Qarşıda qələbə
günümüz var
Zəngin biliyi, dünyagörüşü, xarakteri və xoş davranışı ilə hamıya nümunə olan müəllimlər gənc nəslin tərbiyəsində müstəsna rol oynayır. Xoşbəxt o müəllimdir ki, onu şagirdləri bir ömür boyunca hər zaman xatırlayır. İlk gənclik illərindən yorulmadan hər səhər dərsə, şagirdlərinin yanına tələsən təcrübəli pedaqoqlarımızdan biri də Bakıdakı 129 nömrəli tam orta məktəbdə çalışan İsfəndiyar Əliyevdir. 1981-ci ildən bu məktəbdə gənclərin çağırışaqədərki hazırlığı rəhbəri işləyən İsfəndiyar Əliyevin dərs dediyi şagirdlərin səsi bu gün səriştəli mütəxəssis kimi neçə-neçə elm ocaqlarından, hərbi hissələrdən gəlir. Ömrünü gənclərin vətənpərvərlik tərbiyəsinə həsr edən İsfəndiyar müəllimin ən ali məqsədi işlədiyi illər ərzində torpağını sevən, vətəninin müdafiəsinə daim hazır olan vətənpərvər gənclər yetişdirməkdən ibarət olub. Ürəyi vətənə, şagirdlərinə məhəbbət hissi ilə döyünən İsfəndiyar müəllim həm də maraqlı müsahibdir:
- Doğulduğum Lənkəran
rayonunun Vilvan kəndi təbiətinə görə
respublikamızın ən axar-baxarlı yerlərindən
biridir. İllərdir ki, paytaxtda yaşasam da, ürəyim hər
zaman ilk beşiyim olan Vilvanla
döyünür.
- Yəqin ki, kənddən
uzaq düşməyinizin əsas səbəbi ali təhsil
almağınızla bağlı olub?
- Əslində,
qısa həyat tarixçəm belədir: 1968-ci ildə orta
məktəbi bitirəndən sonra kəndimizdəki 8 illik məktəbdə
pioner baş dəstə rəhbəri işləyirdim. Bir
gün ordu sıralarına çağırıldım və
Almaniya Demokratik Respublikasına göndərildim. Xidmət illərim
mənim üçün çox yaddaqalan oldu. Hər şeydən
əvvəl dünyagörüşüm zənginləşdi.
Orta məktəbdə oxuduğum illərdə Böyük Vətən
müharibəsi barədə kitablardan oxumuş,
yaşlıların, müharibə
iştirakçılarının söhbətlərini dinləmiş,
kinofilmlərə baxmışdım. Amma Almaniyada qulluq edərkən
çox mətləblər mənə aydın oldu...
Elə o illərdə
məndə hərb sənətinə güclü bir meyil
oyandı. Adam silahların dilini öyrəndikcə, texnikaya dərindən
bələd olduqca insanpərvərliyə daha çox
köklənir. Həyatın, insanlığın, humanizmin dəyərini
daha çox anlayır.
Beləliklə, mən
Almaniyadan vətənə gənc
zabit kimi qayıtdım. Xarici Dillər İnstitutunun ingilis dili
fakültəsinə qəbul olundum. Ali məktəbi bitirdikdən
sonra 1981-ci ildə 129 nömrəli tam orta məktəbdə əmək fəaliyyətimə
başladım. Artıq 34-cü ildir ki, bu məktəbdə
gənclərin çağırışaqədərki
hazırlığı rəhbəri işləyirəm.
- "Vətənpərvərlik insanda südlə-sümüklə
yoğrulur" deyiminə münasibətiniz?
- Vətənpərvərlik ata-ananı sevməkdir.
Ata-ananı sevmək vətəni sevməkdir.
Torpağının, vətəninin qədrini bilməyən
övlad təbii ki, valideyninin də qədrini bilməyəcək.
Azərbaycan övladı mərddir, qorxmazdır. Əgər
belə olmasaydı, bu gün respublikamızın hər bir
rayonunda, şəhərində şəhidlər xiyabanı
olmazdı. Bu gün o xiyabanlarda uyuyan şəhidlərin
başdaşları bizi hər zaman vətənimizi qorumağa,
tökülən qanların qisasını almağa səsləyir.
Heç təsadüfi deyildir ki, Heydər Əliyev Fondunun 10
illik yubileyində Fondun prezidenti, Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva vətənpərvərlik
mövzusunu dövrün tələbi kimi səsləndirmişdir.
- Gənclərin çağırışaqədərki
hazırlığı fənninin tədrisində illərin təcrübəsinə
maliksiniz.
- Təkcə son bir ildə qazandığım nailiyyətlərim
göz qabağındadır. Gənclərin
çağırışaqədərki
hazırlığı dərsliyinin hazırlanmasında,
araya-ərsəyə gəlməsində, proqramın tərtib
edilməsində ekspert şurasının tərkibində mən
də iştirak etmişəm.
İsfəndiyar
müəllimin
yaratdığı
baza-kabinet
129 nömrəli tam orta məktəbdə İsfəndiyar
müəllimin rəhbərlik etdiyi gənclərin
çağırışaqədərki hazırlıq fənn
kabineti 2005-ci ildən Nizami və Nərimanov rayonları
arasında baza-kabinet kimi fəaliyyət göstərir. Bu,
respublikamızda ən nümunəvi baza- kabinetlərdən
sayılır. İsfəndiyar müəllimin uzun illər ərzində
min bir zəhmət bahasına, böyuk şövqlə,
peşəsinə sonsuz məhəbbətlə
qurub-yaratdığı, müasir tələblərə cavab
verən bu baza-kabinet məktəblilərin ibtidai hərbi
hazırlığının yüksək səviyyədə
təşkil olunmasına təminat verir. Heydər Əliyev
Fondunun dəstəyi ilə çap olunaraq kabinetə hədiyyə
edilmiş plakatlar və digər əyani vəsaitlər də
ilbəil yeniləşir və təkmilləşdirilir. Fənn
üzrə bütün yeniliklər şagirdlərə bu
baza-kabinet vasitəsilə çatdırılır. Respublika
və rayondaxili təhsil ocaqları arasında keçirilən
"Şahin", "Cəsurlar" hərbi idman
yarışlarında İsfəndiyar müəllimin yetirmələrinin
qazandığı uğurlar məhz bu baza-kabinetdə öyrəndikləri
hərbi biliklərin və vərdişlərin sayəsindədir.
Təcrübəli müəllim otən bu illər ərzində
əldə etdiyi yüksək bilik və
bacarığını yeniyetmələrdən əsirgəməyib,
onların fiziki cəhətdən sağlam, vətənə
gərəkli, vətənpərvər gənc kimi yetişməsinə
xüsusi səy göstərib və bu sahədə həmişə
uğur qazanıb.
Bu
günün şagirdi sabahın əsgəridir
Vətən uğrunda vuruşan, canından keçən
mərd igidlərimizin şərəfli ömür
tarixçəsini, həmçinin vətənə məhəbbət,
torpağa sevgi kimi ülvi hissləri yetişməkdə olan
gənc nəslə aşılamaq İsfəndiyar müəllimin
əsas iş prinsiplərindəndir. Onun tədris etdiyi hərbi
dərslər təkcə nəzəri biliklər, silah
növləri, qumbaralar, minalar və zirehli texnikalar
haqqında, həmçinin Silahlı Qüvvələrimizin
nizamnaməsi barədə məlumat verməklə bitmir. Eyni
zamanda hər ilin payız aylarında Nizami Rayon Hərbi
Komissarlığı ilə rayon icra hakimiyyətinin birgə
razılığı əsasında məktəblilər hərbi
hissələrə aparılır. Şagirdlər burada əsgər və zabitlərlə
görüşür, onların gündəlik xidməti vəzifələri
ilə maraqlanır, hərb sənətinin sirləri, zirehli
texnika ilə əyani şəkildə tanış olurlar.
Beynəlxalq aləmdə silah növlərinin daim yeniləşdiyi
və təkmilləşdiyi bir zamanda İsfəndiyar müəllimin
fikrincə bu cür praktiki dərslərin əhəmiyyəti
çox böyükdür. Çünki gənclərin hərbi
hazırlığının təkmilləşdirilməsi
onların bilavasitə dünyagörüşlərinin
formalaşmasına güclü təkan verir. Bu bir faktdır
ki, onun yetirmələri məhz
hərbi biliklərin yüksək səviyyədə öyrənilməsi,
aparılan dərslərin səmərəliliyi sayəsində
əldə etdikləri bilik və bacarıqları ilə Azərbaycan
Silahlı Qüvvələrində nümunəvi xidmətlərinə
görə hər zaman fərqlənirlər.
Çəkilən
zəhmət səmərəsiz qalmır
Qarşımda müxtəlif təşkilatlardan İsfəndiyar
Əliyevin adına ünvanlanmış xeyli sayda diplomlar, təşəkkür
məktubları, fəxri fərmanlar var. Onları bir-bir nəzərdən
keçirirəm. Müxtəlif illər ərzində
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
"Pedaqoji sahədə səmərəli fəaliyyətinə
və gənc nəslin təlim-tərbiyəsində
qazandığı uğurlara görə" fəxri fərman,
Respublika Təhsil Nazirliyinin "Azərbaycan
Respublikasının qabaqcıl təhsil işçisi"
döş nişanı, həmçinin Nizami rayon Hərbi
Komissarlığı, Nizami Rayon İcra Hakimiyyəti tərəfindən
verilən diplomlar, təşəkkür məktubları,
çalışdığı təhsil ocağından
verilmiş neçə-neçə fəxri fərmanlar
ehtiyatda olan zabit İsfəndiyar Əliyevin əməyinə
verilən qiymətdir. Bu təşəkkür məktublarında,
fəxri fərmanlarda və diplomlarda təcrübəli
pedaqoqun gənclərin hərbi-vətənpərvərlik
ruhunda tərbiyə olunmasında hərbi bilik və
bacarığını əsirgəməyərək üzərinə
düşən vəzifəni layiqincə yerinə yetirməsi,
gənclərin çağırışaqədərki
hazırlıq rəhbəri kimi neçə illik səmərəli
fəaliyyəti yüksək dəyərləndirilir. Yeniyetmələrin
RHK-da çağırış məntəqəsinə təhkim
edilməsində,
çağırışçıların sənədlərinin
vaxtında toplanıb verilməsində İsfəndiyar müəllimin xidmətləri nəzərəçarpandır.
C.Naxçıvanski adına hərbi liseyə və ali hərbi
məktəblərə namizədlərin seçilməsində
şagirdlər arasında dəqiq araşdırmalar aparan İsfəndiyar müəllimin
yetirmələrinin çoxu orduda nümunəvi xidmət edərək zabit peşəsinə yiyələnir.
"Müəllim
adımla fəxr edirəm"
Bu il fevralın 15-də İsfəndiyar müəllimin
63 yaşı tamam oldu. Geridə nələr qaldı? Şərəfli
müəllim ömrü!
İsfəndiyar müəllim bu barədə
özü belə deyir:
- Çalışdığım məktəbdə təlim-tərbiyənin,
tədrisin səviyyəsi
çox yüksək vəziyyətdədir. Müəllim
peşəsindən söhbət düşəndə ulu
öndərimizin vaxtilə dediyi: "Mən yer üzündə
müəllimdən yüksək ad tanımıram" kəlamını
qürurla xatırlayıram. Bu sözlər hər zaman məni daha həvəslə,
daha gərgin işləməyə ruhlandırır. Bunu
etiraf etmək çox xoşdur ki, işimdən zövq
alır, şərəfli və müqəddəs peşə
olan müəllim adımla fəxr edirəm.
Həyat yoldaşım Kifayət xanım da müəllimdir.
Oğullarımız Taleh və Araz
halal müəllim çörəyi ilə
böyüyüb. İki nəvəmiz var, böyüyü
birinci sinifdə oxuyur.
Məqsədim vətənə sədaqətlə
qulluq etmək, torpaqlarımızın erməni
işğalından azad olunmasında
gənc vətənpərvərlər yetişdirməkdən
ibarətdir. Dönüb geriyə boylananda 34 illik müəllimlik
fəaliyyətimi, işıqlı, nurlu, zəkalı
şagirdlərimi görürəm. Amma daha çox
qarşıya, sabaha boylanmaq istəyirəm. Çünki
qarşıda Ali Baş Komandanımızın rəhbərliyi sayəsində
qazanacağımız Qələbə günümüz var.
Ellada
UMUDLU
Azərbaycan
müəllimi.-
2014.- 26 iyun.- S.6.