"Azərbaycan müəllimi" qəzeti

Ali Media Mükafatına layiq görülüb

 

İyulun 22-də Azərbaycan milli mətbuatının yaranmasının 139-cu ildönümünə həsr olunmuş mərasim keçirilib. Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, tanınmış media təmsilçilərinin iştirak etdikləri tədbir Dövlət himninin səslənməsi ilə başlayıb.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli mərasimi açaraq son illərdə ölkəmizdə medianın inkişafı istiqamətində görülən işlərdən danışıb.

V.Səfərli milli mətbuatın 139-cu ildönümü ilə əlaqədar rəhbərlik etdiyi qurum tərəfindən keçirilmiş fərdi yazı müsabiqəsinin nəticələri barədə məlumat verib. Bildirib ki, müsabiqəyə müəllifləri 66 redaksiyanı təmsil edən 116 yazı təqdim olunub. Yazılar fondun müəyyənləşdirdiyi ekspertlər tərəfindən qiymətləndirilib. Yazı müəlliflərinin siyahısı ekspert rəyləri ilə birgə Müşahidə Şurasının üzvlərinə təqdim edilib. Müzakirələrdən sonra Müşahidə Şurasının üzvləri ekspert rəylərini əsas götürərək 30 jurnalistin müsabiqə qalibi olması, 10 nəfərin isə  həvəsləndirici mükafatla təltif edilməsi barədə qərar qəbul edib.

Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov  çıxış edərək mərasim iştirakçılarını, bütün Azərbaycan jurnalistlərini milli mətbuatın yaranmasının 139-cu ildönümü münasibəti ilə təbrik edib, milli mətbuatımızın təşəkkülündən, keçdiyi inkişaf yolundan, ölkəmizdə mətbuatın inkişafına, jurnalistlərə göstərilən dövlət qayğısından danışıb, ölkə Prezidenti İlham Əliyevin medianın problemləri ilə daim maraqlandığını, KİV-lərin hərtərəfli inkişafı üçün zəruri addımlar atdığını bildirib, müasir şəraitdə milli mətbuatın qarşısında duran vəzifələrdən söz açıb.

Sonra müsabiqənin qaliblərinə fondun mükafatları təqdim edilib. Daha sonra mərasimdə rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov nazirlik adından Mətbuat Şurasının sədri Əflatun Amaşova və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə fəxri fərman təqdim edib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək Azərbaycan Milli Mətbuatının keçdiyi çətin və şərəfli tarixi yola nəzər salıb, "Əkinçi" qəzetinin xalqımızın həyatında  oynadığı rolu vurğulayıb.

Sonra Ali Media Mükafatları təqdim olunub. Məlumat üçün bildiririk ki, bu mükafat Mətbuat Şurası tərəfindən təsis olunub. Hər il Mətbuat Şurası İdarə Heyətinin qərarı ilə jurnalistikanın inkişafında rol oynayan kütləvi informasiya nümayəndələrinə media təmsilçilərinə verilir. Ali Media Mükafatı ildə bir dəfə - Mətbuat günündə məhdud sayda jurnalist media orqanlarına təqdim olunur. Bu il bu mükafatı ölkə mediasında fəaliyyət göstərən 5 jurnalist 2 qəzet alıb. "Azərbaycan müəllimi" qəzeti milli mətbuatımızın inkişafındakı xidmətlərinə görə 2014-cü ilin Ali Media Mükafatına layiq  görülüb. Mükafatı qəzetimizə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov təqdim edib.

Mərasimə yekun vuran Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov jurnalistlərə yeni yaradıcılıq uğurları arzulayıb, dövlətimizin mətbuatın inkişafına bundan sonra da diqqət qayğı göstərəcəyini bir daha vurğulayıb.

Mükafatların təqdim olunma mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov da iştirak edib.

Mərasim konsert proqramı ilə davam edib.

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2014.- 25 iyul.- S.3.