Şuşa
İşğal altında olan rayonlarımızı tanıyaq
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi yenidən bərpa edildi. Müstəqilliyimizi gözü götürməyən mürtəce qüvvələrin dəstəyi ilə ötən əsrin sonlarında Ermənistan dövləti Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisini və onun ətrafındakı 7 inzibati rayonunu işğal etdi. Ermənistanın hərbi təcavüzü nəticəsində respublikamızın ərazisinin 20 faizi işğal edildi, 20 mindən çox insan qətlə yetirildi, 50 mindən artıq dinc sakin yaralandı. Bundan başqa, bir milyondan artıq soydaşımız Ermənistanın azərbaycanlılara qarşı soyqırımı və etnik təmizləmə siyasətinin nəticəsində öz ata-baba torpaqlarından məcburi köçürüldü. İşğal nəticəsində 900-dən artıq yaşayış məntəqəmiz dağıdıldı. Nəticədə iqtisadiyyatımıza külli miqdarda ziyan dəydi. İşğala məruz qalan rayonlarımızdan biri də Qarabağın mərkəzi sayılan Şuşa şəhəridir. Bu nömrəmizdən başlayaraq Ermənistan tərəfindən işğal altında qalan rayonlarımız haqqında silsilə yazıları oxucularımıza təqdim edirik.
1930-cu il avqustun 8-də inzibati rayon
statusu alıb. Mərkəzi Şuşa
şəhəridir. Ərazisi
0.29 min km2, əhalisinin sayı
31,0 min (01.04.2013) nəfərdir.
1992-ci il may ayının 8-də erməni
hərbi birləşmələri
tərəfindən işğal
edilib.
İşğaldan
qabaq ərazidə 1 şəhər, 1 qəsəbə
(Turşsu), 37 kənd
olub. Kəndləri bunlardır - Daşaltı,
Göytala, Xanalı, Həsənabad, İmamqullar,
Xəlfəli, Armudlu,
Dükanlar, Qarabulaq, Laçınlar, Mirzələr,
Şuşulu, Zamanpəyəsi,
Böyük Qaladərəsi,
Kiçik Qaladərəsi,
Qaybalı, Xudaverdilər,
Nağılar,
Yuxarı Quşçular,
Aşağı Quşçular, Malıbəyli,
Sarıbaba, Onverst, Səfixanlar, Allahqullar, Həsənqullar,
Xanlıqpəyə, Şırlan,
Ağbulaq, Cəmillər,
Çaykənd, İmanlar,
Məmişlər, Paşalar,
Turabxan, Zarıslı,
Nəbilər.
Şuşada Dövlət
Dram Teatrı, Şuşa
televiziyası, Dövlət
Qarabağ tarixi və Şuşa şəhərinin tarixi muzeyləri, Üzeyir Hacıbəyovun, Bülbülün,
Mir Möhsün Nəvvabın
xatirə muzeyləri,
Azərbaycan Xalçası
Dövlət Muzeyinin filialı, Dövlət Rəsm Qalereyası, dörd texnikum, iki institut filialı,
texniki peşə məktəbi, 25 orta məktəb, orta və orta ixtisas
musiqi məktəbləri,
7 uşaq bağçası,
8 mədəniyyət evi,
17 klub, 31 kitabxana, 40 tibb müəssisəsi, 2
sanatoriya, Uşaq sanatoriyası, Uşaq sağlamlıq məktəbi,
70 yerlik turist bazası, mehmanxana, 5 mədəniyyət və
istirahət parkı,
4 kinoteatr, ictimai iaşə obyektləri fəaliyyət göstərirdi.
Rayonun
iqtisadiyyatında heyvandarlıq
əsas yer tuturdu. Kənd təsərrüfatına yararlı
torpaqlar 20,9 min hektardı (1986). Bunun 3,8 min hektarı şum yeri, 0,1 min hektarı çoxillik bitkilər, 0,3 min hektarı
biçənəklər, 16,7 min hektarı otlaqlardır. Suvarılan torpaqlar 0,1 min hektar idi.
3,4 min ha əkin sahəsinin 41% -ində dənli və dənli - paxlalı bitkilər (buğda, arpa, qarğıdalı),
6 % -ində tərəvəz-bostan
bitkiləri və kartof, 53%-ində yem bitkiləri əkilirdi. Meyvəçiliklə də məşğul
olunurdu. 5,2 min qaramal, 15,2 min davar vardı (1986). Quşçuluqla da məşğul
olunurdu.
Şərq musiqi
alətləri fabriki,
istehsalat kombinatı, çörəkbişirmə müəssisəsi,
məişət xidməti
kombinatı, rayon istehlak
cəmiyyəti, Kurort
ticarəti idarəsi,
Bakı "Radioqurma"
istehsalat birliyinin 1 nömrəli istehsalatı,
Qarabağ ipək kombinatının 3 nömrəli
toxuculuq sexi, elektrik şəbəkəsi,
rayon Maddi-texniki
təchizat bazası,
Abidələri bərpa
idarəsi, Şuşa
Tikinti birliyi, Təsərrüfatlararası tikinti
idarəsi, Təmir-tikinti
idarəsi, Təsərrüfatlararası
təmir-tikinti müəssisəsi,
Yol istismar idarəsi və s. var idi. Kurort təsərrüfatı
inkişaf etmişdi.
Yevlax-Naxçıvan avtomobil yolu və qaz kəməri
Şuşa rayonundan keçirdi. Şuşa rayonu ilə Bakı arasında olan məsafə 373 kilometrdir.
Şuşada 17 məhəllə
vardı: Qurdlar, Seyidli, Culfalar, Quyuluq, Çuxur, Dördlər Qurdu, Hacı Yusifli, Dörd Çinar, Çöl Qala, Mərdinli, Saatlı, Köçərli, Mamayı,
Xoca Mərcanlı, Dəmirçi, Hamam Qabağı və Təzə məhəllə.
Hər məhəllədə hamam,
məscid, bulaq vardı. Müstəqil
Azərbaycanın memarı
olan Heydər Əliyevin vaxtilə abidələr şəhəri
adlandırdığı Şuşada
350 hektarlıq qoruq zonasında 300 tarixi abidə, 550 qədim yaşayış binası,
870 m uzunluğunda bərpa
olunmuş qala divarları vardı. Tarixi abidələrdən 23-ü respublika
və dünya miqyaslı abidələrə
aid idi. Milli abidələrin çoxluğu,
onların rəngarənglik
baxımından fərqlənməsi,
haqlı olaraq, Şuşanın mədəniyyətimizin
ən zəngin beşiyi adlandırılmasına
səbəb olmuşdur.
Bu abidələrin çoxu XVIII-XIX əsrlərə
aiddir. Şuşada
hər bir ev, küçə,
möhtəşəm qala
divarları, məscidlər,
hündür minarələr,
əzəmətli qəsrlərin
qalıqları keçmişimizdən
xəbər verir.
Ərazisi
dağlıqdır (Qarabağ
dağ silsiləsi). Ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 m.). Keçəldağ aşırımı
Şuşa rayonundadır. Əsasən, Yura və Tabaşir çöküntüləri
yayılmışdır. Müxtəlif növ tikinti
materialı yataqları
və mineral su bulaqları (Turşsu, Şırlan) var. Rayon ərazisindən
Qarqar çayı axır. Torpaqları əsasən, qəhvəyi
dağ-meşə, çimli
dağ-çəməndir. Yüksək
dağlıq sahələri
subalp və alp çəmənlikləri ilə
örtülüdür.
Şuşa üzlük
daşı yatağı;
ehtiyatları 397 min m3 olan
kərpic-kirəmit istehsalına
yararlı Keçəldağ
(Lesoqor) gil yatağı; istismar ehtiyatları 389 min m3/gün
olan Şuşa yeraltı şirin su yatağı; 342 min m3/gün və 70 min m3/gün olan Şırlan
və Turşsu mineral
su yataqları var.
Daşaltı
Dövlət Təbiət
yasaqlığı. Şuşa və Əsgəran ərazisində nadir təbiət
komplekslərini qorumaq
üçün 1988-ci ildə
təşkil edilən
bu yasaqlıq 450 hektar ərazini əhatə edirdi.
Şuşa
havasının tərkibi,
təmizliyi, saflığı
və müalicə əhəmiyyəti baxımından
kurort şəhəridir. Bu baxımdan, nəinki Azərbaycanda, onun hüdudlarından kənarda
da Şuşa öz
səfalı yerləri,
istirahət guşələrinə
görə məşhur
idi.
Şuşa
dağlarında xüsusi
gözəlliyi olan bir gül var. Bu gül dünyanın heç bir yerində bitmir. Təbiətin Şuşa
dağlarında yaratdığı
bu möcüzə xarı bülbül adlanır. Gülün üst tərəfi
elə formadadır ki, sanki gülün
üstünə bülbül
qonub və oradaca donub qalıb.
Turşsu
yaylaqları, Səkili
bulağı, İsa bulağı. Şəmilin bulağı, əfsanəvi
"Cıdır düzü"
yerli camaatın və oraya təşrif
buyuran qonaqların ən sevimli yeri idi.
Turşsu
istirahət və müalicə zonası kimi tanınırdı. Şuşadan 40 km. aralıda - Laçın yolunun üstündə yerləşir.
Sol tərəfdən isə Daşaltı çayı axır.
Turşsu şəfalı və müalicəvi vannaları ilə məşhur idi.
Şuşanın
gəzməli, görməli
yerlərindən biri də Yuxarı Daşaltı idi. Xalq arasında bu istirahət yerinə Şəmilin bağı da deyirdilər. Bu yerin özünəməxsus
xüsusiyyəti ondan
ibarətdir ki, istirahət guşəsi Daşaltı çayının
üstündə, "Ağzıyastı
kaha" yerləşən
Üçmıx dağının
düz altında, çeşmə ətrafında
yerləşir.
Şuşaya
təşrif buyuran turistlərin ən sevimli yerlərindən biri də əvəzsiz
və əsrarəngiz
təbiətə malik
əfsanəvi "Cıdır
düzü" idi. "Cıdır düzü"nün
qərb tərəfi bir-birinin arxasında yerləşən üç
hündürlükdən ibarətdir.
Bu təpələrə
"Üçmıx" adı verilib. Sanatoriya və istirahət evlərində dincələn
turistlər daim həmin yerlərə gəzintilərə çıxır,
təbiətin Şuşaya
bəxş etdiyi gözəllik qarşısında
öz təəccüblərini
gizlədə bilmirdilər.
Əhalinin və turistlərin əsas istirahət yerlərindən
biri olan "Cıdır düzü"ndə
hər il may ayında "Xarı bülbül" mahnı
festivalları keçirilirdi.
Şuşa
1992-il mayın 8-də erməni
və rus işğalçıları tərəfindən
zəbt edildi. Şuşanın işğal günü
bütün Azərbaycan
xalqının mənəviyyatına
vurulmuş ağır
bir zərbə, bizim hamımız üçün ağır
bir dərddir. Şuşanın işğalı
zamanı 200 nəfər
şəhid olmuş,
150 nəfər əlil
olmuş, 552 körpə
yetim qalmış, 22 minə yaxın insan qaçqın düşmüşdür, Şuşa
işğal edilərkən,
əldə olunan məlumatlara görə, quldurlar tarixi abidələrimizi vəhşicəsinə
dağıtmış və
yerlə-yeksan etmişdir.
Erməni silahlı qüvvələri Şuşanı
işğal edərkən
15 ədəd etnoqrafik
nümunə, 5 ədəd
mis məmulatı, 2 ədəd gümüş
xəncər, 1 ədəd
daş qazan, 20 ədəd daş-qaşla
bəzədilmiş müxtəlif
əşya və digər qiymətli əşyaları Şuşa
şəhər muzeyindən;
5 ədəd qiymətli
qədim xalçanı,
4 ədəd kilimi, 5 ədəd xurcunu, 1 ədəd qiymətli
nadir çırağı, Üzeyir Hacıbəyovun
portretini və çoxsaylı digər qiymətli tarixi əşyaları Qarabağ
tarix muzeyindən, Mir Möhsün Nəvvabın
və Bülbülün
ev-muzeyindən olduqca çoxlu qiymətli və nadir əşyaları
qarət etmişlər.
Şuşa muzeylərinin qiymətli
sərvətləri - rəsm
və heykəltəraşlıq
əsərlərini, xalça
və xalça məmulatlarını, xalq
tətbiqi sənət
nümunələrini, arxeoloji
tapıntıları, çox
gərəkli sənədləri,
Azərbaycanın görkəmli
şəxsiyyətlərinin xatirə əşyalarını,
digər qiymətli materialları Ermənistana
aparmışlar. İndi həmin
əşyalar xarici auksionlarda satılır, yaxud müxtəlif sərgi və muzeylərdə dünya ictimaiyyətinə erməni
mədəniyyət nümunəsi
kimi təqdim olunur. Bəli, XX əsrin sonunda Şuşa tarixdə
görünməmiş faciəli
hadisələrlə üzləşdi,
işğal olundu. Övladları yerindən-yurdundan
didərgin düşdü,
şəhidlər verdi, ancaq əsrlər boyu olduğu kimi sınmadı, əyilmədi
və Şuşa indi də yaşayır.
Onun əhalisi respublikanın
59 rayonunda 700 yaşayış
məntəqəsində məskunlaşıb.
Qeyd etmək lazımdır ki, Şuşa indi
düşmən əlində
olsa da, əsrin əvvəllərində
Şuşada fəaliyyət
göstərən bir
çox mədəniyyət
və təhsil ocaqları işğaldan sonra öz işlərini
Bakı şəhərində
və respublikanın başqa bölgələrində
davam etdirirlər.
www.virtualkarabakh.az
Azərbaycan
müəllimi.- 2014.- 13 iyun.- S.9.