Barak Obama azərbaycanlı
şagirdə təbrik
məktubu göndərib
Hər dəfə Azərbaycan təhsilinin yetirmələri olan istedadlı şagirdlərimizin dünyanın ayrı-ayrı ölkələrində yüksək bilik və intellektual qabiliyyətlər nümayiş etdirməsi qürurverici hadisəyə çevrilir. Bu günlərdə isə ABŞ-ın Men ştatındakı "Thornton Academy" məktəbinin builki məzunu Toğrul Namiq oğlu Hümmətovun xoş sorağı hamımızı sevindirdi. Orta təhsilini Amerikada başa vuran Toğrul dərslərdə göstərdiyi yüksək intellektual bilik və bacarığı nəticəsində məktəbi qızıl medalla bitirib. Üstəlik də oxuduğu müddət ərzində daima dərsə davamiyyəti, hazırcavablığı və tədris müddətində dərslərə layiqli cavablar verməsi ilə fərqlənən Toğrul ABŞ prezidenti Barak Obama tərəfindən fəxri diplomla mükafatlandırılıb. Toğrul Namiq oğlu Hümmətov 1997-ci il dekabrın 22-də Bakıda anadan olub. İlk təhsilini Bakıdakı "İdrak" məktəbində alıb. Sonra V-IX siniflərdə Xəzər Universitetinin nəzdindəki "Dünya" məktəbində oxuyub. Daha çox riyaziyyata meyil edib. Orta təhsilini Amerika Birləşmiş Ştatlarında davam etdirməyə qərar verib. "Azərbaycan müəllimi" qəzetinə verdiyi eksklüziv müsahibəsində Toğrul özü və Amerikadakı təhsil uğurları barədə danışdı.
- Toğrul, Amerikada
təhsil almağa necə qərar verdiniz?
- Məndən əvvəl
qardaşım ABŞ-da
təhsil almışdı. Mən də onun tövsiyəsi ilə orta təhsilimi Amerikada tamamlamağa qərar verdim. Qardaşım mənə ABŞ-da təhsilin verdiyi üstünlüklərdən
danışırdı. Amerikada təhsil almaq istəyimi ilk növbədə ailəmiz,
eləcə də dostlarım dəstəkləyirdi. Orta
məktəbin son aylarında
müəllimlərim də
məni Amerikada təhsil üçün hazırlaşdırırdılar. Müxtəlif ingilis
dili proqramları
(TOEFL və s.)
üzrə hazırlıq və əlavə məşğələlər
keçdim.
- Amerikaya hansı
hisslərlə gedirdiniz?
- Əlbəttə ki, yad ölkəyə gedirdim. İlk növbədə, vətənim Azərbaycan,
ailəm üçün
darıxacağımı düşünürdüm.
Dostlarımdan, məktəbdən, müəllimlərimdən ayrılırdım. Lakin qarşıma Amerikadakı
təhsil həyatımda
uğur əldə etmək kimi bir məqsəd qoymuşdum. Ailəmin,
müəllimlərimin, dostlarımın
mənimlə fəxr
etməsini istəyirdim.
Oraya getdikdən sonra, Azərbaycandakı kimi olmasa da,
yeni dostlarım oldu. Əlbəttə ki, ilk vaxtlar
mənim üçün
xüsusən dil sahəsində çətin
oldu. Vətəndə
nə qədər dil vərdişlərim, biliklərim
olsa da, ilk vaxtlarda çətinliklərlə üzləşdim.
Daha sonra ingilis
dili üzrə bilik və vərdişlərim, buna müvafiq olaraq qiymətlərim də yaxşılaşdı. Qarşıma isə Amerikadakı təhsilimi qızıl medalla başa vurmaq məqsədini qoydum.
- Amerikanın orta
təhsil sistemində
hansı fərqli məqamları (tədris prosesi və material, metodik nöqteyi-nəzərdən)
qeyd edə bilərsiniz?
- Bizim məktəblərdəki
dərs materialları,
xüsusən də ev tapşırıqları Amerikadakından
daha genişdir. Orada müəllimlərin dərs
keçməsi, şagirdlərlə
ünsiyyəti buradakından
fərqlidir. Təbiidir
ki, tədris proqramı da fərqlidir. Amerikanın yuxarı siniflərində
- IX - XII siniflərdə şagirdlər
öz gələcək
karyeralarına uyğun
olaraq fənn seçirlər.
- Sizin sinifdə
başqa ölkələrdən
də şagirdlər
var idi?
- Bəli,
bizim sinifdə başqa ölkələrdən
də şagirdlər
var idi. Azərbaycandan da bir şagird oxuyurdu. Ötən ildəkindən fərqli olaraq bu il Braziliya, İtaliya, Rusiya, Çin və digər ölkələrdən
şagirdlər gəlmişdi. Məktəbimiz Amerikada reytinqinə
görə seçilmiş
məktəblərdən hesab
olunur.
- Bu qədər xarici
ölkələrdən olan
şagirdlər arasında,
həm də yad bir ölkənin
təhsil sistemində
fərqlənmək, təhsili
qızıl medalla bitirmək çətin olmadı ki...
- Əlbəttə ki, asan deyildi. Təhsildə
uğur əldə etmək üçün daim öz üzərində
çalışmaq, verilən
tapşırıqlara yüksək
səviyyədə əməl
etmək lazımdır.
Dərs prosesində müəllimlərlə
fəal münasibətdə
olmaq və hazırcavablıq
tələb olunur.
Dərsdənkənar vaxtlarda da müəllimlərlə fəal
ünsiyyət qurmağımız
vacibdir.
- Məktəb üzrə
neçə nəfər
qızıl medala layiq görüldü?
- Məktəbimizdə
təhsil alan
1200 şagirddən 360 nəfər
bu il məzun
oldu. Onlardan 10 nəfər qızıl
medala layiq görüldü. Bu, olduqca yüksək göstəricidir.
- Ənənəyə görə qızıl medala layiq görülənlər
ABŞ prezidenti tərəfindən
fəxri diplomla da mükafatlandırılır. Prezident Barak Obamanın təbrikini
necə qarşıladınız?
- Bu çox qürurverici və həyəcanlı
an idi.
Barak Obamanın təbrik
məktubunu bizə "Thornton
Academy" məktəbinin prezidenti cənab R.Menert təqdim etdi. Prezident öz məktubunda ailəmi təbrik edirdi. Xüsusən də məktubda
bir ifadə mənə çox təsir etmişdi. ABŞ prezidenti
məktubunda qeyd edirdi ki, "sizin kimi gənclərin
olduğu müddətdə
dünya ölkələrinin
daha uğurla və parlaq inkişaf
edəcəyinə inanıram". Prezidentin bu
sözləri məni
daha böyük qələbələrə ruhlandırdı.
- Amerikada təhsil
dövründə ölkəmizi
tanıda bildinizmi?
- Əlbəttə ki,
biz orada Azərbaycanın
hər bir uğuruna sevinir, ölkəmizin tanıdılması
üçün bir
sıra tədbirlər
keçirirdik.
Azərbaycanın adını
daha da yüksəklərə
qaldırmağa çalışırdıq.
- Gələcək planlarınız
barədə nə deyə bilərsiniz?
- Mən artıq
ABŞ-ın Boston şəhərindəki
Bryant Universitetinin biznes-idarəetmə
fakültəsinə qəbul
olunmuşam. Yeni dərs ilindən bu ixtisas üzrə
Amerikada ali təhsilimi
davam etdirəcəyəm. Bu təhsil ocağı ölkənin
biznes sahəsində seçilmiş ən yaxşı universitetlərindən
biridir.
- Biz də sizə
gələcək təhsiliniz dövründə
yeni-yeni uğurlar və ölkəmizin adına layiq daha böyük qələbələr arzu
edirik.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2014.- 20 iyun.- S.3.