Musiqi Kollecində
bəstəkar
Ramiz Mirişli ilə görüş olub
Tanınmış Azərbaycan bəstəkarı, qəlboxşayan bəstələri,
incə, lirik mahnıları ilə neçə-neçə
nəsillərin musiqi zövqünü oxşamış, bədii-estetik
duyumunun formalaşmasında yardımçı olmuş Azərbaycan
Respublikasının xalq artisti, professor, "Şöhrət"
və "Şərəf" ordenli Ramiz Mirişlinin bu il 80
yaşı tamam olur. Bu münasibətlə mayın 30-da Azərbaycan
Milli Konservatoriyasının tərkibində Musiqi Kollecində
Ramiz Mirişli ilə görüş və ona həsr olunmuş
konsert keçirilmişdir. Görüşün mayın 30-na
- "Son zəng"
gününə salınması təsadüfi olmayıb, rəmzi
məna kəsb edirdi. Axı Ramiz Mirişli özü də
vaxtı ilə bu Musiqi Kollecinin məzunu olmuşdur.
Görüşün həmin gün təyin olunması həm
də tədbirin tələbələrin yaddaşına
maraqlı bir hadisə kimi həkk olunmasında mühüm rol
oynamışdır.
Tədbiri Musiqi Kollecinin direktoru, əməkdar
incəsənət xadimi, professor Nazim Kazımov giriş
sözü ilə açaraq keçmiş məzunlarını
salamlamış, onu yenidən doğma təhsil ocağında görmələrindən
məmnunluq duyduqlarını söyləmişdir. Sonra o,
Ramiz Mirişlinin həyat yolu və
yaradıcılığı haqqında məlumat verərək
tanınmış bəstəçinin çoxlu sayda lirik
mahnının, filmlərə yazılmış musiqinin,
simfonik əsərlərin müəllifi olduğunu
bildirmişdir. Çıxışında Ramiz Mirişlini həm
də fəal ictimai xadim, gözəl pedaqoq kimi səciyyələndirən
N.Kazımov onun bu istiqamətlərdəki fəaliyyətindən
də söz açmış, musiqi kadrlarının
hazırlanmasında əvəzsiz xidmətlər göstərdiyini
vurğulamışdır.
N.Kazımov çıxışının
sonunda 80 illik yubileyi münasibəti ilə Ramiz Mirişlini təbrik
etmiş, ona möhkəm sağlamlıq və yeni
yaradıcılıq uğurları arzulamışdır.
Səmimi görüş üçün minnətdarlığını
bildirən Ramiz Mirişli görüşün onu təsirləndirdiyini
dilə gətirmiş, öz ürək sözlərini
müəllim və tələbələrlə
bölüşmüş, kollecdə oxuduğu illərdən
xatirələr danışmışdır.
Sonra səhnə Musiqi Kolleci tələbələrinin
ixtiyarına verilmiş, onlar maraqlı konsert proqramı
nümayiş etdirmişlər.
Nəfəs və zərb alətləri
orkestrinin çıxışı ilə başlayan konsertdə
Ramiz Mirişlinin mahnıları ifa olunmuş, eyni zamanda tar,
klarnet, trombon alətlərində müxtəlif əsərlər
səslənmişdir. Konsert Musiqi Kollecinin xalq
çalğı alətləri ansamblının
çıxışları ilə başa
çatmışdır. Ansamblın müşayiəti ilə
kollecin IV kurs tələbəsi Nuranə Şıxəliyevanın
ifa etdiyi sözləri Fikrət Qocaya, musiqisi Ramiz Mirişliyə
məxsus "Bir xumar baxışla" mahnısı və
digər musiqi nömrələri həm də konsertin ən təsirli
anları kimi yadda qalmışdır.
Sonda yubilyar bəstəkarla xatirə şəkli
çəkdirilib.
Yusif
ƏLİYEV
Azərbaycan
müəllimi.- 2014.- 6 iyun.- S.12.