Nümayəndə heyətimiz
Belarusdan qayıdıb
Bu ilin 6-14 iyun tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyəti Belarusun Minsk vilayətindəki Zubryonok Milli Uşaq Mərkəzində keçirilən "Sərhədsiz dostluq" X Beynəlxalq gənclər forumunda iştirak edib.
Forum MDB hökumət başçıları tərəfindən təsdiq olunmuş gənclər siyasəti istiqamətində 2020-ci ilədək Beynəlxalq Əməkdaşlıq Strategiyasının həyata keçirilməsi üzrə 2014-2015-ci illər üçün Fəaliyyət Planının icrası çərçivəsində reallaşdırılıb. Forumun açılış mərasimində rəmzi məşəli Belarus təhsil nazirinin müavini Viktor Yerjik və Azərbaycan məktəblisi Elgün Yusifov yandırıb. Tədbirdə Azərbaycan haqqında geniş təqdimatlar keçirilib, adət-ənənələrimizin təbliği məqsədilə milli rəqslərimiz nümayiş etdirilib, poeziya nümunələri söylənilib, iştirakçılara mədəniyyətimizi əks etdirən suvenirlər təqdim olunub. Forumun müxtəlif bölmələrində azərbaycanlı şagirdlər ölkəmizlə bağlı həqiqətləri həmyaşıdlarına çatdırıblar.
Forumun iştirakçıları Belarusun təhsil naziri Sergey Maskeviç ilə görüşüblər. Azərbaycan Respublikası Təhsil Nazirliyi adından Sergey Maskeviçə hədiyyələr təqdim olunub, ölkələrimizin təhsil əlaqələri barədə söhbət aparılıb. Foruma qatılan nümayəndələr həmçinin müvafiq mədəni-kütləvi tədbirlərə qatılıb, Belarusun tarixi abidələrini ziyarət ediblər.
Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin baş məsləhətçisi Elnur Əlizadə, "Təhsil" Respublika İdman Mərkəzinin direktor müavini Elvin Məmmədxanov, Bakı şəhəri 23 nömrəli tam orta məktəbin şagirdi Fidan Rəhimova, 160 nömrəli klassik gimnaziyanın şagirdi Əli Məmmədov və 1 nömrəli tam orta məktəbin şagirdi Elgün Yusifov artıq vətənə qayıdıb. Azərbaycanı təmsil edən nümayəndə heyəti forumla bağlı təəssüratlarını qəzetimizin oxucuları ilə bölüşüb:
Elnur ƏLİZADƏ,
Təhsil Nazirliyinin Tərbiyə
və məktəbdənkənar
müəssisələrlə iş şöbəsinin baş məsləhətçisi
- Məktəblilərimizin
belə bir forumda iştirak etməsi bizim üçün çox sevindirici oldu. Orada iştirak etmək üçün seçim
turunda hər məktəbdən iki-üç namizəd göstərilməklə
20 məktəb müəyyən edildi.
Namizəd göstərilən hər bir
şagirdlə nazirlikdə təqribən 10-15 dəqiqə xüsusi söhbət aparıldı. Yekunda seçdiyimiz üç məktəblidən biri - 23 nömrəli tam orta məktəbin şagirdi
Fidan Rəhimova oldu. Fidan həm də çox
bacarıqlı rəssamdır. Dəfələrlə respublika və beynəlxalq səviyyəli
müsabiqələrin qalibi olub. Hətta İngiltərə şahzadəsi
Endryu Bakıya gələrkən
Fidanın əl işlərinə heyran olub və Fidana xüsusi hədiyyə təqdim edib.
Elgün Yusifov 15
yaşına kimi Rusiyanın Nijni-Novqorod şəhərində yaşasa da, bir il əvvəl ailəliklə Bakıya gəlib.
Hazırda 1 nömrəli tam orta məktəbdə oxuyur.
Elgün çox vətənpərvər
gəncdir. Fəxrlə qeyd etmək istərdim
ki, milli kinomuza, teatrımıza Yusifovlar
ailəsi xüsusilə bağlıdır. Elgün
kompüter texnologiyaları üzrə, bu işin əsl mütəxəssislərindən
də üstün səviyyədədir
desəm, yanılmaram. O, həm də dərs əlaçısıdır,
oxuduğu məktəbin fəxridir.
Əli Məmmədov 160 nömrəli klassik
gimnaziyanın şagirdidir. Çox qabiliyyətli bir
gənc olan Əli dəfələrlə Təhsil Nazirliyinin
keçirdiyi "Təmiz şəhər"
ekoloji layihənin qalibi
olub, bir neçə ekoloji forumların diplomlarını alıb. Biz onu gələcəyin
təcrübəli bir siyasətçisi kimi görürük.
Belarusda ilk gün
bizim təqdimatımız oldu.
Biz Bakı haqqında, ölkəmiz
haqqında, mədəniyyətimiz haqqında xüsusi
kliplərlə doqquza
yaxın təqdimat hazırlamışdıq. Səhnədə
olduğumuz iki saata yaxın
müddətdə biz ölkəmiz
haqqında elə bir təəssürat yarada bildik ki,
forumda iştirak edənlərin
hamısının diqqəti bizə yönəldi.
Forumda Azərbaycandan olan biz -5 nəfər nümayəndə də daxil olmaqla , 9 ölkədən
(Latviya, Litva, Rusiya, Qazaxıstan, Qırğızıstan,
Azərbaycan, Tacikistan, Moldova
və Belarus) cəmi 54 nəfər iştirak edirdi. Rusiyadan iki nümayəndə
heyəti gəlmişdi. Biri Sankt-Peterburq, digəri isə Yoşkar-Ola
şəhərindən idi. Forumda iştirak etdiyimiz 11 gündə bizdən başqa qalan 49 nəfər
iştirakçının hər birinin
dilindən eşitdik
ki, kaş bircə yol Bakını görə bilək.
Biz forum
iştirakçılarına Azərbaycanı o
qədər sevdirə bildik ki, onlar ölkəmizi əfsanəvi
bir ölkə kimi təsəvvür
etdilər. Forumun sonuncu
günü bütün
ölkələrin nümayəndələri öz
ləhcələrinə uyğun Azərbaycan
kəlməsini bizə baxıb xüsusi bir məhəbbətlə söyləyirdi. Bizim müsbət enerjimiz sanki bütün
iştirakçılara keçmişdi. Yeganə ölkə idik ki, bütün
iştirakçıların hər birinə ölkəmizlə
bağlı suvenirlər təqdim etdik.
Əli MƏMMƏDOV,
Bakı şəhər 160 nömrəli klassik
gimnaziyanın 11-ci sinif şagirdi
- Forumda müxtəlif ölkələrdən gələn
gənclər toplanmışdı. Sözsüz
ki, bizim məqsədimiz də Azərbaycan gənclərini
layiqincə təmsil etməkdən ibarət idi
və biz Azərbaycan nümayəndələri respublikamızın gənclərinə,
ölkəmizin inkişafına, onun qədim tarixinə, mədəniyyətinə
dair geniş təqdimatlar hazırlamışdıq. Milli geyimlərimizdə etdiyimiz
təqdimatlar böyük rəğbətlə
qarşılanırdı. Forum
iştirakçıları ölkəmizin belə yüksək
səviyyədə inkişafını gördükdə heyran qalırdılar. Təqdimat zamanı başqa dövlətlərin gənc nümayəndələri
bizə çoxlu suallar
verirdilər ki, bu da onların bizim ölkəmizə
olan marağının bir növ göstəricisi idi.
Təqdimatdan sonra forum
iştirakçılarına hədiyyələr, Azərbaycan
haqqında kitablar, broşurlar bağışladıq. Həmçinin
Azərbaycan milli mətbəxinin incisi olan şəkərburaları,
paxlavaları masalarda yerləşdirdik. Hər
bir iştirakçının bizim milli təamlardan
daddıqdan sonra məmnuniyyətlə
"çox dadlıdır"- deyərək
bizə təşəkkür etməsi də bizi
fərəhləndirdi.
Belarusun təhsil naziri Maskeviç Sergey
Aleksandroviçə bizim ölkəmiz
haqqında kitab təqdim etdim.
Forumda bizə, ölkəmizə olan beynəlxalq marağı gördüm
və özümü orada
daha da məsuliyyətli
bir insan kimi hiss etdim.
Bir daha qürur duydum ki, mən özümü
yox, Azərbaycanı təmsil edirəm.
Mən öz adımdan və forumda
iştirak edən digər nümayəndələrimizin
adından bizim üçün
bu imkanı yaratdığına görə,
bu işdə bizə dəstək olan, Təhsil Nazirliyinə, onun
əməkdaşlarına, məktəbimizin direktoru
Faina
xanım Ələkbərovaya xüsisi
təşəkkürümü
bildirirəm.
Elgün YUSİFOV,
Bakıdakı 1 nömrəli tam
orta
məktəbin 11-ci sinif şagirdi
- Mən forumdan çox xoş təəssüratlarla
qayıtmışam. Biz orada
"Sərhədsiz dostlar" beynəlxalq
forumunda respublikamızı təmsil etdik. Bu forum
biz gənclərə gələcək
inkişafımız üçün çox şey öyrətdi.
Mən orada Belarusun təhsil nazirinə özümü maraqlandıran
bir sual verdim. Soruşdum ki, Belarusda iki
rəsmi dil var: Belarus və rus dili. Məni maraqlandıran
odur ki, Belarus məktəblərində hansı
dilin tədrisi üstünlük təşkil
edir?
Təhsil naziri
mənə təəssüflə
cavab verdi ki,
məktəblərdə Belarus
dilinin tədrisi 25 faiz, rus dilinin
tədrisi isə 75 faiz təşkil edir.
Forumda
bizdən başqa qalan 8 iştirakçı
dövlətin hər
birinə Azərbaycanı
layiqincə tanıda,
sevdirə bildik. Bizə ən yaxın
Qazaxıstan və Qırğızıstan nümayəndələri
oldu. Onlarla biz bir-birimizə qardaş kimi baxırdıq. Dillərimiz
və adətlərimiz
bir-birinə çox uyğunlaşdığından elə ilk gündən başlayaraq bir yerdə gəzirdik. Biz üç respublikanın
nümayəndələri hərəmiz
öz dilimizdə danışanda bir-birimizi sərbəst başa düşürdük.
İnşallah, orta
məktəbi bitirdikdən
sonra "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət
Proqramı" çərçivəsində
İngiltərəyə gedib
neft-kimya üzrə təhsil almaq, daha sonra vətənimə
qayıdıb onun daha da inkişaf
etməsinə kömək
etmək arzusundayam.
Fidan
RƏHİMOVA,
Bakıdakı 23 nömrəli tam
orta məktəbin
11-ci sinif şagirdi
Foruma
gedəndə ilk günlər
həyəcanlı idim. Sonra təzə-təzə dostlar
tapdım. Biz öz
təqdimatlarımızda Bakı
haqqında, Azərbaycan
mədəniyyəti haqqında
danışdıq. Orada hazırladığımız
divar qəzetinə şəkilləri mən
çəkirdim.
İlk iki
gündə nümayəndələrimizə
münasibətdən belə
başa düşdüm
ki, forum iştirakçıları
respublikamızın bu
qədər inkişaf
etdiyini qəbul etməyə heç də hazır deyillər. Ancaq təqdimatlarımızdan
sonra digər iştirakçı
dövlətlərdən olan
uşaqlar bizə yaxınlaşıb çoxlu suallar verməyə başladılar.
Onların hamısı
Azərbaycana qonaq gəlməyə can atırdı.
Biz öz təqdimatlarımızla
bütün forum iştirakçılarının
diqqətini Azərbaycana
yönəldə bildik.
Zubryonoka gedərkən Azərbaycanla
bağlı çəkdiyim
iki əl işimi də özümlə götürmüşdüm.
Bizim nümayəndə
heyətimizin adından həmin iki əsərimi Zubryonokun rəhbərinə və Belarusun təhsil nazirinə təqdim etdik.
Azərbaycana
ürəkdolusu sevinclə
qayıtmışam.
Orta məktəbi bitirdikdən sonra Bakıda ali təhsil almaq, arxitektor sənətinə
yiyələnmək istəyirəm.
Arzum budur ki, gələcəkdə
Azərbaycanda arxitektoru
özüm olacağım
çox möhtəşəm
bir kitabxana binası inşa edilsin.
Ellada UMUDLU
Azərbaycan müəllimi.- 2014.- 20 iyun.- S.5.