"Kitabi-Əsgəriyyə" hekayəsinin
məzmununa yeni baxış
Abbasqulu
Ağa BAKIXANOV - 220
Abbasqulu Ağa
Bakıxanovun "Kitabi-Əsgəriyyə" hekayəsinin
adından göründüyü kimi, bu, müəllifin əsərinə
ad qoyması ilə yanaşı, həm də
onun janrının müəyyənləşdirilməsi
cəhdidir. "Kitabi-Dədə Qorqud"
dastanından başqa ədəbiyyat
tariximizə "Kitabi-Məhəmmədiyyə" (Məhəmməd
Əfəndi Yazıçızadə, İstanbul,
1863), "Kitabi-Seyfəlmülk"(1887), "Kitabi-Qəhrəmannameyi-türki"
(1911), "Kitabi-Rüstəmnameyi-türki", "Kitabi-Dədə
Muxtar" (1913), "Kitabi-Muxtarnamə"
kimi əsərlər də məlumdur. "Kitab" sözünün
bir ədəbi termin olaraq epik növün
irihəcmli əsərlərinin adlandırılması Qədim
yunan ədəbiyyatından məlumdur. Çox qədim bir tarixə
malik olan süjetin əsrlərlə yeni
fabulada, yeni üslubda inkişafını müşahidə
edirik ki, bunun da ən yaxşı
izahını görkəmli ədəbiyyatşünas-kulturoloq
Əhməd bəy Ağayevin sözləri
ilə verə bilərik: "Fəqət həyat bir külli-tamdır, ikiyə bölünməz..,
Yenilik, əskilik yoxdur.
Yalnız hər hansı zamanda müasirləşmək
vardır. Müasirləşmək isə mazinin
hal ilə imtizac etməsindən
ibarətdir... İştə o zaman həyatın təcəllası olan ədəbiyyat da yolunu, istiqamətini bularaq
təqlidçilikdən qurtarır".
"Kitabi-Əsgəriyyə"
hekayəsinin sərlövhəsinə
çıxarılmış baş qəhrəmanının
adı da müxtəlif məna
çalarlarına görə diqqətəlayiqdir. Ərəb
dilində daha çox
"ən kiçik" mənasında
işlənən "əsgər" sözü
həm də "dil və ürək"
mənasını ifadə edir. Əsərin ekspozisiyasında Əsgərin
cəmiyyətdə mövqeyi "ol cavani-suxtəcan həmişə rüəsi-mənabirdə
və məcməi-əkabirdəvü əsağirdə mərsiyəxan"
kimi səciyyələndirilir ki, burada da
qəhrəmanın adı mövqe kimi çıxış etmiş
olur. Bu xüsus da Əsgər kimi kiçiklərin cəmiyyətdəki
halının ifadəsini müəllifin ideya
istiqamətlərindən biri kimi başa düşməyimizə
imkan yaradır.
"Əsgər"
adının "Dil və ürəyin bir olmaq" ifadəsi isə öz
mənasını hekayədə
şeir parçasındakı
"Göftarı fünuni-mehrə inkar"
misrasında tapır. Əsgərin "Söhbətinin məhəbbət
fənninə inkar olması" özünü iki aspektdə
göstərir. Birincisi, mərsiyəxan olmaqla
Əsgər İslam şəhidlərinə
olan "məhəbbətini" gəlir
mənbəyinə çevirməlidir. "Leyli"sinə olan məhəbbətinin bəhrəsini isə
doğru yolla qazana bilməyəndə hiylə yolu ilə
əldə etməyə çalışır.
Hekayənin süjet xətti Əsgərin oxuculara
təqdimi ilə başlayır: "Adı
çəkilmiş canı yanan sadiq aşiq və təngə
gətirilmiş olan halı pərişan
biçarə aşiqin əhvalının
qısaca xülasəsi möhnəti-məlalda rəftarının
izahı oldur ki, Quba şəhərində Ahəngərzadə
Əsgər adlı bit təzə yetişmiş şirin cavan cazibədar xasiyyətli olub ki, hüsnü söhbət
bəyanında və gözəllikdə zahiri
cəhətdən camalda bənzəri yox idi". Əsgərin
tərifini tamamlamaq üçün
əlavə etdiyi nəzm
parçasında da onun
daxili məziyyətlərini deyil, zahiri cazibəsini tərənnüm
edir və etirafnamə olaraq
bunu deməyi də özünə borc bilir ki,
"Göftarı fünuni-mehrə inkar"dır
("Söhbəti məhəbbət fənninə
inkardır"). Bununla da müəllif
Əsgərin məşğul olduğu mərsiyəxanlıq
peşəsinə öz münasibətini
göstərmiş olur. Bakıxanovun
hekayənin əvvəlində vurğuladığı kimi, mövzunu "incə
mətləb ilə ağıl sahiblərinə" bəyan
etdiyindən və "bu ləzzətli üslubla
nişanələr qələmini
yürütdü"yündən
həqiqətə varmaq üçün əsərin hər cümləsi
oxucudan dərin mühakimələr
tələb edir. "Nişanələr
qələmilə" ifadəsi yazıçının əsərini
eyhamların dili ilə yazmasının
etirafıdır. Bakıxanovun tənqidi münasibəti əsərin
girişindən etibarən özünü
göstərməyə başlayır. Hər iki
şeir parçasında lirizmi
inkar yekunlaşdırır.
"Kitabi-Əsgəriyyə"
hekayəsinin əsas qəhrəmanı Əsgər
ustadının gözəllikdə misli olmayan qızı ilə ünsiyyət
bağlayıb gün-gündən
məhəbbətini artırır: "...arzunun əlaməti bir məqama yetdi ki, zövqi-aləmdə guya
iki cismdə bir ruh oldu." Bu ərəfədə müəllim olan mərsiyəxan qəflətən
dünyasını dəyişir. Hekayənin
"zavyazkası" da buradan
başlayır. Hadisələrin təsviri tamamilə lirik intonasiyadan
çıxıb satirik-yumoristik çalar alır: "Bu əsnada
məlum olan müəllim hadisələr
aləmindən əlaqələr bağını
qırıb bəzəkli hurilərlə qucaqlaşdı və
şərab piyaləsinin nəşəsi ilə
paklaşdı (rəhmətullahi-əleyh)".
Mərsiyəxan
son nəfəsində vəsiyyətini oz tələbəsinə edir:
"...əhli-beyti-naşünasın (tanınmayan ev adamlarını), xüsusən, Hüseyn və Abbasın və miras qalan mal-mülkündən
(müxəlləfatdan) əmmamə,
pustin (kürk) və əbasın,
cübbə, şanə (daraq), misvak və ridasın (dərvişlərin çiyinlərinə
atdıqları yun qumaş),
küləcə (yarımxəz üst geyimi), şali-kəmərbənd (parçadan olan
belbağı) və qabasın (üst
paltarı) ol cavana həvalə
edib yerində canişin
etdi". Mərsiyəxan iki oğlunu, qızı və
arvadını cüzi "müxəlləfat"
ilə yeniyetmə bir gəncin himayəsinə
verir. Cavan mərsiyaxanın
boynuna vəlilik və vəsilik kimi ağır
vəzifə qoyulur. Lakin
cavan aşiq bu yükün ağırlığından xəbərdar
deyil, o, hələ
özgə xəyaldadır: "O, dəxi nişatü
nəhayət sevincdən ürəyi açılaraq görüş məkanına məhrəm olub zövqlə ruzigarın keçirirdi".
O zamana qədər ki, cahil mühit, bekar və
sözgəzdirən adamlar bu ünsiyyətdən xəbər tutur. Bu məqam əsərin
yüksələn xətlə inkişaf
edən konfliktinin birinci
mərhələsini təşkil edir. Konflikt burada, əslində, fərdlər arasında deyil, ənənə və şəriət
arasındadır: formal əxlaq tərəfdarları və
İslamın verdiyi azad
nikah haqları qarşı-qarşıya
gəlir. Lakin elmsiz bir cəmiyyətin sütunları yalnız ənənədir:
"Avam adamların idrak
və mərifətlərinin yüksək dərəcəsi
təqliddir. Onlar heç
bir halda təqliddən
kənara çıxmağa qadir deyillər.
Etdikləri hər cür təhqiqat və
təfəkkür zirəklikdən deyil,
adət üzündəndir".
Yazıçı
sevgililərin qovuşmasındakı maneələri "dəsti-müsibət"
adlandırır. Bu maneələrdən birincisi "bivəfa ərdəbillilər"dir
ki, mərsiyəxanın
qızının dilindən onların mühiti
tənqid olunur:
Yoxdur bizə
bir rəhm qılan sahibi-namus,
Səd ah, səd
əfsus!
Bu şəhirdə bir
mö`münü dindar
tapılmaz,
Gər
var, tapılmaz.
Bu müsibət dəstinə
qızın qardaşları
olan Hüseyn və Abbas da
daxildir: "Ah bunları
bu hal ilə
görüb və dəsti-müsibət başa
vurub kim
gəldi?
Beyt
Hüseyn! Hansı
Hüseyn? Dudmanın şərəfi,
Desəm
dürüstünü əhli-zəmanə
naxələfi.
Qız öz
qardaşına qarğış edərək
" Ah qardaş, kaş
sənin kimi naxələf ölə idi, bu günləri
görməyə idi",
onu "əxül-idbar"
da adlandırır.
Daha sonra yazıçı xarakterin açılmasına kömək
edən dialoqa müraciət edir:
- Ey arami-canım!
Fikr elə ki, atandan
qalan əmmaməni başıma qoyub, əbasın çiynimə
salıb və Abbasın qucağıma alıb bir nifrin
eləyərəm ki,
düşmənlərimizdən biri də yer
üzündə qalmaz.
- Ey aşiqi-mehribanım!
Bu sözlər fayda verməz. Bir fikir elə ki, bu yerə
gəlmək üçün
əlində bəhanə
olsun və xalq bədgüman etməsin.
Əsgərin
xarakterinin açılması
üçün burada
yazıçı oxucunu
bir qədər intizarda saxlayır. Əsgərin nitqindəki ironiyanın
onun özünə, yoxsa müəllifə aid
olduğunu hələ
qəti müəyyənləşdirmək
olmur. Hekayədə obrazların xarakteri
onların öz nitqində açıldığı
üçün hər
bir növbəti dialoq məhz bu məqsədə xidmət edir.
Əsgərin
maneələri aşmağa
qüdrəti yoxdur. Buna görə də o,
sevgilisi ilə bəhanəsiz
görüşə bilməyəcəyi üçün
hiyləyə əl atmalı olur: "- Ey yari mehribanım! On şahi pul
sənə verim, amma
məni rədd etmə, hər vaxt gəlib
ol məbləği geri
tələb eyləsəm, hər bəhanə ilə təxir
et. Bəlkə bu vəsilə
ilə bir-birimizi görmək müyəssər
ola." Lakin bu bəhanə də
"alçaqları bəsləyən aləm"
içində fayda vermir.
Bu məsələni maraqlı bir hadisə kimi məhəllə
rəisinə çatdırırlar. O da öz növbəsində əmr verir ki, aşiqi
harada görsələr, tutub
işgəncə versinlər. Əsgərin bu
mübarizədə silahı qanun və dəlil
deyil, and və
qarğış olur. Axır bir gün
"çörəyin üstünə kərə yaxıb yola çıxır" və məhəllə
rəisinə öz and
və qarğışını yetirir. Və
bununla da
yuxarıdakı bəhsimizə aydınlıq gətirilmiş
olur ki, Əsgərin mövhum inancları müəllifin istehza obyektidir. Məhəllə rəisi üçün
də məsələni qanunlar deyil, qorxu və xof həll etmiş olur. Üstəlik, əgər
"çörəyin üstünə kərəni" rəisə
bağışlanmış hədiyyə kimi
başa düşsək, mövzuya
bir də rüşvət məsələsini
əlavə etmiş olarıq. Amma qeybət daha
amansızdır. Məhəllə adamları arasında
söz-söhbət kəsilmədiyindən Əsgərin sevgilisi Quba şəhərini
müəyyən müddətə tərk etməli olur. Bu ayrılıq məqamında
sevgililərin göz yaşı, ahı və
naləsi mübaliğəli və xəfif bir
yumoristik dillə hekayənin yeni mövzusuna çevrilir: "Xülasə, növbənöv
nalə və şivən ilə bir-birindən vida edib, məşuqə
səfər qıldı"; "Ol qəmli məzlumə dəxi,
gündüzlər qərarsız axan göz yaşlarını yollara
sübut edərdi, gecələr yataq otağının şə`mini ah alovu ilə
yandırardı. Göz yaşı və
nalə ilə qapanaraq gəzirdi, ürək
qəmli, göz nəmli, hər mənzilə
kim vürud edər,
bu növ`ilə nəğmə deməyə
başlayardı". Nəhayət, vüsal
dəmi yetişir, lakin
ardınca daha böyük
bir fəlakət gətirmiş olur. Konfliktin ikinci düyünü:
Əsgərin sevgilisi bildirir ki, "...atan vəsfini bəyan etdiyindən mehriban anam dəxi ona aşiq olmuşdur".
Bu yeni situasiya
Əsgərin göz yaşını
artırsa da, oxucunun daha şiddətli gülüşünə səbəb
olur. Əsərdə tədbirli bir obraz kimi
çıxış edən sevgili
qız qanun
və şəriəti yada salır: "Nə ola əgər varub şəriət ehkamında diqqətlə
araşdırasan, əgər caiz və mübah (şəriətcə haram və məkruh olmayan
şey) olsa, məni sən
aldıqdan sonra hörmətli validəmi
də ki, böyük
mövqe tutmuş validinin təzvici (nikahı) ilə şad qılasan". Gülüş
getdikcə şiddətlənir və yenə öz
hədəfini "ustad" mərsiyəxanın
üzərinə yönəldir: "...əhli-beyt
arasında təfriqə düşməsin. Və Abbas, Hüseyn bir-birindən
ayrılmasın və başsız qalmış mirasın cəminə
(Miras da ki məlumdur - K.Nəhmətova) malik olub alimiqdar validim məqamında
onu əvəz edən ada
sahib olasan". Bu cümlədə yenə mərsiyəxanın
zahiri atributlarla bəzədiyi
həyatı yazıçının satirik
gülüşünə hədəf olur.
Əsgər məsələni
şəriət baxımından aydınlaşdırmaq üçün dövrünün
"yeganəsi" hesab olunan
"fəzilət sahibi bir
alimə" müraciət edir. Əsgərin
sualı əsərin konfliktinin əsas kulminasiya nöqtəsidir: "Bir
kimsə əgər həddi-büluğa çatmamış
bir qızı nikah
yaşına qədər böyütsə, qəflətən
nikahlı atasının qızın anasından izdivac mənfəəti alması caizdirmi?". Lakin alim bu məsələni
şəriət qanunlarına əsasən həll etmək əvəzinə,
"məzhəbi-eşq", "fitvayi-piri-eşq"
(eşq təriqətinin
başçısının hökmü)
kimi mücərrəd və əsassız
anlayışlarla məsələni həllolunmazlığa qədər
gətirib çıxarır. " Hələ ki mətləb düyünlərinin çözümü yubanırdı" və
bununla da konfliktin üçüncü
mərhələsi razvyazkasız finala qədəm
qoyur. Lakin şəriətdə bu
məsələdə heç bir maneə yoxdur. Problemin təzahür etdiyi
"ərdəbillilər" məhəlləsinin
inandığı şiə məzhəbinə görə də
məsələ "caiz" deyə həll
olunmalıdır. Ortada ikinci
bir məsələ də var
ki, bu da
Əsgərin sevdiyi qıza, onun anasına və qardaşlarına qəyyumluğudur.
Lakin bu məsələdə
də şəriətcə heç bir qadağa görünmür, çünki vəli olan gənclə
onun sevdiyi qız
arasında əvvəldən heç bir qohumluq əlaqəsi
olmamışdır. Konflikti mürəkkəbləşdirən
daha mühüm bir məsələ də yalnız böyüdücü rakursdan
baxdıqda nəzərəçarpacaq bir
xüsusdur ki, bu da qızın hələ
həddi-büluğa çatmamasıdır. Bu
məsələni yazıçı ötəri bir ifadənin içərisində gizləmişdir:
"Bir kimsə əgər bir səbiyyəni həbaleyi-nikahə gətirsə,..".
Bütün bunlarla
yazıçı kiçik bir məhəllədə böyük
kolliziyalar yaratmaqla dövrünün minipanoramını göz önünə gətirməyə
çalışmışdır.
Final: Əsgər o qədər nalə və şivən
qopardı ki, bihuş olub zahirə açılan gözləri
qapandı və bəsirət gözü açıldı. Yuxu aləmində gördü ki, ustadı
minbərə çıxıb moizələr edərkən onu çağırıb qızını
Əsgərə nikahlayır: "- Ey gözümün
işığı! Xoştale
qızımı sənə nikahladım. Bundan
sonra mənim malım və əyalım
sənə məxsusdur. Amma gərəkdir
ki, mənim Abbasımı əziz tutasan, nəvazişlər edəsən".
Əsgər yuxunu xeyrə yozub
dostlarına danışır və "cəlal sahibinin yardım edən lütfünü
arzulamaqla uzun müddət
gözləyir". Göründüyü
kimi, hekayə Əsgərin xarakterinə uyğun olaraq mövhumi sonluqla bitir və konflikt həll olunmamış qalır.
"Kitabi-Əsgəriyyə"
əsərinin çoxcəhətli xüsusiyyətləri ilk tədqiqatlardan etibarən bir
çox alimlərin diqqətini çəkmiş
və əsərin janrının müəyyənləşdirilməsi
üçün hərtərəfli təhlilə
ehtiyac olduğunu hiss etdirmişdir. Əsərin
realist səpgisi, klassik
ənənələrə gətirdiyi yeniliklər H.Əfəndiyev,
F.Qasımzadə, Z.Əsgərli və b.
tərəfindən Abbasqulu Ağa Bakıxanovun novatorluğu
kimi qiymətləndirilmişdir. Lakin bütün elmi təhlillərdə
"Kitabi-Əsgəriyyə" lirik
hekayə kimi dəyərləndirilir.
Əsərin mürəkkəb tərkibli dilinin
çətinliklərini aradan
qaldırdıqda təhkiyənin dili və
üslubu, müəllifin hadisələrə
və obrazlara münasibəti daha aydın nəzərə
çarpdığından obyektiv təhlilinə nail
olmaq mümkündür.
Təhkiyənin lirik-psixoloji motivlərlə zəngin ironik pafosunu, süjet xəttinin inkişafının komik dramatizmini nəzərə
alaraq onu satirik-yumoristik
hekayə adlandırırıq. Hekayənin zəngin cəhətlərindən
biri də budur ki, burada gülüşün
müxtəlif çalarlarından istifadə olunmuşdur.
Kinayə ilə yoğrulmuş müəllif
təhkiyəsi kolliziyaların toqquşmasında sarkazma çevrilir. Eyni zamanda əsər boyunca aşiqin göz yaşlarının yumoristik
təsviri özünü göstərməkdədir
ki, bu islahedici
gülüş yazıçının öz qəhrəmanına aşiqliyindən
dolayı rəğbətindən doğur.
"Kitabi-Əsgəriyyə"
hekayəsində "zövqəngiz" dillə hər dövr üçün aktual olan çox
ciddi ictimai-fəlsəfi problem
qoyulmuşdur: cəmiyyəti
qanunlarmı, yaxud ənənəmi idarə
etməlidir?! Bakıxanovun didaktik əsərlərindən
və bir sıra rəsmi məktublarından
görürük ki, qanun deyəndə ədib ilk
növbədə şəriət qanunlarını nəzərdə
tuturdu. Yazıçını narahat edən ikinci bir sual isə bu idi: Şəriət
kimlərin əlindədir və ondan
hansı vasitələrlə istifadə edilir? Bu sualı A.Bakıxanov "Kitabi-Əsgəriyyə"də
eyhamla qoymuş, Cəlil
Məmmədquluzadə "Danabaş kəndinin
əhvalatları"nda açıq cavabını vermiş, Nəriman Nərimanov "Bahadır
və Sona" romanında və Sultan Məcid Qənizadə "Məktubati-Şeyda
bəy Şirvani" dilogiyasında problemin bədii-estetik həllini tapmağa çalışmışlar.
A.Bakıxanovun öz hekayəsində tənqid
hədəfinə çevirdiyi ictimai stereotiplər XIX əsrin digər maarifpərvər
ədiblərinin də əsərlərində öz etoloji əksini tapmaqla artıq bədii
yaradıcılığın problematikasına çevrilmişdir.
Könül NƏHMƏTOVA,
filologiya üzrə fəlsəfə
doktoru
Azərbaycan müəllimi.- 2014.- 20 iyun.- S.9.