Şagirdimiz Yeniyetmələrin II
Olimpiya Oyunlarına lisenziya
qazanıb
Babayev Nazim Tahir
oğlu 8 oktyabr 1997-ci
ildə Bakı şəhərində anadan
olub.
Bakıdakı 80 nömrəli tam orta məktəbin XI sinif şagirdidir. Dərslərini yaxşı oxuyur. Fizika, riyaziyyat, kimya fənlərini
çox sevir. Amma həyatını idmana
bağlamaqda qərarlıdır. Nazim özü hələ
gənc olsa da,
respubikamızın idman salnaməsində
artıq onun
öz səhifəsi var.
Gəlin, Nazimin özünü
dinləyək:
- Mənim altı
yaşım olana
kimi Moskvada
yaşamışıq. Sonra Bakıya köçmüşük. Birinci sinifdən başlayaraq dərslərimlə bərabər
həvəskar kimi idmanla
da məşğul
olurdum. İdman karyeram
altıncı sinifdə oxuyanda
başladı. Belə ki, məni
uşaqlıqdan məktəbə babam
aparıb gətirirdi. İdmana da məni elə
babam həvəsləndirdi.
Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində
fəaliyyət göstərən
5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Atletika
məktəbinin yetirməsiyəm. İdmanın yüngül atletika
üzrə üç
təkanla tullanma
növü ilə məşğul oluram. İlk müəllimim Olesiya
Xaspoladovadır. 2013-cü ildə Avropa
Gənclər Olimpiya festivalında iştirak
etmişəm. Hollandiyanın Utrext
şəhərində keçirilən bu
festivalda birinci yeri qazandım.
2014-cü ilin 30 may-1 iyun
tarixlərində respublikamızda keçirilən Yeniyetmələrin
II Olimpiya Oyunlarına lisenziya
xarakteri daşıyan yüngül
atletika üzrə Afropa
təsnifat turnirinin qalibi
olaraq həmin olimpiadaya
lisenziya qazanmışam.
Hər dəfə qələbə
qazananda düşünürəm ki, əgər
ölkəmin bayrağı mənim qazandığım
qələbəyə görə qaldırılırsa, bu, çox mühüm hadisədir.
Təsəvvür edirsiniz,
bayrağımız ucalır, himnimiz səslənir, hamı ayağa
qalxır...
Növbəti
yarış - yeniyetmələrin
II Olimpiya Oyunları 2014-cü ilin avqust tarixlərində Çin
Xalq Respublikasının Nanjinq
şəhərində keçiriləcək. Respublikamızdan
üç atletimiz həmin
oyunlarda iştirak etmək
üçün lisenziya
qazanıb.Mən bu oyunlarda qalib gəlməyim
üçün var
qüvvəmlə çalışır, məşqlərimi
davam etdirirəm.
Mənim idman sahəsindəki uğurlarımın təməli
məşqçi Olesiya xanımın zəhməti
sayəsində qoyulub. Odur
ki, hər yeni qələbəyə
imza atanda ilk növbədə
ürəyimdən Olesiya xanıma minnətdarlıq
keçir. Hazırda ən əlçatan
arzum Olimpiya
Oyunlarında qələbə qazanıb çempion
olmaq, Azərbaycan
bayrağını yüksəklərə qaldırmaqdır.
İrəlidə dünya çempionu
olmağa da iddialıyam.
Mənim fikrimcə, həvəskar
səviyyədə idmanla məşğul
olmaq insanın özü
üçün, sağlamlığı
üçün gərəklidir. Elə ki, idmançı peşəkar səviyyədə
məşğul olmağa başlayır,
o artıq özünü
deyil, təmsil etdiyi
respublikanı, ölkəni düşünür,
öz qələbələri ilə
xalqını sevindirməyi
fikirləşir.
İlk vaxtlar idmanla məşğul olanda valideynlərim başqa
sənətin ardınca getməyimi istəyirdilər. Sonra idmandakı nailiyyətlərimi görəndə
artıq onlar da mənim
arzumu qəbul etdilər. Dördüncü
sinfə qədər rəqslə də məşğul olmuşam. Amma bir şeyi özümə
yəqin etmişəm ki, mən
idmansız yaşaya bilmərəm.
Çoxlu dostlarım var.
Ən yaxın dostum isə uşaq vaxtımızdan eyni
məhəllədə böyüdüyümüz,
eyni sinifdə oxuduğumuz
Qüdrət Əlipənahovdur. Əslində məşqlərimin
çoxluğundan dostlarıma ayırmağa bir elə də boş
vaxtım olmur.
Müxtəlif idman yarışları ilə bağlı
Türkiyədə, Hollandiyada, Gürcüstanda, Rusiyada olmuşam. Ən çox
diqqətimi çəkən ölkə həm insanlarına,
həm də mədəni səviyyəsinə görə
Türkiyə olub. Amma
həmişə düşünmüşəm ki, Azərbaycandan başqa
heç bir ölkədə
daimi yaşaya bilmərəm.
Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin nəzdində 5 nömrəli
İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Atletika məktəbinin baş məşqçisi Elmin
Əliyev:
- Bu
ilin avqust ayında
Çində keçiriləcək Yeniyetmələrin II Olimpiya Oyunlarına üç
nəfər atletimiz lisenziya
qazanıb. Onların biri Nazimdir. Üç təkanla
tullanmada Nazim Babayev lisenziya turnirində
Azərbaycanda birinci yer
qazandı. Nazimin qələbəsinə
görə, Azərbaycanın Dövlət himni
səsləndi, bayrağımız qaldırıldı. Nazim Babayevin məşğul
olduğu idman
növündə respublikamızda
33 il idi ki, rekord nəticə
16.03 olaraq
qalırdı. Nazim həmin rekordu qırdı və yarış rekordunu 16.14 göstərici ilə təzələdi.
Biz avqust
ayında keçiriləcək yarışlarda da Nazimin qələbə
qazanacağına böyük ümidlər
bəsləyirik. Çox arzulayıram ki,
2015-ci ildə Bakıda keçiriləcək Avropa
Olimpiya Oyunlarında Nazim Babayev qələbələrlə
xalqımızı sevindirsin.
Ellada UMUDLU
Azərbaycan müəllimi.- 2014.- 13 iyun.- S.4.