"Media
və təhsil dialoqu: yeni
çağırışlar"
mövzusunda konfrans keçirilib
İyunun 9-da Təhsil Nazirliyinin təşkilatçılığı ilə
Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində "Media və
təhsil dialoqu: yeni
çağırışlar"
mövzusunda praktik konfrans keçirilib.
Tədbirdə Təhsil
Nazirliyinin nümayəndələri, ali təhsil müəssisələrinin mətbuat
xidmətlərinin və media qurumlarının rəhbərləri,
tanınmış təhsil ekspertləri, jurnalistlər iştirak
ediblər. Konfrans 2 panelə bölünüb. "Təhsildə media
təfsilatı" mövzusunda
keçirilən birinci panel
Bakı Dövlət Universitetində baş
tutub. Tədbirdə
çıxış edən Təhsil
Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov
müasir dünyada təhsilin
və mətbuatın mühüm rolunu vurğulayaraq media - təhsil
dialoqu barədə fikirlərini bildirib, mediada təhsil sahəsinin daha
geniş və obyektiv
işıqlandırılması
əhəmiyyətindən danışıb. Daha sonra Cəsarət Valehov
və nazirliyin
informasiya texnologiyaları üzrə
mütəxəssisi Mehman Şəfaqətov
"Təhsil Nazirliyinin media
ilə əməkdaşlıq təcrübəsi" mövzusunda təqdimatla çıxış
ediblər. Təqdimatda Təhsil
Nazirliyi tərəfindən may ayında aparılmış hesabat
açıqlanıb. Hesabatda müxtəlif ali
məktəblərin media
strukturlarının 3 aylıq statistik məlumatları, ayrı-ayrı media qurumlarının təhsil məsələlərinin
işıqlandırılmasına necə və hansı müstəvidə yanaşması əksini
tapıb. Təhsillə
bağlı bütün məlumatlar,
görülən işlər, tədbirlər nazirliyin
saytında, rəsmi facebook səhifəsində
və təhsil nazirinin özünün
facebook səhifəsində yerləşdirilib.
Daha sonra Bakı Dövlət
Universitetinin kafedra müdiri Aynur Kərimova "Krizis kommunikasiyada media" mövzusunda təqdimat edib.
Təqdimatda böhranlı vəziyyətlərdə
medianın fəaliyyətinin təşkili və məlumatların
ötürülməsi məsələsi və digər
maraqlı məqamlara toxunulub.
Sonra geniş müzakirələr
aparılıb və çoxsaylı suallar
cavablandırılıb.
Plenar iclasda çıxış edən
BDU-nun jurnalistika
fakültəsinin kafedra müdiri,
professor Cahangir Məmmədli,
jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev,
BDU-nun mətbuat xidmətinin rəhbəri
Pərvanə İbrahimova təhsil və medianın
qarşılıqlı münasibətindən, müasir dövrün təhsil sistemi,
media qarşısında
qoyduğu çağırışlardan
bəhs ediblər.
***
Azərbaycan Dövlət
İqtisad Universitetində davam
etdirilən plenar iclas
Təhsil Nazirliyinin aparıcı mütəxəssisi
Billurə Hacızadənin moderatorluğu
ilə keçib. İkinci
plenar iclasda
medianın sosial məsuliyyəti
anlayışının mahiyyətindən bəhs olunub.
B.Hacızadə bildirib ki, mediada sosial
məsuliyyətlilik əsas və vacib məsələlərdəndir.
"Sosial
mediada təhsil" mövzusunda
çıxış edən "APA-Holdinq"
MMC-nin prezidenti
Vüsalə Mahirqızı
medianın peşəkarlığı, sosial
məsuliyyətinin vacibliyini qeyd edib.
"Multimedia" İnformasiya
Sistemləri Texnologiyaları Mərkəzinin direktoru
Osman Gündüz
"Sosial mediada PR
texnologiyaları" və Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov "Mediada
qeyri-peşəkarlıq problemi"
mövzularında məruzələr ediblər.
Çıxışlarda sosial medianın
inkişafı, internet -medianın
strukturlaşmış bir formaya
çevrilməsi, bütün cəmiyyət üzvlərinin, biznes qurumlarının və dövlət təşkilatlarının
sosial şəbəkələrdə
iştirakından danışılıb.
Müzakirələrdə
iştirak edən Respublika
Təhsil Şurasının sədri Əjdər Ağayev, təhsil eksperti
Etibar Əliyev konfransın böyük önəm
daşıdığını, təhsil qurumları ilə media arasında əməkdaşlığın
inkişafına təkan verəcəyinə əmin
olduqlarını
vurğulayıblar.
"Azərbaycan
müəllimi", "Azad Azərbaycan" televiziyası və "APA-Holdinq"in informasiya dəstəyi ilə təşkil olunmuş konfrans "Media və
təhsil dialoqu" mövzusunda
müzakirələrlə başa
çatıb.
Oruc
MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2014.- 13 iyun.- S.2.