Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi

hesabat konserti ilə çıxış edib

 

Təhsil Nazirliyinin Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi hesabat konsertləri ilə çıxış edib.

Mərkəzin Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında keçirdiyi "Dostluq çələngi" adlı hesabat konsertində "Milli rəqs" dərnəyinin üzvləri valideynləri, Təhsil Nazirliyinin, Nizami Rayon İcra Hakimiyyətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri qarşısında bacarıqlarını göstəriblər.

Konsertdə "Milli rəqs" dərnəyinin rəhbəri Lalə İbrahimovanın qurduğu "Bayram", "Yallı", "Qaval", "Azərbaycan" və digər milli rəqslər müxtəlif yaş dövründə olan rəqs qruplarının ifasında nümayiş etdirilib. Bundan başqa, uşaqların ifasında bir neçə müasir rəqslər və dünya xalqlarının "Tarantella", "Kovboy", "Sirtaki", "Lambada", "Holland" kimi rəqsləri konsertə xüsusi rəngarənglik qatıb.

Mərkəzin "Vokal" dərnəyinin, "Çiçəyim" uşaq teatrının üzvləri və "Milli rəqs" dərnəyinin oğlanlardan ibarət qrupu da mahnı və rəqslərini ifa ediblər. Konsert "Dostluq rəqsi" adlı kompozisiya ilə başa çatıb. Bu kompozisiyada 60 dərnək üzvünün ifasında dünya xalqlarının rəqsləri göstərilib.

Yaradıcılıq Mərkəzinin daha bir hesabat konserti "Bizim rəqs dünyamız" mövzusunda olub. Burada "Milli rəqs" dərnəyinin üzvləri rəngarəng proqramla çıxış ediblər. Konsertdə "Milli rəqs" dərnəyinin rəhbəri Samirə Musaimin qurduğu Azərbaycan xalq rəqsləri müxtəlif yaş dövründə olan rəqs qruplarının ifasında nümayiş olunub. Bundan başqa, qızların ifasında bir neçə müasir rəqslər və dünya xalqlarının milli rəqsləri konsertə xüsusi rəngarənglik qatıb.

Konsertdə Yaradıcılıq Mərkəzinin "Mahnı teatrı"nın üzvləri və "Milli rəqs" dərnəyinin oğlanlardan ibarət qrupu da iştirak edib.

 

Azərbaycan müəllimi.- 2014.- 20 iyun.- S.12.