Nazir Bakı şəhəri üzrə ümumtəhsil

məktəblərinin müəllimləri ilə görüşüb

   

İyunun 3-də təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin müəllimləri ilə görüşüb.

Görüşdə Təhsil Nazirliyinin müfaviq struktur bölmə rəhbərləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva və idarənin əməkdaşları da iştirak ediblər.

Təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilinin yekunları barədə ətraflı məlumat verib və qarşıya qoyulan məqsədlərə nail olunduğunu bildirib. Nazir Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na toxunaraq təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsili idarəetmə sisteminin təkmilləşdirilməsi, insan resurslarının inkişaf etdirilməsi, müəllimin karyera imkanları, fəaliyyətinin stimullaşdırılması və müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsinin əsas hədəflərdən olduğunu bir daha xatırladıb.

Görüş zamanı təhsildə müəllim hazırlığı, kurikulumun tətbiqi, məktəblilərin fənn olimpiadaları, "Ən yaxşı ümumtəhsil məktəbi", "Ən yaxşı müəllim" müsabiqələri, tədris ilinin uzadılması, müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi kimi mövzulara toxunulubbu barədə müzakirələr aparılıb.

Nazir 2014-cü ilin iyun ayında Bakı şəhərinin bütün dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsinin aparılacağını bildirib. Sınaq qiymətləndirmənin diaqnostik tədqiqat xarakteri daşıdığı və müəllimlərin attestasiyasına hazırlıq məqsədilə keçirildiyi qeyd edilib. Bu proses ümumtəhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsinə xidmət edir.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov müəllimlərin həyata keçirilən islahatlarla bağlı çoxsaylı suallarını cavablandırıb. 

 

www.edu.gov.az

 

Azərbaycan müəllimi.- 2014.- 6 iyun.- S.2.