Azərbaycan məktəblisi
Beynəlxalq
olimpiadada III yeri tutub
Türkiyənin
Əskişəhər şəhərindəki Osmanqazi Universitetində şagirdlər
arasında keçirilən Türk
Dünyası Bilik Olimpiadası
yekunlaşıb.
Türkiyənin
Milli Təhsil Nazirliyinin
dəstəyi ilə təşkil olunan və
bu formatda ilk dəfə olaraq
keçirilən olimpiadada 17 türk ərazisinin - Azərbaycan, Türkiyə,
Krım, Qazaxıstan, Qırğızıstan, Özbəkistan,
Türkmənistan, Bosniya, Bolqarıstan, Altay, Kosovo, Makedoniya, Moldova, Quzey Kipr Türk
Cümhuriyyəti, Arnavutluq (Albaniya), Şərqi
Türküstan (Çin)
və Başqırdıstanın orta məktəb
şagirdləri iştirak edib.
Bağlanış mərasimində
çıxış edən Beynəlxalq Könüllü
Müəllimlər Dərnəyinin rəhbəri İbrahim Ərdoğan bildirib
ki, bu olimpiadanın
keçirilməsi ilə türk
dünyasında bir ilkə imza atılıb. Onun
sözlərinə görə, belə tədbirlər gələcəyin
alimlərinin, tədqiqatçılarının yetişdirilməsinə,
şagirdlərin elmə marağının artmasına
yardım edir. Bunu nəzərə
alaraq olimpiadanın növbəti illərdə
də keçirilməsi nəzərdə tutulur.
Osmanqazi Universitetinin rektoru,
professor Həsən
Gönen isə vurğulayıb ki, türkdilli xalqlar daha güclü
inkişafa nail olmaq üçün
uşaqlarını gələcəyin peşəkar mütəxəssisi
kimi yetişdirməlidirlər. Şagirdləri
bundan sonra da belə olimpiadada fəal
iştirak etməyə
çağıran professor qeyd edib ki, tədbir
iştirakçıları Türk
Dünyası Bilik Olimpiadasının
növbəti illərdə də Əskişəhərdə
keçirilməsini arzulayırlar.
Olimpiadada iştirak üçün 1000 layihə təqdim olunub. Onlardan yalnız
100-ü iştirak hüququ
qazanıb. Münsiflər heyəti layihələri qiymətləndirərək
qalibləri müəyyənləşdirib.
Mərasimdə olimpiada qalibləri
mükafatlandırılıb. Tədbirdə qaliblər iki - yeni elmi
ideya və insanların istifadə etdiyi bir əşyanı daha mükəmməl formaya
salmaq nominasiyaları üzrə
seçiliblər.
Yeni elmi ideya
nominasiyası üzrə I yerı Türkiyə, II yeri Qazaxıstan, III yeri Azərbaycan
şagirdi tutub. Bununla, Azərbaycanı təmsil edən Elçin Məmmədovun yazı yazan robot modeli
qaliblər sırasına düşüb.
İnsanların
istifadə etdiyi bir əşyanı
daha mükəmməl formaya
salmaq nominasiyaları (tasarım) üzrə
I yeri Makedoniya, II yeri Türkiyə, III yeri
Tatarıstan Respublikasının şagirdi
tutub. Qaliblərə diplom
və pul mükafatları təqdim edilib.
Qeyd edək ki, Azərbaycan bu olimpiadada üç şagirdlə - Bakı şəhərindəki
34 nömrəli Texniki
Yaradıcılıq Mərkəzinin dərnək üzvləri
Elçin Məmmədovla Hüseyn
Əsədov (müəllim Həsən Qaralov)
və Quba şəhərinin 1 nömrəli
orta məktəbinin şagirdi
Atilla Məmmədli
(müəllim Aydın Məmmədli) ilə təmsil olunub.
Azərbaycan müəllimi.- 2014.- 13 iyun.- S.4.