Azərbaycanda duet
janrında
əsər yazan ilk bəstəkar
Azərbaycan
Milli Konservatoriyasının professoru,
xalq
artisti, bəstəkar Ramiz Mirişli ilə söhbət
Tanınmış
Azərbaycan bəstəkarı Ramiz Aqil oğlu Mirişli
1974-cü ildə Naxçıvan MR-nın əməkdar incəsənət
xadimi, 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar
incəsənət xadimi, 1990-cı ildə Azərbaycan
Respublikasının xalq artisti adlarına layiq
görülüb. 1993-cü ildən professordur.
2001-ci ildən Prezident təqaüdçüsüdür.
14 aprel 2014-cü ildə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan mədəniyyətinin
inkişafında xidmətlərinə görə "Şərəf" ordeni ilə
təltif edilib.
Kamança
sinfinin şagirdi
Heç vaxt dəbdən düşməyən musiqilərin,
sevilən mahnıların bəstəkarı Ramiz Mirişli ilə
çalışdığı Azərbaycan Milli
Konservatoriyasının səsli-küylü
auditoriyalarından birində görüşdük.
- Ramiz müəllim, bu yaxınlarda həm 80 illiyiniz
qeyd edildi, həm də Respublika Prezidentinin sərəncamı
ilə "Şərəf" ordeninə layiq
görüldünüz. Bu iki əlamətdar hadisə ilə
bağlı "Azərbaycan
müəllimi" qəzetinin kollektivi olaraq biz də təbriklərə
qoşulur, sizə cansağlığı, yeni
yaradıcılıq töhfələri arzulayırıq.
- Sizə də, qəzetinizə də çox təşəkkür
edirəm. Müəllim kəlməsi mənim
üçün ən müqəddəs
anlayışdır. Bizim nəslin
nümayəndələrinin demək olar ki, yarısı həkimdir,
yarısı da müəllim. Mənim
atam, anam, bacım, iki qardaşımdan biri müəllim olub.
Üç oğlumdan ikisi- Nazimlə Yusif də
müəllimdir. Mən özüm də
müəlliməm.
- Uşaqlıq illərindən yaddaşınızda
qalanlar?
- Mən 16 aprel 1934-cü ildə müəllim ailəsində
dünyaya göz açmışam. Orta məktəbi də,
uşaq musiqi məktəbini də Naxçıvanda bitirmişəm.
Evimiz Naxçıvan şəhərinin lap mərkəzində
idi. Mənim nümayəndəsi olduğum Mirişlilər
nəsli Naxçıvanda həm məşhur seyidlər kimi, həm də maarif, səhiyyə, teatr sahəsində
xidmətləri olan mütərəqqi fikirli bir nəsil
kimi tanınıb. Rəhmətlik əmim Mir Cəfər
Ağa Mirişli ulu öndər Heydər Əliyevin orta məktəbdə
müəllimi olub. Ocaq olduğumuza görə vaxtilə
evimizin yerləşdiyi ərazidə rəhmətlik Heydər
Əliyev sonralar məscid tikdirdi.
- Musiqi məktəbində hansı ixtisas üzrə təhsil
almısınız?
- İkinci sinifdə oxuyanda musiqi məktəbində
kamança dərslərinə də getməyə
başladım. Kamança müəllimimin adı indiyə
qədər
yadımdadır: Şulan Ələkbərov. O,
özü əslən naxçıvanlı idi, Bakıda Asəf
Zeynallı adına Musiqi Məktəbini
bitirərək Naxçıvana qayıtmışdı. Ailəmizdə məndən başqa musiqiyə gedən
yox idi. Rəhmətlik anam musiqi məktəbində
oxumağıma heç razı deyildi. Deyirdi ki, dərslərini
yaxşı oxu, get AZİ-yə, ya da Politexnik İnstitutuna qəbul
ol.
- Bəstəkarlığa orta məktəb illərində
başladınız, yoxsa...
- Yox, mən musiqi məktəbində oxuyanda heç xəyalıma
da gəlməzdi ki, nə vaxtsa bəstəkar olacağam.
- Böyük Vətən müharibəsi
başlayanda siz məktəbli olmusunuz. Müharibənin dalğası sizin həyatınızdan
da keçdimi?
- Əlbəttə keçdi. O illərlə
bağlı hər şey yadımdadır. Bizim
uşaqlıq dövrümüz müharibə illərinə
təsadüf etmişdi. Qıtlıq, kasadlıq bir
yandan, təbiətin sınaqları da bir yandan... Elə bir geyimimiz də yox idi. Qışda otuz
dərəcəyə qədər şaxta olardı, bizsə
o şaxtadan bir nimdaş pencəklə çıxardıq
yaza... Bilirsiniz, müharibə
dövrünün uşaqları necə idilər?
Baxmayaraq ki, hər gün qapıları qara xəbərlər döyürdü, arxa cəbhədə
qalan böyüklər həyatın amansız sınaqları ilə üz-üzə
qalırdılar, ancaq yenə də
uşaqları nəzarətsiz
qoymurdular. Müharibə dövründə məktəblərdə
şagirdlərə ikinci dərsdən sonra üstündə
bir balaca povidla olan 50 qramlıq çörək tikəsi
paylanırdı. Ailələr vardı ki, övladları məktəbdə
verilən o bir tikə çörəyin ümidinəydi. Məktəbdə
paylanan
çörək, atası cəbhədən
qayıtmayan, yaxud evində
heç nəyə imkanı çatmayan ailələrin
uşaqlarına yaşamaq üçün böyük stimul
idi. Amma yenə də, yoxlayan olsa idi, məktəbdə dərsdən
yayınan, dərsə gəlməyən bir şagird də tapılmazdı.
Çünki məktəb, dərs bizim üçün çox
müqəddəs idi.
Naxçıvanda ata mülkümüz olan böyük həyət-bacamız,
bağımızda hər cür meyvə
ağaclarımız vardı. Həm anam
müəllim işləyir, evə məvacib gətirirdi, həm də ki, yayda
bağımızın bəhəri olan tut, gilas, alma, ərik
kimi meyvələrdən anamın hazırladığı nemətlər
qışda köməyimizə
yetirdi. Odur ki, başqaları ilə müqayisədə bizim ailəmizdə
vəziyyət bir qədər fərqli idi. O illərdə
çörək də ailəbaşına talonla verilirdi.
Böyüklər üçün norma
dörd yüz, kiçiklər üçün isə iki
yüz qram idi. Baxmayaraq ki, çətin illər idi, bilirsiniz, hamı bir-birinə
necə kömək dururdu?
Hamı kimi mənim atam da 1941-ci ilin
iyununda, yəni, müharibənin ilk günlərində
döyüşə getmişdi. 1944-cü ildə
ağır yaralandığına görə ordudan tərxis
olundu, bir ildən
sonra isə elə o yaraların nəticəsində dünyadan erkən
köçdü. Atamı itirəndə on bir
yaşım vardı. Ailədə dörd
uşaq - bir bacı, üç qardaş anamın ümidinə
qaldıq. Mən evin ikinci uşağı
idim. Məktəbdə riyaziyyatdan dərs deyən
anam Adilə Mirişli Lenin ordeninə layiq
görülmüşdü, həm də əməkdar müəllim
idi. Ailədə hamımızın təhsilli olmağımız
bizi halal qazancla böyüdən
anamın zəhmətinin sayəsindəydi.
Dahi
Üzeyir bəyin Naxçıvan
məktəblilərinə hədiyyəsi
- Adətən, bəstəkarlar əsərlərini
pianino arxasında oturub bəstələyirlər. Amma sizin bəstəkarlığa
gələn yolunuz
kamança çalmaqla başlayıb...
- Mən musiqi məktəbinə gedəndə onda hələ
Naxçıvan məktəblərində pianino yox idi. Yadımdadı ki, on üç yaşım olanda -
1947-ci ildə bəstəkar Üzeyir Hacıbəyov
Naxçıvana gəlmişdi. Müəllimlərdən
eşitdik ki, Naxçıvandan SSRİ Ali Sovetinə deputat
seçilmiş tanınmış bəstəkarın musiqi məktəbimizin
kollektivi ilə də görüşü olacaq. Biz məktəblilər
təmiz geyindik, qırmızı qalstukumuzu da bağlayıb getdik məktəbə- məşhur
bəstəkarla
görüşə.
Üzeyir bəy bizim məktəbin şagirdləri ilə
görüşdü, ayrılanda söz verdi
ki, bizə pianino göndərəcək. Dediyi
kimi də elədi. O, Bakıya qayıdandan düz bir ay sonra
məktəbimizə pianino gətirərək dedilər ki,
Üzeyir bəy bu musiqi alətini siz şagirdlərə hədiyyə
edib. Bu, bizim həyatımızda böyük
bir hadisə oldu. Biz növbəyə
dayanıb saatlarla o pianinoda məşq edirdik. Bir il sonra- 1948-ci ildə eşidəndə ki, o
böyük şəxsiyyət dünyadan köçüb,
biz- məktəb uşaqları çox kədərləndik.
"Gördüm
musiqi
çağırır məni"
- Orta məktəbi bitirəndə
seçiminiz hansı ali məktəbə
oldu?
- 1952-ci ildə orta məktəbi bitirib Bakıya gəldim.
İmtahan verib Xarici Dillər İnstitutunun alman
dili fakültəsinə qəbul oldum. Təxminən iki
ay orada oxudum, gördüm dərslərə alışa
bilmirəm, musiqi çağırır məni...gəldim Asəf
Zeynallı adına Musiqi Texnikumunun direktoru rəhmətlik Süleyman Ələsgərovun
qəbuluna. Gəlişimin məqsədini hörmətli bəstəkarımıza
dedim. O, mənim ifama diqqətlə qulaq asdı və "sən
ikinci kursun proqramını ifa edirsən ki"-dedi...Elə həmin
gün məni birbaşa ikinci kursa götürdü.
Beləcə, bir daha Xarici Dillər
İnstitutuna qayıtmadım. İki il
Musiqi Texnikumunda oxudum. Burada həm kamança alətinin sirlərini
öyrənirdim, həm də bəstəkarlığa maraq göstərirdim. Mən
Bakıda texnikumda oxuyanda, bizə dərs deyən bir çox
tanınmış musiqiçilər, o cümlədən rəhmətlik Səid Rüstəmov
mənim kamançada ifa etməyimi görmüşdü. O zaman vaxtilə
Üzeyir bəyin yaratdığı xalq çalğı alətləri
orkestrinin dirijoru Səid müəllim özü idi. O, məni
və başqa bir neçə tələbə
yoldaşımı həmin orkestrdə işə
götürmüşdü ki, maddi çətinliyimiz
azalsın. Yəni bəstəkar kimi tanınmağıma qədər qolumdan
tutan məhz kamançada ifa edə bilməyim oldu. Həm
orkestrdə işləyib maaş aldım,
həm də təhsilimi davam etdirdim. O vaxtın təqaüdü
normal dolana bilməyim üçün mənə
bəs edirdi. Mən özümü çətinlik
qarşısında sındıran adam
deyiləm. Bakıya gəlişimin birinci ilində
anam mənə pul göndərərdi, ancaq elə ki, təhsil
ala-ala işləməyə başladım,
özüm-özümü saxlaya bildim, daha evdən pul
almadım.
- Tələbəlik illərində ev
problemini necə həll etdiniz?
- Xalam, bibim uşaqları Bakıda yaşayırdı.
Oxuduğum ilk illərdə xalamgil məni başqa yerdə
qalmağa qoymadılar, öz evlərində yerləşdirdilər.
Əvvəlcə bacım gəlmişdi
Bakıya oxumağa, ardınca mən, məndən sonra da
kiçik qardaşlarım. Hamımız burada təhsil aldıq.
"Məqsədim professional
musiqiçi olmaq idi"
İlk mahnılarımı da, o cümlədən,
skripka üçün, fortepiano üçün ilk
kiçik pyeslərimi də texnikumda oxuyanda yazmışam. 1954-cü ildə Musiqi Texnikumunu bitirdim. Ata
yurduma qayıdıb Naxçıvan şəhər Uşaq
Musiqi Məktəbində iki il həm
kamança ixtisasından, həm də musiqi nəzəriyyəsi
fənnindən dərs dedim. Məqsədim
professional musiqiçi olmaq idi. O vaxt belə bir qayda var
idi - gərək texnikumu bitirdikdən sonra iki il
işləyib əmək stajı yığasan ki, ali məktəbə
sənəd verə biləsən. Naxçıvanda işləyəndə
dünyanı dolaşan "Şərur"
yallı kollektivi ilə birlikdə
Polşada səfərdə oldum.
1956-cı ildə yenidən Bakıya qayıdıb ali məktəbə hazırlaşdım.
1957-ci ildə
Üzeyir Hacıbəyov adına Azərbaycan
Dövlət Konservatoriyasının bəstəkarlıq
sinfinə qəbul olunan cəmi iki nəfər tələbənin
biri mən oldum. Respublikamızın xalq artisti, professor
Cövdət Hacıyevin bəstəkarlıq sinfində təhsil
almağa başladım. Konservatoriyada
oxuduğum illərdə xalamgili daha narahat etmək istəmədim.
Kirayə ev tutdum.
Cəmi 22-23 yaşım olsa da artıq
öz ayaqlarımın üstündə dayanmağa qadir idim.
Anam bizi elə tərbiyə etmişdi ki,
özümüzü tox tutmağı bacarırdıq. Ümumiyyətlə, həyatım boyu
çalışmışam ki, kimsədən asılı
olmayım.
- İlk bəstənizi kim oxuyub?
- İlk bəstəmi Naxçıvanda
özfəaliyyət dərnəklərinin üzvləri ifa
etmişdi. Amma professional səhnədə rəhmətlik
Şövkət
xanım Ələkbərova 1962-ci ildə
"Dalğalar" mahnımı oxudu. Sonradan
"Dalğalar" çox müğənnilər tərəfindən,
hətta Tehranda, Türkiyədə də ifa edildi. Türkiyədə "Mesan" ("Türkiyə
musiqi əsəri sahibləri məslək birliyi") adlı
bir qurum var. Müəllif Hüquqları Agentliyi kimi bir idarədir.
Mən də oranın üzvüyəm. O
qurum mənim bəstələrim ifa olunanda müəllif
hüquqlarımı qoruyur. Türkiyənin ən
ünlü sənətçiləri mənim
mahnılarımı zaman-zaman oxuyublar. Sibel Can, Ajda
Pekkan, Nəşə Qaraböcək, Gülay, Fateh
Kısaparmaq, Mustafa Kaya, Oğuz Aksaç, Nurəddin Ercebir...
Mənim bəstələrimi respublikamızda da çox məşhur
sənətkarlar-Elmira Rəhimova, Flora Kərimova, İlhamə
Quliyeva, indi haqq dünyasında olanlardan Rəşid Behbudov,
Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə
Muradova, Nəzakət Məmmədova, Yaşar Səfərov,
Lütfiyar İmanov oxuyublar. Çox təəssüf
edirəm ki, Elmira Rəhimova səhnədən çəkildi.
Onun səsinə bu gün də səhnədə yer var...
Rəhmətlik Rübabə xanım mənim
mahnılarımı oxuyanda ağlayardı. Arazın o tayından idi axı...Araz adı gələn
kimi Rübabə xanım kövrəlirdi. Deyirdi,
yadıma saldın yenə Ərdəbili...
"Operadan
başqa bütün
janrlarda
əsərlərim var"
- Eşitmişəm ki, Azərbaycanda duet janrında əsər
yazan ilk bəstəçi sizsiniz.
- Azərbaycan Dövlət Televiziyası
müsabiqə elan etmişdi. Mən
də Azərbaycanda ilk dəfə duet janrına müraciət
etdim. Orta məktəbi bitirən
uşaqlar adətən buraxılış gecəsində
gedirdilər gəzməyə, səhəri oyaq
qarşılayırdılar. Mənim orta məktəb
məzunlarına həsr etdiyim "Günəşi gözləyirik"
duetim müsabiqədə birinci yerə layiq
görüldü. Dueti Elmira Rəhimova ilə
Yaşar Səfərov oxumuşdular. Sonralar "Səadət",
"Ulduzlar", Cəfər Cabbarlının sözlərinə bəstələdiyim "Həyat, söylə, sən
kiminsən?" duetlərini
yazdım. İndi beş operettam, simfoniyam, simfonik poemalarım
və bir çox mahnılarım var. Tar ilə simfonik orkestr üçün
"Konsert"im İranda, Moskvada, Türkiyədə,
Daşkənddə, Səmərqənddə, ümumdünya
festivallarında ifa edilib. Xalq çalğı
alətləri orkestri üçün musiqilər
yazmışam. Cizgi filmlərindən "Tıq-tıq
xanım", "Dost axtarıram", "Kirpi və alma"nın musiqiləri də mənim bəstələrimdir.
- Heç sifarişlə musiqi bəstələmisiniz?
- Əlbəttə. "Qaçırılmış qız",
"Gəl qohum olaq", "Amerikalı kürəkən",
"Qısqanc ürəklər", "Bəylik dərsi"-bu
operettalarımın beşini də sifarişlə
yazmışam.
- Filmlərə də musiqi yazmısınız?
- On beş adda filmin musiqi müəllifiyəm.
Operadan başqa bütün janrlarda əsərlərim
var.
"Mən
öz vətənimdə daha zənginəm"
Bir dəfə üç dost-Fikrət
Qoca, Flora xanım, bir də mən oturmuşduq. Birdən
Flora xanım dedi ki, elə bir mahnı yazın, şıltaq
mahnı olsun. "Günay" mahnısı (sözləri Fikrət
Qocanındır) belə yarandı. Bu
mahnıdan sonra Günay adı dəbə düşdü.
Rəfiq Zəkanın sözlərinə
yazdığım "Səadət" mahnısı
oxunduqdan sonra isə nə qədər valideyn
övladlarının adını Səadət qoydu.
- Yeri gəlmişkən, mahnılarınız zəif
oxunanda və ya improvizə adı altında sözləri dəyişdirilib
səhv oxunanda Sizə toxunmur ki?
- Əvvəlcə onu deyim ki,
yaxşı mənada örnəklər daha çoxdur. Baxın,
Elmira Rəhimova
oxuduğu mahnılara həmişə çox
ciddi yanaşıb. Flora Kərimova da o cümlədən,
çox diqqətlidir. İlhamə
xanımın da mahnıya öz yanaşma üslubu var. Rəhmətlik
Nəzakət Məmmədovanın ifası bir başqa aləm
idi. Nəzakət xanım bir gün gəldi mənim
yanıma ki, Ramiz müəllim, icazə versəniz, sizin
mahnılarınızdan oxuyaram. Dedim, nəyi
istəyirsən oxu. Mən onda həm Konservatoriyada işləyirdim,
həm də radioda musiqi redaktoru idim. Nəzakət
xanım çox tez bir zamanda şöhrət qazandı.
Onun səsi gözəl idi, özü də
çalışqan, mehriban, məsuliyyətli bir xanım idi.
Xarici ölkələrə qastrola gedəndə,
kiçik də olsa mənə bir hədiyyə gətirərdi.
Bizdə "Dalğalar"ı kimlər
oxumayıb? Rəhmətlik Şövkət xanımdan sonra Azər
Zeynallının ifasını çox bəyənirəm. On beşə yaxın mahnımın
ifaçısıdır Azər. Səsi
gözəldir, sözləri də düzgün tələffüz
edir. Azəri dinləyəndə, mən
sanki istirahət edirəm. Nazpəri
xanımın oxuduğu "Əlvida" əsərim də
gözəl ifalara nümunədir.
Müğənni gərək mahnının şeir mətnini dəfələrlə oxusun,
başa düşsün, əzbərləsin, yəni
mahnının sözlərini hopdursun canına, sonra ifa etsin.
Mən mahnılarımı müğənnilərə
bağışlamışam.
- Müğənni oxuyanda mütləq bəstəkardan
icazə almalıdır?
- Mənim mahnılarımı kim
istəyirsə oxusun, ancaq yaxşı oxusun.Türkiyədə
isə bu, bir biznes növüdür. Oradan mənə də hərdən
təkliflər gəlir. Deyirlər ki, abi, sən
buraya gəlsən, zəngin olarsan. Deyirəm,
mən elə öz vətənimdə daha zənginəm.
- Hansı musiqi aləti Sizə daha doğmadır?
- Əsərlərimi, bir qayda olaraq,
fortepiano arxasında bəstələmişəm. Amma
kamança üzrə də neçə il
pedaqoq kimi fəaliyyət göstərmişəm. Bu sahədə "Kamança məktəbi"
adlı tədris vəsaiti də yazmışam.
- Öz mahnılarınızdan oxumusunuz?
- Bir dəfə olub. Haqqımda bir telefilm
çəkirdilər. Sözləri Fikrət
Qocaya məxsus olan "Əlvida" və "Mənim
ömrüm" mahnılarını Aygün Bayramova oxuyurdu.
Birdən mən mahnını zümzümə
etməyə başladım. Sonra rejissor həmin
səhnəni filmdən çıxarmadı. Dedi, Ramiz
müəllim, qoy pozmayaq, bu da bir tarixdir.
- Kamança ilə efirə
çıxmısınız?
- Musiqi Texnikumunda oxuyanda, yəni
1956-cı ildən əvvəl, hələ televiziya
açılmamışdan orkestrin tərkibində radioda
çıxışlarım olub, konsertlərdə ifa
etmişəm.
- İndi heç kamança üçün qəribsəmirsiniz
ki?
- Demək olar ki, yox. Çünki biz bəstəkarlar
əsərlərimizi fortepianoda yazırıq. Əvvəl klavir yazırıq, sonra onu orkestr
üçün işləyirik. Mən
filmlərə musiqi yazanda onu simfonik orkestrin ifasında Moskvada
lentə alırdıq. Bəs yazdıqlarımı kim orkestrləşdirəcək? Özüm eləməliyəm də.
- Ramiz müəllim, çətin ayaqda olan kimlərəsə
köməyiniz dəyib?
- Həmişə. İndi də əsirgəmirəm.
Məsələn, elə qohumlarım var ki,
imkansızdırlar. Mən həm Prezident
təqaüdü alıram, həm də professoram,
maaşım yüksəkdir. Vaxtaşırı
ehtiyacı olan qohumlarıma əl tuturam.
"Sənət
yolumu oğullarım davam etdirir"
- Övladlarınızdan Sizin
davamçılarınız varmı?
- İki oğlum- Nazimlə Yusif hər ikisi professional bəstəkardırlar.
Üçüncü oğlum Aqil isə həm
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin rejissorluq fakültəsini, həm də Odlar Yurdu
Universitetinin hüquq fakültəsini bitirib. Atamın adı Mir Aqil olub. Üçüncü
övladıma atamın adını vermişəm. Aqil ilə Yusif əkizdirlər. Hər
ikisi məktəbə də, musiqiyə də birlikdə
gedirdilər. Hətta ikisi səhnədə
duet də çalmışdılar. Sonra
gördüm ki, məşq edəndə Aqil kədərli
olur. Səbəbini soruşanda bu sahəni istəmədiyini
dedi. Mən ona istəmirsənsə, ifa etmə dedim.
Böyük oğlum Nazimlə bir
neçə filmə müştərək musiqi
yazmışıq. Nazim də, Yusif də
Türkiyədə çalışıb. Nazim özü altı ildən artıq Türkiyədə
çalışdı, indi vətəndədir, Bakı Musiqi
Akademiyasında bəstəkarlıq kafedrasının
dosentidir. Yusif
isə on üç ildir ki, Türkiyədədi,
oradan xarici ölkələrə gedib konsertlər də verir.
Hər iki oğlum burada da, Türkiyədə də
Musiqi Konservatoriyasında dərs deyiblər.
"Ailəmizdə
məndən başqa da Ramiz Mirişli var"
- Neçə nəvəniz var?
- Üç nəvəm var. Yusifdən 12
yaşında bir qız nəvəm var, onlar Türkiyədə
yaşayırlar. Aqilin böyük oğlu
universitet tələbəsidir.
Ailədə məndən başqa da Ramiz
Aqil oğlu Mirişli var. Mən adaşımdan 66 yaş
böyüyəm. Onun on dörd
yaşı olsa da musiqi ilə çox ciddi məşğul
olur.
- Həyat yoldaşınız da musiqiçi idi?
- Yox, rəhmətlik Zərifə xanım müəllim idi, o vaxtkı
APİ-nin məktəbəqədər hazırlıq
ixtisasını bitirmişdi. Çox qısa
müddət işlədi, ikinci
uşaqlarımız əkiz doğuldu deyə, işləməyə
daha vaxtı qalmadı. Dörd il əvvəl dünyasını dəyişib.
"Tələbələrim
mənimlə
çiyin-çiyinə çalışırlar"
- Tanınan, üzdə olan tələbələrinizdən
kimlərin adını çəkərdiniz?
- Tələbələrim çoxdur. Onların
sırasında bu gün professorlar, elmlər doktorları
var. Musiqi sahəsində dekan,
prorektor işləyən yetirmələrim var. Vaxtilə
kamançadan dərs dediyim tələbələrim- Şəfiqə
Eyvazova, Fəxrəddin Dadaşov, Ədalət Vəzirov,
Ağacəbrayıl Abbasəliyev, Arif Quliyev illərlə eyni kafedrada mənimlə
çiyin-çiyinə çalışıblar. Onların
arasında yüksək adlara, titullara layiq görülənləri
də az deyil.
- Neçə ildir müəllim işləyirsiniz?
- Konservatoriyanı 1962-ci ildə bitirəndə,
rektorumuz Cövdət Hacıyev məni burada müəllim
saxladı. O vaxtdan 2006-cı ilə qədər konservatoriyada
dərs dedim. Sonra vaxtilə tələbəmiz
olmuş Səyavuş Kəriminin dəvəti ilə Azərbaycan
Milli Konservatoriyasına gəldim. Hazırda Milli
Konservatoriyanın professoruyam.
- Tələbələrinizə ən çox nəyi
tövsiyə edirsiniz?
- Hansı sahədə olursansa ol, peşəkar,
savadlı olmaq üçün çoxlu mütaliə etmək
lazımdır. Bir də müğənni və
ya xanəndə olmaq istəyənlərə məsləhətim
budur ki, özlərindən əvvəlki nəsillərin
ifasını çox dinləsinlər. Bu
baxımdan, ən yaxşı örnək Alim Qasımovdur.
- Bəstəkarlıqda özünüzü kimin tələbəsi
hesab edirsiniz?
- Bu sahədə mənim yeganə bir müəllimim
olub: Cövdət Hacıyev.
- Bugünkü tələbələr haqqında qənaətiniz?
- İstedadlı uşaqlar çoxdur. Bəziləri
də var ki, sənətdə hələ
addımlarını bərkitməmiş özləri haqqında "məşhur",
"ustad", "sənətkar"
kimi ifadələri işlətməkdən çəkinmirlər.
- Televiziyada eyni dönəmdə işlədiyimiz illərdə
hansısa bir iclasda və ya tədbirdə sizdən
özünüz barədə bir kəlmə tərif eşitmədim. Hamı sizi həmişə
təmkinli, sadə, təvazökar gördü...
- İnsanın
özü-özünü tərifləməsi heç də
təqdir olunası keyfiyyət deyil axı.
- Mahnılarınızın sayını bilirsiniz?
- Oğlum Nazimin dediyinə görə
800-dən çoxdur. Mahnılarım, oxunursa,
sevilirsə, özümü rahat hiss edirəm. Sənətkar üçün xalqın sevgisindən
dəyərli nə var ki? Mahnılarım
mənə övlad qədər əzizdir. Yazdıqlarımdan xoşuma gəlməyəni
olanda təbii ki, özüm bəyənmədiyimi özgəyə
bəyəndirməyə çalışmamışam.
- 80 yaşın sevinci çoxdur, acısı?
- Əsas odur ki, insan ömrünü hədər
yerə sərf etməsin. Mən
düz yeddi dəfə cərrahiyyə əməliyyatı
keçirmişəm. Böyrəyimin
birini, öd kisəmi əməliyyatla götürüblər.
Həkimlər ürəyimə dörd dənə
stend qoyublar. Axırıncı dəfə
ürəyimə stend qoyanda internetdən mənim
mahnılarımı tapıb onun sədaları altında
işlədilər. Heç vaxt xəstəlik
qarşısında özümü əymirəm.
Ulu
öndərlə bağlı xatirələrim
- Mənim ata ocağım
Naxçıvanın lap mərkəzində yerləşir.
Bir vaxt bizim həyətimizdə kimlərsə şadlıq
evi və ya nəsə
başqa obyekt tikmək istədilər,
ancaq həmin o bağımız
çox sınanmış, müqəddəs bir ocaq
olduğundan orada heç nə
alınmadı... gah tikili uçdu, gah kiminsə
qılçası sındı, gah kiminsə
maşını qəzaya uğradı.
Ulu öndərimiz bir dəfə oradan
keçəndə deyib ki, mənim müəllimim Mir Cəfər
Ağa vaxtilə burada yaşayıb. Onun evi
niyə bu gündədir? Deyiblər ki,
burada heç nə tikmək mümkün olmur. Ulu
öndər deyib ki, çünki bura müqəddəs yerdir. Sonra özü həmin yerdə məscid tikdirdi.
İndi ora ziyarətgahdır, bütün camaat
gedir. Məscidin
açılışında dəvət etmişdilər, mən
də getmişdim. Orada ulu öndərimiz atamın, əmilərimin
adını çəkdi, sonra dedi ki, Azərbaycanın bir
böyük bəstəkarı da əvvəllər burada
yaşayıb, indi Bakıda yaşayır.
Heydər Əliyev böyük şəxsiyyətdir. "Məşəl
kimi yanan ürək", "Xalqımızın ömrü
qədər olacaqdır ömrün sənin"
mahnılarımı o böyük dühaya həsr etmişəm.
Sovet dövründə məhsul
bayramları olardı. O bayramlarda Mərkəzi Komitənin
birinci katibinin
komandasında bir neçə dəfə mən də
rayonlara getmişəm. İlk dəfə Qazaxda olmuşam. Dəstəmizdə İsmayıl Şıxlı,
Əli Vəliyev, Hüseyn Arif, Məstan Əliyev, rəssam
Arif də var idi. Axşam saat 10-da bir yerə
toplaşırdıq, Heydər Əliyev hamımızla bir-bir
hal-əhval tuturdu. Naxçıvana daha
çox getmişik.
Bir dəfə Mərkəzi Komitədə
bəstəkarların qurultayı keçirilirdi. 40 nəfərdən
ibarət idarə
heyətinin tərkibində mən də var idim. Onda hələ Qara Qarayev, Fikrət Əmirov,
Cövdət Hacıyev, maestro Niyazi həyatda idilər. Onlar da qurultayda iştirak edirdilər. Dahi şəxsiyyət Heydər Əliyev həmin bəstəkarların
hamısının əsərləri barədə ayrıca
danışdı. Biz o böyük
insanın fitri zəkasına, fenomen yaddaşına, sanki bir
peşəkar bəstəkar kimi necə də professional təhlillər
aparmasına təəccüb qalmışdıq. Ulu öndər dram teatrına gedəndə dəfələrlə
mən də getmişəm. İnanmıram
ki, bizim nəzəriyyəçilər və ya jurnalistlər
aktyorların oyunu, tamaşaya qoyulan əsərlərin mahiyyəti
barədə Heydər Əliyev qədər peşəkarcasına
söz deyə bilsinlər. Düşünürəm
ki, ulu öndər, elmin, incəsənətin bütün sahələrinə
vaqif idi. Bu gün o ənənəni möhtərəm Prezidentimiz
cənab İlham Əliyev və onun ailəsi layiqincə davam
etdirirlər. Mədəniyyətimizin, incəsənətimizin
inkişafına çox böyük qayğı göstərən
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva
muğamlarımıza o boyda abidə qoydu. Bu gün xanəndələrimiz
gedib
dünyanın hər yerində
muğamlarımızı ifa edirlər. Bizim
professional musiqimiz Fransa, İtaliya səhnələrində səslənir.
Həmçinin dünyanın bir çox məşhur
orkestrləri respublikamıza dəvət olunur. Məsələn, bu yaxınlarda Rostropoviçə
həsr olunmuş festival keçirildi. Xaricdən ölkəmizə
nə qədər simfonik orkestrlər, pianoçular,
skripkaçılar gəlmişdi... Bu göz
qabağındadır ki, son illərdə musiqimiz daha çox
inkişaf edir.
- Ramiz müəllim, maraqlı söhbətinizə
görə təşəkkür edirik.
- Bayaq söhbətimizin əvvəlində demişdim
ki, müəllim ailəsinin nümayəndəsiyəm. Mən həmişə müəllimlərə
ehtiramla yanaşmışam. Onlar bizi,
övladlarımızı, nəvələrimizi tərbiyələndirirlər,
savadlandırırlar. Mən müəllimləri çox
böyük, çox müqəddəs qüvvə
sayıram. Baxmayaraq ki, onların mənəvi əziyyəti
çoxdur, ancaq əsl müəllimlər öz sənətlərini
sevirlər, xalqımızın maariflənməsində
onların çox böyük rolu, xidmətləri var.
"Azərbaycan müəllimi" qəzetinə də təşəkkür edirəm. Kollektivinizə də, oxucularınıza da günəş dolu, səadət dolu xoşbəxt günlər arzulayıram.
Müsahibəni yazdı:
Ellada
UMUDLU
Azərbaycan
müəllimi.- 2014.- 13 iyun.- S.8.