Məktəbəqədər təhsilin perspektivləri

  

Azərbaycan Respublikasında təhsilin digər pillələri ilə yanaşı,  məktəbəqədər təhsil sistemində baş verən müasir proseslər müxtəlifdir və mühüm vəzifələrin həllinə yönəldilmişdir. Bunlar da məktəbəqədər təhsil sistemində yeni yanaşmaların tətbiqini və təlim prosesinin təşkili üçün yeni səmərəli formaların axtarılmasını tələb edir. Məktəbəqədər təhsil bütün təhsil sisteminin bünövrəsidir,  çünki məhz bu mərhələdə uşağın şəxsiyyət kimi formalaşmasının  təməli  qoyulur. Məktəbəqədər təhsil uşaqların potensial imkanlarının üzə çıxarılmasında, məktəbə hazırlanmasında, onlarda mədəni keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq, eləcə də həyati bacarıqların formalaşmasında mühüm rol oynayır. Məktəbəqədər təhsilin məqsədi uşağın fərdi yaş potensialının maksimal açılması üçün şəraitin yaradılmasından ibarətdir. "Təhsil haqqında"  Azərbaycan Respublikasının Qanununda deyildiyi kimi, məktəbəqədər təhsil məktəbəqədər yaşlı uşaqların erkən yaş dövründən intellektual, fizikipsixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir.  Respublikamızda  məktəbəqədər təhsilin müasir sistemi dinamizm prinsipləri üzərində qurulur, müxtəlif formaları, cəmiyyətin və şəxsiyyətin tələblərinin nəzərə alınması, uşaqlar üçün təlim-tərbiyə müəssisələrinin yeni növlərinin yaranması, pedaqoji xidmətlərin müxtəlifliyi ilə səciyyələnir. 

 

Məktəbəqədər təhsil sisteminin inkişafı Azərbaycan Respublikasının dövlət təhsil siyasətinin strateji istiqamətlərindən biridir. Dövlət səviyyəsində məktəbəqədər təhsil məsələlərinə əhəmiyyətli dərəcədə diqqət ayrılır.

Hərtərəfli inkişaf etmiş gələcək  vətəndaşın formalaşmasından ötrü insana istənilən həyati problemləri həll etməkdə lazım olan bilik, bacarıq və vərdişlərin aşılanması  üçün müvafiq şəraitin təşkili  zəruridir. Uşaq şəxsi həyat fəaliyyətinin subyekti olmağı, öz potensialını görməyi, öz gücünə inanmağı, fəaliyyətində müvəffəqiyyət qazanmağı öyrənməlidir. Bu, uşaqları sosiallaşdırmaqla bərabər, onların məktəbəqədər müəssisədən məktəbə keçidini əhəmiyyətli dərəcədə yüngülləşdirir,  məktəb  təliminə  maraq yaradır və inkişaf etdirir.

Hazırda respublikamızda  məktəbəqədər təhsil, təəssüf ki, hələ də 40-50 il bundan əvvəlki model əsasında fəaliyyət göstərir. Keçirilən məşğələlərin adı, məzmunun bilikyönümlü və müəllimyönümlü olması, erkən yaş qruplarında təlimin təşkili müasir tələblər baxımından tələbatı ödəmir.  Uzun müddət məktəbəqədər təhsil sistemində uşağa bilik, bacarıq və vərdişlərin daşıyıcısı, tərbiyəçilərə isə bilik ötürən kimi baxılıb.  Ancaq ənənəvi proqram üzrə pedaqoji prosesin müxtəlif bilik sahələrində məzmun həcminin genişlənməsi  həddindən artıq yüklənməyə  gətirib çıxarır. Bu zaman  bir növ "uşağa daha çox bilik vermək" arzusu ilə məktəbəqədər yaşlı uşağın  psixifiziki imkanları arasında ziddiyyət yaranır.

Belə problemlərin həll olunması, yeni dövlət  standartları əsasında işə başlanılması üçün, ilk növbədə,  inteqrasiyadan  istifadə etmək zərurəti meydana gəlir.  Bir çox mütəxəssislər  inteqrasiyanı məktəbəqədər təhsilin yeniləşdirilməsi və uşaq şəxsiyyətinin inkişafının səmərəliliyi, uşaq sağlamlığının qorunması, onu keyfiyyətli  təhsilə  nail olmanın yollarından biri kimi müəyyən edir.

Pedaqoji prosesin humanistləşdirilməsi gündəlik həyatda və uşaq həyatının ənənəvi fəaliyyət növlərində tərbiyəçi-uşaq münasibətlərinin, ünsiyyətin dəyişdirilməsi, tərbiyənin şəxsiyyətyönümlü modelinin qurulmasını təklif edir.

Tərbiyəçiylə uşağın gündəlik sərbəst ünsiyyəti prosesində inkişafetdirici vəzifələrin realizəsi xüsusi məşğələlərlə uyğunlaşdırılmalıdır. Odur ki, məşğələlərin təşkili müxtəlif formalarda olmalıdır. Məşğələlərin fəal təlim əsasında  keçirilməsi hər bir uşağın idrak fəallığını daha yaxşı təmin edir, əks əlaqəni qurmağa  və uşaqların irəliləyişini nəzərə almağa kömək edir.

Həmçinin uşaq bağçası ilə  ailənin qarşılıqlı əlaqəsinin də daha əlverişli qaydada qurulması diqqətdən kənarda qalmamalıdır. Uşaq problemlərinin həlli zamanı valideynləri aktiv müzakirəyə cəlb etmək, onları uşaqlarla birgə yaradıcılıq işinə cəlb etmək məqsədəuyğundur. Əşya mühitininqrup otağının təşkilində də ciddi dəyişikliklər aparılmalıdır.

Artıq birmənalı şəkildə başa  düşülməlidir ki, məktəbəqədər təhsil uşağın dünyanı dərk etməsində, inkişafında kömək və dayaqdır. Respublikamızda belə situasiyanı inkişaf etmiş ölkələrin təcrübəsini (məsələn, Finlandiya, İsveçs.) öyrənməklə, milli xüsusiyyətlərimizi əsas götürməklə dəyişmək olar. Bu ölkələrin məktəbəqədər təhsilinin əsasında şəxsiyyətyönümlü sosial-pedaqoji yanaşma durur.

Son  illər ərzində təhsilin, o cümlədən məktəbəqədər təhsilin inkişafının yeni prioritetlərini müəyyən edən əhəmiyyətli normativ-hüquqi sənədlər ("Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu; Məktəbəqədər təhsilin dövlət standartı və proqramı; Məktəbəqədər təhsilin proqramı (kurikulumu); Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası) qəbul edilmişdir.

Təqdim edilən dövlət sənədlərində Azərbaycan Respublikasında məktəbəqədər təhsil sisteminin modernləşdirilməsinin konseptual əsasları qoyulmuşdur. Dövlət sənədlərinin tələblərinə uyğun olaraq təlimedici-tərbiyəedici sistem uşaqların hərtərəfli inkişafına, onlarda əxlaqi normaların formalaşmasına, onların yaş və fərdi imkanlarına, qabiliyyət və ehtiyaclarına uyğun olaraq sosial təcrübə əldə etmələrinə istiqamətləndirilmişdir.

Azərbaycanda məktəbəqədər təhsilin sürətlə inkişaf etdirilməsi və onun beynəlxalq standartlara tam uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti  cənab İlham Əliyevin  12 aprel 2007-ci il tarixli, 2089 nömrəli sərəncamı ilə "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)" təsdiq edilmişona əsasən əməli tədbirlər həyata keçirilmişdir. Təhsil sahəsində  əsaslı dəyişikliklərə, uğurlu nəticələrə təkan verən bu sərəncam  bir daha məktəbəqədər təhsilə göstərilən diqqətin təzahürü kimi meydana çıxmışdır.

Məktəbəqədər təhsil sisteminin müasir tələblərə cavab verən bir səviyyəyə çatdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti  2010-cu il 16 iyul tarixli, 137 nömrəli qərari ilə "Məktəbəqədər təhsilin dövlət standartı və proqramı"nı təsdiq etmişdir. "Məktəbəqədər təhsilin dövlət standartı və proqramı" (kurikulumu)  "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə uyğun hazırlanmışdır və tabeliyindən, mülkiyyət formasından asılı olmayaraq, respublikada fəaliyyət göstərən bütün məktəbəqədər təhsil müəssisələrinə şamil olunurbu tipli təhsil müəssisələrində məktəbəqədər təhsilin vəzifələrinin yerinə yetirilməsinə, tədris-metodik  rəhbərliyin tələblərinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsini təmin edir. 

Təhsildə  əsas dəyər  uşaqdır. Məktəbəqədər yaş dövrü isə təkcə məktəb həyatına hazırlıq mərhələsi deyil, eyni zamanda insan həyatının ən məsuliyyətli, ən mühüm yaş dövrüdür ki, bu dövrdə insanda bütün mənəvi dəyərlərin təməli qoyulur. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda deyildiyi kimi, "...Təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərindən əldə edildiyinə görə uşaqların zehninin erkən yaş dövründən inkişaf etdirilməsi vacibdir. Bu səbəbdən məktəbəqədər təhsilin inkişafı dövlət siyasətində əhəmiyyətli yer tutur".

Məktəbəqədər təhsilin keyfiyyəti uşaqların təlim və tərbiyə prosesinin  vəziyyəti və nəticəliliyi ilə müəyyən edilir. Məktəbəqədər təhsildə yeni keyfiyyət göstəricilərinə  nail olmanın başlıca strategiyası uşaq inkişafının  diaqnostikasıdır. Məktəbəqədər təhsil üzrə dövlət standartlarının reallaşdırılmasının keyfiyyəti  bilik, bacarıq və vərdişlər  sisteminin deyil, hər bir uşağın inkişaf və nailiyyətlərinin yekun diaqnostikası əsasında  səriştəliliyin inkişaf səviyyəsi ilə qiymətləndirilir.

"Məktəbəqədər təhsilin dövlət standartı və proqramı" əsasında ilk dəfə respublikamızda  nəticəyönümlü və uşaqyönümlü təlimə keçilib. Bu sənəd əsasında hazırlanmış məktəbəqədər təhsil proqramında  (kurikulumunda)  yeni dövlət standartlarına əsasən məktəbəqədər təhsil müəssisələrində təlimin məzmunu  uşaqların meyil, maraq, arzu və bacarıqlarına  istiqamətlənib. Biz uşaqlara nə gəldi öyrədə, onları lüzumsuz informasiya ilə yükləyə bilmərik. Uşaqlarda ətraf aləmin dərk edilməsinə marağın  yaradılması təlimin rolunu dəyişir. Bu, hər şeydən əvvəl,  müstəqil dərketməyə hazırlığı inkişaf etdirir. Uşağa düşünməyi və müstəqil bilik əldə etməyi öyrətmək müasir təhsilin pedaqoji məqsədidir.

Dövlət standartları məktəbəqədər təhsilin proqramının (kurikulumunun) strukturunu, o cümlədən məzmunun həcmi və inkişaf sahələrinin uyğunluğunu  müəyyənləşdirir.  Məktəbəqədər təhsil proqramında  (kurikulumunda) məktəbəqədər təhsilin məzmunu özündə aşağıdakı 4 inkişaf sahəsini ehtiva edir:

* Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik;

* İdrakın inkişafı;

* Estetik və yaradıcı inkişaf;

* Sosial-emosional inkişaf.

Bu inkişaf sahələri üzrə məzmun  müasir məktəbəqədər təhsil sisteminin  konseptualnormativ-hüquqi sənədlərinə uyğun müəyyənləşdirilmişdir.

Ənənəvi təhsil sistemində məktəbəqədər təhsilə təlim bloku (məşğələ cədvəli) nəzərə alınmaqla fənyönümlülük prinsipi əsasında baxılırdı. Bu forma məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçilərə daha yaxın və aydındır. Məhz  məktəbəqədər dövrdə uşaq şəxsiyyətinin əsası, onun psixi və şəxsiyyətyönümlü inkişafını xarakterizə edən dəyərlər  böyüklərlə birgə fəaliyyət və ünsiyyət zamanı yaranır. Ənənəvidən fərqli olaraq yeni məzmuna görə  şəxsiyyətyönümlü təhsil prosesində böyüklərlə qarşılıqlı fəaliyyət prosesində şəxsiyyətin əsas nüvəsini uşağın kommunikativ tələbatı, onun aparıcı motivləri təşkil edir. Odur ki, məktəbəqədər təhsil müəssisələrində çalışan hər bir tərbiyəçi uşaqlarla böyüklərin birgə fəaliyyətinin təşkili və  uşaq fəaliyyət növlərinin təşkili prosesində təlimedici fəaliyyətin qurulmasının xüsusiyyətlərini  bilməlidir.

Dövlət Strategiyasında  məktəbəqədər yaşlı uşaqların fiziki və əqli inkişafını, sosiallaşmasını təmin edən, yaradıcılıq qabiliyyətlərini üzə çıxaran, onlarda həyati bilik və bacarıqları, davranış qaydalarını aşılayan məktəbəqədər  yaş dövründə uşaq inkişafının səmərəli təhsil modelinə əsaslanan standart və kurikulumların hazırlanması strateji hədəflər sırasında yer almışdır. 

Məktəbəqədər təhsilin proqramı (kurikulumu) Təhsil Problemləri İnstitutunda  21 nəfər mütəxəssisdən ibarət işçi qrupu tərəfindən hazırlanmış və ictimai rəyə təqdim olunduqdan sonra 10 iyul 2012-ci il tarixdə təhsil naziri tərəfindən təsdiq edilmişdir. Məktəbəqədər təhsilin kurikulumunun tətbiqi üçün 15 pilot rayon və şəhəri müəyyənləşdirilmişdir. Artıq bütün respublikada tətbiqin vaxtı çatmışdır.

Avropa təhsil sisteminə inteqrasiya  bu gün məktəbəqədər  təhsil sistemində də əsaslı dəyişikliklərin aparılmasını tələb edir. Məktəbəqədər təhsilin inkişafı ilə bağlı dövlət proqramı çərçivəsində uşaq bağçalarının maddi-texniki bazası gücləndirilsə də, məktəbəqədər təhsilin məzmununda dəyişiklik etmək bu gün zərurətə çevrilib. Bu isə məktəbəqədər təhsilin kurikulumunun tətbiqinin sürətləndirilməsini zəruri edir. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda da məktəbəqədər təhsil üzrə yeni kurikulumun tətbiqinin sürətləndirilməsinin zəruriliyi qeyd  edilir. Həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inkişafinklüziv təlim proqramlarının hazırlanması da nəzərdə tutulub. Sənəddə məktəbəqədər təhsilin təhsil pillələrinin çox vacib həlqəsi kimi nəzərə alınması onun inkişaf perspektivini çox aydın göstərir.

Strategiyada sosialiqtisadi cəhətdən dəyişən şəraitdə yaşamağa hazır, həm də mövcud vəziyyətə fəal təsir edib dəyişmək bacarığına malik rəqabətədavamlı şəxsiyyətin formalaşmasına xüsusi diqqət yetirilmişdir. Azərbaycanda aparılan islahatın ümumi məqsədi təhsil sisteminin, o cümlədən məktəbəqədər təhsilin sosial-iqtisadi mühitə uyğunlaşdırılmasıdır. Azərbaycan təhsili üçün daha çox əhəmiyyət kəsb edən, ilk növbədə, keyfiyyətli məktəbəqədər təhsilə keçidin, xüsusilə  bu şəbəkənin genişləndirilməsi probleminin həll edilməsidir. Təhsil sisteminin dünya təhsil məkanına daxil olması isə onun keyfiyyətindən asılıdır.

Təhsil sisteminin yenidən qurulması zamanı həmişə müəyyən çətinliklər qarşıya çıxır. Bu çətinliklərin dəf edilməsi zamanı tərbiyəçilərin öz sosial missiyasının əhəmiyyətini anlamaları  çox mühümdür ki, onlar  öz səylərini dəyərlərin formalaşdırılmasına, uşaqların inkişafına və təhsilinə, onların psixoloji müdafiəsinə  yönəltsinlər.

Müasir təhsildə uşağın fərdi inkişafını qəbul edən  ən təbii yanaşma şəxsiyyətyönümlü yanaşma hesab olunur.  Şəxsiyyətyönümlü model uşaqların emosional, sosialidraki inkişafına eyni dərəcədə əhəmiyyət verir. Belə yanaşma uşağın nəinki ibtidai təlimində, eyni zamanda uzunmüddətli perspektivdə daha yaxşı nəticələr verir. Belə ki, uşaqlar təşəbbüskar, yaradıcı, müstəqil, özünə inamlı böyüyürlər.  Şəxsiyyətyönümlü təhsil sistemində pedaqoji prosesin mərkəzində dayanan tərbiyəçi və uşaqların funksiyaları dəyişir. Onların fəaliyyəti əvvəlcədən müəyyən olunmuş nəticələrə əsasən qurulur. Tərbiyəçi təlim prosesində  yeni texnologiyaların içərisindən ən münasibini seçir. Bu texnologiyaların müəyyən olunmasında tərbiyəçi və uşaq şəxsiyyəti təlimin aparıcı subyekti kimi çıxış edir. Məktəbəqədər təhsil proqramına  (kurikulumuna) əsasən məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-uşaq münasibətləri  "subyekt - subyekt" formuluna uyğun qurulur.  Bu zaman uşaqlar öz təfəkkürünün, düşüncəsinin, tərbiyəçilər isə uşağın inkişafı üçün şəraitin təşkilatçısı olur. O daha çox qrup şəraitində təlim fəaliyyətini əlaqələndirən, istiqamətləndirən məsləhətçi kimi uşaqların müstəqil idraki fəaliyyətini, yaradıcılığını təşkil edən subyektə çevrilir, uşaqlar isə müstəqil axtarışlar aparmağa, yaradıcı fəaliyyət göstərməyə sövq edilir.

Bu gün birinci sinfə gedən uşağın  bioloji inkişaf səviyyəsi psixoloji inkişafı qədər əhəmiyyətli deyil. Əsas onu anlamaq lazımdır ki, hər bir gələcək birinci sinif şagirdində müvafiq daxili mövqe formalaşdırılmış olsun. Valideynlərin uşağı məktəbə nə qədər "hazırlamağa" çalışmalarından asılı olmayaraq, nəticə həmişə gözlənildiyi kimi olmur,  çünki onlar məktəblinin daxili mövqeyinin formalaşmasını deyil, daha çox təlimini düşünürlər. Hər bir birinci sinif şagirdinin  məktəbdə özünü psixoloji  cəhətdən rahat hiss etməsi çox mühümdür.

Bu gün məktəbəqədər yaşlı uşaqlara, hər şeydən əvvəl, yazı və oxunun öyrədilməsi valideynlər tərəfindən obyektivsubyektiv səbəblərə görə çox təkidlə həyata keçirilir.  Mən bir mütəxəssis kimi məktəbəqədər müəssisələrdə yazı və oxu təliminin aparılmasının əleyhinəyəm.

Uşaq yazının kalliqrafik  qaydalarını məktəbdə müəllimdən öyrənməlidir. Çünki məktəbə müxtəlif səviyyəli ailələrdən, müxtəlif məktəbəqədər təhsil müəssisələrindən, həmçinin uşaq yaradıcılıq mərkəzlərində subyektiv qaydada hazırlıq keçmiş  uşaqlar gəlirlər. Belə uşaqlarla işləmək, onlara yazı texnikasını öyrətmək ibtidai sinif müəllimi üçün çətin olur. Onlar məktəbə gedənədək hərflərin yalnız çap formasını tanımalıdırlar. Əlbəttə, fənnəqədərki biliksiz  keçinmək olmaz, amma daha vacib cəhətlər də vardır ki, bu da uşağın məktəb təliminə fiziki, psixoloji, sosialintellektual cəhətdən hazırlanmasıdır.

Məktəbəqədər müəssisələrdə pedaqoji fəaliyyətin  istiqaməti proqram-metodik təminatla bağlıdır. Strategiyaların müxtəlifliyi isə təlimi rəngarəng edir.

Məktəbəqədər təhsil proqramının (kurikulumunun) hazırlanmasından sonra müxtəlif  təhsil model və texnologiyalarından istifadə üçün geniş imkanlar açılır.

Bu, pedaqoqların təşəbbüs və yaradıcılığının inkişafı üçün, həmçinin yeni  proqramın tətbiqi üzrə yeni impuls verir. Məzmunun yeniləşməsinə və texnologiyaların tətbiqinə cəhd  köhnə formalarından uzaqlaşmaq kimi izah olunur.

 Ancaq praktik işçilər  tərəfindən yeni proqramla işin çətinliyi, onların keyfiyyəti üçün yüksək məsuliyyət kifayət qədər tez hiss edilir. Keçid dövrünün çətinliklərinə, təhsil sahəsində baş verən dəyişikliklərə baxmayaraq, Azərbaycan təhsil sisteminin ən yaxşı ənənələri və  şübhəsiz, müsbət xüsusiyyətlər saxlanılmalıdır.

Yeni məktəbəqədər təhsil proqramının (kurikulumunun) tətbiqi zamanı tədqiqatçıların nəzəri işlərinin elementlərindən istifadəyə və uşağın inkişafında pozitiv irəliləyişləri təmin etmiş ənənəvi texnologiyaların elementlərindən istifadəyə  istinad olunması zəruridir. İnnovativ yanaşmaların və ənənələrin uyğunluğu yeni proqramların üstünlüklərini azaltmır, əksinə, pedaqoji fikrin sonrakı inkişafını göstərir.

Məktəbəqədər təhsilin müasir məzmunu problemlərin həllinə sistemli yanaşma tələb edir. Məktəbəqədər təhsilin yeni keyfiyyətinə cəhd, səmərəli sisteminin formalaşdırılması üçün şəraitin yaradılması və onun əlçatanlığının təmin edilməsi   məktəbəqədər təhsil sistemində kurikulumun genişmiqyaslı tətbiqi olmadan mümkün deyil.

 

Laləzər CƏFƏROVA,

Təhsil Problemləri İnstitutunun şöbə müdiri,

pedaqogika üzrə fəlsəfə doktoru

 

Azərbaycan müəllimi.- 2014.- 20 iyun.- S.6.