Xocalı
İşğal altında olan rayonlarımızı tanıyaq
Xocalı rayonu 1991-ci il noyabr ayının 26-da Əsgəran rayonu bazasında yaradılmışdır. Rayonun ərazisi 1991-1992-ci illərdə erməni
silahlı qüvvələri tərəfindən işğal edilmişdir.
Sahəsi 0,94 min kv. km, əhalisi 26,0 min nəfərdir
(01.01.2010). Xocalı rayonu ilə Bakı
arasında olan məsafə 375 kilometrdir. Rayon
Laçın, Kəlbəcər, Ağdam,
Xocavənd və Şuşa rayonları
ilə qonşu idi. Rayonda 1 şəhər, 1 qəsəbə
(Əsgəran), 50 kənd olmuşdur. Mərkəzi
Xocalı şəhəridir.
Rayonun ərazisindən uzunluğu
32 km olan birinci kateqoriyalı şose
yolu və Bakı-Xankəndi dəmiryolu keçirdi.
İşğala qədər rayonda
56 mədəniyyət müəssisəsi, muzeylər, texnikum, orta məktəblər,
səhiyyə, kənd təsərrüfatı və sənaye
müəssisələri, aeroport və s. fəaliyyət göstərirdi.
Əhali əsasən
üzümçülük,
heyvandarlıq, arıçılıq və əkinçiliklə
məşğul olmuşdur.
"Xocalının səsi"
rayon qəzeti 1991-ci ildən nəşr edilir.
Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan)
qaçqın düşmüş 54 məhsəti
türkü ailəsi, həmçinin Ermənistandan
və Xankəndidən qovulmuş azərbaycanlıların
bəziləri Xocalı şəhərində məskunlaşmışdılar.
Rayonun ərazisi əsasən
dağlıqdır. Ən hündür
yüksəkliyi Qızqala və Qırxqızdır (2843 m, 2827 m.). Dağlıq ərazilər
istisna olmaqla, iqlimi mülayim-istidir.
Yüksək dağlıq əraziləri subalp
və alp çəmənlərdir.
Əsas çayları Badara və
Qarqardır. Dağ-meşə və dağ-çəmən
torpaqları mövcuddur. Ərazinin 40 %-ə
qədəri fıstıq, cökə, ağcaqayın, qaraağac və s. ilə
zəngindir.
Azərbaycan
xalqının XX əsrdə üzləşdiyi dəhşətli
faciələrdən biri də Xocalı
soyqırımıdır. Xocalı faciəsi Xatın, Lidisa, Oradur
soyqırımı kimi insanlıq tarixinə
düşmüş qanlı olaydır.
Xocalı
1991-ci ilin oktyabrından
blokadada idi. Oktyabrın
30-da avtomobil əlaqəsi
kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya
sonuncu vertolyot 1992-ci il yanvarın
28-də gəlmişdi. Şuşa şəhərinin
səmasında mülki
vertolyotun vurulması və nəticədə
40 nəfərin həlakından
sonra isə bu əlaqə də kəsilmişdi.
Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin
qəhrəmanlığı və müdafiəçilərin
cəsurluğu sayəsində
yaşayır və müdafiə olunurdu.
Şəhərin müdafiəsi əsasən
atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi,
milis və Milli Ordunun döyüşçülərindən
təşkil olunmuşdu.
Fevralın
ikinci yarısından
başlayaraq Xocalı
erməni silahlı dəstələrinin mühasirəsinə
alınmışdı və
hər gün toplardan, ağır texnikadan atəşlərə,
erməni dəstələrinin
həmlələrinə məruz
qalırdı.
Xocalıya
hücuma hazırlıq
fevralın 25-də axşam
366-cı alayın hərbi
texnikasının döyüş
mövqelərinə çıxması
ilə başlanılmışdı. Şəhərə hücum
toplardan, tanklardan,
"Alazan" tipli zenit toplarından 2 saatlıq atəşdən
sonra başlandı. Xocalıya üç istiqamətdən hücum
aparıldığından əhali Əsgəran istiqamətində
qaçmağa məcbur olmuşdu.
Tezliklə aydın olmuşdur ki, bu, məkrli hiylə imiş. Naxçıvanlı kəndi
yaxınlığında əhalinin qarşısı erməni
silahlı dəstələri tərəfindən kəsilmiş
və onlar gülləbarana tutulmuşlar. Qarlı aşırımlarda və
meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçıvanlı
düzündə erməni silahlı dəstələri tərəfindən
xüsusi qəddarlıqla məhv edilmişdir.
Azərbaycan
müəllimi.- 2014.- 25 iyul.- S.5.