Səttar Bəhlulzadə
yaddaşlarda necə
qalıb?
Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Səttar Bəhlul oğlu Bəhlulzadə 15 dekabr 1909-cu ildə Bakının Əmircan kəndində doğulub. Azərbaycanın əməkdar incəsənət xadimi (1960), Azərbaycanın xalq rəssamı (1963), Azərbaycan Dövlət mükafatı laureatı (1972) adına layiq görülüb. İki dəfə Qırmızı Əmək Bayrağı ordeni və müxtəlif medallarla təltif olunub. 1927-1931-ci illərdə Bakı Rəssamlıq Texnikumunda, 1933-1941-ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. Məşhur rəssamlar V.A.Favorskinin və Q.M.Şaqalın tələbəsi olub. Əmək fəaliyyətinə Əzim Əzimzadənin rəhbərliyi ilə "Kommunist" qəzetində başlayıb. 1974-cü il oktyabrın 14-də Moskva xəstəxanalarından birində vəfat edən rəssam öz arzusuna əsasən doğma Əmircan kəndində dəfn edilib.
Rəsm əsərləri
təkcə görüntü deyil, onlar həm də tarixin süzgəcindən axıb
bu günümüzə gələn hekayətlər,
nağıllar, həqiqətlərdir. Rəsmi təkcə
seyr etmək yox, onu həm də oxumağı bacarmaq
lazımdır. Oxucu yaxşı qələm əhlinin
yazdığını bir lövhə kimi gözləri qarşısında
canlandıra bilirsə, tamaşaçı da yaxşı rəssamın
fırça ilə yaratdığı mənzərələri
təsirli bir hekayə, elegiya, esse kimi "oxuyur". Rəssamlar
öz romanlarını qələmlə deyil, fırça
ilə yazırlar. Azərbaycanın tanınmış rəssamı Səttar Bəhlulzadənin əsərlərinin
hər biri mənim
üçün məhz bu
baxımdan oxumaqdan yorulmadığım bir fəlsəfi əsərdir.
Səttar Bəhlulzadə ilə bağlı material
hazırlamaq üçün əvvəlcə yolumu rəssamın
adını daşıyan gimnaziyadan saldım. Burada həm
maraqlı müsahiblərlə rastlaşdım, həm də
müəllimlərdən birinin-Nahidə xanımın rəssamın
ata evini tapmağımda mənə çox köməyi dəydi.
Bu materialı hazırlayarkən, Səttar Bəhlulzadə ilə
bağlı dinlədiyim xatirələr
mənə bir-birindən maraqlı gəldi.
"Hər gün qatarda Səttar
müəllimlə rastlaşardım"
Məmmədəli Abbasov, Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru, əməkdar müəllim:
- Xalq rəssamı Səttar
Bəhlulzadənin adını
eşidəndə gözlərimin önündə hər dəfə bu mənzərə canlanır:
Yetmişinci illər idi. 19-20 yaşım olardı. Pedaqoji
institutda oxuya-oxuya həm də
layihə institutunda işləyirdim. Əmircanda kirayədə
qalırdım. O dövr üçün Bakıda ən əlverişli
nəqliyyat vasitəsi sayılan elektrik qatarı ilə hər
səhər saat səkkizə qalmış şəhərin mərkəzinə
gedərdim. Hər gün həmin qatarda Səttar müəllimlə
rastlaşardım. O, çox maraqlı bir şəxsiyyyət
kimi yadımda qalıb. Arıq, ucaboylu bir
adamdı. Uzunsaçlı, ağbəniz, mavi gözlü Səttar
müəllim mənə çox maraqlı təsir bağışlayırdı.
Amma mən o zaman xalq rəssamına
yaxınlaşmağa, onunla həmsöhbət olmağa cəsarət
edə biləcək yaşda deyildim. O özü də
kənardan baxanda bir qədər, qaraqabaq, adamayovuşmaz təsir
bağışlayardı. Danışdıran olmasa dinməz,
sakit dayanıb fikrə gedərdi. Hiss olunurdu ki, o, öz aləmindədir.
Həmişə əlində nəsə olardı: ya
çertyoj kağızları, ya da rəsm ləvazimatları
yığılmış kiçik çamadan... Hamı ona çox böyük hörmətlə
yanaşardı. Stansiyada görünəndə sanki hər kəs
o böyük rəssama salam
verməyi özünə bir şərəf sayardı.
Hamı onu tanıyırdı. Mən sonradan bildim ki,
stansiyada, qatarda hər kəsin tanıdığı bu
maraqlı və qeyri- adi görkəmə malik olan insan
çox məşhur, istedadlı xalq rəssamı Səttar
Bəhlulzadədir.
Vaqona daxil olanda hamı ona yer göstərərdi. Çox vaxt o özü də yerindən qalxar,
uşaqlara və ya qadınlara yer verərdi. Qatarda adam çox olanda ümumiyyətlə oturmaz,
hamı kimi ayaq üstə qalardı. Qatar şəhərə doğru
irəlilədikcə yolboyu mən
bir kənarda dayanıb, onun diqqət çəkəcək dərəcədə böyük əllərinə, arıq
və çox uzun
barmaqlarına baxardım. Adətən
barmaqlarında fırçanın, qarışıq rənglərin
izləri qalardı, bir də siqaret tutan əlinin iki
barmağında siqaretin izi... O vaxt Sabunçu vağzalı deyilən
axırıncı dayanacaqda
(indiki 28 may metrosunun yanı) qatardan düşüb
keçmiş Solntsev küçəsi ilə mən
üzüyuxarı qalxardım, Səttar Bəhlulzadə isə
pillələrlə üzüaşağı
düşüb adamlara qarışardı.
İndi tale elə gətirib ki, surətini heç vaxt
unutmadığım böyük rəssam Səttar Bəhlulzadənin
adını daşıyan bu gimnaziyaya rəhbərlik edirəm.
1992-ci ildən bu təhsil ocağı Xarici Dillər
Təmayüllü Gimnaziya kimi fəaliyyət göstərir.
Burada rəssamın
yaradıcılığına aid
guşə var. Dəfələrlə məktəbimizdə rəssamın özünün və Əbdülbaqi adlı şagirdinin əl işlərindən ibarət
sərgisini təşkil etmişik. Hər il dekabr
ayında Səttar Bəhlulzadənin ad gününü qeyd edirik.
Rəssamın bacısı oğlu Qəyyur müəllim dayısının çəkdiyi
bir neçə eskizi məktəbimizə
bağışlayıb. Biz onları dəyərli
bir hədiyyə kimi qoruyub saxlayırıq.
"Albomuma rəsm çəkən
insan
Səttar
Bəhlulzadə imiş"
İradə
Məlikova, Səttar Bəhlulzadə adına
Xarici Dillər Təmayüllü Gimnaziyanın ibtidai sinif
müəllimi:
- Bəzən insanın həyatında elə xatirələr
olur ki, üstündən neçə illər keçsə
də, onlar heç zaman unudulmur. İndiki kimi yadımdadır:
1973-cü ilin payız ayı idi. Birinci sinfə
gedirdim. Rəsm müəllimimiz şəkil
çəkmək üçün bizə 40 vərəqli
albom almağı tapşırmışdı. Bizim əslimiz
Bakının Şağan kəndindəndir. Kəndimizin
camaatı uşaqlarına məktəb ləvazimatı almaq
üçün rayon mərkəzindəki vağzal deyilən
yerə - üstünə "Azərnəşr"
yazılan mağazaya gedərdilər. Anamla
mən həmin mağazadan albom alıb 36 nömrəli
avtobusa mindik. Anam qarşıda, mən isə
orta sıradakı boş yerdə əyləşdik. Albom mənim əlimdə idi. Birdən
kiminsə əli yüngülcə çiynimə toxundu.
Arxa tərəfdə oturan bir nəfər albomumu ona verməyimi xahiş etdi. Heç nə demədən
tanımadığım adama yarıkönül verdiyim
albomumun dalınca nigaran-nigaran boylandım. Lap arxa
sırada, küncdə, ağ saçları çiyninə tökülmüş
çox arıq bir kişi oturmuşdu. Albomumu alan
şəxs onu həmin arxa sırada oturan kişiyə
ötürdü. O, albomu açıb sürətlə nəsə
çəkməyə başladı. Onun tez-tez
hərəkət edən nazik, uzun barmaqları diqqətimi
çəkdi. Avtobus yola düşəndə albomumu mənə
qaytardılar. Sanki kimsə mənə
pıçıldadı ki, albomun içinə baxım.
Albomu açdım. Arxa vərəqdə göy flamastrla
çəkilmiş mənzərə rəsmini görüb
heyrətə gəldim. Məktəbə yenicə
gedən uşaq üçün bir neçə dəqiqə
ərzində çəkilmiş o rəsm möcüzə
idi. Cəmisi bircə rənglə
işlənmiş ağaclar, axar su, arxa planda dağ silsiləsi
və s. Rəsmin soldan yuxarı küncündə isə
boyük "S." və "B." hərfləri vardı.
Çox sonralar mənə məlum oldu ki,
heç demə albomuma rəsm çəkən insan
böyük rəssam Səttar Bəhlulzadə imiş. Tanımadığım adamın çəkdiyi rəsmi
yolda anama, evdə atama göstərdim. Atam dedi ki,
qızım, Səttar Bəhlulzadə çox istedadlı rəssamdır,
sən bu rəsmi həmişə qoru. Sinifdə
müəllimim də şəklə baxdı və o da
atamın sözlərini təkrar etdi. Uzun illər o albomu saxladım. Hər dəfə
şəklə baxanda rəssamın cəmi bircə göy rənglə nə
qədər təkrarsız mənzərə yarada bildiyinə
heyrət edirdim. İnstitutda oxuyanda o rəsm
haqqında müəllimimiz Rauf Səmədova
danışdım. O dedi ki, gətir baxım. Nə sirr idisə evdə rəsmi tapa bilmədim.
Ancaq o göy rəngin yaratdığı möcüzəli mənzərə
yaddaşıma əbədi həkk olub... İndi
bu da bir qismətdir ki, bu gün mən böyük sənətkarın
adını daşıyan məktəbdə müəlliməm.
"Səttarın
ürəyi çox yuxa idi"
Nahidə
Sədullayeva, Səttar Bəhlulzadə adına
Xarici Dillər Təmayüllü Gimnaziyanın ingilis dili
müəllimi:
- Mən Əmircanlı qızıyam. Böyük
rəssam Səttar Bəhlulzadənin və bizim nəsillərimiz eyni məhəllənin sakinləri
olub. Mənim böyüdüyüm evlə böyük
rəssamın boya-başa çatdığı ev dədə-babadan bir-birinə yaxın olub. Bu iki nəslin nümayəndələri həmişə
mehriban münasibət saxlayıblar. Həm qonşu, həm
də yaşıd olduğu üçün əmimlə Səttar Bəhlulzadə çox səmimi dostluq ediblər. Rəssamın öz
əlləri ilə çəkdiyi bir rəsm əsəri
uzun illərdir ki, əmimgilin
evinin divarından asılıb. Əmimin rəssam dostu haqqında
danışdıqları bu gün də yadımdadır:
"... Səttarla uşaqlıqdan bir-birimizin
evinə gedib-gəlirdik. Səttarın bir az dəymədüşərliyi vardı, bir də
görürdün heç nədən inciyib getdi. Amma ürəyi
çox yuxa idi, kinli adam deyildi. Çəkdiyi gözəl mənzərə rəsmlərindən
birini öz dəst-xətti ilə "Dostum Ağarzaya"
yazıb mənə bağışlamışdı. İndi o rəsmi əziz bir xatirə kimi
saxlayıram".
"Gözümü
açandan Səttar
əmini
rəsm çəkən görmüşəm"
Gimnaziyadan çıxıb Nahidə
xanımın bələdçiliyi ilə Səttar Bəhlulzadənin
ata evinə yollandıq. Rəssamın ata yurdu hazırda "Səttar
Bəhlulzadə adına ev-muzeyi" kimi fəaliyyət göstərir.
Dəfələrlə qapını döysək
də, açan olmadı. Kimsənin
olmadığını görüb sol tərəfdəki
qonşunu səslədik. Qapıya 65-70
yaşlarında bir ağbirçək gəldi. Məramımızı
biləndə rəssam barədə bunları söylədi:
"Mən özüm 1940-cı ildənəm. Gözümü açandan Səttar əmini rəsm
çəkən görmüşəm. Hərdən
keçib gələrdi bizə, evin kişiləri ilə
oturardılar həyətdə, çox yaxşı adam idi rəhmətlik. Bizim evin qabağında
gördüyünüz bu ikimərtəbəli ev Səttarın sağlığında birmərtəbəli
idi. Sonradan dövlət köməklik etdi, binanın damını söküb bir mərtəbə
də qaldırdılar, buranı elədilər "Səttar Bəhlulzadə adına ev-müzeyi.
On nəfərə qədər işçisi
var muzeyin".
"Biz
qapını döydük, niyə açan olmadı"- sualıma
ağbirçək qadın "yəqin nahara gediblər, bir
azdan qayıdarlar" desə də, orada olduğumuz iki saat ərzində
muzeyə kimsənin gəldiyini görmədik. Ağbirçək
qadınla sağollaşıb ayrılandan sonra yadıma
düşdü ki, qonşu qadının adını
soruşmağı unutdum. Muzeyin arxa tərəfinə
keçib digər qapını döyəndə, eşiyə
çıxan qadın: "Xoş gəlmisiniz. Buyurun evə keçin. Bura elə rəssamın
ata yurdunun bir
hissəsidir. Mən də rəssamın
qardaşı gəliniyəm" - deyib bizi evə dəvət
etdi. Qadının həyat yoldaşı Elçin Bəhlulov və oğlu Səttarla
söhbət edə-edə həm də onların ailə
albomunu vərəqlədik.
"Əmimi
Moskvaya mən yola saldım"
Elçin
Bəhlulov, Əmircan sakini:
- Səttar Bəhlulzadə mənim əmimdir. Bu gördüyünüz həyət- baca atamın
payına düşən hissədir. Həyətin
solunda gördüyünüz o ev isə indi əmimin
ev-muzeyidir.
1974-cü ilin oktyabr ayı idi. İyirmi yaşın içindəydim.
Əmimi aeroporta aparıb Moskvaya mən yola saldım. Mədəsində xərçəng vardı,
ümidini Moskvanın həkimlərinə
bağlamışdı. Oktyabrın 13-də
xəbər gəldi ki, əmim Moskvada rəhmətə gedib.
Cənazəsini
Bakıya oktyabrın
16-da gətirdilər.
Əmim heç vaxt ailə qurmadı. Nə qədər
ki, öz anası, yəni nənəm sağ idi, oğluna özü
qulluq edirdi. 1962-ci ildə nənəm rəhmətə gedəndən sonra
ömrünün axırına kimi əmimin
pal-paltarının yuyulmasına, çay-çörəyinin hazırlanmasına anam Gövhər baxdı. Anam
özü də
Əmircanda tanınmış nəslin qızı
idi.
Əmimin rəssamlığı bir Allah vergisi idi. Çünki, nəslimizdə
kimsə əmimə qədər rəssamlıqla nəinki
peşəkar, heç həvəskar kimi də məşğul
olmayıb.
Əmim daim rayonlarda olurdu. Elə ki evə qayıdardı, hamımız
yığışardıq əmimin başına. Üç qardaş idik, bir bacı. Bacım tarix müəllimi idi, rəhmətə
gedib. Mən də dəmiryolçuyam.
1961-ci ilə qədər bu evin yuxarı tərəfi -
indi muzeyə verilən hissə hələ tikilməmişdi.
Babamdan qalan bu iki otaq idi, bir də evin
artırması. Baxın, bu otaq onun
anasının, yəni mənim Hökümə nənəmin
otağı idi. Ailəliklə
hamımız bu evdə yaşamışıq.
Əmimin belə bir xasiyyəti də
vardı. Xoşuna gəlməyən
adamnan yola getməzdi. Əmimin rəssam həmkarlarının
əksəriyyəti çəkdiklərini satardılar.
Amma əmim əsərlərini
bağışlayardı. Bu gün də əminliklə
deyirəm ki, vaxtilə əmimin getdiyi ən müxtəlif rayonlarda, qonağı olduğu
evlərdə onun neçə-neçə
əsərləri var. Əmimin ölümündən sonra
onun nə qədər əsərlərini satdılar. İndi nə qalıbsa bu ev-muzeyindədir. Əmimin sağlığında bura balkon idi. Rəhmətlik Hacıbaba Hüseynov gələrdi
bizə. Əmimlə bərk dost idilər. Hər ikisi oturardılar bu balkonda, Hacıbaba sinədən
qəsidə deyərdi, əmim də onun avazı altında rəsm
çəkərdi. Hər ikisi öz aləminə
düşərdi. Uşaqlı- böyüklü biz ev əhli də cınqırımızı
çıxarmazdıq ki, onlara mane olmayaq. Mirzə
Babayev də əmimin evinə gediş-gəlişi olan
yaxın dostlarından olub. Əmimin karandaşla çəkdiyi "Leyli
və Məcnun" rəsmində
şamın əriyib töküldüyü səhnə
var ha, bax o səhnə Hacıbabanın qəsidəsinin havasına çəkilib. Hacıbaba əmi
çox dərin muğam bilicisi idi.
Əmim haqqında çəkilən ilk
filmdəki uşaqlar böyük qardaşımla mənəm.
Əmimin bütün rayonlarda dostları
vardı, ən çox Qubaya gedərdi. Naxçıvana
da tez-tez gedərdi.
"Kəpəzin göz yaşları" rəsmi
sovet hökuməti dağılandan sonra Qızıl Fonda
düşdü.
Əmim xilə
qutabını, düşbərəni çox
xoşlayardı. Özünun də bir qonağı gələn
kimi evdə bu yeməkləri sifariş edərdi.
Əmimin adını nəsildə mən
yaşadıram - adını böyük oğluma vermişəm. Nəslin
ikinci Səttar Bəhlulzadəsi hazırda Azərbaycan
Kooperasiya Universitetinin
tələbəsidir. Özü yaxşı rəsm çəkməyi
bacarır. Otuz-qırx dənə rəsm əsəri
də var.
"Ən yaxşı cərəyan
sənətkar qəlbinin səsidir"
Aslan Xəlilov,
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının
elmi işçisi, sənətşünas:
- Ağlım kəsəndən Səttar
yaradıcılığının vurğunu olmuşam. Səttar
Bəhlulzadə yaradıcılığı ilə
bağlı daha geniş məlumatı mən Rəssamlıq
Akademiyasının dördüncü kursunda oxuyanda müəllimimiz, Azərbaycan Rəssamlar
İttifaqının tənqid və incəsənət
bölməsinin sədri, sənətşünas Ziyadxan
Əliyevin mühazirələrindən aldım. Bir çox
tanınmış sənətşünaslar tərəfindən rəssamın əsərləri ilə bağlı tədqiqatlar
aparılsa da, Ziyadxan müəllimin tədqiqatında Səttar
Bəhlulzadə yaradıcılığına fərqli
bir yanaşma gördüm.
2009-cu ildə rəssamın anadan olmasının 100 illiyi ilə
bağlı Ziyadxan müəllimin 34 illik zəhmətinin məhsulu
olaraq, "Sənətin Məcnunu" adlı kitabı
işıq üzü gördü.
S.Bəhlulzadənin yaradıcılığı, rəssamın
qrafik irsi, sənətkarlığının mənbələri,
yaradıcılığındakı poetika və fəlsəfi
dünyagörüşü, rəssama həsr olunmuş film
və şəkillər, şeirlər, məqalələr,
onun incəsənət və müxtəlif incəsənət
ustaları haqqında dediyi fikirlər, gündəliyindən
parçalar da ilk dəfə bu
kitabda toplanıb. Kitaba rəssamın 500-dək
əsərinin surəti və həyatının müxtəlif
illərini əks etdirən fotoşəkillər daxildir.
Sağlığında Səttar Bəhlulzadə
gündəlik yazırmış. Həmin gündəliyin səhifələrində
sənətkarın belə bir
fikri var: "Sənət tarixində hökm sürmüş
və sürməkdə olan heç bir cərəyanı
xoşlamıram. Mənim üçün ən
yaxşı cərəyan sənətkar qəlbinin səsidir".
"Mənim öz süzgəcim var. Mənim ifadə
etmək istədiyim şeyi yalnız bu cür - çəkdiklərim
kimi göstərmək olar. Sənətkarın
qəlbində, daxilində nəsə bir səs var. O səs sənətkarın
öz yolunda ən kiçik büdrəmələrini belə hiss edir. Bəlkə də sənətkarın
daxili vicdanı deyilən şey elə budur".
İlk yaradıcılıq illərində
Səttar tarixi mövzulara meyl edirdi. Moskvadan
qayıtdıqdan sonra bir müddət rəssamın
yaradıcılığında "Babək
üsyanı", "Fətəli xan", "Xəttat Mir Əli" və s. kimi tarixi mövzular və tarixi şəxsiyyətlərin təsviri
əsas yer tutsa da,
yaradıcılığında təbiət təsvirlərinə
meyl tədricən gücləndi,
Səttar fırçası mənzərə
janrında daha bitkin əsərlər yaratmağa
başladı. Səttar Bəhlulzadənin
yaradıcılığının özəyini təşkil
edən "Abşeron etüdləri", "Buzovna neft mədənləri",
"Xəzər üzərində axşam", "Xəzər
gözəli", "Əbədi məşəllər",
"Kəpəzin göz yaşları", "Vətənimin
baharı", "Azərbaycan nağılı",
"Suraxanı atəşgahı", "Əfsanəvi
torpaq", "Şahnabat", "Naxçıvan.
Axşamçağı Ordubad bağlarında", "Vətənimin
baharı", "Bakıda atəşfəşanlıq",
"Qudyalçay vadisi", "Qızılbənövşəyə
gedən yol", "Suraxanı atəşgahı",
"Əmircan", "Neft daşları",
"Şamaxı üzümlükləri" əsərlərində, bir
çox mənzərə-peyzajlarında,
natürmortlarında ənənəvi xalq
yaradıcılığı motivləri üstünlük təşkil
edir. Əsərləri R.Mustafayev adına
Azərbaycan Dövlət İncəsənət Muzeyində,
Azərbaycan Dövlət Şəkil Qalereyasında, eləcə
də Moskva və b. şəhərlərin muzeylərində
saxlanılır.
Fərdi sərgiləri bir çox ölkələrdə
nümayiş etdirilən Səttar Bəhlulzadənin əsərləri
bu gün dünyanın neçə-neçə
tanınmış muzeylərində daimi eksponatlar
sırasındadır.
Ellada UMUDLU
Azərbaycan müəllimi.- 2014.- 6 iyun.- S.10.