Uşaqlar məktəbə gedəndə
nələri bilməlidirlər?
Hər birimizin ailəsində uşaqlar böyüyur. Uşaqlıq dövrünü qayğısız yaşayan balacalarımızın valideynlərini onların müəyyən yaş dövründən sonra artıq bir məsələ düşündürür: necə etsinlər ki, övladları məktəb təliminə hazırlıqlı olsunlar və ilk dəfə məktəbə qədəm qoyduqları gündən tədrislə bağlı çətinliklərlə üzləşməsinlər. Ata-analar uşaqlarına 100-ə qədər saymağı, bütün hərfləri, çoxlu şeir və nağıl öyrətməklə onların məktəb təliminə hazır olduqlarını düşünurlər. Belə bir yanaşma tamamilə yanlışdır. Bu gün I sinfə gedən uşağın məktəbə hazırlığını şərtləndirən keyfiyyətlər, meyarlar başqadır. Burada uşağın nitqinin inkişafı, məntiqi düşüncəsi, sadə riyazi hesablama bacarıqları, psixoloji dayanıqlığı, intellektual hazırlığı xüsusilə önəmli rol oynayır. Təhsil üzrə mütəxəssislərimiz, pedaqoqlarımız məktəbəqədər təhsil müəssisələrindən gələn uşaqların məhz bu baxımdan digər uşaqlardan daha hazırlıqlı olmaları ilə fərqləndiyini qeyd edirlər. Elə paytaxtın nümunəvi məktəbəqədər təhsil müəssisələrindən biri kimi tanınan, öz fəaliyyətini müasir dövrün tələblərinə uyğun qurmağı bacaran 183 nömrəli körpələr evi-uşaq bağçasının tərbiyəçisi Aysel Əliyeva ilə söhbətimiz də uşaqların bağçalarda məktəb təliminə hazırlıq məsələləri, bununla bağlı məktəbəhazırlıq qruplarında aparılan işlər haqqında oldu. Onun fikirlərini bilmək, düşünürük ki, valideynlərimiz üçün maraqlı olar.
- İlk
öncə qeyd edim ki, məktəbəqədər yaş dövrü insan şəxsiyyətinin formalaşmasına
təsir göstərən əsas mərhələlərdən
biridir. Bu yaş dövrü
uşaqların sosiallaşması, böyüklər və
yaşıdları ilə daha çox ünsiyyət qurması, mədəni
vərdişləri mənimsəməsi, mənəvi və estetik hisslərin oyanması dövrüdür.
Bağçalar da, öz növbəsində, uşağın ətraf
aləmlə qarşılıqlı münasibətini təmin
etməyə, xeyirxah hisslər oyatmağa, əməkdaşlığa nail olmağa qadir olan məktəbəqədər
təhsil müəssisəsidir.
Məktəbəqədər
yaş dövrü həm
də ən çətin dövr
sayılır. Bu dövr
şəxsiyyətin formalaşması və
inkişafının təməli hesab olunur. Təməl möhkəm olmazsa, inkişaf da düzgün və istənilən
şəkildə getməz.
Zaman dəyişir. Avropaya
inteqrasiya hər bir
sahədə köklü dəyişiklikləri
tələb etdiyi kimi,
təlim-tərbiyəyə də öz təsirini
göstərir. Getdikcə ənənəvi təlim
üsullarından uzaqlaşıb daha müasir metodlara üstünlük verilir.
Müasir məktəbə də verilən tələblər
dəyişir. Əvvəllər 1-ci sinfə gedən uşaqlardan primitiv bilik, bacarıq və vərdişlər tələb
olunurdusa, indi əksinə,
məntiqi təfəkkürə üstünlük
verilir. Hazırda 100-ə qədər
düzünə və geriyə saymaq, hərfləri
tanımaq, üzündən oxumaq, yazmaq üstünlük hesab edilmir, əksinə, bunlar ikinci dərəcəli
və vacib sayılmayan bacarıq kimi qəbul olunur. Çünki məktəbə gedən hər
bir uşaq onsuz da bunlara
təhsil prosesində nail olacaq.
Kompüter əsrində yaşayırıq. İnformasiya bolluğu müasir uşaqlardan da yan keçməyib.
Əgər 5 il bundan əvvəl
məktəbi bitirməkdə olan yeniyetmə
texnika ilə yeni
tanış olurdusa, indi
məktəbəqədər yaş
dövründə olan uşaqlar
kompüter, noutbuk, planşet və telefonla nəinki tanışdırlar, həm də
onların məharətli istifadəçiləridirlər. Düzdür, bu yaşda olan uşaqlara bunun nə dərəcədə
xeyirli olduğu
mübahisəli məsələdir, lakin
zamanın tələbindən yan
keçmək olmur.
Ənənəvi təlim
prosesində istifadə olunan əyani vəsaitləri
müasir uşaqlar qəbul
etmir, çünki texnika ilə tanışlıq onların maraq dairəsinə də təsir göstərir.
Məktəbəqədər
təhsilin yekun mərhələsi məktəbəhazırlıqdır. Bu dövr bağça ilə
məktəb arasında körpü
sayılır. Məktəbəhazırlıq mərhələsində
uşağın qazandığı bilik,
bacarıq və vərdişlər məktəb həyatına
işıq salmalıdır. Çox təəssüf
ki, bəzi valideynlər bu
yaş dövründə
uşaqlarının yazı və
oxu vərdişlərinə yiyələnməsini
vacib sayır və buna
diqqət yetirməklə övladını məktəb təliminə
"hazır" olduğunu
düsünürlər. Nəticə o qədər də ürəkaçan olmur, məktəbə ilk
dəfə qədəm qoyan uşaqlar dərslərini qavramaqda
çətinlik çəkirlər.
Əgər məktəbəqədər
yaşlı uşaq
lazım olmayan vərdişlərlə
yüklənirsə, məktəbdə öyrənməli olduğu materialı artıq yük kimi evdə yığıbsa, məktəbdə
nə öyrənəcək?
Digər
çoxluq təşkil edən yüksək
intellektə malik valideynlər də var ki, onlar usaqlarının məktəb
təliminə hazırlanmasında məhz məktəbəqədər
təhsil müəssisələrinin məktəbəhazırlıq
qruplarına üstünlük verirlər. Həmin valideynlər
uşaqlarını bağçaya gün keçirmək üçün
qoymurlar. Əksinə, onlar
övladlarının məktəbə hazırlanması, istedad və bacarıqlarının
aşkarlanması istiqamətində tərbiyəçinin
necə iş aparmasında daha çox
maraqlıdırlar.
Onu da xüsusi vurğulamaq istərdim ki,
aparılan tədqiqatlar məktəbəqədər təhsil
müəssisələrində tərbiyə alan
uşaqların istər idraki, emosional, istərsə də fiziki
baxımdan ümumi təhsil müəssisələrində
təlimə daha hazırlıqlı olduğunu göstərir.
Məktəbəhazırlıq
mərhələsində olan uşaq ətraf aləm haqqında biliklərə,
sadə riyazi təsəvvürlərə
yiyələnməli, öz fikrini bir neçə
cümlə ilə izah etməyi, şəkil
üzrə hekayə qurmağı, sadə
naxışları təkrar etməyi bacarmalıdır. Bütün
bunların əsasında məntiq durur. Müasir təlim üsullarının əsasını
da bu təşkil edir.
Ümumiyyətlə,
məktəbəhazırlıq qrupunda
keçilən məşğələlərdə hər bir mövzu
uşağın məntiqi təfəkkürünə əsaslanmalıdır.
Bunun üçün məşğələlər
zamanı testlərdən, plakat və oyun kartlarından, stolüstü
və didaktik, həmçinin
yaddaşın inkişafına əsaslanan oyunlardan,
səsli nağıllardan, mövzuların tədrisində slaydlardan istifadə edilir.
Əyanilik bu yaş
dövründə həmişə ön
planda olub. Rəngarəng
şəkillər, oyunlar, kompüter
vasitəsilə nümayiş etdirilən
hər bir mövzu ən
diqqətsiz uşağı belə cəlb etməyə qabildir.
Uşaqların məktəbə
hazırlıqlı olmaları və təhsildə müvəffəqiyyət
qazanmaları üçün bir sıra keyfiyyətlərə yiyələnmələri
vacibdir. Bu keyfiyyətlərə
nitqin lazımi səviyyədə
olması, məntiqi düşünmək, qavramaq,
müqayisə və təhlil etmək, sadə riyazi hesablama
bacarıqlarını inkişaf etdirmək,
başladığı işi sona çatdırmaq aiddir.
Keçilən məşğələlərdə biz tərbiyəçilər də bu məsələlərə xüsusi
diqqət yetiririk.
Ümumiyyətlə, iş prosesində tərbiyəçinin öz işinə yaradıcı
yanaşmasından, fantaziyasından da çox şey
asılıdır. Belə ki, məşğələdə
keçilən mövzunu
əvvəlcə tərbiyəçi mənimsəməli, yəni
özününküləşdirməlidir. Eyni
zamanda kompleks şəkildə
keçilən məşğələlər daha effektli olur.
Məsələn, səhərdən
etibarən gün ərzində hər
hansı bir
məşğələyə qədər keçiləcək
mövzuya zəmin hazırlanır. Mövzuya uyğun stolüstü oyunlardan, oyun kartlarından, dominolardan
istifadə edilir.
Bədii oxu və nitq
inkişafı məşğələlərində
uşaqların fantaziyası və rabitəli nitqinin
formalaşmasına diqqət yetirilir. Bunun üçün
nağıl plakatlarından istifadə edilir.
Bu zaman
uşağın həm xəyal dünyası genişlənir,
həm də müsbət və mənfi nağıl qəhrəmanları
haqqında təsəvvürü formalaşır.
Savad təlimi məşğələsində
uşaqların səslərin düzgün
tələffüzünə, sözün
əsl mənasında, səsləri "eşitməsi"nə
fikir verilir. Bunun üçün
"zəncir" oyunundan istifadə olunur. Ümumiyyətlə, bu
oyun klaster üsulunun oyun şəklində
tətbiqidir.
Onu da qeyd edim ki, onsuz
da texnika ilə maraqlanan və yaşıdları ilə
ünsiyyətdən uzaqlaşan uşaqlar
valideynlərin səhv yönləndirməsi ilə fərdi
hazırlıq prosesində daha da özünə qapanır və kollektivdən
uzaqlaşır, nəticədə yaşıdları ilə
ünsiyyət qurmaqda çətinlik
çəkirlər. Üzümü valideynlərə tutub
demək istəyirəm ki, əziz
valideynlər, uşaqlarınızın bağçaya
getmələrini təmin edin. Məktəbəqədər təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında
keçilən məşğələlərdə uşaqlara verilən bilik,
onların qazandıqları
bacarıq və vərdişlər kifayət qədər
yüksək səviyyədədir. Uşaqları
lazımsız, artıq materiallarla
yükləməyin mənası yoxdur. Hər
yaş dövrünün
öz gözəlliyi var.
İcazə verin uşaqlar
bağçada həm
uşaqlıqlarını yaşasınlar, həm də düzgün şəkildə məktəb təliminə
hazırlaşsınlar.
Samirə KƏRİMOVA
Azərbaycan müəllimi.- 2014.- 20 iyun.- S.6.