Sumqayıt təhsil
işçiləri dərs
ilini uğurla başa vurdular
Müstəqilliyimizin
ilk illərində ümummilli
liderimiz Heydər Əliyevin təşəbbüsü
və rəhbərliyi ilə "Təhsil sahəsində İslahat Proqramı"nın qəbul edilməsi
ölkəmizdə milli təhsil quruculuğuna start verdi. Ötən dövr ərzində
təhsilimizin məzmunu dəyişdirildi, normativ-hüquqi
bazası yaradıldı, təhsil müəssisələrimizin tədris-maddi
bazası möhkəmləndirildi, informasiya-kommunikasiya
texnologiyaları ilə təchizat, kadr
hazırlığı, kurikulum
proqramının tətbiqi sahəsində ciddi
işlər görüldü.
Azərbaycan müəllimlərinin
XIV qurultayında təhsil naziri cənab
Mikayıl Cabbarovun dediyi
kimi: "Lakin həyat
yerində durmur, dünya
hər gün dəyişir, inkişaf edir. Bu dəyişikliklərlə
hər zaman ayaqlaşmaq,
onlardan geri qalmamaq üçün
üzərimizdə hər gün
çalışmalı, böyük zəhmət
hesabına qazandığımız nailiyyətlərin qorunub saxlanılmasını və geridönməzliyini
təmin etməliyik".
Bu baxımdan, Azərbaycan Respublikası Təhsil
Nazirliyi tərəfindən 2013-cü ildə
təhsil sahəsində bir sıra uğurlu islahatlar, tədbirlər
və yeniliklər həyata keçirilmişdir.
Bu, Sumqayıt Şəhər Təhsil
Şöbəsinin fəaliyyətində də özünü göstərmişdir.
"Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nın layihəsi bütün
kollektivlərdə müzakirə edilərək
bütövlükdə rəğbətlə
qarşılanmışdır.
Azərbaycan müəllimlərinin
XIV qurultayının materialları dərindən öyrənilərək
gündəlik fəaliyyətimizin əsasını təşkil
edir.
"Xüsusi istedada malik
uşaqların vaxtından əvvəl I sinfə qəbulu
Qaydaları" uğurla tətbiq olunmuşdur. İstedadlı uşaqların
inkişafına yol açmış bu sənəd ictimaiyyət tərəfindən
müsbət qarşılanmışdır.
Müəllim
və şagirdlərin məsuliyyət hisslərini
artırmaq məqsədilə təhsil işçilərinin
2013-cü il sentyabr
konfransının "Tövsiyələr"inə uyğun olaraq "Fənn
aylıqları"nın keçirilməsi pedaqoji
kollektivlərdə sağlam rəqabət
yaratmış, təlimin keyfiyyətinin
yaxşılaşdırılmasına,
müəllimlərin innovativ təlim
metodlarını gündəlik fəaliyyət prosesinə
çevirmələrinə səbəb olmuşdur.
Buraxılış
imtahanlarında şəhər üzrə XI sinif
məzunlarının 89, IX sinif məzunlarının
isə 79 faizindən çoxu müvəffəq
qiymətlər almışdır ki, bu da respublika
üzrə ən yaxşı nəticələrdən hesab olunur. Lakin buraxılış
imtahanlarının nəticələrindən asılı olmayaraq hər bir məzuna
təhsil sənədinin verilməsi qərarı
bütövlükdə cəmiyyətin xeyrinə olmaqla məzunlarımızın 98 faizindən
çoxunun təhsil sənədi
almasına imkan vermişdir
ki, bu da
onların həyata daha fəal
atılmasına şərait yaratmışdır.
Hər il olduğu kimi, 2013-cü ildə də şəhər
üzrə ali məktəblərə qəbul
imtahanlarının göstəriciləri respublikada
ən yaxşı nəticələrdən hesab
edilmişdir. Belə ki, XI sinif məzunlarının
87 faizi ali məktəblərə
qəbul üçün sənəd vermiş və onların 54,3 faizi
müxtəlif universitetlərə qəbul olunaraq
tələbə adını qazanmışlar ki,
bu da əvvəlki ilin göstəricisi ilə müqayisədə
3,3 faiz çoxdur.
Beləliklə, son illərdə
şəhər üzrə ali məktəblərə
qəbul faizinin artımı davam etmiş, bu il artım tempi daha da
yüksək olmuşdur. 2006-cı ildən etibarən son 7 il ərzində şəhər
üzrə ali məktəblərə qəbul
göstəricisi 30 faizdən 54,3 faizə yüksəlmişdir.
Üç ildir ki,
şəhər təhsil şöbəsində yaradılaraq
tətbiqinə başlanılmış www.e-tehsil.net saytı
və bu saytın tərkib hissəsi olan "Elektron davamiyyət"
sistemi vəziyyətə operativ nəzarət
etməyə imkan vermiş,
müəllim və şagirdlərin məsuliyyətini
artırmış və valideynləri bu
məsələyə cəlb
edərək nəzarətdə mühüm
vasitəyə çevrilmişdir. Son illərdə saytın
funksionallığı artırılmış və istifadəçi
müəllim və şagirdlərə daha
geniş imkanlar
yaradılmışdır.
Təhsil
şöbəsinin əməkdaşlarının
iştirakı ilə şəhər üzrə bütün məktəblərdə vahid pedaqoji şuralarda I yarımilin yekunu
və II yarımildə qarşıda duran
vəzifələr müzakirə edilmiş,
nöqsanları aradan qaldırmaq üçün prioritet
istiqamətlər müəyyənləşdirilmişdir. Müxtəlif fənlər
üzrə proqram materiallarını mənimsəməkdə
çətinlik çəkən uşaqlar
müəyyənləşdirilərək, fənn müəllimləri
tərəfindən cədvəl əsasında onlarla əlavə məşğələlərin
keçirilməsi təmin edilmişdir.
Şagirdlərin
vətənpərvərlik tərbiyəsini daha
da yaxşılaşdırmaq məqsədilə
ümummilli lider Heydər
Əliyevin doğum günü
münasibətilə ulu öndərin
abidəsi önündə məktəblilərin təntənəli
keçidi, "Kitab
bayramı", "Şəhər günü"
və s. bu kimi silsilə tədbirlər həyata keçirilmişdir.
Nəticədə şagirdlərin hərbi
peşələrə marağı artmış, ötən
illə müqayisədə hərbi liseyə sənəd verən
şagirdlərin sayı 37-dən 100-ə, ali
hərbi məktəblərə sənəd verənlərin
sayı isə 34-dən 74-ə qalxmışdır.
Dərs
ilinin II yarısında şəhər icra hakimiyyətinin köməyilə məktəblilərin
Milli Azərbaycan Tarixi
Muzeyinə ekskursiyasının təşkili, onların
Bakı və Sumqayıtdakı Heydər Əliyev mərkəzlərində
olmaları məktəblilərin tarix fənninə
marağını daha da
artırmışdır.
VIII siniflərdə təhsil şöbəsi tərəfindən
şəhər üzrə keçirilmiş
monitorinqdə Azərbaycan tarixi fənni
üzrə şagirdlərin bilik göstəricisinin
ötən illə müqayisədə artması bunu bir daha təsdiq edir.
Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü
münasibətilə həyata keçirilən silsilə tədbirlər
içərisində "Azərbaycanın dövlətçilik
tarixi" çərçivəsində
"Qarabağın tarixi"nə həsr olunmuş
konfrans xüsusilə maraqlı olmuşdur. Məktəblilərin konfransda dinlənilmiş məruzələri əsasında
"Qarabağın tarixi"
kitabının nəşr edilərək məktəb
kitabxanalarına paylanması gələcəkdə də məktəblilərin
ondan bəhrələnməsinə şərait
yaratmışdır.
XI sinif
şagirdlərinə dərsdənkənar vaxtlarda
müstəqil Azərbaycan Respublikasının tarixinə aid mühazirələrin keçirilməsi
onların əsl vətəndaş kimi
yetişməsində mühüm rol oynamışdır.
Məktəblilərin
fənn olimpiadalarının respublika mərhələsində
10 Sumqayıt məktəblisinin mükafata
layiq yer tutması və
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
"2013-2014-cü dərs ilində keçirilmiş
məktəblilərin fənn olimpiadalarının nəticələri
barədə" əmrində Sumqayıt şəhər məktəblərinin müsbət nəticələrinin
qeyd edilməsi şəhərin pedaqoji kollektivlərini daha
da ruhlandırır.
"Müəllimlərin
bilik və səriştəsinin sınaq
qiymətləndirilməsi barədə" və "Müəllimlərin
etik davranış Qaydaları"
haqqında təhsil nazirinin əmrləri
şəhərin pedaqoji kollektivləri tərəfindən
vaxtında atılmış uğurlu
addımlar kimi qiymətləndirilir. Hesab edirik
ki, bu sənədlər
təhsilimizin inkişaf etdirilməsinə
geniş yol
açır.
Sumqayıt
şəhər təhsil işçiləri Təhsil Nazirliyi tərəfindən son
bir il ərzində
atılmış uğurlu
addımların "Təhsil sahəsində İslahat
Proqramı"nın müvəffəqiyyətlə davam etdirilməsinə zəmin
yaratdığına əmin olduğunu və
bu prosesdə daha fəal
iştirak edəcəklərini bildirirlər.
V.ƏLƏKBƏROV,
Sumqayıt Şəhər Təhsil Şöbəsinin
müdir əvəzi,
Azərbaycan
Respublikasının əməkdar müəllimi
İstedadlı
uşaqlara "yaşıl işıq"
Ölkəmizdə uşaqların birinci siniflərə
qəbulu 6 yaşdan başlanır. Lakin dərs ilinin
başlanmasına qədər 6 yaşı tamam olmasa da əqli
və fiziki cəhətdən inkişaf etmiş, xüsusi
istedada malik uşaqlar da olur. Məktəbə getməyə
tam hazır olan, təhsilə başqalarına nisbətən
erkən başlamaq imkanı olan belə uşaqların birinci
siniflərə vaxtından əvvəl qəbuluna şərait
yaradılmalıdır. Bu vacib məsələyə
sağlam məntiqlə yanaşılması təhsil naziri cənab
Mikayıl Cabbarov tərəfindən "Xüsusi istedada
malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu
Qaydaları" barədə əmr imzalanması ilə nəticələndi.
İnkişafa şərait yaradan, onu əngəlləyən
məsələləri aradan qaldıran bu əmr cəmiyyət
tərəfindən müsbət qarşılandı.
"Qaydaları"n təsdiq
edilməsi haqqında əmrə uyğun olaraq Sumqayıt
Şəhər Təhsil Şöbəsində ən
nüfuzlu müəllimlər, metodist, psixoloq və həkimin
daxil edildiyi komissiya yaradılmış, əhalinin maarifləndirilməsi
ilə əlaqədar yeni qaydalarla bağlı yerli televiziya
kanalında və mətbuatda izahat işləri
aparılmış, təhsil
şöbəsinin
saytında müvafiq materiallar
yerləşdirilmiş,
komissiyanın fəaliyyəti zamanı videoçəkiliş
təşkil edilərək
tam şəffaf və
obyektiv seçim təmin edilmişdir. Ümumilikdə komissiya
tərəfindən
müsahibədə
iştirak etmək üçün 298 nəfərin ərizəsi qeydiyyata
alınmış, 296 nəfərlə müsahibə
aparılmışdır. Onlardan 163 nəfəri (55,1%) keçid
balını toplayaraq xüsusi
istedada malik olduqları üçün komissiya
tərəfindən
vaxtından əvvəl I
sinfə qəbulu tövsiyə edilmişdir.
Müsahibədə iştirak edənlər
arasında yaşca ən kiçik olan (5 yaş 8
aylıq) Salmanlı Heydər
xüsusilə qeyd edilməlidir. O, mümkün 20 baldan 19
bal toplayaraq ən yüksək
nəticə göstərmiş, Sumqayıt şəhərinin
tarixində təhsil işçilərinin konfransının ən
kiçik iştirakçısı olmuş və qiymətli
hədiyyələrlə təltif edilmişdir. Konfransda
çıxış edən Heydərin babası istedadlı
uşaqlara göstərdiyi qayğıya görə ölkə
Prezidenti cənab İlham Əliyevə minnətdarlığını
bildirmişdir.
Heydər hazırda 2 nömrəli tam orta məktəbdə
təhsil alır. Sinif müəlliminin və məktəb rəhbərliyinin
bildirdiyinə görə, o, yaxşı oxuyur, sinfin
qabaqcıl şagirdlərindən biridir.
Hərbi
peşəyə maraq artır
Yarım əsrə yaxın bir dövr
keçdikdən sonra bu gün aydın görünür ki,
sovetlər birliyi dövründə respublikamıza rəhbərlik
edən Heydər Əliyev hələ o vaxt
respublikamızın müstəqillik qazanması haqqında
düşünərək ölkədə
C.Naxçıvanski adına hərbi lisey
açılmasına nail olmuşdur. Müstəqillik əldə
edildikdən sonra süni olaraq müharibəyə cəlb
olunmağımız, torpaqlarımızın 20 faizinin
işğal olunması güclü orduya ehtiyacı
qarşımıza bir nömrəli vəzifə kimi qoydu. Bu
gün Milli Ordumuzun əsasən, bu liseyin yetirmələri ilə
formalaşması Heydər Əliyev müdrikliyini bir daha təsdiq
edir.
Ötən ilin yayında hərbi parad
zamanı Milli Ordumuzun gücünün nümayişi hər
bir Azərbaycan vətəndaşının qəlbini fərəh
hissi ilə doldurdu. Şübhəsiz ki, Milli Ordumuzun gücləndirilməsi
davam etdirilir və bu iş vətənpərvərlik tərbiyəsini
düzgün qurmaqdan çox asılıdır.
Son illər ərzində şəhərimizdə
məktəblilərin hərbi vətənpərvərlik tərbiyəsini
daha da yaxşılaşdırmaq istiqamətində geniş
iş aparılır. Ümummilli lider Heydər Əliyevin
doğum günü münasibətilə ulu öndərin
abidəsi önündə məktəblilərin hərbi
paradı, "Şəhər günü", "Kitab
bayramı", "Azərbaycanın dövlətçilik
tarixi", "Qarabağın tarixi" mövzularında
müsabiqələr, konfranslar, ekskursiyalar şəhərimizdə
hər il keçirilməklə artıq ənənə
şəklini almışdır.
Bu kimi şəhər əhəmiyyətli tədbirlərə
şagirdlərin fəal qatılması onların hərbi
peşələrə marağını əhəmiyyətli
dərəcədə yüksəltmiş, hərbi lisey və
ali hərbi məktəblərə
sənəd verən şagirdlərin sayının
artmasına səbəb olmuşdur. Bu iş daim şəhər
və təhsil şöbəsi rəhbərliyinin diqqət mərkəzində
saxlanılır.
Sumqayıt
məktəbliləri ekskursiyalarda
Sumqayıt şəhərinin ümumtəhsil
məktəblərində şagirdlərin vətənpərvərlik
tərbiyəsinə böyük diqqət yetirilir. Dərs
prosesində və sinifdənxaric tədbirlərdə bu məsələ
daim önə çəkilir.
Yanvar ayından başlayaraq şəhər icra hakimiyyətinin
başçısı E.Əzizovun təşəbbüsü
və yaxından köməyi ilə tarix fənninə məktəblilərin
marağının yüksəldilməsi, vətənpərvərlik
tərbiyəsinin məqsədyönlü qoyuluşunda
faydası nəzərə alınmaqla məktəblilərin
bir sıra muzey və mərkəzlərə ekskursiyaları
təşkil olunmuşdur. Yanvar-aprel ayları ərzində
Bakı şəhərindəki Milli Azərbaycan Tarixi Muzeyinə,
Bakı və Sumqayıtda yerləşən Heydər
Əliyev mərkəzlərinə, Sumqayıtın Tarixi
Muzeyinə ekskursiyalar təşkil olunmuşdur.
Sumqayıtın Tarixi Muzeyinə ekskursiyalar hələ də
davam etməkdədir. Bakı şəhərindəki Milli Azərbaycan
Tarixi Muzeyinə 13 yanvardan başlanmış ekskursiyanın ilk 5 günü ərzində
şəhid, Qarabağ müharibəsi əlili və ya
veteranı, Çernobl əlili ailəsindən olan 500-ə
yaxın məktəbli iştirak etmişdir. Ümumilikdə
isə Milli Azərbaycan Tarixi Muzeyi və Sumqayıt Şəhər
Təhsil Şöbəsi rəhbərlərinin
imzaladıqları müqaviləyə əsasən yanvar-aprel
aylarında 2 minə qədər Sumqayıt məktəblisi
bu ekskursiyaya qatılmışdır.
Bu tədbir məktəblilər tərəfindən
maraqla,
valideynlər və şəhər ictimaiyyəti tərəfindən
rəğbətlə qarşılanmışdır. Ekskursiyaların məktəblərdə fənn
müəllimləri tərəfindən məqsədyönlü
yekunlaşdırılması, açılmış diskussiyalarda məktəblilərin fəal
iştirakının təmin edilməsi tarix
fənninə marağın, tarix fənninin
tədrisi keyfiyyətinin yüksəlməsinə, məktəblilərin
vətənpərvərlik tərbiyəsinin daha da güclənməsinə
zəmin yaratmışdır. Şəhər rəhbərliyinin
tövsiyəsi ilə keçirilən bu
ekskursiyalarda şəhər nəqliyyat departamenti tərəfindən
məktəblilərin təmənnasız olaraq
rahat nəqliyyat vasitələri ilə təmin
edilməsi şəhər sakinlərinin
razılığına səbəb olmuşdur.
Fənn aylıqları sağlam rəqabət yaradır
2013-cü
ildə keçirilən Sumqayıt müəllimlərinin sentyabr konfransının "Tövsiyələri"nə
uyğun olaraq
ümumtəhsil məktəblərinin I-XI siniflərində fənn
aylıqlarının keçirilməsi
planlaşdırılmış, bu məqsədlə
"Fənn aylıqlarının Əsasnamə"si
hazırlanmış, ŞTŞ-nin nəzdində Təşkilat Komitəsi
yaradılmış, bütün məktəblərdə
maarifləndirmə işi
aparılmışdır. Fənn
aylıqlarının keçirilməsində məqsəd
ümumtəhsil məktəblərində təlimin keyfiyyətini
yaxşılaşdırmaq, fənlərin tədrisi vəziyyətini
yüksəltmək, müəllim və şagirdlərin təlimə marağını artırmaq,
müəllimlərin gündəlik fəaliyyətlərinə
yaradıcı yanaşmalarını təmin etmək,
müəllim və şagirdlərin tədqiqatçılıq
qabiliyyətlərini inkişaf etdirmək,
qabaqcıl təcrübəni öyrənmək olmuşdur. Noyabr ayından start götürmüş
fənn aylıqlarında indiyə kimi
ümumilikdə 4415 sinif və fənn
müəlliminin "açıq dərs"i dinlənilmiş,
345 fənn bülleteni
buraxılmış, 448 fənn gecəsi keçirilmiş,
223 nəfər müəllim elmi, metodiki və pedaqoji mövzuda məruzə yazmışdır.
Bütün bunlar isə
müəllimlərin arasında sağlam
rəqabət yaratmaqla bərabər,
onların yeni innovativ
metodlarla tanış olmaq,
gündəlik fəaliyyətlərini həmin metodlarla qurmaq
imkanlarını və məsuliyyətlərini
artırmışdır. Bu tədbirlərin
videoçəkilişinin aparılması seçim
aparılmasına, ən yaxşıların təhsil
şöbəsinin saytında yerləşdirilməsi, şəhər
və digər bölgələrin müəllimlərinin onlardan bəhrələnməsinə şərait
yaratmışdır. Fənn aylıqları onlarla
yaradıcı, qabaqcıl müəllimin aşkar
edilməsinə, əməklərinin rəğbətləndirilməsinə
səbəb olmuşdur.
Azərbaycan
müəllimi.- 2014.- 6 iyun.- S.8.