncliyimizin yetişməsi yolunda böyük faydalar verə biləcəyi qənaətindəyik. Yetişən nəsildə Azərbaycan xalqının elmi təfəkkürünün gücünə inam yaratmaq üçün Seyid Yəhya Bakuvi, Şeyx İbrahim Gülşəni Bərdəi kimi alim və ədiblərin şöhrətini elmi-pedaqoji ictimaiyyətə çatdırmaq zəruridir. Bunun üçün  hələ ancaq haqqında bəhs etdiyimiz Azadə Musayeva kifayət qədər elmi əsərlər ortaya qoymuşdur: "Dədə Ömər Rövşəni əlyazmaları üzərində araşdırmalar, 2 cilddə (Bakı, Nurlan, 2003), Şeyx İbrahim Gülşəni Bərdəi. Divan. /Əlyazma qaynaqları əsasında nəşrə hazırlayan və ön sözün müəllifi Azadə Musayeva/, (Bakı, Avrasiya Press, 2006) Azadə Musayeva. Şeyx İbrahim Gülşəni Bərdəi və türk "Divan"ı. 2 cilddə (Bakı, Elm və təhsil, 2012),  Azadə Musabəyli. Dədə Ömər Rövşəni və külliyatı (Bakı, Elm və təhsil, 2013), Azade Musabeyli. Dede Ömer Ruşeni ve Külliyyatı. I cild. (Qafqaz Üniversitesi Qafqaz Araştırmalar Enstitüsü Yayın NO:24), "Dede Ömer Ruşeni ve Külliyyatı" əsərinin ikinci cildi nəşrə hazırlanmaqdadır. 

Azadə Musayevanın Azərbaycan təsəvvüf ədəbiyyatını öyrənməsi yolunda atdığı addım arxasınca geniş cığır açmış oldu. Filologiya üzrə fəlsəfə doktoru, professor Mehmet Rıhtım tərəfindən Seyid Yəhya Bakuvinin öyrənilməsi bu ənənənin davamıdır. Bu istiqamətdə əhəmiyyətli  çalışmalardan biriCahangir Zeynalovun ərəbcədən çevirərək, geniş müqəddimə ilə nəşr etdirdiyi Yusif Muskuri Şirvaninin "Sufi yolunu keçmək istəyənlər üçün sirlərin izahı (Yaradılış ardıcıllığı)" əsərinin (2006) nəşridir.  "Şimali Azərbaycan sufizm nümayəndələri bu günə kimi çox az öyrənilmişdir" deyən Cahangir Hacıyevin araşdırmasında təsəvvüf ədəbiyyatının  öyrənilməsi istiqamətində aparılan elmi çalışmaların əhəmiyyəti də vurğulanır: "Bu təlimin fəlsəfəsi bu gün - XXI əsrin əvvəllərində də özünün müxtəlif təzahürləri ilə, demək olar ki, yer kürəsinin bütün qitələrinin - Asiya, Afrika, Avropa, Amerika - sakinlərini cəlb etməkdədir". Tədqiqatçının məlumatı Azadə Musayevanın elmi fəaliyyətinin ümumbəşəri əhəmiyyətini görə bilməyimizə imkan verir.

 

Könül NƏHMƏTOVA,

filologiya üzrə fəlsəfə doktoru,

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun

Ədəbiyyat nəzəriyyəsi şöbəsinin böyük elmi işçisi

 

Azərbaycan müəllimi.- 2014.- 18 iyul.- S.6.