Uşaqların
(şagirdlərin) ümumi təhsil
müəssisələrinə
qəbulu və yerdəyişməsi
QAYDALARI
Azərbaycan Respublikasının təhsil nazirinin
20 iyun 2014-cü il tarixli 738 nömrəli əmri ilə təsdiq edilib
"Uşaqların
(şagirdlərin) ümumi təhsil müəssisələrinə
qəbulu və yerdəyişməsi Qaydaları" (bundan
sonra - Qaydalar) Azərbaycan Respublikasının ümumi təhsil
müəssisələrinə (bundan sonra - məktəblərə)
şagirdlərin qəbulu və təhsil müddətində
şagirdlərin ölkə daxilində, habelə ölkədən
xaricə və ya xarici
ölkələrdən Azərbaycan Respublikasının məktəblərinə
yerdəyişməsi ilə bağlı məsələləri
tənzimləyir.
I. Şagirdlərin məktəblərə qəbulu
1.1. Məktəblərə
şagirdlərin kütləvi qəbulu I və X siniflər
üzrə aparılır.
1.2. Şagirdlərin
I sinfə qəbulu məktəb direktorunun əmri ilə təşkil
olunmuş komissiya tərəfindən həyata keçirilir.
Komissiyanın tərkibinə təlim-tərbiyə işləri
üzrə direktor müavini, təcrübəli ibtidai sinif
müəllimləri, məktəbin psixoloqu, həkimi və
valideyn özünüidarə orqanlarının
(şuraların) nümayəndəsi daxil edilir. Komissiyaya məktəbin
direktoru rəhbərlik edir.
1.3. Komissiya müvafiq
dərs ilinin ikinci yarımilindən etibarən fəaliyyətə
başlayır. Komissiyanın iş günləri elan
formasında valideynlərin (digər qanuni nümayəndələrin)
diqqətinə çatdırılır.
1.4. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5
nömrəli Qərarı ilə təsdiq edilmiş
"Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin
2.5-ci bəndinə uyğun olaraq, ümumtəhsil məktəbinin
I sinfinə hər il sentyabrın 15-dək 6 (altı)
yaşı tamam olan uşaqlar qəbul edilirlər.
1.5. Ümumtəhsil məktəbinin
direktoru yerli icra hakimiyyətinin nümayəndələri ilə
birgə ərazi üzrə məktəb yaşına
çatmış bütün uşaqların təhsilə cəlb
olunması ilə bağlı zəruri tədbirləri həyata
keçirir. Məktəbin I sinfinə, ilk növbədə,
məktəbin bilavasitə xidməti ərazisində
yaşayan uşaqlar qəbul olunurlar.
1.6.
Üzrlü səbəb olduğu halda (xəstəliklə
bağlı müalicə, fövqəladə hadisə, xidməti
ezamiyyə ilə əlaqədar valideynlərin (digər qanuni
nümayəndələrin) başqa yerdə olması), dərs
məşğələlərinin başlandığı
tarixdən 1 (bir) ay müddətində uşağın I sinfə qəbuluna icazə verilir. Həmin
müddətdən sonra I sinfə uşaq qəbulu
aparılmır.
1.7. Uşağın
I sinfə qəbulu barədə valideynin (digər qanuni
nümayəndənin) ərizəsi müvafiq dərs ilinin
ikinci yarımilindən etibarən növbəti dərs ili
başlananadək məktəbdə qeydiyyata alınır.
Ərizəyə aşağıdakı sənədlər əlavə
olunur:
- doğum haqqında
şəhadətnamənin surəti;
- uşağın
sağlamlığı haqqında tibbi arayış (forma
26U);
- 2 (iki) ədəd
3x4 ölçüdə fotoşəkil.
Ərizədə
uşağın təhsil alacağı tədris dili və
öyrənəcəyi xarici dil (məktəbdə bir
neçə xarici dil tədris edilirsə) qeyd edilir.
1.8. Uşağın
məktəbəhazırlıq mərhələsindən
keçməməsi onun I sinfə qəbuluna təsir etmir.
1.9. Məktəbəhazırlıq
mərhələsini keçmiş uşaqların sayı
imkan verdiyi halda, onlar ayrı sinifdə (siniflərdə)
komplektləşdirilirlər.
1.10. I sinfə qəbul
olunmuş, lakin uzun surən xəstəlik və digər
üzrlü səbəblərdən məktəbə gəlmədiyi
üçün biliyi qiymətləndirilməmiş
şagirdin təkrar I sinifdə oxumasına yol verilir.
1.11. I sinfi bitirmiş şagirdin təkrar I sinifdə
oxuması yolverilməzdir.
1.12. Bu və ya digər səbəbdən müəyyən
olunmuş müddətdə I sinfə qəbul edilməyən
8 yaşdan yuxarı uşaqların təhsilə cəlbi
"Fərdi təhsilin təşkili haqqında Qaydalar"a
uyğun həyata keçirilir.
1.13. Xüsusi istedada malik uşaqların vaxtından əvvəl
I sinfə qəbulu Təhsil Nazirliyinin müəyyən etdiyi
müvafiq qaydalara uyğun aparılır.
1.14. Məktəbin X sinfinə qəbul şagirdin ərizəsi
və ümumi orta təhsil haqqında şəhadətnaməsi
əsasında həyata keçirilir.
1.15. Övladının bu və ya digər sinfə qəbulu
barədə valideynin ərizəsi ÜM-1 hesabat formasının təsdiqindən
sonra verilərsə, həmin şagird məktəbə yeni gələn
şagird kimi rəsmiləşdirilir.
1.16. Digər məktəbdən gələn şagirdin
X sinfə qəbulu zamanı onun əvvəl oxuduğu məktəbdə
öyrəndiyi xarici dil mütləq nəzərə
alınır. Şagird digər xarici dil tədris
olunan məktəbin X sinfinə bu ərazidə əvvəl
öyrəndiyi xarici dil tədris edilən başqa bir tam orta
məktəb olmadığı halda qəbul edilir.
1.17. Ümumi orta təhsil səviyyəsini bitirdikdən
sonra ilk peşə və ya orta ixtisas təhsili müəssisəsinə
sənəd verib daxil ola bilməyən
şagirdlərin X sinfə qəbulu yalnız sentyabr ayı ərzində
aparılır.
1.18. Məcburi köçkün olmayan şagirdlərin
məcburi köçkün məktəblərinə qəbuluna
yalnız həmin ərazidə yerli məktəb
olmadığı halda, Təhsil Nazirliyinin icazəsi ilə
yol verilir.
1.19. Xüsusi tədris proqramları tətbiq edilən
məktəb, gimnaziya və liseylərə, özəl məktəblərə
uşaqların qəbulu həmin təhsil müəssisələrinin
nizamnamələrinə uyğun aparılır.
II.
Şagirdlərin yerdəyişməsi
2.1. Ölkə daxilində I-IX sinif şagirdlərinin
bir məktəbdən digərinə yerdəyişməsi
aşağıdakı qaydada həyata keçirilir:
2.1.1. Övladını digər məktəbə dəyişmək
istəyən valideyn (digər qanuni nümayəndə) həmin
məktəbin direktoruna yerdəyişmənin səbəbi
göstərilməklə ərizə ilə müraciət
edir. Ərizəyə şagirdin qiymət cədvəli
(təhsil aldığı fənlər üzrə cari qiymətlər
barədə oxuduğu məktəbin direktoru tərəfindən
verilmiş arayış) əlavə olunur.
2.1.2. Məktəbin direktoru nəzərdə tutulan
sinifdə şagird sayı və ya sinif otağının
ölçüsü şagird qəbuluna imkan verdiyi halda,
onun bu məktəbdə müvafiq sinfə qəbul
olunduğu və bununla əlaqədar şəxsi işinin
göndərilməsi haqqında valideynə (digər qanuni
nümayəndəyə) şagirdin indiyədək təhsil
aldığı məktəbin direktoruna təqdim etmək
üçün arayış verir.
2.1.3. Həmin arayış əsasında valideyn (digər
qanuni nümayəndə) övladının indiyədək təhsil
aldığı məktəbdən şəxsi işini
götürüb təhsilini davam etdirəcəyi məktəbin
direktoruna təqdim edir və bunun əsasında şagirdin
kontingentə daxil olması barədə əmr verilir. Əmrin surəti şagirdin əvvəl təhsil
aldığı məktəbə göndərilir və
burada onun kontingentdən xaric edilməsi barədə əmr
verilir.
2.2. Xüsusi tədris proqramları tətbiq edilən məktəb,
lisey və gimnaziyalara, məktəb-liseylərdəki lisey
siniflərinə, özəl məktəblərə, habelə
həmin təhsil müəssisələrindən ümumtəhsil
məktəblərinə şagirdlərin yerdəyişməsi
bu Qaydalar əsas tutulmaqla həmin müəssisələrin
nizamnamələrinə uyğun həyata keçirilir.
2.3. Vaxtilə məcburi köçkün məktəblərinə
qəbul edilmiş məcburi köçkün olmayan
şagirdlər yalnız yerli məktəblərə
keçirilə bilər.
2.4. Yerli məktəblərdə təhsil alan məcburi köçkün şagirdlərin
məcburi köçkün məktəblərinə yerdəyişməsinə
icazə verilir.
2.5. Məcburi köçkün məktəblərində
təhsil alan məcburi köçkün
şagirdlərin digər məcburi köçkün məktəblərinə
yerdəyişməsinə yol verilir.
2.6. Tam orta təhsil səviyyəsində (X-XI siniflər)
təhsil alan şagirdlərin yerdəyişməsinə
valideynin (digər qanuni nümayəndənin) ərizəsi əsasında
dəyişmək istədiyi məktəbin yerləşdiyi
rayon (şəhər) üzrə yerli təhsili idarəetmə
orqanında baxılıb aşağıdakı hallarda
razılıq verilir:
- yaşayış yeri ərazisində
(kənd, qəsəbə, rayon, şəhər) yerləşən
digər məktəbə keçdikdə;
- ailəsi ilə birlikdə
yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsi
rəsmi sənədlərlə təsdiqləndikdə;
- valideynlərin (digər qanuni
nümayəndələrin) uzun müddətə xaricə
getməsi və ya digər səbəblərdən
şagirdin valideyn nəzarətindən kənarda qalması rəsmi
sənədlərlə təsdiq edildikdə;
- müxtəlif səbəblərdən
xüsusi tədris proqramları tətbiq edilən lisey və
gimnaziyalarda, özəl ümumi təhsil müəssisələrində
təhsilini davam etdirməsi mümkün olmadıqda.
2.7. Dərs ilinin ikinci yarımilində XI sinif
şagirdlərinin digər rayon və şəhərlərin
məktəblərinə yerdəyişməsinə Təhsil
Nazirliyində baxılır.
2.8. Tabeliyindən asılı olmayaraq,
ixtisaslaşdırılmış (hərbi, idman, musiqi və
s.) məktəblərdən şagirdlərin ümumtəhsil
məktəblərinə və ya əksinə yerdəyişməsinə
valideynin müraciətinə əsasən, Təhsil Nazirliyində
baxılıb müvafiq qərar qəbul edilir.
2.9. Ümumi orta təhsil icbari hesab edildiyindən bu təhsil
səviyyəsindən ilk peşə və orta ixtisas təhsili
müəssisələrinə qəbul olunmuş şagirdlərin
ümumtəhsil məktəblərinin tam orta təhsil səviyyəsinə
yerdəyişməsinə icazə verilmir*.
III.
Şagirdlərin ölkədən xaricə və ya
xarici
ölkələrdən Azərbaycan
Respublikasının
məktəblərinə yerdəyişməsi
3.1. Xarici ölkəyə gedən şagirdin şəxsi
işi valideynin (digər qanuni nümayəndənin) ərizəsi
əsasında verilir.
3.2. Məktəbin rəhbərliyini rəsmi qaydada xəbərdarlıq
etmədən şagirdin ölkədən xaricə getməsi
məktəb direktorunun, sinif rəhbərinin və yerli icra
hakimiyyətinin nümayəndəsinin iştirakı ilə tərtib
edilən müvafiq aktla rəsmiləşdirilir, şagirdin
şəxsi işi məktəbdə saxlanılmaqla onun
kontingentdən xaric edilməsi barədə əmr verilir.
3.3. Həmin şagird müəyyən müddətdən
sonra geri qayıtdıqda onun məktəbə qəbulu bu
Qaydaların 3.4-cü bəndinə uyğun həyata
keçirilir.
3.4. Azərbaycan Respublikasından kənarda yaşayan
şəxslər Azərbaycan Respublikasına gəldikdə
onların rus və ya gürcü dillərində təhsil alan övladlarının köçdükləri
ərazidə məktəbə qəbulu
aşağıdakı qaydada həyata keçirilir:
3.4.1. I-IX sinif şagirdinin valideyni (digər qanuni
nümayəndə) övladının təhsilini davam etdirməsi
üçün seçdiyi məktəbin direktoruna ərizə
ilə müraciət edir. Ərizəyə
şagirdin əvvəl oxuduğu məktəbin direktoru tərəfindən
təsdiq olunmuş qiymət cədvəli və ya fənlər
üzrə cari qiymətlər cədvəli əlavə
olunmaqla şagirdin müəyyən dövrə qədər
təhsil aldığı barədə arayış əlavə
olunur. Nəzərdə tutulan sinifdə
şagird sayı və sinif otağının
ölçüsü həmin şagirdin qəbuluna imkan
verdiyi halda, o, məktəbin müvafiq sinfinə qəbul
olunur.
3.4.2. Azərbaycan Respublikasına gələnədək
ümumi orta təhsil səviyyəsini bitirib müvafiq təhsil
sənədi almış şagird həmin sənəd və
valideynin ərizəsi əsasında nəzərdə tutulan
sinifdə şagird sayı və sinif otağının
ölçüsü şagirdin qəbuluna imkan verdiyi halda, məktəbin
X sinfinə qəbul edilir.
3.4.3. Təhsil sənədləri olmadıqda və ya təqdim
olunmuş sənədlərdən şagirdin qəbul
olunmalı sinfi müəyyən etmək mümkün
olmadıqda:
3.4.3.1. I-IV siniflərdə oxuduğu iddia edilən
şagirdin həmin siniflərin təhsil proqramlarına
(kurikulumlarına) uyğun hazırlıq səviyyəsi yerli
təhsili idarəetmə orqanları tərəfindən
yaradılmış komissiya vasitəsilə yoxlanılır.
Komissiyanın rəyi əsasında şagirdin müvafiq sinfə
qəbulu məktəbdə rəsmiləşdirilir və ona
şəxsi iş açılır;
3.4.3.2. V-XI siniflərdə oxuduğu iddia edilən
şagirdin hazırlıq səviyyəsi yerli təhsili idarəetmə
orqanlarının təqdimatı (yaxud valideynin ərizəsi)
əsasında Təhsil Nazirliyində xüsusi
tapşırıq və testlər vasitəsilə
yoxlanılır və yazılı rəy yerli təhsili idarəetmə
orqanına göndərilir. Həmin rəy şagirdin
müvafiq sinfə qəbulu və ona yeni şəxsi iş
açılması üçün əsas sayılır.
3.5. Azərbaycan dilini tədris dili səviyyəsində
bildikləri halda, I-V sinif şagirdləri tədris Azərbaycan
dilində olan siniflərə qəbul edilə bilərlər.
Həmin şagirdlərin tədris
dilini dəyişməsinə valideynin ərizəsinə əsasən
məktəbdə baxılır.
3.6. Tədris
rus və ya gürcü dilində olan məktəblərə
qəbul edilmiş şagirdlərə əvvəl
oxuduqları məktəbdə tədris olunmayan fənlərdən
(Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan
coğrafiyası və s.) əlavə məşğələlər
təşkil edilir.
3.7. Xarici
ölkələrdə Azərbaycan Respublikasının məktəblərindəki
tədris dillərindən fərqli dildə təhsil
almış uşaqların Azərbaycan Respublikasının
dövlət məktəblərinə qəbuluna valideynlərin
(digər qanuni nümayəndələrin) və şagirdlərin
arzularına əsasən, yalnız uyğun tədris
dillərindən biri üzrə xüsusi hazırlıq
keçib həmin dili mənimsədikləri təsdiq
olunduğu halda, Təhsil Nazirliyi tərəfindən fərdi
qaydada baxılıb razılıq verilir.
* Bu bənd ölkə üzrə icbari
ümumi orta
təhsilə
tam keçdikdən sonra tətbiq olunacaqdır.
Azərbaycan
müəllimi.- 2014.- 26 iyun.- S.4.