Gəncə Dövlət
Universiteti:
sabahımız daha müasir, daha güclü
Azərbaycan Xalq Komissarları Sovetinin 1938-ci il
14 aprel tarixli qərarı ilə
İkillik Müəllimlər İnstitutu kimi ilk qədəmlərini
atmış, 1943-cü ilin payızından Həsən bəy
Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutu
olaraq fəaliyyət göstərmiş, ulu öndər Heydər
Əliyevin "Azərbaycan Respublikasının təhsil
sisteminin təkmilləşdirilməsi haqqında" 13 iyun
2000-ci il tarixli Fərmanı ilə Universitet statusu
almış Gəncə Dövlət Universiteti respublikamızın
təhsil sahəsində layiqli mütəxəssislərin
hazırlanmasında həmişə öz sözünü
demiş, gözəl bir ənənəyə sahib
olmuşdur. Bu gün kollektiv bu
ənənəni uğurla davam etdirir, "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nın reallaşdırılmasında, təhsilin
Avropa standartlarına uyğun həyata keçirilməsində
əzmlə çalışır.
Universitetin əsas məqsədi
yüksək ixtisaslı mütəxəssislər
hazırlamaqdır. "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nda
da qeyd olunduğu kimi, təhsil sahəsində insan
resurslarının müasirləşdirilməsi əsas məsələdir.
Bu məqsədi reallaşdırmaq
üçün ilkin şərt müasir innovativ təlim
metodlarını tətbiq etməyi ustalıqla bacaran,
keçilən dərslərin tələbələr tərəfindən
səmərəli mənimsənilməsini təmin edən səriştəli
təhsilverənin formalaşdırılmasıdır.
Yüksək təhsil
səviyyəsinə malik peşəkar kadrlar universitetimizin
intellektual potensialının əsasıdır. Məlum
olduğu kimi təhsilverəni və təhsilalanı təmin etmək
üçün əsas şərtlərdən
biri müasir tələbata uyğun iş və təhsilalma
şəraitinin yaradılmasıdır. Professor Yusif Yusibovun rəhbərliyi
altında bu sahədə ciddi irəliləyişlər
açıq-aşkar görünür.
Universitetin dörd tədris korpusu var. Hazırda həmin korpuslar təhsil, tədris
üçün yararlı hala salınmış və bu sahədə
işlər bu gün də davam etdirilir. Sevindirici
haldır ki, korpuslarda müəllim və tələbələr
artıq güclü internet xidmətindən istifadə edə
biləcəklər. Rabitə və
Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə
"Aztelekom" İB tərəfindən bütün korpuslara
fiber optik kabelin çəkilişi uğurla başa
çatdırılmışdır.
İkinci ən mühüm addım
"Elektron universitet" layihəsinin
reallaşdırılmasıdır. Cənubi
Koreyanın beynəlxalq əməkdaşlıq təşkilatı
olan KOİCA universitetimizin təhsil və inzibati işlərinin
avtomatlaşdırılmış sisteminin yaradılmasına
yardımçı olmağı öz üzərinə
götürmüşdür. İki
milyondan artıq vəsait tələb edən olduqca gərəkli
bu layihəni həmin təşkilat könüllü olaraq təmənnasız
yerinə yetirmək üçün işlər aparır.
Bunun üçün ilkin hazırlıq mərhələsi
yekunlaşmışdır. Optik kabel
çəkilmiş, server otağı
hazırlanmışdır.
Elektron idarəetmə sistemini yaxından
mənimsəmək məqsədilə universitetimizin
üç nəfər inzibati işçisi, altı nəfər
mühəndisi təşkilatın mərkəzinə-Koreyanın
Seul şəhərinə göndəriləcəkdir. İnzibati işçilər bir ay, mühəndislər
iki ay həmin mərkəzdə təcrübədə
olacaqlar.
GDU-nun hərtərəfli inkişaf etdiriməsi amillərindən
biri ali təhsil müəssisələri
ilə beynəlxalq əməkdaşlıqdır. Bu, hər şeydən əvvəl, mütəxəssis
mübadiləsi, təhsil sahəsində qabaqcıl təcrübənin
mənimsənilməsi, elmi və metodiki sahələrdə
yeniliklərin əldə edilməsi, onlardan bəhrələnmə
və dünyagörüşün artması deməkdir.
Həqiqətən professor Yusif Yusibovun işgüzar, səmərəli
rəhbərliyi altında elm və texnika üzrə
prorektor Pərvin Kərimzadənin fəaliyyəti nəticəsində
ali məktəblərlə əməkdaşlıq sahəsində
ciddi uğurlar əldə edilmişdir. Təkcə onu demək
kifayətdir ki, son altı ayda qardaş Türkiyə
Cümhuriyyətində "Mövlana" mübadilə
proqramı çərçivəsində iyirmi ali təhsil müəssisəsi ilə
müqavilələr bağlanmış, 70 nəfər müəllim
və tələbənin sənədləri onların
komissiyalarına göndərilmişdir.
Onu da qeyd edək ki, Gəncə Dövlət Universiteti
bir neçə istiqamətdə ali məktəblərlə
müqavilələr bağlamışdır. Avropa istiqamətində
Fransanın Yuxarı Elzas, Strasburq, Reyms Şampan-Arden,
Albaniyanın Vitrina, MDB ölkələri istiqamətində
Belarusun Vitebsk, Ukraynanın Poltava Ticarət və
İqtisad Universiteti,
Gürcüstanın Tbilisi, Kutaisi dövlət universitetləri,
Özbəkistanın Nizami adına Daşkənd Pedaqoji
İnstitutu və Azərbaycanın Bakı Dövlət,
Sumqayıt Dövlət, Texniki universitetləri, AMEA
Aşqarlar Kimyası, Kimya Problemləri institutları, Bakı
Ali Neft Məktəbi ilə əməkdaşlıq uğurla
davam etdirilir.
Universitetin beynəlxalq layihə və
proqramlarda da iştirakı istər müəllim, istərsə
də tələbə hazırlığında öz bəhrəsini
verməkdədir. Gəncə Dövlət Universiteti Avropa Şurasına daxil
olmayan dövlətlərdə ali təhsilin inkişafına,
Boloniya prosesinin reallaşmasına kömək məqsədilə
yaradılmış və Avropa Şurasının layihəsi
olan "TEMPUS" proqramına qoşulmuşdur. Universitetimiz kurikulum sisteminin Avropa standartlarına
uyğunlaşdırılması məqsədi daşıyan
"CURDEUS", beynəlxalq əlaqələrin təkmilləşdirilməsi
və yenidən qurulmasına xidmət edən
"UNİVİA", əlil tələbələrin təhsilə
cəlb edilməsi məqsədilə yaranmış
"ESVİDİP" layihələrində də
yaxından iştirak edir. "CURDEUS" layihəsi
çərçivəsində artıq müəllimlərimiz
Polşanın Lodz, Hollandiyanın Leyden və Portuqaliyanın Dövlət
Universitetində təcrübə mübadiləsi
keçiblər.
Bütün dövlətlərdə ali
təhsilin Avropa modeli üzrə inkişafı məqsədinə,
müəllim və tələbələrin mübadiləsinə
xidmət edən "ERASMUS" proqramında iştirak etməyimiz
həqiqətən universitetimiz üçün ciddi bəhrə
vermişdir. Bu əməkdaşlıq ilbəil
inkişaf etdirilir. Keçən il
yalnız iki tələbəmiz bu proqramdan bəhrələnmişsə,
2014-2015-ci tədris ilində onların sayı 10 nəfərə
çatdırılmışdır. Həmin tələbələr
İtaliyada, Fransada, Polşada və Finlandiyada bakalavr,
magistratura və doktorantura səviyyələrində təhsillərini
davam etdirəcəklər. Finlandiyadan olan
1 nəfər tələbə layihə çərçivəsində
universitetimizdə təhsil alıb.
Alman Akademik Mübadilə Xidməti olan
DAAD-la da əlaqəmiz mövcuddur. Alman dili
kafedrasının müdiri Vüsalə Kərimovanın təşəbbüsü
ilə DAAD təşkilatı alman dili müsabiqəsi
keçirmiş və bu müsabiqədə qalib olan 6 nəfər
tələbəmiz Almaniyanın müxtəlif ali
məktəblərində bir müddət təhsil alacaqlar.
Universitetin fransız dili kafedrası
Strasburq Universiteti ilə ciddi əməkdaşlıq edir. Qeyd etmək lazımdır ki, xarici dil müəllimliyi
(fransız dili) ixtisası üzrə universiteti bitirmiş tələbələrin
buraxılış işləri və imtahanı fransızlar
tərəfindən qəbul edilir.
Azərbaycan Respublikasının Təhsil
Nazirliyi müxtəlif elmi tədbirlərin, o cümlədən
respublika və beynəlxalq elmi konfransların, simpozium və
konqreslərin keçirilməsinə xüsusi diqqət
yetirir. Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarı
ilə hər il keçirilən beynəlxalq
və Respublika elmi konfransları Təhsil Nazirliyinin tabeliyində
olan bütün ali təhsil müəssisələrini əhatə
edir. Ali məktəblərdə beynəlxalq
elmi konfransların, simpozium və konqreslərin keçirilməsi
beynəlxalq əməkdaşlıq, təhsilin uğurla nəticələnməsi,
elmi-metodiki təcrübələrin mübadiləsi, əməkdaşların
elmi maraqlarının artması, elmi fəaliyyətdə məsuliyyətlərinin
ciddiləşməsi baxımından olduqca əhəmiyyətlidir.
Bu məqsədlə də Gəncə Dövlət
Universiteti may-iyun aylarında iki genişmiqyaslı elmi konfrans
keçirmişdir.
Universitetdə təhsilin keyfiyyətcə
yüksəldilməsində, nizam-intizamın
yaradılmasında və mövcud qüsurların aradan
qaldırılmasında da ciddi uğurlar var. Məlumdur ki,
nizam-intizam olmayan yerdə uğurdan söhbət gedə bilməz. Rektor Yusif Yusibovun gördüyü təxirəsalınmaz
tədbirlər nəticəsində universitetdə nizam-intizam
xeyli yaxşılaşmışdır.
İmtahanların keçirilməsində əsl
dönüşə nail olunmuşdur.
Məlumdur ki, praktik təcrübələrin
keçirilməsi məsələsi həmişə
xüsusi diqqət mərkəzindədir. Hətta təcrübələrə verilən
vaxtlar da kifayət qədər artırılmışdır.
Son 30-40 il ərzindəki elmi-texnoloji tərəqqi,
innovasiyalar və modernləşmə nəticəsində
praktiki bilik və vərdişlərlə zənginləşməyən,
sırf nəzəri xarakter daşıyan təhsil öz
fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin məzmununun
formalaşmasında akademik biliklərlə yanaşı,
praktik bilik və bacarıqların, səriştənin
vacibliyinə ciddi məsuliyyətlə
yanaşılmalıdır. Universitetin rəhbərliyi
bu sahəyə daim xüsusi diqqət yetirir. Tələbələrimizin təkcə nəzəri
cəhətdən yox, həm də pedaqoji təcrübə
baxımından layiqli mütəxəssislər kimi yetişmələrinə
hər cür imkan yaradılmışdır.
Tələbələrin yaxşı
oxumaları onların universitetin ictimai həyatında, tədbirlərində
yaxından iştirak etmələrinə gözəl bir
stimuldur. Ümummilli lider Heydər
Əliyevin anadan olmasının 91-ci ildönümü ilə
əlaqədar "Ulu öndər Heydər Əliyev irsini
öyrənirik" mövzusunda keçirilən bilik
yarışında universitetimizin tələbələri
birinci yerə sahib olmuşlar. Onlar həm
də müxtəlif nominasiyalar üzrə respublika musiqi
festivalının üç mükafatına layiq
görülmüşlər.
Tələbələrin lazımi səviyyədə
təhsil almaları ilə bərabər, sağlam insan kimi
yetişmələri də rəhbərliyin diqqət mərkəzindədir. Onların idmanın müxtəlif növləri
üzrə hazırlaşmaları üçün
universitetimiz hər cür şəraitə malikdir. Cənab Prezidentin respublikada idmana göstərdiyi
diqqət və qayğının əvəzsiz olduğu
hamıya məlumdur. Universitetimiz də bu
doğma qayğıdan qədərincə bəhrələnmişdir.
Tələbələrimiz rəhbərliyin
qayğısını dərk edir, qiymətləndirir, həmişə
öndə olmaq üçün səy göstərirlər.
Son vaxtlar şəhər və respublika
yarışlarında, olimpiadalarda qazanılan nəticələr
çox uğurludur.
Göründüyü kimi, uğurlu
işlər çoxdur. Universitetin hərtərəfli
inkişafına, Avropa ali məktəbləri
səviyyəsinə çatacağına möhkəm inam və
davamlı fəaliyyət var. Amma görülən işlər,
əldə olunan uğurlarla yanaşı problemlər də
vardır.
Universitetin zəngin kitabxanası var. Ümumi fondu 578800
ədəddən çox olan kitabxanada 360500 nüsxədən
artıq ədəbiyyat
saxlanılır. Bunlar elmi, dərslik və dərs
vəsaiti, bədii, ictimai-siyasi ədəbiyyatdır. Ancaq bu xəzinənin saxlandığı yer həddən
artıq yararsızdır. Onların
lazımi səviyyədə qorunması, tələbələr
üçün kitabxanadan istifadə şəraitinin, elektron
kitabxananın yaradılması əsl problemə
çevrilmişdir. Universitetin yeni rəhbərliyi
bu qüsuru tezliklə aradan qaldırmaq sahəsində ciddi səy
göstərir.
Digər bir çatışmazlıq da tələbə
yataqxanası ilə bağlıdır. Məlumdur ki, uzun illərdir tələbə
yataqxanaları qaçqınların istifadəsinə
verilmişdi. Artıq dövlət tərəfindən
tikilmiş binalar onların öhdəsinə verilmiş,
qaçqın ailələri bir nəfər kimi təzə mənzillərə
köçürülmüşdür. Yataqxanalar
isə hazırda yarıtmaz haldadır. Onların
tezliklə təmir edilib tələbələrin ixtiyarına
verilməsi universitet qarşısında duran ən
mühüm vəzifələrdəndir. İnanırıq
ki, bu məsələ də öz həllini tapacaqdır.
Əliqulu
QULİYEV,
Gəncə
Dövlət Universitetinin fəxri professoru,
riyazi
analiz kafedrasının dosenti,
Nüvər
NƏSRULLAYEV,
həndəsə və cəbr kafedrasının dosenti
Azərbaycan
müəllimi.- 2014.- 25 iyul.- S.6.